GÖZLƏRiNDƏ NiSGiL APARAN iNSAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
32920 | 2011-05-21 07:32
Həyatın hər üzü olduğunu çoxları bilir, elə mən də bilirdim. Və bildiyimə görə də onun bütün şıltaqlıqlarına, ağrı-acılarına dözməyə, duruş gətirməyə çalışırdım. Məhz bu dözümün, duruşun hesabına gəlib - çatdığım illərin birində, yəni 2011-ci ilin aprel ayının 11-də sərt bir sınaqla, dözülməz bir acıyla üz-üzə qaldım. Üzdü məni bu xəbər, inana bilmədim. Özü də inanılası da deyildi. Çünki ilin son iki rəqəmi və ayın tarixi bir-birinə o qədər oxşayırdı ki, məndə şübhə yeri yaradırdı. Özünüz fikirləşin: il -2011, gün -11. Bax, bu qəribəlik ağlıma min cür fikir gətirirdi və o fikirlərin içərisində Ceyhunun dünyaya əlvida demək xəbəri heç cürə inandırıcı görünmürdü. O Ceyhunun ki...
   
   Hələ nə müharibə başlamışdı, nə qaçqınlıq vardı. Onda ötən əsrin 80-ci illəri idi. Və mən də bir qələm adamı kimi Cəbrayıl rayonuna ezamiyyətə getmişdim. Hüquq-mühafizə orqanlarından yazmalıydım. O vaxtın rayon rəhbərliyi məni rayon məhkəməsinin sədri ilə tanış etdi. Ortaboylu, gülərüz, amma gözlərinin dibində dərin bir kədər yatmış bu insanla əl verib tanış oldum, özümü təqdim etdim, o da özünü:
   
   - Məcid Muradov!
   
   Bəli, beləcə başladı bizim tanışlığımız. Və bu tanışlığı çay süfrəsi arxasında davam etdirəndə söz-sözü çəkdi. Mövzu bir-birini əvəzlədi. Söhbət Xocalıdan, Dərələyəz mahalından düşdü. Dözməyib, ana xəttimlə ona Xocalıda, Dərələyəzdə olan qohumlarımdan danışdım. Gözləmədiyim halda yerindən qalxıb məni qucaqladı və məlum oldu ki, Məcid Muradov mənim ana qohumlarımdandır. Yəni hələ Xocalı və bütövlükdə Qarabağ işğal olunmamışdan çox-çox əvvəl mən qeyd etdiyim kimi, bir ana xətti ilə olan qohumumla qarşılaşıb, görüşüb doğmalaşdım.
   
   Açığını deyim ki, bu münasibət bizim səmimiyyətimizi bir az da artırdı. İndi təkcə hakim - jurnalist kimi deyil, həm də doğma insanlar kimi söhbət etməyə başladıq. Və beləcə 90-cı ilin əvvəllərinə qədər onun Cəbrayılda dəfələrlə qonağı oldum. İşğalın ilk günlərinin ağrı-acısını, onun necə yaşadığını müşahidə etdim, izlədim. Və bir daha əmin oldum ki, sən demə, Məcid müəllimin gözlərinin dibindəki o kədər çox-çox uzaqlardan, Ermənistandan, onun Dərələyəz mahalından, o ilk köçlərdən gəlirmiş. Azərbaycanlıların Ermənistandan departasiyasının ağrı-acısından qaynaqlanırmış.
   
   Həyat bir gün deyil, bir an deyil. Bax, bu mənada sonralar Məcid müəllimlə Saatlı rayonunda görüşdüm. Artıq iş yerini dəyişmişdi. Amma bir ayağı Qarabağdaydı. Cəbrayıldan, döyüş bölgəsindən gələn hər kəsə qapısı açıq olan bu insan yaman narahat idi. Özü də çəkinmədən deyirdi:
   
   - Torpaqların işğal edilməsindən qorxuram. Torpaq itirməyin nə olduğunu gözəl anlayıram. Əgər respublikaya layiqli bir rəhbər gəlməsə, O KİŞİNİ respublikaya çağırmasalar, vəziyyət dözülməz olacaq.
   
   Bəli, həyat göstərdi ki, doğrudan da ağrı-acını yaşayanlar, dərdi köynəyinə çevirənlər həqiqətləri daha yaxşı duyur, daha yaxşı hiss edirlər. Məcid Muradovun da duyduğu, hiss etdiyi gerçəkliyə çevrildi, Qarabağ işğal olundu. Sanki bu işğalla onun həyatının böyük bir səhifəsi bağlandı, amma...
   
   Məcid müəllim övladları ilə fəxr edirdi. Onların tərbiyəsi, cəmiyyətdəki mövqeləri bir ata kimi ona qürur bəxş edir, onu fərəhləndirirdi. Demək olar ki, övladlarına fərq qoymayan ata nədənsə Ceyhuna daha çox meyil salmışdı. Mən bunun səbəbini indi daha çox anlamağa başlayıram. Çünki cəmi ikicə dəfə üzbəüz oturub, göz-gözə gəldiyim Ceyhunun da gözlərinin dibində həmin o kədər var idi. Mənə doğma, tanış kədər...
   
