Bez ulduzlu polis zerifi

ETİBAR CƏBRAYILOĞLU
46919 | 2011-05-21 07:32
Bir neçə ay sürən sənədləşmə prosesi axır ki, yekunlaşdı. Mən də Amerika Birləşmiş Ştatlarına gedə bildim. 10 gün ərzində okeanın o tayında çox şəhərlər gəzdim, müxtəlif insanlarla təmas qumaq imkanı qazandım. Qismət olsa Amerika səfərilə bağlı silsilə reportaj yazacam. İndi oxuyacağınız müsahibəni də həmin reportajların birinə daxil edə bilərdim. Amma elə alındı ki, ənənəni pozmalı oldum. Müsahibəni səfər təssüratından əvvəl "Ədalət"ə təqdim etdim. Çünki...
   
   Hələ ABŞ-a yola düşməzdən öncə bizə göndərilən səfər proqramında Los-Ancelesin polis şerifi ilə də görüş nəzərdə tutulmuşdu. Kaliforniya ştatına gedəndən bir neçə gün sonra həmin görüş reallaşdı. Şerif Leroy Baka nümayəndə heyətinin bütün üzvlərini heyrətləndirdi. Lakin bu barədə bir qədər sonra.
   
   Bizim dillə desək, polis idarəsinin beynəlxalq əlaqələrdən sorumlu olan xanım əməkdaşı şeriflə görüşdən əvvəl bizi məlumatlandırdı. Livan əsilli bu xanım təkcə gözəlliyi ilə deyil, ətraflı bilgisinə görə diqqətimizi çəkdi. Məlum oldu ki, şerif Leroy Baka ABŞ-da ən nüfuzlu polis zabitlərindən sayılır. Buna inanmaq üçün şerifin paqonlarına baxmaq yetər. Cənab Bakanın paqonlarında parıldayan beş ulduza həsəd aparmağa dəyər. Çünki ABŞ-da hər şerifə beş ulduz daşımaq nəsib olmur.
   
   Şerif Los-Anceles şəhərini çıxmaq şərtilə belə demək mümkünsə, bu vilayətə daxil olan 40-dan çox şəhərin əmin-əmanlığına birbaşa cavabdehdi. İrili-xırdalı bu şəhərlərdə isə 10 milyondan çox əhali yaşayır. Meksika kökənli cənab Baka 1998-ci ildən bəri 10 mindən çox zabiti olan böyük bir kollektivə başçılıq edir. Bu zabitlərdən əlavə departamentdə 8 min mülki şəxs, 5 min könüllü xidmətdədi. 27 helikopter, 20 gəmi, 5 min avtomobil şerifin əmrini gözləyir. Los-Ancelesdəki bir neçə həbsxana, həbsxanaların hospitalları da polis departamentinin tabeliyindədi. Məlum oldu ki, polis departamentində və hospitallarda bir neçə azərbaycanlı çalışır. Düzdü, onlarla görüşə bilməsək də, şerifin müsəlman icmasi ilə əlaqələrini həyata keçirən serjant Mike Abden və Morsi ilə görüşdük. Fələstinli Mike Qüdsdə doğulub, Los-Ancelesdəki müsəlmanlar arasında böyük nüfuza malikdi. Misirdən olan Morsinin valideynləri isə elə bil oğullarının nə zamansa polisdə çalışacağını biliblər. Yəqin elə ona görədə övladlarına Şerif adı veriblər.
   
   Abden və Morsi deyəndə ki, şerif Baka Bakıda olub, Azərbaycanı və azərbaycanlıları çox sevir, bu fikirlərin nəzakət xətrinə işlətdiklərini zənn etdik. Cənab Baka ilə üzbəüz görüşəndə bu sözlərin həqiqət olduğuna inandıq.
   
   Cənab Baka Azərbaycandan gələn nümayəndə heyətini bayaqdan şəkildə gördüyümüz şerif formasında yox, bahalı və səliqəli kostyumda qarşıladı. Nümayəndə heyətinin hər bir üzvü ilə görüşüb yaxamıza şerifin döş nişanını taxdı.
   
