YERLƏ GÖY ARASI...

FAİQ QİSMƏTOĞLU
30376 | 2011-05-21 07:32
... İnsanlar ən çətin anlarında belə çıxış yolu tapmağa çalışır və yerlə göy arasında qalırlar. O mənada yerlə göy arasında qalırlar ki, dərddən ürəyi partlamaq istəyən adam bu dünyada özünə yer tapa bilmir və ancaq göylərdə ümidini axtarmaq istəyir. Onsuz da bu dünyada heç vaxt haqq-ədalət olmayıb və haqq-ədalət anlayışı tamamilə nisbi bir şeydir... Hətta Amerika kimi demokratik bir dövlət belə insanların haqqı tapdanır və bu adamlar uzun zaman cəmiyyətdə özünə yer tapa bilmirlər. Deməli, haqq-ədalət ancaq göylərdə və Allahın ayaqları altındadır.
   
   Yerlə göy arasında insan qalanda çox ağır anlar, məqamlar yaşanır. O məqamlar yaşanır ki, bu sıxıntılara heç də hər adam dözə bilmir. Dərddən, qəmdən, kədərdən və fikir-xəyaldan o qədər adamın ürəyi partlayıb ki?! Bu ürəklər çox kövrək olublar, çox incə olublar. Kövrək və incə olduğuna baxmayaraq, bu ürəyin sahibi olan insanların dərdi həddindən çox ağır dərdlə və kədərlə yüklənib. Ürək də neyləsin, gücü çatan kədəri müəyyən məqama qədər daşıya bilir. Amma elə an da olur ki, artıq ürək bu yükə tab gətirmir, dözmür və günlərin birində partlayır. Biz heç kimin ürəyinin partlamasını və dərddən-kədərdən boğulmasını istəməzdik. İstəməzdik ki, kiminsə ürəyinə balaca bir xal düşsün. Ancaq gərək millətin, xalqın ürəyinə qara ləkə salanlar, dərd salanlar bu barədə düşünsünlər.
   
   İnsanları çörəklə, ev-eşiklə sınağa çəkməsinlər. Həftə səkkiz, mən doqquz hökumət adamları xalqı qorxudub deməsinlər ki, yanacağın qiyməti qalxacaq, metronun qiyməti bahalaşacaq, bir sözlə, nə varsa hamısının qiyməti ceyran belinə qalxacaq.
   
   Bir tikə çörəyə möhtac olan insanlar isə bu "qara xəbəri" eşidəndə dilxor olur, onların qan təzyiqi qalxır, ürəyi ağrayır. Axı cüzi məvaciblə kommunal xərclərin pulunu çətinliklə ödəyən aztəminatlı ailələrin qiymət artımı zamanı hansı problemlə üzləşdiyini onlardan savayı heç kim bilmir. 85 manatla (deyirlər ki, son vaxtlar təqaüdlər artacaq) bir təqaüdçü bir ay necə dolana bilər? Həmin 85 manatı verək hər hansı bir nazirə, icra başçısına, prokurora və görək o, 1 ay demirik, bir həftə bu pulla dolana bilərmi? Qətiyyən dolana bilməz. Bəs onda bu yazıq camaatı niyə qınayırlar? Həmin təqaüdçü bu 85 manatla nə xeyirə-şərə gedə bilir, nə özünə əyin-baş alır, nə də dava-dərmana pul çatdırır. Bax, belə olanda da həmin insanlar qalırlar yerlə-göy arasında və canları ilə əlləşə-əlləşə. Hamı ümidini göydə Allaha, yerdə prezidentə bağlayıb. Ancaq məmurlar isə camaatın dərisini soymaqla məşğuldur. Elə hara gedirsən orda bir bürokratik əngələ rast gəlirsən. Fikirləşirsən ki, bu məmur heç səni dinləmək belə istəmir. Amma əlin cibində olsa, o dəqiqə hiss edəcəksən ki, sənə başqa cür münasibət bəsləyir, "əyləş" deyir və çay da gətizdirir. Bax, belə anları görən adamın səbri, hövsələsi bir tikə olur. Səbir və hövsələ də bir tikə olanda insan yerlə göy arasında qalır...
   
   
   
   ***
   
   
   
   İkinci dünya müharibəsinin qızğın çağında Borçalıdakı rayonların birində raispolkom işləyən vəzifəli şəxs köməkçisini yanına çağırıb deyir ki, iki gündən sonra bütün kənd deputatlarını rayon mərkəzinə çağır. Mənim onlarla işim var. Raispolkomun köməkçisi də ağır eşidirmiş. O də zəng edir kəndlərin poçt müdirlərinə, deyir ki, kənd sovetinə bildirin ki, raispolkom iki gündən sonra mərkəzdə atları gözləyir. Kənddə nə qədər at varsa, rayon mərkəzinə göndərin. İki gün keçir, hər kənddə nə qədər at varsa, hamısını yığıb rayon mərkəzinə göndərirlər. Raispolkom kabinetində oturub işləyən zaman at kişnərtisi eşidir. Pəncərəni açıb baxıb görür ki, meydanda bir ilxı at var. Təəccüblə köməkçidən soruşur:
   
   - Bu atları bura kim gətizdirib?
   