   Bəli, Ceyhun bütün yaşıdları kimi orta məktəbi oxudu, kolxozda çalışdı, Maliyyə Kredit Texnikumunda təhsil aldı. Hərbi xidməti borcunu yerinə yetirdi. Sonra üz tutdu təhsilə və işləməyə. Hüquq məsləhətçisi də oldu, şəhər məhkəməsində icraçı da, rayon prokurorluğunda dəftərxana müdiri də. Günlərin birində, yəni 1996-cı ildə Bərdəyə, rayon prokurorluğunun müstəntiqi vəzifəsinə göndərildi. Artıq o, seçdiyi sənətin tam sahibinə çevrilmişdi. Arzusu gerçəkləşmişdi. Çünki 1961-ci ildə dünyaya göz açan Ceyhun atasının yolu ilə getmək, hüquqşünas olmaq istəyini heç kimdən gizlətməmişdi. Qazandığı bilik və həyat keşməkeşlərinə dözüm onu arzusuna qovuşdurdu.
   
   Dörd il Bərdədə işlədi, sonra Ağdaşda, bir pillə də önə çəkilməklə prokurorluq sistemində 2000-ci ilə qədər fəaliyyət göstərdi. Elə həmin ildə onu Gəncə Hərbi Məhkəməsinə sədr təyin edildi. Bəli, ataların yolunu oğullar layiqincə tutdular. Daha doğrusu, ataların yolunu oğulların tutmaq estafeti gerçəkləşdi. Artıq Ceyhun hakim kimi çıxış edərkən hər dəfə gözlərinin önünə atasını gətirir, sanki ondan nə isə öyrənir, nəyəsə icazə alırdı.
   
   Həyatda hər şey nisbidi. Elə ömür də... amma ömrün nisbiliyini bəzən dəyişmək mümkündü. Əməlinlə, xidmətinlə onu əbədiləşdirə, minilliklərə köçürə bilərsən. Görünür, qan yaddaşı, ailə tərbiyəsi anlayışı yalan deyilmiş. Elə Ceyhunun söykəndiyi yaddaş da, tərbiyə də onun bir hakim kimi bölgədə nüfuz qazanmasına, həmkarları arasında, iş yoldaşları yanında sayılıb-seçilməsinə başlıca səbəb oldu. Həyatın nisbiliyindən biri də mənim son vaxtlar daha çox inandığım fələyin namərdliyidi. Elə bil ki, fələyin gözü yaxşıları, gözəllikləri götürmür. Nədənsə daha çox yaxşılara, gözəlliklərə qənim kəsilir. Bu mənada son illərdə itirdiyim son dərəcə əziz, halal, səmimi və xeyirxah dostları, insanları xatırlayıb, öz-özümə haqq qazandırıram. Çünki gerçəklik bunu diktə edir.
   
   2007-ci ildə Gəncə Apellyasiya Məhkəməsinə hakim seçilən Ceyhun Məcid oğlu Muradov bu seçimlə heç kimi təəccübləndirmədi. Əksinə, hamı onun halal haqqının özünə verildiyinə daxilən bir rahatlıq duydu. O cümlədən doğmalar da, dostlar da, həmkarlar da. Amma Əzrayıl namərdlik etməkdən əl çəkmədi...
   
   Fikrət mənə zəng vurmuşdu. (Gəncə Apellaysiya Məhkəməsinin hakimi, Ceyhunun həmkarı və dostu Fikrət Əliyevi nəzərdə tuturam - Ə.M) Səsindən bir kədər hiss etdim. Könül dostum sözarası pıçıldadı ki, xəbərin oldu də, Ceyhun müəllimi də itirdik. İlk anda inana bilmədim. İnana bilmədim ki, Vüqarın, Vəfanın atası, Nərmin xanımın ömür-gün yoldaşı fələyə belə təslim ola bilərmiş, yaşının bu çağında, ömrünün bu vədəsində. Qucağına nəvə almadan. Evində nəvə səsi eşitmədən, həyat arzularını çin etmədən bu namərd dünyaya əlvida edərmiş. Amma həqiqətdən qaçmaq olmur. O həqiqətdən ki, onun hökmünü fələk verir...
   
