adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BUDUR XALQ SEVGiSi, EL MƏHƏBBƏTi

ZƏLİMXAN ŞAİRİ
10648 | 2011-05-17 10:55
Nəsillər dil açıb verir səs-səsə,
   
   Budur xalq sevgisi, el məhəbbəti.
   
   Min ildə bir dəfə doğulan kəsə
   
   Budur xalq sevgisi, el məhəbbəti.
   
   
   
   Ölüm peşman olub, Əzrayıl çaşıb,
   
   Dəryalar qabarıb, dənizlər daşıb,
   
   Heyrətdən yer ilə göy qucaqlaşıb,
   
   Budur xalq sevgisi, el məhəbbəti.
   
   
   
   Açılıb, qan verir ah damarımız,
   
   Elə bil kəsilib şah damarımız,
   
   Qurumur gözdəki şeh damarımız,
   
   Budur xalq sevgisi, el məhəbbəti.
   
   
   
   Dərddən dağ əyilib, yeddi qat qalıb,
   
   Dərddən bir ürəkdə yeddi qat qalıb,
   
   Bu boyda sevgiyə zaman mat qalıb,
   
   Budur xalq sevgisi, el məhəbbəti.
   
   
   
   Gözümüz öyrəndi yaş havasına,
   
   Oyandıq ağrının baş havasına,
   
   Üşüyən olmadı qış havasına,
   
   Budur xalq sevgisi, el məhəbbəti.
   
   
   
   Solan bir arzudur hər çatılan qaş,
   
   Bükülən bir dağdı hər əyilən baş,
   
   Yarat bu lövhəni, ay heykəltaraş,
   
   Budur xalq sevgisi, el məhəbbəti.
   
   
   
   Yadda milyonların biri qalacaq,
   
   Ocağı qalacaq, piri qalacaq,
   
   Ölməzlər həmişə diri qalacaq,
   
   Budur xalq sevgisi, el məhəbbəti.
   
   
   
   
   
   BU DÜNYA SƏNSİZ DEYİL
   
   
   
   Kiminsə kölgəsinə,
   
   şöşrətinə qısılmaz,
   
   Kimin isə əlindən,
   
   ayağından asılmaz,
   
   Uca dağlar həmişə
   
   basılmazdı, basılmaz, -
   
   Dağ başı da heç zaman
   
   dumansız, çənsiz deyil,
   
   Sən varsan bu dünyada,
   
   bu dünya sənsiz deyil.
   
   
   
   Min illərdi qayalar
   
   bir-birinə çataqlı,
   
   Qaya meydan sinəli,
   
   qaya meydan otaqlı,
   
   Allah nə yaradıbsa,
   
   hər şey yerli-yataqlı, -
   
   Arı balsız, pətəksiz,
   
   bülbül çəmənsiz deyil,
   
   Sən varsan bu dünyada
   
   bu dünya sənsiz deyil.
   
   
   
   Vaxtımız, zamanımız,
   
   ayımız, ilimizsən,
   
   Tarix kitablarında
   
   danışan dilimizsən,
   
   Gələcək əsrlərə
   
   çatan mənzilimizsən, -
   
   Sən varsan bu dünyada,
   
   bu dünya sənsiz deyil.
   
   
   
   ŞEİRİM
   
   
   
   Bağçalar dolanıb
   
   bağlar gəzirdim,
   
   Bülbülün dilində
   
   duydum şeirimi.
   
   Bülbül oxuyursa,
   
   xoşbəxtəm demək,
   
   Gözümün üstünə
   
   qoydum şeirimi.
   
   
   
   01.01.2011
   
   
   
   SÖZ
   
   
   
   Döyüşən əsgərəm söz səngərində,
   
   Mənim də sinəmin sipəri sözdü.
   
   Söz mənim ruhumdu, söz mənim canım,
   
   Ruhumun, canımın təpəri sözdü.
   
   
   
   Ürəyin dərmanı, ruhun qidası,
   
   Sevginin zirvəsi, eşqin nidası,
   
   Tanrının göylərdən enən sədası,
   
   Torpağa yetirən xəbəri, sözdü.
   
