adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"Fikrimcə, idmançıya maddiyyat lazım deyil"

İNTİQAM VALEHOĞLU
19230 | 2011-05-07 07:43
Əvvəllər idman deyəndə adamın ağlına ilk gələn güc, qüvvə idi. Amma son illər bunların siyahısına pul da əlavə olunub. Bir "əmma" isə ondan indi bunu heç də bütün idman növlərinə aid eləmək olmur. Məsələn, bu gün onlarla döyüş sənəti üzrə Qrand Master (idmanın ən ali dərəcəsi) olan Süleyman Məmmədli adi bir minik avtomobilinə belə möhtacdır. Çünki nə qədər uğurlar qazanılsa da, qeyri-olimpiya növü olduğundan...
   
    Lakin elə növlər də var ki, bu növdə bir dünya çempionunun yetişməsi üçün nəinki olimpiya növlərindəki qədər, hətta ondan da daha çox vaxt və əziyyət sərv olunur. Elə "Mübarizədən kənar" rubrikasının qonağı da yaşının az olmasına rəğmən, idmanda əziyyət çəkib uğur qazananlardandır. Həmsöhbətimin bir özəlliyi də ondan ibarətdir ki, o qazandığı titullara rəğmən hərbi xidmətini hansısa hərbi hissədə yox, dünyanın ən qaynar nöqtələrindən biri olan Əfqanıstanda çəkib. Bu barədə söhbətimizin gedişatında özü ətraflı məlumat verəcək. Gəlin əvvəlcə tanış olaq.
   
    Tural Cavadov 1988-ci ildə Ağdam rayonunun Zəngişanlı kəndində anadan olub. Dördüncü sinifdəykən Uşu idman növüylə məşğul olmağa başlayıb. 2001-ci ildə ilk böyük yarışına qatılan yeniyetmə idmançı Azərbaycan çempionu adını qazanıb. Amma idmanla yanaşı dərslərini də oxumağı yadda çıxarmayan Turalın dediyinə görə, orta məktəbi əlaçı kimi bitirib. Bir sıra ölkə və beynəlxalq miqyaslı turnirlərin mükafatçısı və qalibi olan həmsöhbətimlə söhbətə də məhz qazandığı uğurlardan başladıq.
   
   
   
   "Biz idmana yumruq atmağın mahiyyətini öyrənməyə gedirik, kimisə vurmağa yox"
   
   
   
   - Tural, əvvəlcə əsas uğurlarınla bağlı məlumat verərdin.
   
   - Bir dəfə dünya, bir dəfə isə Avropa çempionu olmuşam. 2005-ci ildə Almaniyada keçirilən Uşu üzrə dünya çempionatında komanda hesabında dünya çempionu olduq. 2006-cı ildə isə Almaniyanın Hamburq şəhərində Avropa çempionu olmuşam.
   
   - Məşqçin kimdir?
   
   - Şəxsi məşqçim Zahid Vəliyevdir.
   
   - Təhsilin var?
   
   - Bəli. Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunuyam.
   
   - İdmanla məşğul olmaq sənə nə dərəcədə kömək olub?
   
   - Çox kömək olub. Məsələn, orta məktəbdə hər zaman müəllimlər, təhsil aldığım məktəbin direktoru hörmətimi saxlayıb. Amma deyim ki, mən də onların göstərdiyi hörmətə layiq olmağa çalışmışam. Ali məktəbdə də eynilə olub.
   
   - Hazırda 23 yaşın var, gəncsən. Adətən idmançılar karyeralarının ilk illərində rinqdən kənarda qollarının gücündən daha tez-tez istifadə edirlər. Sən necə?..
   
   - Təbii ki, əsl idmançı ekstremal vəziyyətlərdə özünü cilovlamağı bacarmalıdır. Biz idmana yumruq atmağın mahiyyətini öyrənməyə gedirik, kimisə vurmağa yox. Belə bir məsəl var-mühakimə etməyəsən ki, mühakimə olunmayasan. Demək istədiyim odur ki, maksimum dərəcədə rinqdən kənarda qol gücündən istifadə eləməməyə çalışmaq lazımdır.
   
