QARA EYNƏK...

FAİQ QİSMƏTOĞLU
33001 | 2011-05-07 07:44
Dünyaya hərə bir cür baxır. Kimi dünyaya, onun gözəlliyinə adi gözlə tamaşa etmək istəyir, kimi də bu dünyanın nəyi varsa, ona baxanda qara eynək taxır. Burda eynəyin heç bir günahı yoxdur. Çünki eynək günəş şüasından qorunmaq üçün ən yaxşı vasitədir. Hətta toz-torpağı külək havaya qaldıranda qara eynək imkan vermir ki, həmin toz-torpaq insanın gözünə dolsun...
   
   Çox adam var ki, qara eynəkdən istifadə edir. Bu da təbiidir. Amma təbii olmayan odur ki, gün çıxdı-çıxmadı elə adamlar var ki, həmişə qara eynək taxır. Adam məəttəl qalır ki, günəş şüası yoxdursa, bu adam nə üçün eynəkdən istifadə edir?! Ancaq dərinliyə varanda bir çox qaranlıq mətləblər üzə çıxmağa başlayır. O qaranlıq mətləblər də ondan ibarətdir ki, bəzi adamlar gözlərini kimdənsə gizlətmək istəyirlər.
   
   Deyilənlərə görə, gözlər insan bədəninin aynası, güzgüsüdür. Yəni o gözlərə baxanda insanın hansı xarakterə malik olduğunu, loru dildə demiş olsaq, həmin adamın hansı yuvanın quşu olduğunu o dəqiqə bilmək olur. Biri var ki, yazımızın əvvəlində qeyd etdiyimiz kimi, kimsə günəş şüasından qorunmaq üçün eynək taxır, bir də var ki, kimsə öz iç dünyasını, gözündəki nə varsa, onun görünməməsi üçün eynək vurur. Çox qəribədir ki, min oyundan çıxan, hətta dələduzluq edən və müxtəlif adamları aldadıb pulunu alaraq aradan çıxan adamların əksəriyyəti tanınmamaq üçün eynək taxır.
   
   İnsanı ən çox gözündən tanımaq olur. Yəni bir dəfə baxan kimi, qara eynək taxmırsa, o dəqiqə bilirsən ki, bu filankəsdir. Heç bir günahı və suçlu işi olmayan adam inanmaq olmur ki, hər yerdə qara eynəkdən istifadə eləsin. Çünki onun alnı açıq, üzü ağdır. Başqa sözlə demiş olsaq, bu cür adamların heç kimin yanında suçlu işi yoxdur. Biz onu demək istəmirik ki, elə qara eynəkdən istifadə eləyən adamların hamısı hansısa günahın sahibidir. Əsla belə fikirləşmirik! Biz fikirləşirik ki, həmişə, hər gün, hər saat, yeri gəldi-gəlmədi gözündən qara eynəyi çıxarmayan adamın nə isə əlləm-qəlləm, fır-fırıldaq işləri var. Hətta bu işlər o qədər qəliz və mürəkkəbdir ki, ondan heç cürə baş açmaq olmur...
   
   Yaxın tanışlarımdan biri deyir ki, bir adamın mənə borcu var idi. Yalvardı-yaxardı ki, mənə bir az əl tut, bir-iki aydan sonra pulunu qaytaracam. Mənim də ürəyim yumşaldı, əlimdə-ovcumda nə vardısa, 10 min dollara yaxın pul düzəldib ona verdim. Aylar ötdü, il keçdi həmin adamdan səs-soraq çıxmadı. Yaşadığı yerə gedib baxdım, gördüm ki, ordan da köçüb. Bir sözlə, 5-6 il həmin adamı tapa bilmədim. Tanış-bilişlər dedilər ki, o evi satandan sonra Rusiyaya gedib. Əlimi hər şeydən üzdüm. Bir gün metroda oturmuşdum. Gördüm ki, içəri qara eynəkli, hündür boy, orta yaşlı bir adam daxil oldu. Vaqonda sərnişin çox olduğuna görə, adam əlindən tərpənmək mümkün deyildi. O içəri girən kimi qırağa çəkilib durdu. Duruşu-yerişi və hərəkətləri həmin adamı xatırlatdı. Kiminsə ayağını tapdalayanda ondan üzr istədi. Səsindən bir daha yəqin etdim ki, bu məni aldadan adamdı. Əl atıb eynəyini çıxardım. Sonra qolundan tutub növbəti stansiyada yerə düşürdüm. Məni görəndə həmin adamın dili topuq vurdu. Utanmaz-utanmaz dedi ki, elə sizə gəlirdim. Amma bilirdim ki, yalan danışır. Çox çətinliklə də olsa qara eynəkli adamdan borclarımı geri ala bildim və buna görə Allaha şükr elədim...
   
