adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 May 2015 17:52
6559
ƏDƏBİYYAT
A- A+

I “Müasir nağıllar müsabiqəsi”nin qalibləri təltif edildi

 "Qafqaz Nəşriyyat evi” və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşəbbüsü ilə təşkil olunan I "Müasir nağıllar” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. AYB-nin "Natəvan” klubunda baş tutan tədbiri qurumun Yaradıcılıq məsələləri üzrə katibi, şair İlqar Fəhmi açaraq, müasir Azərbaycan ədəbiyyatının bu sahədə olan problemlərinə toxundu. Bildirdi ki, Azərbaycanın məşhur nağıl personajları hələ ötən əsrdə yaradılıb. Onun sözlərinə görə, sovet dövründə uşaq ədəbiyyatı janrlara bölünürdü. Həmin dövrdə nağıllar sistemli şəkildə ərsəyə gəlirdi. Məişət nağılları, fantastik nağıllar, qorxulu nağıllar və s. olaraq təqdim olunurdu. Ancaq hazırda bu sahədə çatışmazlıqlar mövcuddur. Bu gün müasir nağıllara, yeni personajlarına ehtiyac var: "Uşaq ədəbiyyatı, xüsusilə də nağıllar çox çətin sahədir. Uşaqları aldatmaq olmur. İlk baxışda nağıllar asan görünür, amma mahiyyət etibarilə çox çətindir. Burada bütün incəliklər nəzərə alınmalı, inandırıcı olmalıdır. Təəssüf ki, bu gün Azərbaycanda uşaq ədəbiyyatı və cizgi filmləri çox azdır və ya müasir uşaqların istəklərinə cavab vermir. Azərbaycan uşağı əcnəbi, ən yaxşı halda türk cizgi filmləri ilə böyüyür. Amma sevindirici haldır ki, son vaxtlar bu sahədə irəliləyiş var, dövlət səviyyəsində işlər görülür.

Daha sonra çıxış edən "Qafqaz Nəşriyyat evi”nin rəhbəri Fərhad Abbasəli diqqətə çatdırdı ki, son bir ildə rəhbərlik etdiyi nəşriyyat uşaq ədəbiyyatının dərcinə üstünlük verir: "Bununla da, qələm adamlarının diqqətini sözügedən ədəbi sahəyə yönəldəcəyimizə ümid edirik. Marağın artması üçünsə belə bir müsabiqənin təşkil edilməsi ən məqsədəuyğun idi”.

Layihənin koordinatoru, şair-tərcüməçi Əyyub Qiyas qeyd etdi ki, müsabiqənin başlıca məqsədi Azərbaycanda müasir uşaq ədəbiyyatının inkişafı və təbliği, habelə yeni nağıl qəhrəmanlarının yaradılmasıdır: "Layihəyə başlamağımızda məqsəd müasir uşaqların həyat tərzini, arzularını əks etdirən nağılların və personajların yaranmasıdır. Amma ilk nağıl müsabiqəsi istədiyimiz kimi uğurlu alınmadı. Çünki göndərilən yazıların əksəriyyəti nağıl yox, hekayə idi.Yaxud nağıllarda da uşaqlardan çox, böyüklərin anlayacağı ifadələr, fikirlər yer alırdı. Ona görə də 1-ci və 2-ci yerlər təyin olunmadı. Cəmi bir nağıl 3-cü yerə layiq görüldü. Qalanları isə həvəsləndirici yerlə kifayətlənməli oldular”.

Ə. Qiyas onu da diqqətə çatdırdı ki, iyun ayında II "Müasir Nağıllar müsabiqəsi"nə start veriləcək. Budəfəki müsabiqədə əvvəlki münsiflər heyəti də dəyişiləcək.

AYB-nin Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə müsabiqəyə göndərilmiş hekayə və nağıllar, oradakı çatışmazlıqlar barədə söz açaraq, gənc müəlliflərə öz tövsiyələrini verdi: "Göndərilən materiallardan yalnız biri – "Sehrli tütək” sırf nağıldır. Qalanları isə hekayələrdir. Amma bu hekayələr içərisində də maraqlı mövzular diqqəti çəkir, xüsusilə də Mübariz İbrahimov haqqında yazılmış hekayə çox maraqlıdır. Düşünürəm ki, bu müsabiqə tanışlıq xarakteri daşıdı. Növbəti mərhələlərdə müsabiqənin şərtlərinə uyğun yazıların təqdim olunacağına ümidvarıq”.

Daha sonra qaliblər mükafat və diplomlarla təltif edildi. Vüqar Haqverdiyevin "Sehrli tütək” nağılı 3-cü yerə, digər hekayə müəllifləri: Aləmzar Əlizadə, Aynur Nuru, Müqəddəs Şahbazov, Təranə Vahid, Aygün Bünyadzadə, Mehriban Bünyadzadə, Elnurə Ağazadə, Nərmin Həsənova həvəsləndirici yerlərə layiq görüldülər. Qeyd edək ki, ən gənc müəllifinin 10 yaşı var.

Qaliblərlə yanaşı, münsiflər heyəti də müvafiq diplomlarla təltif edidi.

Xatırladaq ki, 5 ay davam edən müsabiqədə üçüncü yerin qalibinə 200 AZN, həvəsləndirici yerlərin hər birinə isə 100 AZN nəzərdə tutulub. Müsabiqədə yer tutan əsərlər kitab şəklində çap olunacaq.