adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
34888 | 2011-05-20 07:35
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
   - 1-ci sual: İş yerinizi dəyişmək istərdinizmi?
   
   - 2-ci sual: Havalar istiləşir və tezliklə çimərlik mövsümü də başlayacaq. Siz çimərliyə gedirsinizmi?
   
   - 3-cü sual: Deyirlər ki, şəhərin müxtəlif rayonlarında mənzillərə verilən qazın təzyiqi çox aşağıdır. Sizdə vəziyyət necədir?
   
   
   
   1. - Mürsəl: (mətbəə işçisi) Mən uzun illərdir bu sahədə işləyirəm və iş yerimə çox öyrəşmişəm. Belə baxanda dəyişmək istəmərəm, amma yaxşı bir iş qarşıma çıxsa əlbəttə gedərəm. Məncə yaxşı işə keçməyi hamı istəyir.
   
   2. - Həqiqətən də havalar sürətlə isinməyə başlayıb. Mən beş-altı ildə çimərliklərə getmirəm. Həm vaxt olmur, həm də düzünü deyim ki, çimərliklərdə bir çimərliklik qalmayıb. Dənizi çox çirkləndiriblər. Məncə yaxşı olsa hamı, elə mən də vaxt tapıb dənizə gedər. Amma heyif ki, adam getməyinə də peşiman olur.
   
   3. - Dəqiq deyə bilmərəm. Amma onu bilirəm ki, Bakıda qazı heç vaxt stabil vermirlər.
   
   1. - Elsevər: (rəngsaz) (gülür) İş yerini dəyişməyə qalsa məndən çox iş yerini dəyişən yoxdu. Klyent haradan çıxırsa mən də onun evinə gedirəm işləməyə. Bu hesabla ildə beş-altı iş yeri dəyişirəm... Amma başqa işə keçmək söhbəti varsa əlbəttə ki, dəyişmək isəyərəm. Mən də istəyirəm ki, əli-ayağı təmiz bir işim olsun, əmək haqqısı da babat olsun.
   
   2. - Düzünü desəm keçən il bircə dəfə də getməmişəm. Amma inişil vaxt düşən kimi gedərdim. Mənim dənizə getməkdən xoşum gəlir... Bu il necə olacaq, bilmirəm. İnşallah, imkan eləyib gedərəm. Adam dənizdə yaxşı dincəlir...
   
   3. - Yox, bilmirəm. Gərək ki, bizim qazlar yaxşıdır. (Gülür) Pis olsaydı arvad deyinməyə başlardı. Bir səs çıxmayıbsa demək hər şey öz qaydasındadır.
   
   1. - Mətanət: (MİS-in işçisi) Elə istərdim ki. Bir yaxşı iş çıxsa heç fikirləşmədən gedərdim. Bizdə həm maaş azdı, həm də maraqlı işimiz yoxdu. Elə kimi də dindirirsən "JEK"-lərdən şikayətlənir. Düzü, elə indinin özündə bir iş axtarıram, heç olmasa maaşı babat olsun. Bilirsiniz də indi dolanışıq necə çətindi.
   
   2. - Əvvəllər uşaqları da götürüb gedərdim, qonşularla birlikdə. Uşaqlar bir az balaca idi. Amma çoxdandır ki, gedə bilmirəm. Yoldaşım da səhər gedib axşam gəlir, mən də evin işlərindən də baş aça bilmirəm.
   
   3. - Baxın, onu düz deyirlər. Əvvələr qış aylarında qaz zəif gələrdi. Yayda, havalar istilənəndə gurlaşardı, amma indi havalar istilənib, qazlar yenə zəif gəlib. Bilmirsən ki, bu nə hoqqadı.
   
   1. - Mahir: (avtodayanacaq gözətçisi) Mən istəyirəm ey, kimdi mənə iş verən. Savadım yox, diplomum yox. Vaxtında oxumadım ki, gedib mən də özümə bir gün ağlayım. Buranı tapmışam, yüz dəfə şükür eləyirəm.
   
   2. - Yox, müəllim, çimərlik-zad mənlik döyül. "Smendən" çıxandan sonra çörəkpulu üçün başqa işə də gedirəm. Nə olsa işləyirəm. Çörəkpulu qazanmaq lazımdı, ya yox?
   
   3. - Ondan xəbərim yoxdu. Onsuz da orada oturanlar necə kefləri istəyir elə də işləyir. Öz keflərinin ağasıdırlar. Keçən il bizim qaz turbası xarab olmuşdu, tay haralara getdim ki, gəlib kömək eləsinlər. Eləmədilər. İndi qazı zəif versələr kim onlara bir söz deyəcək ki?
   
   1. - Adını söyləmədi: (müəllimə) İstəmirəm. Hara gedim ki? Müəllim adamam, onsuz da hara getsəm eyni işi görəcəyəm. Maaşı da standartdı.
   
   2. - Çoxdandı getmirəm. Düzünü desəm dəniz çox çirklənib. Elə vəziyyətdədir ki, vallah adam heç suya girmək istəmir. Elə deyirlər ki, bunun üçün tədbir görürlər, amma ortalıqda heç nə yoxdu. Əslinə qalsa bu vəziyyətdə çimmək qorxuludu. Adam xəstəlik tapar.
   
   3. - Həqiqətən də son vaxtlar qazın təzyiqi tez-tez aşağı salınır. Çox pis yanır. Özü də bilmirsən ki, istilər düşəndən sonra niyə belə qaz verirlər.
   
   1. - Teymur: (iş yerini söyləmədi) Hə, yaxşı pul verilən yer olsa dəyişərəm. Başqa problem yoxdur. Məncə bütün iş yerlərinin yaxşılığı onun verdiyi maaşla ölçülür. Pul varsa, demək hər şey yaxşıdı...
   
   2. - Hər il uşaqlarla yığışıb gedirik, özü də tez-tez. Bu ilsə hələlik getməmişik. Düzdü, indi dənizi yaman günə salıblar, amma dəxli yoxdu, biz dostlarla gedirik. Özü də həmişə getdiyimiz yer var. Yalan olmasın, yay vaxtı demək olar ki, istirahət günlərimizi elə çimərlikdə keçiririk.
   
   3. - Məncə bizim mənzilimizdə qazla bağlı problem olmamalıdır.

TƏQVİM / ARXİV