adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Nəticə mənim rollarımdır

İNTİQAM VALEHOĞLU
26544 | 2011-05-14 07:02
Dosye:1974-cü ilin yanvar ayının 13-də Bakıda anadan olub. 1988-91-ci illərdə İncəsənət İnstitunun nəznində fəaliyyət göstərən Bakı Xalq Universitetində təhsil alıb. Bir müddət "Nəsimi" folklor teatrında, daha sonra isə Sumqayıt Teatrında çalışıb. 1993-95-ci illərdə "Kukla Teatrı"nda işləyən aktrisa son 16 ili "Azdrama"da rollar oynayıb. Bu müddət ərzində Fərman Kərimzadənin "Çaldıran döyüşü"ndə Taclı bəyimi, Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah"ında Şərəfnisəni, Akif Həsənoğlunun "Yanmış evin nağılı" əsərində Həliməni, Rəhman Əlizadənin "Əzrayıl" monotamaşasında, Mirzə Cəlilin "Dəli Yığıncağı" əsərinin motivləri əsasında hazırlanmış "Pırpız sona"da və s. tamaşalarda müxtəlif rolları canlandırıb
   
   Bəlkə də bu ad çoxlarınıza o qədər də tanış deyil. Yaxud da əksinə, ola bilsin ki, bəziləriniz onun Akademik Milli Dram Teatrında və müxtəlif filmlərdə oynadığı obrazlara baxmısınız. Söhbət sözügedən teatrın aktrisası Dilarə Nəzərovadan gedir. Dediyinə görə, bu gün də fəxri adı, təmtəraqlı həyatı olmasa da, istədiyi obrazları canlandırmaq həvəsindədir. Ömrünün 20 ildən çoxunu sənətinə həsr etmiş aktrisayla teatrda görüşdük və elə söhbətimizin başlanğıcı da onun ölkənin əsas sənət ocağına necə gəlməsiylə başladı. Onu da deyim ki, müsahibəni hazırlayandan sonra anladım ki, söhbət əsnasında Dilarə xanıma əməlli-başlı opponentlik etmişəmg
   
   - Bir neçə yerdə çalışdıqdan sonra 1995-ci ildə "Azdrama"ya gəldim. Bundan əvvəl isə Kukla Teatrında çalışırdım. Həmin vaxt Rəhman Quliyev direktor, Rəhman Əlizadə isə baş rejissor idi. Amma orada işlədiyim vaxtda bir dəfə də kukla tamaşasında oynamadım. Oynadığım bütün obrazlar canlı idi. Teatrımızın o zamankı direktoru rəhmətlik Həsən Turabov tamaşalarda məni görüb özü dəvət etmişdi. O vaxt ilk rolum Elçin Əfəndiyevin "Ah Paris, Paris" əsərində Gülər xanım oldu. "Azdrama"ya gələndə artıq 1993-cü ildə "İtkin gəlin" serialında Simimbər rolunu oynamışdım. Həmçinin 1995-ci ildə Ənvər Əblucun Qarabağ hadisələrinə həsr olunmuş "Ağ atlı oğlan" filmində də çəkilmişdim. Amma məni daha çox tanıdan "İtkin gəlin" serialı oldu.
   
   
   
   "İndi mənə rol verilməyib, gözləyirəm"
   
   
   
   - İndiyə kimi burda neçə tamaşada oynamısınız?
   
   - Dəqiq sayını bilmirəm. Hər halda 20-dən artıqdır.
   
   - Amma baş rol almamısınız...
   
   - Aparıcı rollarda oynamışam. İlyas Əfəndiyevin "Dəlilər Ağıllılar" əsərində Naza xanımı oynamışam.
   
   - Adətən rejissorlar aktyorlara, aktrisalara rol vermək istəməyəndə onun fakturasını, boyunun balacalığını bəhanə gətirir. Amma sizdə lazım olan keyfiyyətlər olduğu halda yenə də istədiyiniz rolları oynaya bilməmisiniz? Yəni baş rollarda oynamamısınız. Səbəb nədir?
   
   - İndi rejissorların yeni bir bəhanəsi var. Deyirlər ki, mən səni bu rolda görmürəm, bu obraza öz yanaşma tərzim var.
   
   - Şəxsi münasibət amili nə dərəcədə rol oynayır?
   