   
   
   Könül dünyasının sərvəti, zəri,
   
   Ruh adlı mələkdi, söz adlı pəri.
   
   Nə çoxdu dünyanın şah əsərləri,
   
   Allahın ən böyük əsəri sözdü.
   
   
   
   03.01.2011
   
   
   
   SEVGİLİMİ
   
   GÖRDÜNÜZMÜ
   
   
   
   Söz demişəm, bircə sözdən
   
   küsüb gedib,
   
   Dəli səhra küləyitək
   
   əsib gedib.
   
   Son görüşdə son ümidi
   
   kəsib gedib,
   
   Kaş biləydim, indi yeri
   
   dağmı, düzmü,
   
   Ey səhralar, sevgilimi
   
   gördünüzmü?
   
   
   
   Taleyimin naxışıydı,
   
   sonasıydı,
   
   Həyat qədər həyatımın
   
   mənasıydı.
   
   Sularımın yaşılbaşlı
   
   sonasıydı,
   
   Kimə deyim, güman yerim
   
   birmi, yüzmü,
   
   Ey dəryalar, sevgilimi
   
   gördünüzmü?
   
   
   
   Şirin dillə taleyimə
   
   yağ-bal çəkib,
   
   Gah kiriyib, gah dillənib,
   
   gah lal çəkib.
   
   Əllərimin əvəzinə
   
   sığal çəkib,
   
   Yaz mehiylə saçlarını
   
   hördünüzmü,
   
   Ey küləklər, sevgilimi
   
   gördünüzmü?
   
   
   
   Yanaqları dan üzüydü,
   
   dan yeriydi,
   
   Dodaqları vermək üçün
   
   can yeriydi.
   
   Baxışları qırğın yeri,
   
   qan yeriydi,
   
   Oda düşən ruhmu, canmı,
   
   əlmi, üzmü,
   
   Ey sevənlər, sevgilimi
   
   gördünüzmü?
   
   
   
   Yanağı yaş, kirpikləri
   
   nəm olacaq,
   
   Ömrü, günü hicran dolu
   
   qəm olacaq.
   
   Deyirlər ki, vəhşilərə
   
   yem olacaq,
   
   Aman Allah, deyilənlər
   
   görən düzmü,
   
   Ey şübhələr, sevgilimi
   
   gördünüzmü?
   
   
   
   01.03.2011
   
   
   
   MƏN BELƏ BAŞLADIM SAZI ÇALMAĞA
   
   
   
   Gözümü açanda saz gördüm evdə,
   
   Sazsız günlərimi az gördüm evdə.
   
   Qəlbimə toxunub dəyən olmadı,
   
   Sazın hesabına naz gördüm evdə,
   
   Mən belə başladım sazı çalmağa.
   
   
   
   Körpə beşiyindən saza baxırdım,
   
   Evin eşiyindən saza baxırdım.
   
   Bizi məclislərə buraxmırdılar,
   
   Çadır deşiyindən saza baxırdım,
   
   Mən belə başladım sazı çalmağa.
   
   
   
   Varlığım, həyatım saz oldu mənim,
   
   Təcnisim, bayatım saz oldu mənim.
   
   Süpürgəm, yarmaçam, oxlovum, masam,
   
   Körpə kainatım saz oldu mənim,
   
   Mən belə başladım sazı çalmağa.
   
   
   
   Çanax düzəldirdim, qol bağlayırdım,
   
   Saza bel bərkidib, bel bağlayırdım.
   
   Kötüyün üstünə rezin çəkirdim,
   
   Taxtanın üstünə tel bağlayırdım,
   
   Mən belə başladım sazı çalmağa.
   
   
   
   Söhbət atam oldu, söz anam oldu,
   
   Bu yolda ustadım öz anam oldu.
   
   Bezdi əllərimdən gilas ağacı,
   
   Gilas qabıqları təzənəm oldu,
   
   Mən belə başladım sazı çalmağa.
   
   
   
   Qonuya-qonşuya aşıq gəlirdi,
   
   Aşıq gələn yerə işıq gəlirdi.
   