   Köməkçi də qorxa-qorxa deyir:
   
   - Siz dediniz, mən də kəndlərə zəng elədim.
   
   Raispolkom hirslənir:
   
   - Ay köpəkoğlu, mən sənə at demədim ey, deputat dedim.
   
   Qulaqdan ağır eşidən köməkçi canını qoymağa yer tapmır. Raispolkom isə əsəbi halda otağa qayıdır və yerində əyləşir. Deyir ki, "mən sən köpəkoğlunu işdən qovsam, işlərim alınmayacaq. Ona görə də axırıncı dəfə olsun, bir də belə qələt eləmə"...
   
   Mirzə Cəlilin də "Yan tütəyi" adlı bir felyetonu var. Orda da pristavın mirzəsi bu hadisəyə oxşar bir əhvalatın baş verməsinə şərait yaradır. Pristav mirzəyə bildirir ki, bütün kəndlərə xəbər göndər, nə qədər araba var mərkəzə gətirsinlər. Çünki əsgərləri hərbi hissələrə aparmaqda bu arabalar bizə kömək edəcək. Pristavın otağından çıxan mirzə öz kabinetinə gələndə görür ki, yaxın qohumu onu gözləyir. Əlində də bir tütək var. Mirzə qohumundan xahiş edir ki, tütəkdə bir musiqi səsləndirsin. O da tütəyi elə yanıqlı çalır ki, mirzəni bir anlıq həmin çalğı öz ağuşuna alır və öz dünyasına aparır. Bu vaxtı mirzə həm də pristavın tapşırığına əsasən kəndlərə telefonoqrama göndərir. Hər şeyi unudur və həmin telefonoqramma da yazır ki, kənddə nə qədər yan tütəyi varsa, yığışdırıb pristavın yanına gətirin. Yay vaxtı olduğuna görə də kənddə tütək qəhətə çıxıb. Axırda çaparlar atla yaylaqlara qalxıb ordakı çobanlardan güc-bəla ilə beş-on tütək tapırlar və onu da gətirirlər pristavın yanına. Pristav da tütəkləri görəndə təəccüblənir. Mirzəni yanına çağırıb deyir:
   
   - Ay mirzə, mən sənə araba demişəm, yoxsa tütək?
   
   Mirzə bürüşmüş halda başını aşağı əyir:
   
   - Əlbəttə, araba demisiniz. Amma mən əmimoğlunun çaldığı tütəyin təsirindən hər şeyi unudub ora yan tütəyi yazmışam...
   
   Pristav mirzəyə heç bir şey demir. Ancaq mirzə hesabını götürür. Bilir ki, pristav bu dəfə onu bağışladı, gələn dəfə belə hadisə baş verərsə, bir də onu bağışlamayacaq...
   
   
   
   ***
   
   
   
   Şairə, musiqişünas və səmimi insan Zeynəb Bəhmənlinin şeirləri həmişə böyük oxucu marağı doğurub. Ən azından ona görə ki, Zeynəbin şeirlərində lirika, poetik təfəkkür və insani duyğular var. Poeziya elə bir müqəddəs anlayışdır ki, heç kim sonradan şair kimi formalaşa bilməz. Yəni anadan olanda insana vergi verilməsə, istedad olmasa, heç vaxt həmin adam əlinə qələm götürüb şeir yaza bilməz. İstedadı olmayan adam əlinə qələm götürüb şeir yazsa da, o, şeirdən çox cızma-qaraya, cəfəngiyyata bənzəyir. Bəzən şairin on kitabı çıxır və on kitabdan bir babat misra tapmaq olmur. Yəni onun kitabındakı şeirlərin əksəriyyəti söz yığını olur. Zeynəb Bəhmənlinin bir neçə şeirlər kitabını oxumuşam və onun şeirlər kitabında bir ürək çırpıntısı, bir lirika, bir məhəbbət var. Zeynəb xanım hansı mövzuda şeir yazıbsa, orda onun ürəyini, sevgisini və ən nəhayət, səmimiyyətini hiss eləmişəm. Hiss eləmişəm ki, Zeynəb həyatda necədirsə, poeziyada da o cürdür. Yəni onun iç dünyasının işığı, nuru bilavasitə poetik misralara hopub...
   
   Zeynəb Bəhmənlinin şeirlərinə 60-dan çox nəğmə yazılıb. Bu da təsadüfi deyil. Çünki onun şeirlərinin özündə bir nəğmə, bir musiqi, bir ritm var. Bəlkə də bu Zeynəb xanımın musiqi ilə yaxından bağlılığı ilə əlaqədardır. Bir onu bilirəm ki, o vətəninə, millətinə, xalqına, torpağına sədaqətli insandır. Böyüyüb boya-başa çatdığı Füzuli rayonunun Böyük Bəhmənli kəndinə ürəkdən bağlı olan bir ziyalıdır. Kəndin xeyir-şərində, toy-düyünündə çox vaxt iştirak edir və özünü heç vaxt Bəhmənlidən ayrı hiss eləməyib. Bəhmənli təxəllüsünü də təsadüfən seçməyib Zeynəb xanım. Çünki o harda olubsa, harda addım atıbsa, yaşayıbsa, onun iç dünyasında həmişə Bəhmənliyə olan böyük məhəbbət hissi olub.
   