   - Deməzdim ki, şəxsi münasibət rol oynayır. Çünki heç kimlə pis münasibətim yoxdur. Amma bu teatrda işlədiyim dövrdə hər il bir yeni tamaşada oynamışam.
   
   - Bir aktrisanın bir ildə yalnız bir tamaşa olması kifayət eləmir axı...
   
   - Bu mənim problemim deyil. Aktrisanı rejissorlar görməlidir.
   
   - Sizinçün Mərahim Fərzəlibəyovun dövründə işləmək daha rahat idi, yoxsa indi?
   
   - Onun dövründə rollar alırdım. İndikini isə zaman göstərəcək.
   
   - Teatra hər gün gəlirsiniz?
   
   - Bəli.
   
   - Bu məcburidir?
   
   - Bəli. Çünki yeniliklərdən xəbərdar olmalıyıq. Nazir müavini Ədalət Vəliyev və direktorumuz İsrafil İsrafilov da deyib ki, hamı rolla təmin olunacaq.
   
   - Bir müddət əvvəl teatrın heyəti buraxıldı və müsabiqə elan olundu. Sonrasa müsabiqə məsələsi ləğv edildi. Nə baş verirdi?
   
   - Nə baş verdiyini biz bilmirik. Əslində heç kəs bilmir. Bildiyim odur ki, elan elədilər heyət buraxılır və sonra da dedilər ki, hamı qayıtsın.
   
   - Müsabiqəyə sənədlərinizi vermişdiniz?
   
   - Bəli.
   
   - Bu ehtiyacdan irəli gəlirdi yoxsa, sənətə olan sevgidən?
   
   - Mən özümü incəsənətdən kənarda təsəvvür eləmirəm.
   
   - Bununçün başqa yaradıcılıq məkanları da var idi..
   
   
   
   "Mən bilirəm
   
   nədən danışırsınız"
   
   
   
   - Amma 16 ilimi buraya həsr etmişəm.
   
   - Teatrdan nə qədər məvacib alırsınız?
   
   - Əvvəl 210, indi 194 manat. Əgər məvacibə görə olsaydı, yəqin ki, burada işləməzdim.
   
   - Teatrın mətbəxi şou aləmindən bir qədər fərqlənir. Yəni buranın "divarları" sirri bayıra elə də çox buraxmır. Qalmaqalları nəzərdə tuturamgÇoxmu qalmaqallar olur burada?
   
   - Çox gözəl yola gedirik. Tam səmimi deyirəm. Teatrlar arasında ən mehriban kollektiv bizdədir.
   
   - Ona görəmi aktrisalarımız bir-birinə mətbuat vasitəsilə notalar göndərirlər?
   
   - Mən bilirəm nədən danışırsınız. Amma bəzən belə də olur. Bu hər kəsin şəxsi işidir.
   
   - Danışmadığınız həmkarınız varmı?
   
   -Yox, qəti. Ümumiyyətlə, konfliktləri sevmirəm.
   
   - Sizə hansı rejissorla işləmək daha rahatdır?
   
   - Bütün rejissorlarla. Mərahim Fərzəlibəyov, Azərpaşa Nemətov, Bəhram Osmanovla işləmişəm. Televiziyada Məhərrəm Bədirzadəylə işlərimiz olub. "Cavid Ömrü" filmində Ramiz Həsənoğluyla çalışmışıq.
   
   - Orada hansı rolu oynayırdınız?
   
   - Tamara rolunu. Bu "Oqtay Eloğlu" əsərindən səhnədir.
   
   - Özünüzü rejissorlar sarıdan bəxtli aktrisa sayırsınızmı?
   
   (gülümsəyir) Xeyr.
   
   - Bununla bərabər də razısınız?
   
   - Desəm ki, ancaq epizod oynamışam yalan olardı.
   
   
   
   "Oynaya biləcəyim
   
   rolları mənə verməyiblər"
   
   
   
   - Bəlkə çəkindiyinizə görə belə deyirsiniz?
   
   - Allahdan başqa heç nədən qorxmuram.
   
   - Niyə 20 illik səhnə təcrübəsi olan bir aktrisa istədiyi yerdə deyil?
   
   - Deyə bilərəm ki, oynaya biləcəyim rolları mənə verməyiblər.
   
   - Almadığınız rolun davasını döymüsünüz?
   