   Qara eynək hardasa insanı bir qədər şübhələndirir. Ona görə şübhələndirir ki, balam, hava isti deyilsə və qışın oğlan çağıdırsa, filankəs nəyə görə qara eynək vurur?! Düzdür, görmə qabiliyyəti zəif olan adamlar bəzən qara şüşəli eynəklərdən istifadə eləyirlər. Bu aydındır! Ancaq qəribəsi odur ki, yeri gəldi-gəlmədi qara eynək taxan və heç vaxt gözündən çıxarmayan adamların çoxu qara əməllərini gizlətməyə çalışır. Çünki kimsə onu gözlərindən tanıyar və sonra da əl atıb yapışar yaxasından. Hər halda, kimsə bayaq dediyimiz kimi, yayda, yazda, payızda, qışda qara eynək taxırsa, vallah onun nə isə bir qəmbərqulusu var. Əgər qəmbərqulusu yoxdursa, nə üçün də gözlərini kimdənsə gizlətməlidir?!..
   
   
   
   ***
   
   Bəzən adam elə fikirəşir ki, eşitdiyi o səsdən gözəl, musiqili, şirin səs yoxdur. Həqiqətən də bu çox vaxt belə olur. Kiminsə, hansı müğənninin, hansı xanəndənin səsini eşidirsən və uzun müddət də onun təsiri altında qalırsan. Daha doğrusu, o səni öz aurasına elə salır ki, o səsin şirinliyindən uzaqlaşmaq istəmirsən. Elə istəyirsən ki, o səsin içərisində itib-batasan, dünyanı gəzəsən və yenidən özünə qayıdasan.
   
   Bizim Böyük Bəhmənli kəndində şirin səsi olan çox müğənnilər var. Özü də qəribədir ki, onları kənddən, rayondan savayı kənar yerdə tanıyan yoxdur. Ona görə tanıyan yoxdur ki, bu uşaqlar səsi olmayan dırnaq arası müğənnilər kimi pul verib müxtəlif televiziya kanallarına çıxaraq özlərini reklam eləmirlər. Bu uşaqlar Böyük Bəhmənlinin bütün toylarını o qədər gözəl, o qədər maraqlı və şirin aparırlar ki, adam vaxtın necə gəlib keçdiyini hiss etmir. Tay Bakıdakı şadlıq saraylarındakı toylar kimi müsiqinin səsi adamın qulağını deşib beynini sıradan çıxarmır. Özü də bu müğənnilər kənd toyunu üzaqbaşı ansamblla bir yerdə 200-250 manat civarında aparırlar. Bəzən elə olur ki, əli aşağı olan toy sahibi onlara pul da vermir. Ancaq bu uşaqlar onu da yola verirlər...
   
   Böyük Bəhmənlidə bir müğənni var: Məmmədhəsən Bəhmənli. Onun haqqında rəhmətlik istedadlı şair və publisist Vahid Əlifoğlu yazılarının birində yazıb. Əgər bir müğənni ki, Vahid Əlifoğlunun xoşuna gəlibsə, deməli, onda qeyri-adi bir istedad var. O qədər oxuyanlar var ki, amma onlar haqqında rəhmətlik Vahid Əlifoğlu bir kəlmə də yazmayıb. Çünki Məmmədhəsən Bəhmənli həm müğənnidi, həm bəstəkardı, həm də gözəl insandı. Bu üç elementi özündə birləşdirən Məmmədhəsən o qədər sadə, o qədər səmimi və o qədər də şirin məclis aparır ki, adam onun səsini dinləyəndə o şirinliyin içində itib-batır. Elə "Ay canı yanmış" və başqa populyar mahnıların bəstəçisi də Məmmədhəsəndir. Düzdür, bu mahnını Məmmədhəsən az-az oxuyur və həmin mahnını şöhrətləndirən müğənni Manaf Ağayev olub. Bir dəfə Manaf Ağayev televiziyaya verdiyi müsahibələrinin birində dedi ki, mən "Ay canı yanmış"dan bir milyon manat qazanmışam. Hər halda, bir mahnı toyda-düyündə sevilirsə və 10 ildən çox toylarda səslənirsə, deməli, bu mahnıya heç vaxt ara mahnısı demək olmaz. Şirin zarafat üstündə köklənmiş bu mahnının sözləri də Məmmədhəsənə məxsusdur. Sadəcə olaraq, hər mahnının, hər musiqinin öz ifaçısı var. Bəzən bəstəkar tərəfindən gözəl bəstələnmiş və oranjiman olunmuş mahınını müğənni elə günə salır ki, ona ikinci dəfə qulaq asmaq istəmirsən. Amma bir də görürsən adi bir mahınını istedadlı müğənni çox gözəl oxuyur və ona öz möhürünü vurur. Məmmədhəsənin oxuduğu hər mahnının, hər təsnifin və hər muğamın öz şirinliyi var. Təbii ki, Məmmədhəsən toylarda tək oxumur. Onun tərəf müqabili olan Seyranın da özünəməxsus şirin səsi və ifaçılıq mədəniyyəti var.
   