   
   
   "Bildirdilər ki, lazım bildiyiniz, basqın
   
   edilən yerləri nişan alın vurun"
   
   
   
   - Bildiyimə görə hərbi xidmətin Əfqanıstanda keçib. Yənin NATO-nun sülhməramlılarından olmusan. Səhv etmirəmsə, məhz bu cür şəraitdə hərbi xidmət keçmiş ilk və yeganə dünya çempionusan. Bu haqda bir qədər ətraflı məlumat verərdin.
   
   - Ora daha çox xarici dil bilən və idmançı olanları aparırdılar.
   
   - Sən xarici dil bilirsən?
   
   - Xeyr, idmançı kimi getmişdim. 2009-cu ilin iyulundan 2010-cu ilin iyuluna kimi hərbidə olmuşam. Hərbi hissədən Müdafiə Nazirliyinə göndərilən sənəddə idmançı olduğum əks olunmuşdu və belə məsləhət oldu ki, Əfqanıstanda xidmət edim. Altı ay Bakıda, 7 ay isə Əfqanıtsanda oldum.
   
   - Yəqin ki, Əfqanıstanda maraqlı hadisəylə rastlaşmısan...
   
   - 2010-cu ilin may ayında NATO-nun Əfqanıstanda yerləşən qərargahından (ingiliscə abreviaturası İSAF adlanır) bizə əmr gəldi ki, talibançılar basqın edə bilər. Həmin vaxt Türkiyə dövlətiylə Taliban qüvvələrinin arasında gizli anlaşılmazlıqlar yaşanırdı. Bildirdilər ki, lazım bildiyiniz, basqın edilən yerləri nişan alın vurun. Yəni biz əmr olmadan, məruzə etmədən talibançıları vurmaq tapşırılmışdı. Təxminən ay yarım belə şəraitdə xidmət apardıq. Çox ağır günlər idi.
   
   - Əfqan dilini öyrənə bildin?
   
   - Kiçik ünsiyyət qura bilirdim.
   
   - Yerli əhaliylə necə yola gedirdiniz?
   
   - Normal. Onlar da müsəlmandırlar.
   
   - Yəqin ki, orada olduğun müddətdə tamamilə idmandan uzaq düşdün...
   
   - Orada uşaqlara səhər idmanı keçmək üçün məni təyin etmişdilər. Arada vaxt olanda məşq edirdik.
   
   - Yaşın Qarabağ müharibəsini görməyə imkan verməsə də, Əfqanıstanda belə bir vəziyyətə şahid oldun. Yəqin ki, müharibənin bilavasitə iştirakçısı olmaq vətənə münasibətdə çox şeyi dəyişdi.
   
   - Əlbəttə, çünki mən də qarabağlıyam, ağdamlıyam. Yəni istənilən anda vətənimin müdafiəsinə hazıram.
   
   - Sülhməramlılardan xəsarət alanları olurdu?
   
   - Şükür ki, olmadı.
   
   
   
   "Pul sadəcə,
   
   insanın yaşaması üçün təyin olunmuş bir vasitədir"
   
   
   
   - İdmandan kənar marağın, hobbin var?
   
   - Qeyri-adi marağım yoxdur, Əsasən musiqi dinləməyi, idman haqqında kitab oxumağı xoşlayıram.
   
   - Son oxuduğun kitab hansı olub?
   
   - Məşqçim Zahid Vəliyevin "Uşu-Həyat təlimi" kitabını oxumuşam.
   
   - Bu yaxınlarda Sankt-Peterburqda keçirilən Şərq-Qərb döyüş növlərinin olimpiadasında iştirak etmisən. Bu barədə danışardın.
   
   - Orada kumite yarışlarında komanda yoldaşım Rafət Əsədovla birinci yeri tutduq. Sandada-yəni döyüşdə isə üçüncü oldum.
   
   - Bu idman növünün qəribə adı var-Uşu Sanda. Mənası nə deməkdir, harada yaranıb?
   
   - Uşu şərq aləminə məxsusdur. U-döyüş, Şu-sənət deməkdir. Yəni döyüş sənətidir. Tarixi qədim Hindistana, hindlilərə məxsusdur. Sanda isə sonradan Uşuya qoşulub. Yəni bu bir növ təkmilləşmədir. Yaradıcısının adı Batxi Tarmadır.
   
   - Bəs bu idman növü ölkəmizə nə zaman gətirilib?
   