   Nümayəndə heyətində yeganə qəzetçi olduğumdan şerifdən müsahibə götürmək imkanını boşa vermədim.
   
   - Əməkdaşlarınız Azərbaycana, xalqımıza böyük sevgi bəslədiyinizi dedilər. Bu bir diplomatik jestdi, yoxsa...
   
   - Əvvala onu deyim ki, Azərbaycandan gələn qonaqları Los-Ancelesdə salamlamaq mənim üçün xoşdur. Səfərinizin uğurlu alınmasını istərdim. Arzu edirəm ki, Amerikada günləriniz səmərəli keçsin və hamınıza unudulmaz anlar bəxş etsin. Əməkdaşlarımın dediklərinə gəlincə, onlar sizə ən doğrusunu deyiblər. Həqiqətən də Azərbaycan xalqına, onun mehriban insanlarına böyük hörmətim var. Bu, xoş görünmək xatirinə deyilən sözlər deyil.
   
   - Onu da dedilər ki, 6 ay əvvəl Bakıda olmusunuz...
   
   - Bəli, 6 ay əvvəl yenə Bakıda idim. Bu mənim Azərbaycana sayca üçüncü səfərim idi.
   
   - Belə intensiv səfərlərin məqsədini bilmək olarmı?
   
   - Məqsəd Azərbaycanı görmək, insanları yaxından tanımaqdı. İlk təşəbbüs də Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovdan gəldi. Hamıya məlumdur ki, Kaliforniya ştatında 500 mindən çox erməni yaşayır və onlar bütün rəsmi qurumlarla fəal iş aparırlar. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov da ölkəsini layiqincə təmsil və təbliğ etmək üçün çox işlər görür. Vətənini, xalqını sevən bir diplomat kimi cənab Süleymanov mənə təklif etdi ki, Bakıya səfər edim, Azərbaycan reallığını öz gözlərimlə görüm. Mən də bu dəvəti dəyərləndirdim. Səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev cənabları ilə görüşmək imkanı qazandım. Ölkə başçısı, onun komandası məni çox mehriban qarşıladı. İndi artıq Azərbaycan haqqında yetəri qədər bilgim var. Bilirəm ki, ərazinizin bir hissəsi işğal altındadı. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində görülən işləri yaxından izləyirəm və bu problemin sülh yolu ilə ədalətli şəkildə həllini arzulayıram.
   
   Bakıya səfərlərimdə yeni dostlar qazandım. Belə insanlardan birini xüsusi qeyd etmək istəyirəm. Bu, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov cənablarıdı. Belə bir insanla tanış olmaqdan məmnunam və bu dostluqdan qürur duyuram. Bakıya sonuncu səfərim zamanı ölkənin bəzi rayonları daşqına məruz qalmışdı. Cənab Heydərov da nazir kimi təbii fəlakət zonasında idi. Lakin işinin həddindən çox olmasına baxmayaraq mənimlə görüşmək üçün Bakıya gəldi. Mənə qarşı onun bu diqqətini yüksək qiymətləndirirəm. Biz cənab Heydərovla onun nazirlikdəki kabinetində görüşdük. Nazir kabinetindəki monitorlarla fəlakət bölgəsindəki vəziyyəti canlı izləyir, operativ tapşırıqlar verirdi.
   
   Kəmaləddin Heydərov məni Dağlıq Qarabağdan qaçqın düşən insanların məskunlaşdığı ərazilərə, üç qaçqın düşərgəsinə apardı. Gördüyüm mənzərə məni sarsıtdı. İnsanların bu münaqişədən necə əziyyət çəkdiklərini gördüm. Qaçqınlar məni məskunlaşdıqları evlərə dəvət etdilər. İnsanlar həyatda nə qədər çətinlik çəksələr də xeyirxahlıqlarından qalmırdılar.
   
