"çARƏSiZ YOLçU"

ƏBÜLFƏT MƏDƏTOĞLU
36025 | 2011-05-14 11:05
Bəri başdan bir məqama toxunmaq istəyirəm. Belə ki, bu gün istənilən mətbu orqanda, eləcə də ayrı-ayrı ədəbi diskussiyalarda əsas mövzulardan biri də Azərbaycanda yeni ədəbiyyatın, yeni əsərlərin, ümumiyyətlə, təzə sözün kasadlığı, bütövlükdə isə bu sahənin bir durğunluq yaşamasıdı. Bəziləri iddia edirlər ki, bu gün Azərbaycanda yeni, müasir ədəbiyyatdan, ədəbi uğurlardan söhbət gedə bilməz, başqa bir qisim əksinə, Azərbaycanda dünya çapına çıxa biləcək ədəbiyyatın olmadığını, üçüncü bir qrup isə bizdə ədəbiyyatın sovet dönəmindəki kimi guya ayrı-ayrı məqsəd və məramlara böyük ədəbiyyatdan uzaq niyyətlərə xidmət etdiyini dilə gətirir.
   
   Təbii ki, bütün bunları dilə gətirən hər kəsin öz arqumenti var. Yəni hər kəs nəyə isə, kimə isə istinad edir. Ancaq bütün bunların fonunda bütün bunlara ədəbi prizmadan baxanda onda birmənalı şəkildə demək olar ki, Azərbaycanda kifayət qədər yeni söz, yeni fikir, yeni ədəbiyyat yaradan istedadlar var və bununla yanaşı, Azərbaycanda həm də sözü yaşadan, sözü cilalayan, sözə yeni nəfəs verən, onu yenidən dünyaya gətirən və həm də sözün keşiyində duran qələm adamları göz önündədi. Onların hər biri barəsində ayrı-ayrılıqda fikir söyləmək, yaradıcılıqlarını təhlil etmək, uğurlarını göstərmək, nöqsanlarını qeyd etmək mümkündür.
   
   Təkcə ədəbi orqanlarda, mətbuatda işıq üzü görən bədii nümunələri xatırlasaq, onda fikirlərimizin nə qədər həqiqətə söykəndiyini yəqin ki, hər kəs qəbul edər. Özü də bu nümunələr necə deyərlər, sandıqlardan çıxarılan, keçmişdən qalan əsərlər deyil. Əksinə, bunların hər biri bu günün ədəbi nümunəsidi və bu ədəbi nümunələr təxəyyülün məhsulu olmaqla yanaşı, həm də klassik irsə, Azərbaycan ədəbi mühitinə bütün xüsusiyyətləri ilə bağlıdır. Bu bağlılıq o dərəcədə möhkəmdir ki, əsərləri istər müxtəlif "ismlərdə" yazanlar, istərsə də sovet dönəminin ədəbi məktəbinin təmsilçiləri sayılanlar ondan qopub ayrıla bilmir və öz milli mentalitetlərini ədəbi obrazlarda ifadə edə bilirlər. Hətta ən özündən deyən postmodern yazar da əsərinin hansısa bir ştrixində, hansısa bir məqamında Azərbaycan ədəbiyyatının işartısını diqqətə çatdırır. Deməli, bütün bunlar da bizdə, yəni Azərbaycanda ədəbiyyatın varlığını, yaşadığını və yaşayacağını şübhə altından çıxarır.
   
   Bax elə bu ilin "Azərbaycan" juranlının ikinci sayında oxuduğum povest, yəni "Çarəsiz yolçu" diqqətimi çəkdi. Öncə onu deyim ki, əsərin müəllifinin şeirləri ilə bir neçə dəfə qarşılaşmışdım və birdən-birə onun povesti ilə qarşılaşmaq məni bir balaca təəccübləndirdi və əsərə marağım bir az da artdı.
   