   - 1991-ci ildə müəllimim Zahid Vəliyev Uşu-sandanı ilk dəfə Azərbaycana gətirib, məşqlərini keçib və inkişaf etdirib.
   
   - Zədələrinin çox olduğunu görə Uşu-sanda olimpiya oyunlarına daxil edilmir. Yəni qeyri-olimpiya növlərini təmsil edən idmançılar daha çox tanınmış olur, maddi baxımdan təmin edilirlər. Bu səni ruhdan salmır ki?
   
   - Əlbəttə yox. 15 ildir ki, bu döyüş sənətiylə məşğulam. Heç vax populyarlığa görə məşq etməmişəm. Fikrimcə idmançıya maddiyyat lazım deyil. Pul sadəcə, insanın yaşaması üçün təyin olunmuş bir vasitədir.
   
   - Gələcəkdə özünü olimpiya növündə sınaya bilərsənmi?
   
   - Bu idman növünü atıb başqa idmanla məşğul olmaq fikrim yoxdur.
   
   
   
   "Bəzən insanın özünü cilovlamadığı hallar da olur"
   
   
   
   - Uşu-sandanı digər idman növlərindən nə fərqləndirir?
   
   - Ən başlıcası insan daxilən təmizlənir. Onun tərbiyəsində, davranışında müsbə irəliləyişlər olur.
   
   - Adətən bir çoxları şəxsi "razborka"larına idmançı dostlarını dəvət edirlər. Belə "dəvətlər"i tez-tez alırsan?
   
   - Dəvət edənlər olur. Amma dava üçün getmirəm. Hər bir davanın, müharibənin axırı söhbətlə bitir. Doğrudur, bəzən insanın özünü cilovlamadığı hallar da olur.
   
   - Güclə həll olunur?
   
   - ...
   
   - Amma sən peşəkar idmançısan. Peşəkarlıq baxımından nə dərəcədə düzgündür? Olmazmı ki, belə şeylərdən imtina edəsən?
   
   - Doğru deyirsiniz, belə şeylər idmançı üçün yolverilməzdir. Amma bəzən yaxın insanların xahişindən keçmək olmur.
   
   - Son illər idmançılarımız kriminal qruplaşmalarla əlaqəyə girərək karyeralarına zərbə vururlar. Fikrincə, nə üçün onlar belə qruplaşmaların marağındadırlar?
   
   - Adətən mənəvi-psixoloji baxımdan hazırlıqlı olmayan idmançılar təsir altına düşürlər. Əziyyət çəkən, nəticə qazanmaq istəyən idmançı belə yolla getməz. Bir sözlə, yaxşı idmançı kriminala qurşanmaz.
   
   - Bəlkə idmançıların fiziki gücü kriminal qrupların diqqətini çəkir?
   
   - Diqqətini çəkə bilər. Amma hər şey insanın özündən asılıdır.
   
   - Sənə belə təkliflər olub?
   
   - Qətiyyən.
   
   - İdmandan gəlirin var?
   
   - "Neftçi" İdman Sağlamlıq Mərkəzindən hər ay yüz manat məvacib alıram. Bir də ki, çempion olanda müəyyən məbləğdə mükafatlar olur. Qeyri-olimpiya növü olduğuna görə maddi baxımdan sıxıntılar var. Amma bu məni həvəsdən salmır.
   
   - Əlavə gəlir yerin var?
   
   - Hələ ki yoxdur.
   
   - Nəslinizdə idmançı olub?
   
   - Əmim idmanla məşğul olub. Amma tanınmış idmançı olmayıb.
   
   - İnternetdən istifadə edə bilirsən?
   
   - Bəli.
   
   - Tanışlıq saytlarına necə, girirsən?
   
   - Xeyr. Əsasən internetdə tanışlarla, dostlarla söhbət edirəm.
   
   - Saytda qızlarla tanış olmusan?
   
   -...(gülür) Xeyr.
   
   - Son olaraq idman ictimaiyyətinə, gənc idmançılara arzunu bildirərdin.
   
   - Birinci növbədə məşqlərindən qalmasınlar. İkincisi, pis işlərdən uzaq olsunlar, davranışlarına fikir versinlər.
   
   
   
   
   
   

TƏQVİM / ARXİV