   ...Gəncə Apellyasiya Məhkəməsinin kollektivi dərin bir kədərə qərq olmuşdu. Heç kim heç nə deyə bilmirdi. Sanki həmişə danışıb - gülən, bir-birilə zarafatlaşan, lazım gələndə hansısa bir qərarın qəbul edilməsində, hökmün verilməsində məsləhətləşən insanlar buz kimi suya salınmışdılar. Onların çöhrəsindən kədərdən başqa heç nə oxumaq mümkün deyildi. Çünki bu insanlar mayın 23-də Ceyhunun 50 yaşını qeyd etmək barədə öncədən razılığa gəlmişdilər və elə bütün söhbətlərinin mövzusu da bu ad gününü necə, harda keçirmək idi. Onlar ad gününə hazırlaşırdılar, fələk başqa bir hökm verdi. Hamının - həm vətəndaşların, həm həmkarlarının, həm də kollektivin özünə çox doğma bildiyi ədalətli bir hakim barəsində fələk hökm çıxarmışdı.
   
   ... Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov həmişə amiranə, qətiyyətli olan səsinin nisgilini boğa bilmədi və kövrək bir səslə dedi:
   
   - Biz ədalətli, əsl hakim olan bir insanı itirdik. Özü də çox erkən. Bu, bəlkə də heç kimin inana bilməyəcəyi bir gercəklikdir. Ceyhun bizimlə birlikdə işlədiyi müddətdə öz insanlığıynan, öz ədaləti ilə, öz savadı ilə, öz şəxsiyyəti və peşəkarlığı ilə hamımızın əzizinə, doğmasına çevrilmişdi. Biz heç vaxt onu belə erkən itirəcəyimizi ağlımıza gətirməmişdik. Bu acı kədər onun doğmaları kimi bizləri də sarsıtdı. Amma Ceyhunun əziz xatirəsi, nurlu siması həmişə ürəyimizdə yaşayacaq. Allah onun doğmalarına səbir versin, qəbri nurla dolsun! Ceyhun təkcə evin, ailənin yox, həm də bizim ədliyyə sisteminin ağır itkisidir. Biz onu həmişə xatırlayacağıq...
   
   İndi düz 40 gündü ki, Ceyhun doğmalarını, dostlarını, onu sevənləri tərk edib, gedib. Getməzdən əvvəl atasının məzarını da ziyarət etdi və həyat yoldaşı Nərminə xanıma dedi ki, vallah, bu qədər sinə daşları məzarıstanda artıqdı. Bu daşların əvəzinə qəbiristanlığı gül-çiçəyə bürümək lazımdı. Sadəcə bir başdaşı kifayət edər, kimliyini bilmək üçün. Ruhlar dolaşan bu yerdə ancaq gül-çiçək olmalıdı, soyuq daşlar yox... Sanki ürəyinə dammışdı, sanki hiss eləmişdi ki, onun dəfn olunduğu bu torpağı gül-çiçəyə bürüyəcəklər. Onu ziyarətə gələnlər onun üçün gül-çiçəklər gətirəcəklər. Və müəllimi Yasin onu xatırlayıb kövrələ-kövrələ deyəcək:
   
   - Mən həyatım boyu çoxlu şagird yetişdirmişəm, hamısıyla da fəxr etmişəm. Amma Ceyhun hamısından fərqlənirdi. Təsəvvür edin ki, Ceyhun Apellyasiya məhkəməsinin hakimi idi. Qarlı, şaxtalı bir gündə onunla qarşılaşdım. Yağan qara, şaxtaya baxmayaraq Ceyhun tez papağını çıxarıb mənimlə salamlaşdı. İnanın ki, onun bu əxlaqı, bu hərəkəti, müəlliminə bu diqqəti heç vaxt yadımdan çıxmır. Təəssüf edirəm ki, bu ürəyin sahibini belə erkən itirdik...
   
    Bəli, nə vaxtsa yazdığım şeirlərin birində demişdim:
   
   
   
   Fələk namərd oldu,
   
   əcəl kəmfürsət -
   
   Hər kəsə haqqımı
   
   halal edirəm!
   
   Ruhum sizinlədi,
   
   mənəsə qismət -
   
   Soyuq bir məzardı,
   
   köçüb gedirəm!
   
   
   
   Mən bilmirəm bu misraları yazmaqda nə qədər haqlıyam, amma bir onu bilirəm ki, Soyuq məzara da ziynətdi insan!!!
   
   Bu mənada ki, həmin insanı hər iki cahanda arayıb-axtarıb soraqlayırlar. Birində onu duyanlar, sevənlər, o birində mələklər.
   
   Ruhun şad olsun, Ceyhun! Sən bu dünyada öz izini, öz cığırını aça bildin. Əməllərinlə, insanlığınla, gözəl ailənlə, xoş rəftarınla, dərin məntiqinlə, ən vacibi isə layiqli vətəndaş olmağınla! Elə ona görə də fələyi qınayır, Əzrailə irad tuturam. Bilirəm ki, qınağım da, iradım da heç nəyi dəyişməyəcək, amma onu da bilirəm ki, SƏN səni sevənlərin, səni duyanların həmişə yadında olacaqsan. Məzarın da həmişə gül-çiçək içərisində rahatlıq tapacaqdır...
   
   
   
   

TƏQVİM / ARXİV