adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

DüNƏN SƏDDAM, BU GüN QƏDDAFi

SEYFƏDDİN ALTAYLI
49455 | 2011-05-07 07:44
Orta Şərq və Yaxın Şərq, insanlıq tarixi yönündən həddən artıq önəmli yerlərdir. İnsanın yaradıldığı toprağın, bütün müsəlmanların Həcc ziyarətinə getdiyi Kəbənin olduğu yerdən Cəbrail tərəfindən götürüldüyü bilinən bir həqiqətdir. İkinci Adəm kimi qəbul edilən Nuh peyğəmbərin gəmisinin tufanın başa çatmasından sonra Yaxın Şərqdəki Cudi dağında qərar tutmasına səmavi kitablarda işarə edilir. Yəni insanlığın ilk nüvəsinin götürüldüyü yer də, ikinci dəfə artıb-çoxalmasının məkanı da bu bölgələrdir. Tanrının öz nurunun bir hissəsini verib şərəfləndirərək yaratdığı insanın, onun buyruqlarına uymaması, missiyasına yaraşan hərəkətlərin əksinə yolundan azaraq özlərinə yollanan və onları düz yola dəvət edən yalavacların ümumi hissəsinin araya çıxdığı məkanlar da buralardır.
   
   Digər tərəfdən Orta Şərq və Yaxın Şərq, eyni zamanda yeraltı və yerüstü sərvətləri ilə də məşhur olan, imperialistlərin iştahasını ifrata çatdıran bir diyardır.
   
   İraq, Suriyə və s. ölkələrin yaranması Birinci Dünya Müharibəsindən sonraya təsadüf edir, ancaq Orta Şərqdə və Yaxın Şərqdə o illərdə çəkilən xəritələr heç də təsadüfi deyildir. Bu ölkələrin tamamının sərhədlərini başda İngiltərə, Amerika Birləşmiş Ştatları və Fransa müəyyənləşdirmişdir. Çəkilən xəritələrdə elə qəribə metod həyata keçirilib ki, onlar istədikləri vaxt bu ölkələrdə iğtişaş yarada biləcəkləri strateji yolu seçiblər. Yəni böl və hökm et siyasətini istədikləri anda həyata keçirə biləcəkləri bir xəritə yaradıblar.
   
   Səddama əsla qanım qaynamadı, hətta ona nifrət edirdim çünkü qatilin biriydi. Minlərlə Kərküklü soydaşımızı olmazın işgəncələrlə öldürtmüş, on minlərlə Türkməni yerindən-yurdundan sürmüş, yerlərinə də ərəbləri, kürdləri yerləşdirmişdi. Hətta ulu babamız Füzulini belə qəbrində rahat yatmağa da qoymamış, onun əbədi istirahətgahının üstündən yol salmışdı. Qisas qiyamətə qalmadı. Özünü taxta çıxaran imperialistlər, axırda yağlı ipi Səddamın boynuna həm də öz xalqından olan insanların əliylə keçirtdilər və o dünyaya yola saldılar. Sədamdan zəhləm getsə də bir məqamı əsla yaddan çıxarda bilməm. İpi onun boynuna keçirdərkən gözlərinin bağlanmasına icazə vermədi və ölümün astanasında kişi kimi dayanıb mətanətini itirmədi, cəsarətini əsla sındırmadı və müqəddəs kitabımız Qurani-Kərimdən ayələr oxuyaraq canını Mələkülmövtə təhvil verdi.
   
   Səddamın öldürülməsindən qabaq İraqa doluşan imperialist kaftarlar İraq xalqına "sizə demokratiya gətirəcəyik, Səddamın əlində kütləvi qırğın silahları var, onları zərərsizləşdirəcəyik" deyib ölkəni işğal etdilər. İşğal başlayan kimi də ən əvvəl hamının bildiyi kimi neft buruqlarını öz nəzarətləri altına aldılar və daha sonra İraq xalqının soyqırımı başladı. Hizbullahçı, əl Qaidəçi, Şiə, Sünnü bilmirəm daha neçə parçaya böldürülən cahil ərəblərin əllərinə verdikləri uzaqdan idarə olunan aparatlarla xalqın kütləvi şəkildə yığışdıqları bazarlarda, məçidlərin qarşısında bombaları partlatdılar. Hər Allahın günü orta hesabla yüz İraqlı müsəlman qətlə yetirilməyə başlandı və bu qırğın hələ də davam edir. Onlar sadəcə olaraq bu soyqırımla kifayətlənmədilər. Həzrət əlinin, Həzrət Hüseynin və digər peyğəmbər övladına məxsus olan ziyarətgahlara bomba yağdırdılar, İslam dinini, müsəlman aləmini təhqir etdilər, hələ də edirlər.
   