   "Çarəsiz yolçu" adından da göründüyü kimi, bir ömür yolundan, bir həyatın ömür adlanan kəsiyindən, talehdən, bütövlükdə insandan danışır. O insandan ki, onun bütün həyatı əslində bu yolun uzunluğu boyda, bu yolun məsafəsi ölçüdədi. Bu ölçü də o insanın nöqtə-vergüllü həyatının bütün məqamlarını, bütün mənzərələrini kənardan söz-söz, cümlə-cümlə ifadə etməyi bacarır. Açığını deyim ki, bu povestdə söz qıtlığı, söz təkrarçılığı hiss olunmur. Povesti səhifələdikcə hiss edirsən ki, söz özü axıb gəlir. Necə ki, müəllifin qəhrəmanları bir elat yolu gedirlər, bir kökün, bir karvanın iştirakçısı, yolçusu olan insanlar bir-birini izləyir, bir-birini tamamlayır. Bax elə povestdəki hadisələr də, təsvirlər də, təhkiyələr də bir-birinin sanki həmin o nöqtəsi, vergülü, durğu işarələridi. Ona görə də oxucu bu povesti oxuduqca hadisələrin içərisinə daxil olmaq və bu daxilolmadan da sonra düşən işığı görmək istəyir.
   
   Çox sadə bir süjet üzərində qurulmuş povestin əsas məziyyətlərindən biri, bəlkə də birincisi odur ki, baş verən hadisə tipik azərbaycanlı üçün, elat adamı üçün, köçəri üçün normal qəbul olunan, adi sayılan haldır. Elə bir haldır ki, kənd yerlərində yaşayan hər kəs bu cür məqamların elə bu gün də şahidi ola bilir. Şəxsən mən doğulub yaşadığım Qarabağda heyvandarlıqla məşğul olub dağa-arana üz tutan, yaylaq-qışlaq həyatı yaşayan insanların həyatını çox yaxından izləmişəm və köçün müəyyən hissəsini də qaçqınlıqla, yurdsuzluqla bağlı yaşamışam. Və sonuncunu isə heç kimə arzu etmirəm.
   
   Bəli, Novurz Nəcəfoğlunun "Çarəsiz yolçu" povestinin qəhrəmanı adi bir kənd qadını, bir ailənin üzvü, bir elin-obanın xeyir-şərinə yarayan anadır. O da bütün analar kimi böyütdüyü övladları üçün cehiz düzəltmək qayğısına qalır, oğluna gözaltı qız seçir, həm də ipə-sapa yatmayan dəlisov bir ərin "nazı" ilə oynayır, qayğısına qalır. Onu kişi kimi sayır, evdə, ailədə yerini qiymətləndirir. Özü də elə bir ərin ki, bütün köç, bütün kənd onun bu dəlisovluğundan, bu çılğınlığından cana doyub. Hər sözünün əvvəli və sonu, o cümlədən də hər sözünün mayası və urfası saysız-hesabsız söyüşlər olan Məmiş kişi həm də davakardı. Buna baxmayaraq, Qıztamam arvad onu yola verməyi, uşaqlarının atasını uşaqlarına sevdirməyi, saydırmağı bacarır.
   
   Povest adi bir hadisə ilə, köç yola düşəndə yaddan çıxıb ər evində qalan, yəni damda qalan cehizlik bir xaral yunun ardınca köçdən ayrılıb yurda qayıdan Qıztamamın düşüncələri ilə başlayır. Bu düşüncələr onun özünün özü ilə etdiyi söhbətdi. Elə onun geri qayıtması anında əri Məmişin arvadının ardınca getməməsi, hətta ağzını açıb, gözünü yumub nə bacardısa söyüb-söylənməsi artıq oxucuda bu iki fərqli insan barəsində təsəvvür yaradır. Sonra bu təsəvvürə Qıztamamın uşaqlarının xarakterləri əlavə edilir. Bu ailənin qızı olan Gülgəzin, eləcə də oğlanları Arzumanla, Təzəxan və Balaxanın xarakterləri daha çox analarının tərbiyəsinə, necə deyərlər, südünə çəkmiş bir şəkildə təqdim edilir. Hiss olunur ki, övladlar atalarına görə nə qədər sıxılsalar da, analarının dəyanəti, dözümü, canıyananlığı, zəhmətkeşliyi, ən vacibi isə ağbirçəklik etmək qabiliyyəti onlara daxili bir qürur verir. Ona görə də hər bir məqamda ona üz tutub, ondan məsləhət alırlar.
   