   - Deyirlər ki, amerikalıları heyrətləndirmək çətindi, Bakıda sizi nə təəccübləndirdi?
   
   - Bakının müasir bir şəhər olması sözün həqiqi mənasında təəccübümə səbəb oldu. Şəhərdə çox böyük işlər görülür, hündür binalar tikilir. Dövlət Neft Şirkətinin qarşısında yeni inşa olunan otel şəhərinizə xüsusi yaraşıq verəcək. Tam səmimi deyim ki, yaxın gələcəkdə Bakı Parislə müqayisə oluna biləcək. Ən əsası özümü paytaxtınızda çox rahat və xoşbəxt hiss etdim. Şerif kimi deyə bilərəm ki, meqapolislər üçün bu amil heç də balaca məsələ deyil.
   
   Müşahidələrimə görə, Bakıda insanlar bütün günü harasa tələsir, gündəlik qayğıları ilə məşğul olurlar.
   
   - Bəlkə Azərbaycanlı qonaqlarınıza Bakıda başınıza gələn hansısa bir maraqlı hadisəni danışasız. İnanıram ki, belə bir hadisə mütləq olub....
   
   - Yaxşısı budur sonuncu səfərim zamanı qarşılaşdığım bir epizodu danışım. Mən dünyanın harasında olmasından asılı olmayaraq hər gün səhər 10 kilometr qaçıram. Bakıda olanda da bu adətimdən əl çəkmədim və dənizkənarında qaçdım. Yadıma düşdü ki, evdən özümlə diş məcunu gətirməmişəm. Binalardan birinin altında yerləşən mağazaya girdim. Mən azərbaycanca, satıcı kişi də ingiliscə bilmirdi. Ona diş məcunu axtardığımı başa saldım. Çoxlu çeşid var idi. Satıcı onlardan birini mənə verdi. Cibimdə Azərbaycan pulu olmadığından pulqabımı satıcıya tərəf uzatdım. Pulqabıda 5 və 1 dollarlıq əsginazlar var idi. Satıcı kişi 1 dollarlıq əsginazı götürüb təşəkkür etdi. Bu hadisənin özü insanlar arasında münasibətin gözəl nümunəsi idi.
   
   - Cənab Baka, sizdən özəl bir xahiş etmək olarmı?
   
   - Buyurun.
   
   - Sizinlə görüşdən əvvəl əməkdaşlarınız nümayəndə heyətinin üzvlərinə dəyərli bilgilər verdilər, bizimlə çox mehriban davrandılar. Xahiş edirəm ki, həmin əməkdaşları mükafatlandırasınız...
   
   - Mən əməkdaşlarıma inanıram. Bilirəm ki, həmişə olduğu kimi bu dəfə də üzərlərinə düşən işi peşəkarcasına yerinə yetiriblər. Mükafatlandırmaya gəlincə, onların mükafatı gözəl ailələridi. İnsanın mehriban, gözəl ailəsi onun üçün ən böyük mükafatdı.
   
   - Biz artıq neçə saatdır ki, rəhbərlik etdiyiniz departamentdəyik. Hamımız özümüzü çox rahat hiss edirik...
   
   - Bizim də çalışdığımız odur ki, insanlar polisdən qorxmasınlar, polisə inansınlar, etibar etsinlər.
   
   Bir daha sizi burada salamlamaqdan şadam. İndi əməkdaşlarımdan xahiş edəcəyəm ki, bu görüşü peşəkar fotokameranın yaddaşına köçürsünlər və diskləri sabah Los-Ancelesdəki ünvanlarınıza çatdırsınlar. Mən elə bilirəm ki, bu şəkillər bizim görüşümüzdən maraqlı bir xatirə olacaq. Azərbaycan xalqına, onun dəyərli insanlarına, dostlarıma salamlarımı yetirin. İlin sonunda yenidən Bakıya səfər edəcəyəm.
   
   
   
   

TƏQVİM / ARXİV