BİR KƏLMƏ...

FAİQ QİSMƏTOĞLU
30609 | 2015-05-16 01:48
... Səhər-səhər yuxudan qalxanda çox adamın ovqatı yaxşı olmur. Sizi bilmirəm, mən hər səhər yuxudan qalxanda özümü çox narahat hiss edirəm. Bəlkə də bu sutka ərzində insanın içində yığılıb qalan sıxıntının, dərdin-kədərin və qəmin görüntüsüdür. Elə ki, bir saat ötür, bir xoş söz eşidirsən, bax, onda yavaş-yavaş qanın durulur. Bir qədər keçəndən sonra hər şeyə alışırsan, öyrəşirsən və sanki sutkanın ağırlığını arxada qoyursan...g
Bir kəlmə xoş söz, bir kəlmə şirin kəlam insanı dupduru edir. Yəni insan hər hansı adamdan bir xoş söz eşidirsə, o elə bil ki, yenidən dirilir. Amma nədənsə biz bu xoş sözü bir-birimizə çox görürük. Ən azından bir-birimizlə görüşəndə ürəkdən salam vermək istəmirik. Elə xala-xətrin qalmasın başımızı tərpədirik və sonra da üzümüzü çevirib gedirik.
Bir dəfə tələbəlik illərində məşhur bir professordan soruşduq ki, Bakıda niyə insanlar küçədə bir-birinə salam vermirlər? Təbii ki, professor da çox dünyagörmüş və müdrik bir insan idi. Dedi ki, Bakıda da küçədə bir-birinə salam verən, hal-əhval tutan insanlar çoxdur. Ancaq tanımadığı, bilmədiyi adama kimsə salam vermir. Bu da onunla bağlıdır ki, hər adamın salamını da tanımayan adam almır. Sizin ağlınız rayona, kənd yerlərinə getməsin. Orda hamı bir-birini tanıyır, hörmət edir və salamlaşır. Kimsə başqasına salam verməsə, o adam digərindən inciyir.
Salam Allah salamıdı. Salamı verən adam bilməlidir ki, kimi salamlayır və kimə salam göndərir. O ki qaldı salam alana, hər şey onun dünyagörüşündən, qabiliyyətindən və düşüncəsindən asılıdır. O adamlar insanlarla isti münasibət saxlayırlar ki, onların iç dünyası həqiqətən də nurlu və işıqlıdır. Və bu adamlar da istəyirlər ki, o nurdan və işıqdan başqalarına da pay düşsün.
Amma gəlin onunla razılaşaq ki, bəzən adamın canı ağrıyanda, özünü pis hiss edəndə verilən salamı da ağızucu alır. Yaxın qohumlarımdan biri deyir ki, səhər-səhər kənddən evdən çıxanda qonşudakı ağbirçək Narbəyim arvadla üzləşdim. Soruşdum ki, Narbəyim xala, nə təhərsən, nə var, nə yox? O isə alnını turşudub, qaşlarını çatıb dedi:
- Canıma dərd təhəriyəm.
Kişi deyir ki, day mən bir söz demədim, uzun illər keçdi, mən də həmin yaşa çatdım. Gördüm ki, canım çox ağrıyır, onda anladım ki, Narbəyim arvadın elə canı ağrıdığından mənə belə cavab verirmiş.
Biz çox vaxt bir-birimizi başa düşmək və anlamaq belə istəmirik. Birinə "Sabahın xeyr" deyirik, susur. Digərinə "Axşamın xeyr" deyirik, yenə dinmir. Bir başqasına Allahın salamını veririk, heç nə olmayıbmış kimi susub gedir. Bax onda gözümüz kəlləmizə çıxır. Düşünürük ki, balam, biz həmin adama nə yamanlıq edirik, sadəcə olaraq Allahın salamını veririk, hal-əhval tuturuq, o isə alçaq dağları yaradan kimi dinmir və başını aşağı salır.
Tanımayan adamlar da bəzən bir-birinə salam verir. Burda heç bir qəbahət yoxdur. Bayaq dedik ki, salam Allah salamıdır. Allah onu verənin də canını sağ eləsin, alanın da. Tay almayana bir şey demirik, onlar da özləri bilər.
İndi salamdan çox insanlar bir-biriylə öpüşüb-görüşürlər. Hətta kişilər də öpüşüb-görüşmək sahəsində qadınları keçiblər. Burda bir balaca dayanmaq istəyirəm. Heç görməmişik ki, dədə-babalarımız yaxın dostları ilə, qohumları ilə öpüşsünlər. Onları qucaqlaşan görmüşük, bir-birini bağrına basan anların şahidi olmuşuq, amma çox çətin ki, köhnə kişilər bir-biriylə öpüşəydilər. Bu mənada yaponların salam vermək mədəniyyəti və bir-birinə hörmət bəsləmək dəyərləri daha yüksəkdir. Çünki onlar ya qucaqlaşarlar, ya da əllərini sinələrinə qoyub mehribancasına bir-birinə baş əyərlər. Təbii ki, bu da bir sevgi, məhəbbət rəmzidir.
İnsanların bir kəlmə xoş sözə, xoş təbəssümə çox böyük ehtiyacları var. Adamın qanının ən qara vaxtında, canının ağrıyan məqamında deyilən bir xoş söz dava-dərmandan daha şəfalı olur. Təəssüf ki, biz bu barədə çox xəsislik eləyirik. Sevdiyiniz insanlara heç vaxt ürəkdən salam verməyi, təbəssüm etməyi yaddan çıxarmayın. Salam və təbəssüm sanki üfüqdən boylanan bir günəşə bənzəyir. Səhər açılanda günəş dünyamızı necə işıqlandırırsa, nura qərq edirsə, bax həmin salam və təbəssüm də insanın iç dünyasını bir o qədər nurlandırır. Bir kəlmə söz, bir kəlmə ifadə bəzən insana ən şəfalı dərmandan qiymətlidir. Bax, bu bir kəlmə sözü və bir kəlmə ifadəni heç vaxt bir-birimizdən əsirgəməyək...

TƏQVİM / ARXİV