   Zeynəb xanım mənim qohumumdu. Biz orta məktəbdə oxuyanda musiqidən bizə dərs deyirdi. Mən də qohumu olduğuna görə, səsim olmasa da, nəğmə oxuya bilməsəm də Zeynəb xanım mənə nəğmə dərsindən "5" yazardı. Sonra da deyərdi ki, bilirsən səni niyə çox istəyirəm? Çünki mənim bacım Gülü xanım sənin əminin həyat yoladışıdı. Üstəlik də Qismət əmini çox istəyirəm. Elə bilirəm ki, onu görəndə atam Yusif kişini görürəm.
   
   Bir neçə gün bundan əvvəl Zeynəb Bəhmənli redaksiyamıza gəlmişdi. Dedi ki, Füzulidə onunla möhtəşəm görüş var və məni də bu görüşə dəvət elədi. Sözün düzü, bu barədə mənə bir həftə qabaq demişdi. Mən də bir həftə qabaq Füzuliyə getdim, amma Zeynəb xanımın tədbiri keçirilmədi. Bu dəfə isə heç cürə xanımın dəvətini yerinə yetirə bilmədim. Çünki Türkiyədən həmin günü həkim dostum gəlməli idi və onu qarşılamalı idim. Düzdür, bunları Zeynəb xanıma dedim, o müəyyən qədər razılaşdı. Dedi ki, görüşə bacım oğlu Ramili aparım, İlhamı aparım, axı söz deməyi sən bacarırsan. Mənim haqqımda da bir neçə sözü və fikri sən deyə bilərsən. Bir neçə füzulili müğənnilər, ziyalılar da vardı. Həmişə deyirlər ki, Zeynəb xanım, səni çox istəyirik. Amma rayona getmək lazım olanda hərəsi bir bəhanə ilə aradan çıxdı. İndi beş-altı yaxın dostum var, onları aparıram Füzulidə mənimlə keçirilən görüşə. Mən də dedim ki, Ay Zeynəb xanım, vallah işim olmasaydı, səninlə Füzuliyə gedərdim. Ancaq heç darıxma, o görüşdə nə demək istədiyimi elə yazılarımın birində yazacağam. Tay bilmirəm sənin xoşuna gələcək, ya gəlməyəcək?! Mən də ürəyimdən keçənləri yazdım. İndi bilmirəm, Zeynəb Bəhmənlinin onun barəsində yazdıqlarımdan nə dərəcədə xoşu gələcək?! Hər halda, dediyimi elədim...
   
   
   
   ***
   
   
   
   Bakı-Astara yolunun Biləsuvar-Salyan istiqamətində hər gün çox qəribə bir hadisə baş verir. Bu hadisəni də mənə yaxın bir dostum danışıb. Deyir ki, Lənkərana gedirdim, gördüm ki, yolun qırağında bir "Jiquli" dayanıb, içərisində də arvad-uşaq. Sonra arvad-uşaqlar da maşından yerə tökülüşür. Sürücü bizə yaxınlaşıb dedi ki, benzinimiz qurtarıb, bizə 5 manat pul verin. Mən də 5 manatı çıxarıb verdim ki, onlar yolda qalmasın. Rayondan qayıdanda yenə həmin sürücünü o istiqamətdə gördüm. Gördüm ki, maşın həmin maşındı, yerdəki arvad-uşaq da həmin insanlardı. Bu dəfə də məndən pul istədi ki, benzinim qurtarıb, mənə 5 manat ver. Amma mən 5 manatı ona ikinci dəfə vermədi. Ona görə vermədim ki, bu adam hər gün həmin istiqamətə gəlir, maşını saxlayır, arvad-uşaq avtomobildən yerə tökülür və yolda gəlib-gedənlərdən sürücü pul istəyir. Ən azı gündə on beş-iyirmi nəfərdən bu yolla həmin adam pul alır. Onu tanıyandan sonra daha orda maşın saxlamıram. İndiyə qədər o yolu 30-40 dəfə gedib gəlmişəm və hamısında da o "Jiquli"nin sürücüsünün maşınları saxlatdırıb pul istədiyinin şahidi olmuşam. Artıq çoxları onu tanıdığına görə, avtomobili saxlamırlar.
   
   Görünür, "Jiquli" sürücüsü dələduzluqla pul qazanmaq yolu tapıb. Amma bu yol günlərin birində onu sonu görünməyən uçuruma apara bilər. Yəni insanların etibarından sui-istifadə etməyin axırı həbsxanalıq olar. Sadəcə olaraq, bir çoxları həmin adamın hərəkətinə göz yumur və ona bir o qədər də əhəmiyyət vermirlər. O isə hər gün Bakı-Astara yolunun Salyan-Biləsuvar istiqamətində "öz işini" görməkdədir. Axırda "işin" zibili çıxmasa yaxşıdır...

TƏQVİM / ARXİV