   Bu köçdə xüsusilə elat yolçuluğunda hamının sayıb-seçdiyi, xüsusi hörmət bəslədiyi el ağsaqqalı Bağır kişi mənə hərdən "Böyük dayaq"dakı Rüstəm kişini də xatırladır. "Tütək səsi"ndəki qılınc Qurbanı da. Bu da əvvəldə dediyim kimi, əsərin ədəbi-milli kökə söykənməsindən qidalandığını nümayiş etdirir. Eləcə də bu povestdə istər elçilik məqamı, istər xeyir-dua verilməsi, istər xeyir-şər məqamında hamının bir-birinə əl tutub yardımçı olması, bir sözlə, elin, obanın necə həmahəng qaynayıb-qarışması çox ustalıqla qələmə alınıb.
   
   Böyük maraqla oxuduğum "Çarəsiz yolçu"da mən hadisələrin dinamikasına, zamanın inkişafına heyrət etdim. Bu mənada ki, bəlli hadisələr o qədər canlı və oynaq təqdim edilib ki, oxucu özünü hadisənin iştirakçısı kimi görür və o zamanın, o məqamın iştirakçısına, şahidinə çevrilir. Yəni hansı tərəfdən baxırsan bax, hansı səmtə yozursan yoz fərq etməz. Ordakı təbiət təsvirlərindən tutmuş ilan mələyən çölə qədər, dialoqlara qədər, hətta itin öz sahibinə hücum çəkməsinə qədər hər şey canlıdır. Və nəhayət, sözünün sərhəddini bilməyən, Məmişin hərəkətləri də onu öz yerinə, öz adamlığına qaytarmağa cəhd edən insanların əməlləri də elə bu gün, bu an baş vermiş kimi görünür, oxucuya məhz bu təsiri bağışlayır. Deməli, müəllif bütün hallarda oxucunun bu meydanda, yəni o povestin içərisində qəhrəmanı ilə paralel yolçuluq etməyə, elat yolu getməyi istiqamətləndirməyi bacarır. Bax əsərin uğuru da, onun oxunaqlı və diqqətçəkən olması da həm də bu məqamlarla bağlıdır. Bir sözlə, əsərin bütün detalları inkişafdadır, hərəkətdədir və bu inkişaf, bu hərəkət də zamanın fonunda canlıdı, diridi.
   
   Mən povesti bütünlüklə təhlil etmək, oradakı hər bir obraz, hər bir ifadə barəsində öz oxucu fikirlərini söyləmək niyyətindən çox-çox uzağam. Yəni mən ədəbi tənqidlə məşğul olmadığımdan sırf bir oxucu kimi povestin mənə bağışladığı mənəvi zövqü, mənəvi qidanı duyub-daddığım kimi ifadə etməyə çalışıram. Bilirəm ki, bu povest barəsində çox-çox dəyərli ziyalılarımız öz fikirlərini mətbuatda ifadə ediblər. Hətta mənim üçün son dərəcə əziz olan gözəl yazıçımız Seyran Səxavətlə bu povest barəsində söhbət edərkən o da birmənalı şəkildə əsərin yüksək məziyyətlərindən, onun ustalıqla qələmə alınmasından həvəslə danışdı və bildirdi ki, bu əsər "Azərbaycan" jurnalında son illərdə oxuduğu ən gözəl bədii nümunələrdən biridir.
   
   
   
   
   
   

TƏQVİM / ARXİV