   Sazım olmayanda, mənim dadıma,
   
   Çömçə yetişirdi, qaşıq gəlirdi,
   
   Mən belə başladım sazı çalmağa.
   
   
   
   Haqq mənə sevgini əta veribdi,
   
   Ana bağışlayıb, ata veribdi.
   
   Dedilər Zəlimxan havalanıbdı,
   
   Haqq ona saz adlı buta veribdi.
   
   Mən belə başladım sazı çalmağa,
   
   Mən belə başladım sazı çalmağa.
   
   
   
   01.02.2011
   
   
   
   
   
   EŞQ
   
   
   
   Eşq adamdan can istəyir,
   
   Heç vaxt odu soyumayan
   
   Canda qaynar qan istəyir.
   
   Min illəri əvəz edən,
   
   Bir müqəddəs an istəyir.
   
   Eşq bir dəli köhlən atdı,
   
   Onu yoldan saxlamayın,
   
   Çapmağa meydan istəyir.
   
   
   
   02.02.2011
   
   
   
   HAQQ EVİ
   
   
   
   Şair gücü dağ kimidir,
   
   Şeytan onu əyə bilməz.
   
   Şair ruhu od-atəşdir,
   
   Buzdan paltar geyə bilməz.
   
   Şair ömrü əbədidir,
   
   Zaman onu yeyə bilməz.
   
   Şair qəlbi haqq evidir,
   
   Allah heç vaxt öz evinin
   
   Xatirinə dəyə bilməz!
   
   
   
   02.02.2011
   
   
   
   EY EŞQİN ALLAHI
   
   
   
   Ey eşqin Allahı, yaxşı bax mənə,
   
   Məni bəndəliyə götürərmisən?!
   
   Mənim xəyalımı bir yaylıq kimi,
   
   Yar gələn tərəfə ötürərmisən?!
   
   
   
   Səhranın sirdaşı küləkdi, qumdu,
   
   Torpağın naxışı toxumdu, tumdu.
   
   Mən qara kotanam, o qara şumdu,
   
   Mən səpən toxumu bitirərmisən?!
   
   
   
   Gah zildə dil açar, gah da ki, pəsdə,
   
   Hər gün sevənlərin qulağı səsdə.
   
   O sənin yanında, mən yerin üstə,
   
   Məni sevgilimə yetirərmisən?!
   
   
   
   04.02.2011
   
   
   
   SƏNİN DODAQLARIN
   
   
   
   Bir əsim mehdən də üşüyənəm mən,
   
   İmkanın çatırsa üşütmə məni.
   
   Oxşa deyirəmsə, bağrına bərk bas,
   
   Yorğunam dedimsə, eşitmə məni.
   
   
   
   Yanğım illərimin o tayındadı,
   
   Əlli il əvvəldə uyuyur indi.
   
   Ürəyim yenə də od parçasıdı,
   
   Canımın alovu soyuyur indi.
   
   
   
   Böyük sevgilərə inanıram mən,
   
   O sönmür, sönsə də hər yanan ocaq.
   
   Qəbrimin üstündə son duanı da,
   
   Sənin dodaqların pıçıldayacaq!
   
   
   
   04.02.2011
   
   
   
   ÖZÜNDƏN KÜS
   
   
   
   Özündən küs, məndən niyə küsürsən,
   
   Nə dildəsən, nə ağızda, nə dişdə.
   
   Yandığını, söndüyünü görmədim,
   
   Nə közdəsən, nə kababda, nə şişdə.
   
   
   
   Yanğı yoxsa, səda olmur, ün olmur,
   
   Buz ürəkdə kölgə olmur, gün olmur.
   
   Bar-bəhrəsiz ömür olmur, gün olmur,
   
   Nə sözdəsən, nə əməldə, nə işdə.
   
   
   
   Tez açılıb, tez sönəndi baxtımız,
   
   Gec qurulur, tez yıxılır taxtımız.
   
   Bu dünyada beş-üç gündü vaxtımız,
   
   Nə birdəsən, nə üçdəsən, nə beşdə.
   
   
   
   Ölü gördüm, heç görmədim sağ səni,
   
   Tanımadı dövran səni, çağ səni.
   