   İmperialist Amerika indi də digər yançısı olan qansoranları dalına salıb BMT-ni, NATO-nu da öz maraqlarına vasitə eləyib yönünü Liviyaya döndərib. NATO-nun təyyarələri Liviyaya bomba yağdırır. Bir vaxtlar Qəddafinin barmağına baxıb istiqamət götürən, bütün dünyaya birlik nümayiş etdirən bədəvi ərəblər indi Qəddafi tərəfdarları və ona müxalif olanlar olmaqla bölünüblər və bir-birlərini qırırlar. Şeytanlar da dırnaqlarını bir-birinə sürtüb qəşşə çəkib gülür. Liviya xalqını bir-birinin canına daraşdıran bu qüvvələr beləliklə əllərinə bir bəhanə salıb Liviya xalqını guya Qəddafidən xilas etməyə, əslində isə eynilə İraq kimi buranın da neftini və qazını öz nəzarətləri altına almağa gedirlər. Bunların məqsədi nə demokratiyadır, nə də insan hüquqları, onlar ancaq müstəmləkəçi nizamlarının yaranmasını və saat kimi dəqiq işləməsini arzulayırlar. İraqda həyata keçirilən qırğın, sürgün, soyğun və təcavüzlər indən belə Liviyada qərar tutacaqdı.
   
   ABŞ, Türkiyənin müttəfiqidir, dostu(!)dur ancaq ABŞ Nümayəndələr Məclisi Xarici əlaqələr Komitəsi "Erməni Soyqırımı Layihəsi"ni 4 Mart 2010-cu ildə qəbul etmişdir, yəni bizim soyqırım törətdiyimizi rəsmi şəkildə təsdiqləmişdir. İndiyə kimi Justin Mc Carty və digər tarixçi alimlərinin belə bir hadisənin heç vaxt tarixdə baş vermədiyini dəlilləri və sübutları ilə araya qoysa da, dırnaqarası soyqırım barədə irəli sürülən iddiaların tamamilə uydurma olduğunu sübut eləsə də dostumuz(!) ABŞ, Osmanlı dövləti tərəfindən xalqı üsyana təşviq edən aktivist erməni terroristlərini 1915-ci ildə tutub dama qatdığı 24 Nisan gününü "soyqırım" günü kimi qəbul etmiş və bu tarixlə də kifayət etməmişdir. ABŞ, dırnaqarası soyqırım məsələsini 1923-cü ilə kimi uzadaraq Türkiyə Cümhuriyyətini yaradan Ulu Öndər Mustafa Kamal Atatürkü və silahdaşlarını da, onlarla birlikdə Türkiyəni də soyqırımçı kimi elan etmişdir.
   
   Amerika qitəsini ilk dəfə Kristof Kolumb tapmışdır. O, günlük qeydlərində bunları yazıb: "Qızıldərililər kəsici silahları ilk dəfə görürdü. Bunlar pislik nədir bilmirlər və ovda istifadə etdikləri sadəcə olaraq mızraqları vardır və sayları da dünya əhalisinin beşdə-biri qədərdir".
   
   ABŞ-nın həyata keçirdiyi və düz 350 il davam edən Hindu soyqırımı, onların rəsmi dövlət siyasəti idi və Hitlerin yəhudilərə mail həyata keçirdiyi soyqırımdan onlarla dəfə daha çoxdu. Amerikanın o vaxtlar rəsmi qurumları hər Qızıldərili kəlləsini gətirən Amerikan vətəndaşına beş dollar mükafat verirdi. İlk biyoloji silahı da Amerikaya köçən avropalılar qızıldərililərin üstündə sınamışdı. Özlərinin məhsuldar torpaqlarından şorlaq sahələrə kütləvi şəkildə sürülən hindulara Amerikanın dövlət dairələri tərəfindən çiçək mikrobu bulaşdırılmış ədyallar dağıdılmış və bu yazıq xalqın kütləvi şəkildə qırılmasına imkan yaradılmışdı. Bartolomə Də Las Casas (1474-1566) adlı yazıçı "Qızıldərili Qırğını" adlı əsərində eynilə bunları yazıb:
   
   "Dövlətə məxsus qüvvələr sadəcə olaraq əyləncə məqsədilə qadın-kişi fərqi qoymadan bu qitənin əsl sahibi, aborigen xalqı olan qızıldərililərin əllərini, burunlarını və qulaqlarını kəsirdilər. Onların hər qızıldəriliyə rastladıqda bu işi gördüklərini öz gözümlə gördüm. Süddən kəsilməmiş çağaları analarının qucağından zorla dartıb qopardır və onları ən uzağa tullama müsabiqələri təşkil edir, bu vəhşəti əyləncəyə çevirirdilər".
   
   Bəli, o vaxtlar dünyadakı əhalinin beşdə-biri qədər olan qızıldərililərdən, yəni yetmiş milyon hindudan bu gün nə qədər sağ qalıb bütün dünya görür.
   
   Nəcib millətimizi sadəcə olaraq imperialist maraqlar üçün ləkələmək istəyən ABŞ-nın üzünə, özünün soyqırımçı olduğunu hayqırmaq üçün hər hansı bir şəhərimizdə bir "Qızıldərili Soyqırım Abidəsi" qoyulmalıdır. O abidə elə olmalıdır ki, insan baxanda papağı başından düşməlidir.
   
   ABŞ və onun kimi rəftar edən imperialist dövlətlər insanlığı kütləvi şəkildə məhvə aparırlar. İnsanlıq, bu soyğunçu qansoranlara layıq olduğu cavabı vermədiyi müddətcə bəşəriyyətin başı bəladan xilas olmayacaqdı.

TƏQVİM / ARXİV