   - Bəli. Sizə bir misal deyim. Maqbet Bünyadovun dövrü idi. Hidayət Orucovun "İrəvanda xal qalmadı" pyesi əsasında hazırlanan tamaşa var idig
   
   - (sözünü kəsirəm) Deməli, getdiyinə görə indi danışırsınızg
   
   - Xeyr. Mənə balaca obraz verilmişdi. Özümsə baş rolu oynamaq istəyirdim. Ərizə də yazdım, rolu vermədilər.
   
   - Nə səbəb göstərildi?
   
   - Heç bir səbəb göstərilmədi. Ona görə deyirəm ki, rejissor səninlə işləmək istəmirsə, onun çox gözəl bəhanəsi var. Hətta istəsən də rolu ala bilməyəcəksən.
   
   - Neçə filmdə çəkilmisiniz?
   
   - Bir sənədli film - "Donanma" və 5 bədii film, bir neçə teleseriallar, teletamaşalar.
   
   
   
   "İndiyə kimi mənim içimi tərpədən cəmi iki obraz oynamışam"
   
   
   
   - Teatrda işləmək daha rahatdır, yoxsa filmdə?
   
   - Heç vaxt filmə çəkilməyi sevməmişəm. Çünki canlılığı sevirəm. Teatr canlı sənətdir.
   
   - Deyəsən oynadığınız obrazlar heç ürəyinizcə deyil...
   
   - İndiyə kim mənim içimi tərpədən cəmi iki obraz oynamışam. Biri Mikayıl Mirzənin quruluşunda "Aydın"da Susanna, biri də "Pırpız sona"da oynamışam. Bu tamaşalara varlığımı qoymuşam və böyük həzz almışam.
   
   - 194 manatla necə dolanırsınız?
   
   - Çətindir.
   
   - Əlavə gəlir yeriniz varmı?
   
   - Evdə anam və qardaşlarımla yaşayıram. Bəlkə də tək yaşasaydım çox ağır olardı.
   
   -Sənətdən getmək haqda düşünmüsünüz? Çünki ortada nəticə sayıla biləcək nəsə yoxdur.
   
   - Siz nəticə nəyə deyirsiniz?
   
   - Ən azı 20 illik səhnə fəaliyyəti olan aktrisanın fəxri adı...
   
   - Nəticə mənim rollarımdır. Əslində mən çox şeyi indi gözləyirəm.
   
   
   
   "İsrafil İsrafilovdan böyük
   
   gözləntilərim var və inanıram"
   
   
   
   - Başqa teatrlardan olan həmkalarla münasibətiniz necədir?
   
   - Normal. Amma kiminləsə gediş-gəlişim yoxdur. Firəngiz Mütəllimova, Məsmə Aslanqızı, Ləman Əliyeva, Şəlalə Şahvələdqızıyla yaxın münasibətlərim var.
   
   - Yeni rəhbərlikdən nə gözləyirsiniz?
   
   - İsrafil İsrafilovdan böyük gözləntilərim var və inanıram. Çünki teatrda balans pozulub.
   
   - Maqbet Bünyadovun zamanında?
   
   - Yox.
   
   - Bəs nə vaxt?
   
   - Çoxdan. Bəlkə də o vaxt mən teatra gəlməmişdim.
   
   - Cəmiyyətimizdə belə fikirlər var. Filankəs soyunursa, tez də məşhurlaşacaq. Siz də bir neçə belə rollar oynamısınız. Amma məşhur deyilsiniz. Niyə? Hətta bu addımı siz 15 il əvvəl "Pırpız sona" tamaşasında atmısınızgO vaxt belə şeylər daha çox səs-küy yaradırdı.
   
   - Söhbət ondan gedir ki, mən bunu tanınmaq üçün yox, rolun tələbinə görə etmişdim. Kimsə soyunur və çıxır səhnəyə ki, mən məşhur olacağam. Bu ayrı şeydir.
   
   - Amma zəlzələdənmi, vəlvələdənmi, nəticə eynidir. Tamaşaçı aktrisanın nədən soyunduğunu yox, yalnız soyunduğu görür və onu yadda saxlayırg Yenə tanınmadınız. Məsələn, yolda, küçədə sizi tanıyırlarmı?
   
   - Son dörd ili eynəkdə gəzirəm. Çünki tanıyırlar, özümü narahat hiss edirəm.
   