   Xatırlamaz aran səni, dağ səni,
   
   Nə yoldasan, nə yamacda, nə döşdə.
   
   
   
   İnkar etdin hər məzhəbi, hər dini,
   
   Daşımadın bir kimsənin dərdini.
   
   Oynamadın bu dünyanın nərdini,
   
   Nə yekdəsən, nə beşdəsən, nə şeşdə.
   
   
   
   05.02.2011
   
   
   
   KİMSƏSİZ UŞAQ KİMİ
   
   
   
   Sənən uzaqlarda günüm gün deyil,
   
   Suya həsrət qalan dodaq kimiyəm.
   
   Günəş gündüzümü qızdıra bilmir,
   
   Gecələr qaranlıq otaq kimiyəm.
   
   
   
   Doğma nəfəsinə ləliyəm, acam,
   
   Közün ortasında qovrulan sacam.
   
   Qürbətin şimşəyi vurmuş ağacam,
   
   Sınıb yerə düşən budaq kimiyəm.
   
   
   
   Ey qoynu gülüstan, qucağı cənnət,
   
   Kimi qocaltmayıb dünyada həsrət.
   
   Vətən cəsarətdi, qürbət əsarət,
   
   Yad eldə kimsəsiz uşaq kimiyəm.
   
   
   
   06.02.2011
   
   
   
   DÜRÜST OLMAQ
   
   
   
   İnsanda taleyə bax,
   
   Gah qaynadı, qabardı,
   
   gah sustaldı, süst oldu.
   
   Gah qara palçıq kimi,
   
   Qaldı ayaqlar altda.
   
   Gah mərmərə çevrilib
   
   heykəl oldu, büst oldu.
   
   Sevgiylə ucalanlar
   
   Qaldı ucalığında,
   
   Zor gücünə qalxanın
   
   sarayı alt-üst oldu.
   
   O insanlar döndü ki,
   
   könüllər sultanına,
   
   Hər işdə, hər əməldə,
   
   hər sözdə dürüst oldu.
   
   
   
   07.02.2011
   
   
   
   SULAR BULANIB
   
   
   
   İndi demək çox çətindi,
   
   Bir zaman çox olub
   
   Təmizlər, halallar, saflar.
   
   Həyatı həyat kimi yaşadıb
   
   İmanlar, vicdanlar, insaflar.
   
   İnsafı, imanı yandırıb,
   
   Duru suları bulandırıb,
   
   Xəbislər, nakişilər, əclaflar.
   
   
   
   08.02.2011
   
   
   
   ALDADILMAQ QORXUSU
   
   
   
   Buğdanı yesən -
   
   Cənnətdən atılmaq qorxusu var.
   
   Allahdan ayrılıb
   
   Şeytana satılmaq qorxusu var.
   
   Halaldan üzülüb
   
   Harama qatılmaq qorxusu var.
   
   Bir dəfə aldandınsa,
   
   Ömrün sonuna qədər
   
   Aldadılmaq qorxusu var.
   
   
   
   08.02.2011
   
   
   
   NƏYİMƏ YETMƏZ
   
   
   
   Dərdim də, qəmimdə yetərincədir,
   
   Dünyanın azarı nəyimə yetməz.
   
   Həyatla bu qədər alver elədim,
   
   Bu boyda bazarı nəyimə yetməz.
   
   
   
   Sinəmə o qədər çəkilib ki, dağı,
   
   Əridi, qalmadı gözümün yağı.
   
   Bu qoca dünyanın beş arşın ağı,
   
   Beş qarış bazarı nəyimə yetməz.
   
   
   
   Ölümlə həyattək sağım, solum var,
   
   Harda olum varsa, orda ölüm var.
   
   Qəbir evinədək gedən yolum var,
   
   Ömrün bu güzarı nəyimə yetməz.
   
   
   
   09.02.2011
   
   
   
   ŞEİRİMİN DOĞUM GÜNÜ
   
   
   
   Bu gün şeirin dünyasıdı,
   
   tərtəzə şeirim doğulub,
   
   O şərəfə süfrə açıb
   
   sözdən ziyafət verirəm.
   
   
   
   Sözsüz dünya lal-kar olar,
   
   yer çevrilər cəhənnəmə,
   
   Qəlbimin hər bucağında
   
   sizə bir cənnət verirəm.
   
   
   
   Yer üzünün rəssamıyam,
   
   fırça mənim əlimdədir,
   
   Hər sözə bir naxış vurub
   
   təzə bir zinət verirəm.
   
   
   
   Arı ilə dost olmağım
   
   bu gün verib bəhrəsini,
   
   Hər sözümə bal qatılıb
   
   hər kəsə nemət verirəm.
   
   
   
   Mənim şeirim gülüstandı,
   
   hər çiçəkdən dərmək olar,
   
   Kim nə dərsə halalıdır,
   
   halal bir nemət verirəm.
   
   
   
   Təzə ruha, təzə səsə
   
   əl qaldırıb amin deyin,
   
   Bu gün candan can ayrılıb,
   
   könüldən sərvət verirəm.
   
   
   
   Qəbul etsin dəvətimi,
   
   unutmasın söhbətimi,
   
   Gələn məni bağışlasın,
   
   bir azca zəhmət verirəm.
   
   
   
   Safdı ruhum, safdı eşqim,
   
   nəfəsim də saf qalacaq,
   
   Mən də şeirin dünyasına
   
   bu cür təravət verirəm.
   
   
   
   Ölüm haqdı, Zəlimxan da
   
   bu dünyadan köçüb gedər,
   
   Şeirim könül əmanəti,
   
   sizə əmanət verirəm.
   
   
   
   13.02.2011
   
   
   
   MÜJDƏ GÖZLƏYİRƏM
   
   
   
   Səhər-səhər hansı misralar
   
   döyəcək qapımı,
   
   Hansı şeir açacaq ürəyimi,
   
   Hansı əsərim gələcək
   
   nəşriyyatdan.
   
   İlk kitabını gözləyən
   
   gənc şair kimi,
   
   Müjdələr gözləyirəm həyatdan!
   
   
   
   26.03.2011
   
   
   
   QAYALARIN HESABINA
   
   
   
   Ürəyə, yaddaşa etibar etməyib,
   
   Daşlara yazılan xatirələr.
   
   Uca bir sevginin əsəridi,
   
   Qayalar üstünə yazılan xatirələr.
   
   Qayaların hesabına yaşayır,
   
   Yaddaşdan pozulan xatirələr.
   
   
   
   25.03.2011
   
   
   
   QƏLBİMİN
   
   SAZ PƏRDƏSİ
   
   
   
   Qışın vaxtı keçib getdi,
   
   tut indi yaz pərdəsini,
   
   Xanəndə dost, aşıq qardaş,
   
   gəz xoş avaz pərdəsini.
   
   
   
   Qarşıdan bir gözəl gəlir,
   
   yeli yengələr yıxacaq,
   
   Dinlə qəlbindən keçəni,
   
   işə sal naz pərdəsini.
   
   
   
   Elə bilsin cənnətini yarın
   
   qədəmində tapıb,
   
   Hansı aşiq duya bilsə
   
   o sərvinaz pərdəsini.
   
   
   
   Olmasın eşqə qadağa,
   
   canımı verim sadağa,
   
   Allahım məndən almasın
   
   nəzir-niyaz pərdəsini.
   
   
   
   Mən mizrabı neyləyirəm,
   
    Zəlimxana bəsdi nəfəs,
   
   O gözəlin əli çalsın qəlbimin
   
   saz pərdəsini.
   
   
   
   28.03.2011
   
   
   
   ÖMRÜNÜ SÖZƏ VER
   
   
   
   Öz ömrünü sözə ver,
   
   Sözü çılpaq eləmə.
   
   İstəyənə, sevənə,
   
   Gəlin kimi bəzə ver.
   
   Arxını ələ, çevir,
   
   Dəhnəsini təzələ.
   
   Şəklini, görkəmini,
   
   Səhnəsini təzələ.
   
   Oğulsansa, min ilin
   
   Köhnəsini təzələ.
   
   Nəyi verirsənsə ver,
   
   Bu dünyaya təzə ver!
   
   
   
   

TƏQVİM / ARXİV