   Bakıdakı toylarda müğənnilər axşam saat 8-də gəlib 12-yə qədər oxuyurlar. Əgər buna oxumaq demək mümkünsə. Çünki Bakı toylarının böyük bir hissəsini tamadalar idarə edir, bir hissəsini diskoteka əhatə edir, bir hissəsində də fonoqrama olur. Amma bizim kənddəki toyda Məmmədhəsəngil və onun dostları gündüz saat 10-dan, gecə saat 2-3-ə qədər canlı ifa edirlər. Sözümün canı odur ki, tər töküb mahnı ifa edən və tamaşaçıların yaddaşında xoş iz buraxan istedadlı müğənni bir kənd toyunda ansamblla bir yerdə 250 manat, uzaq başı 300 manat qazanır. Bakının toylarında isə səsi olmayan müğənni 7-8 min manat pul əldə edir. Amma vallah, yenə yadda qalan, unudulmayan bal kimi şirin səs, gözəl ifa olur. Məmmədhəsən Bəhmənlinin bizim kəndin toylarında oxuduğu mahnı, təsnif və muğamın səsi xeyli müddət keçsə də yaddaşımdan silinmir. Çünki o səs saxta, qondarma, xaric səs deyil, bal kimi şirin səs idi.
   
   
   
   ***
   
   Qohumlarımdan biri həkimə gəlir və həkim də onu yaxşı-yaxşı yoxlayır. Deyir ki, yaşın 70-i keçsə də, səhhətin pis deyil. Amma de görüm, subaysan, yoxsa evli? Qohumum həkim xanıma bildirir ki, yoldaşım çoxdandı rəhmətə gedib. Həkim bir yuxarı baxır, bir aşağı, deyir yox kişi, sən özünə yaxşı baxmısan. Allah xanımınıza rəhmət eləsin. Görünür, xanımınızdan sonra da evdəkilər sənin nazınla çox oynayıb. Ağır təbli ağsaqqal kişi isə həkim xanıma deyir ki, hər şey adamın özündən asılıdır. Bəzən ağsaqqal yaxşı olanda, düz yol göstərəndə, hamının dilini tapanda ona hamı hörmət edir. Mənə də evimizdə və tayfamızda çoxları diqqətlidir. Sadəcə olaraq, aradabir qan təzyiqim yüksəlir. Onunla əlaqədar Bakıya gəlirəm. Bakıya da gələndə uşaqlar sağ olsunlar, qulluğumda dururlar. Elə onlar məni güc-bəla ilə sizin yanınıza gətiriblər. Həkim xanım deyib ki, sizi gümrah saxlayan o kəndin havası, suyu, çörəyidir. Orda nə varsa, hər şey təbiidir. Qohumumun oğlu həkimin söhbətinə müdaxilə edərək bildirib ki, düz deyirsiniz, bizim kənddə bir bulaq var, 250 metr dərinlikdən çıxır. O bulağın suyundan içən kimi bir quzunu yesən də o dəqiqə həzm olunur. Elə bil ki, heç nə yeməmisən. Amma Bakıdakı sudan içən kimi köpürəm. Həkim qadın yenidən qayıdıb ağsaqqala deyir:
   
   - A kişi, o cür gözəl havanı, suyu, yemək-içməyi qoyub Bakıda nə işin var? Mənim dədə-babam da siz tərəflərdəndi, Qubadlıdandı. Sizin kəndin yaxınlığından bir su kanalı axırdı. İndi o kanal durur, durmur?
   
   Ağsaqqal:
   
   - Əlbəttə durur, haçan bizim kəndə gəlsəniz, gözümüz üstə yeriniz var. Gəlin görün o kəndin havası, o kəndin suyu, qatığı, qaymağı necə dadlıdır...
   
   Həkim:
   
   - Allah qoysa, bu yay gələcəm. Həm sizin kəndi görərəm, həm də öz el-obamızın havasını o yurdda hiss edərəm...
   
   Şəhərdən kəndə qayıdan qohumum çox yaxşı ovqatdadır. Deyir ki, həkimin yazdığı bir-iki dərmanı da atdım, özümü daha yaxşı hiss etdim. Bir də şəhərə gedəndə hər tərəfim ağrayır. Heyf deyil öz kəndimiz...
   
   
   
   

TƏQVİM / ARXİV