   
   
   "Bu filmə çəkildiyimə görə təəssüflənirəm"
   
   
   
   - Ən çox hansı filmlə bağlı?
   
   - "İtkin gəlin"lə bağlı.
   
   - Bəlkə "Gürzə" filmiylə bağlı?
   
   - Çox maraqlıdır ki, "Gürzə" filminə baxanlar məni həyatda tanımırlar. Ümumiyyətlə, bu filmə çəkildiyimə görə təəssüflənirəm.
   
   - Səbəb?
   
   - Səbəb filmin dəyərsizliyidir. Nə filmin müəllifi, nə sponsoru, nə də televiziya filmi dəyərləndirə bilmədi.
   
   - Nə mənada?
   
   - Maddi mənada. Çünki qonorarımı tam ala bilmədim.
   
   - Nə qədər aldınız?
   
   - Beş seriyalı filmə görə cəmi 200 manat qonorar aldım. Söz vermişdilər, əməl etmədilər.
   
   - Peşmançılığınız məhz buna görədir?
   
   - Bəli.
   
   - Bəs digər aktyorlar?
   
   - Dəqiq bilmirəm. O film nə tanınmağım, nə başqa şey üçün gərək deyildi.
   
   - Yaddaş aktrisa üçün vacibdir. Yaddaşınız necədir?
   
   - Yaxşı. Sadəcə əzbərçilik yoxdur, əsəri mənimsəyirəm. Poeziyanı da çox sevirəm. Sevdiyim şerilər özümdən asılı olmadan yaddaşıma hopur.
   
   - Hansı şairi bəyənirsiniz?
   
   - Ramiz Rövşəni çox oxuyuram.
   
   - Səhnədə həyəcan keçirirsiniz, yoxsa artıq bu hisslər keçib?
   
   - Çox qəribə duyğudur. Hər səhnəyə çıxanda həyəcan keçirirəm. Sanki ilk dəfədir.
   
   - Poeziyanı sevdiyinizi dediniz. Yəqin ki, şeir də yazırsınız...
   
   - Nə vaxtsa olub.
   
   - On il əvvəllə müqayisədə sizinçün nə dəyişib?
   
   - Fikirlərim, təfəkkürüm, dünyaya baxışım.
   
   - Nəyə peşmansınız?
   
   - Ən böyük peşmançılığım insanları sevməyim və səmimi olmağımdır. Çünki bu bəzən özümə qarşı çevrilir. Kiməsə inanıram, güvənirəm və acısını çəkirəm.
   
   - Teatrda maraqlı vəziyyətlərlə qaşılaşmısınızmı?
   
   - "Dəlilər ağıllılar" tamaşası oynanılmalıydı. Mən də orada Kübra Əliyevayla oynayırdım. Axşam tamaşadan sonra tamaşanın kaseti mənə verildi və gəldim səhəri gün oynadım. Bir gecəyə rolumu əzbərlədim və səhnəyə çıxdım. Bu yerdə xalq artisti Bəsti Cəfərovanın böyüklüyü haqda da danışmaq istəyirəm. Gələndə gördüm ki, o məndən əvvəl gəlib ki, məşq edək. Çünki bilirdi ki, rolumu bir günə əzbərləmişəm. Amma bu ona yox, mənə lazım idi. Bir dəfə də yıxılmışam, qolum sınıb. Əməliyyatın səhəri İsmayıllıda qastrolda tamaşa oynamışam. Belə şeylər çox olub.
   
   - Fikrinizcə teatrın heyətində islahat olmalıdır. Yəni 300 nəfər yox 200 nəfər işləməlidir. Yoxsa hamı 5-3 manat qazanmalıdır:?
   
   - Yox hər kəs haqq etdiyini qazanmalıdır. Əfsus ki, indi belə deyil.
   
   - Özünüzü fəxri ada layiq bilirsiniz?
   
   - Bəli. Çünki yetərincə rollarım var. Amma kiminsə qapısını döymək mənlik deyil. Kiminçünsə xahiş edərəm, özümçün yox.
   
   - Yaşıdlarınız olan və fəxri ad sahibləri aktrisalar sizə yuxarıdan baxmırlar ki?
   
   - Xeyr. Münasibətlərimiz yaxşıdır.
   
   - Amma bilirəm ki, bu teatrın mətbəxində nələr baş verir, nələr, nələr...
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV