adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"YOLUNDA DUSTAğAM, GƏL"

VƏSİLƏ USUBOVA
30858 | 2011-05-07 07:43
Yazıma bir rəvayətlə başlamaq istəyirəm. Modernistlər köhnəlik qalığı hesab eləsələr, oxumaya bilərlər. Deyirlər, günlərin birində Allah-təala yerdəkilərə xəbər göndərir ki, qadınlar meydana yığışsınlar, onlara bəxt paylayacam. Qız-gəlinlərə də bundan gözəl hansı xəbər ola bilər?! Eşidən kimi geyinib-kecinib, süslənib axıışırlar meydana. Təsəvvür edin də, o meydan nəyə bənzəyirmiş. Yəqin Dünyaların Sahibi də göydən öz yaratdıqlarına baxıb zövq alırmış. Amma nədənsə, fikrini dəyişir. Bir də xəbər göndərir ki, indi vaxtım yoxdu, qalsın axşamçağına. Gün batıb hava qaralandan sonra gözəl-göyçəklərin, abırlı-ismətlilərin heç biri evdən bayıra çıxmır. Bu yerdə fürsət düşür başmağının altında diyircək olanlara ( yəni, ayağı sürüşkənlərə). Gedib həm öz paylarını, həm də gözəllərin payını alıb qayıdırlar geri...
   
   Bu rəvayət barədə nə qədər istəyirsiniz düşünün. Mən özüm də hərdən buna həvəslə vaxt ayırıram. İndi isə həmin gün evdən çıxmayan gözəllərdən biri haqqında danışmaq istəyirəm...
   
   
   
   ***
   
   Onda iyirminci əsr idi, üstəlik səksən beşinci ilin yazı. Faşizm üzərində qələbənin 45 illiyinə ciddi hazırlıq gedirdi. İki-üç ay qabaqcadan qəzetdə yazılar verirdik. Bilmirəm, yuxarıların göstərişi idi, yoxsa, redaktorumuzun öz təşəbbüsü, bir gün dedi ki, bu dəfə əsgər arvadlarından da yazılar hazırlansa, pis olmaz. Bundan gözəl fürsət ola bilməzdi. Neçə illərdən bəri özümə də aydın olmayan bir gözlənti ilə yaşayırdım...
   
   Novruz bayramından iki-üç gün sonra kəndimizə, oradan da anamı götürüb Anaxanım xalagilə getdim. Anaxanım xalanın kiçik bacısı Gülü anamın ən əziz bacılığı ( nədənsə, "rəfiqə" sözü heç ürəyimə yatmır) idi. Həm də bir-birlərinə o qədər oxşayırdılar ki, elə bil doğma bacıydılar. Həyət-bacada sakitlikdi, elə bil evdə kimsə yaşamırdı. Bir qədər dayanıb göz gəzdirdik. Elə bu vaxt Gülü xalanın gəlini yaxınlaşdı: " Bəri gəlin. Bunlar hələ yuxudan durmayıblar. Toyuq-cücə də hində qalmışdı, səhər mən açıb buraxmışam". Heç inandırıcı deyildi. Anaxanım xalaynan qızı Qızılgülün necə iş-güc, səliqə-səhman yiyəsi olduqları kənddə hamıya bəlliydi. Sən demə, burda kiçik bir sirr varmış...Bu sirri də gülə-gülə bizə yaxınlaşan Qızılgül açdı...
   
   Bikə bibimlə (əslində atamın əmisi arvadıydı, hələ bilmirəm ki, niyə ona "əmidostu" yox, "bibi" deyirdik) Anaxanım xala uzun illərin sirdaşı, dərd ortağıydılar. Xeyirdə-şərdə rastlaşdılarmı, hər kəsi, hər şeyi unudub bir küncə çəkilər, məclis dağılanacan söhbətləşərdilər. Həm də elə asta, pıçıltıynan danışardılar ki, yaxınlaşıb nə qədər qulaq versəydin, bir kəlməsini də eşidə bilməzdin. Bir dəfə Aşura günü məsciddən qayıdan anam gülə-gülə danışırdı ki, hələ camaat yığışmamışdan Bikəynən Anaxanım tapışıb məscidin arxasına keçdilər. Millət yığışıb-dağılışdı, onlar hələ də dayanıb söhbət edirdilər...
   
   Sən demə, yeddi il imiş bu iki əsgər arvadı bir-biriynən küsülü gəzib-dolanırmış. Heç kəs də səbəbini bilmirmiş. Axır ki, Tanrının bu ilki əziz günündə Bikə bibim xanımyana bir tövr göstərir, paydan-parçadan götürüb bacılığıynan bayramlaşmağa gəlir. Qızılgül dedi ki, bu iki arvad gecə mənə yuxu verməyiblər. Düz səhər saat yeddiyə kimi dərdləşiblər. Bir də hava işıqlaşanda çimir eləyiblər. O zamanlar idi ki, Kremldə baş verənləri bazarda şor satan arvadlar da danışırdılar. Ancaq bu iki qadının nədən küsüşdüyünü heç vaxt heç kəs bilmədi. Adamlar vardı ey...İndi heç kəsin yanında diş qurdalamalı deyil...
   
   Həmin gün Anaxanım xalagildə neçə saat oturduğumuzu deyə bilmərəm. Anamın da savabına batmışdım. Söhbətdən doymaq bilmirdilər...
   
   Bizi ötürəndə adəti üzrə yavaşca qulağıma pıçıldadı:
   
   -Qoy çoxlu uşaqların olsun...
   
   -İşləyirəm, axı...
   
   -Verərsən anan saxlayar.
   
   -Anam səkkizini böyüdüb. Ona çətin olar...
   
   -Heç nə olmaz. Evdə qızı-gəlini var. Kömək edərlər...Keşkə, Qızılgülün bacısı-qardaşı olaydı. Onda bu dünyadan rahat köçüb gedərdim...
   
   Mən çarəsizlikdən belə deyirdim. Axı, onun mənim qərarımdan xəbəri yox idi. Xəbər tutanda isə məni hamıdan düzgün o başa düşdü: "Siz onu qınamayın. Adam var hər şeyi ürəyi götürmür. Hamıynan ömür sürmək olmur, axı..."
   
   Özünün də hər şeyi ürəyi götürmürdü. O səbəbdən yeganə qızıynan tək qalmışdılar. Hər şeyləri vardı. Ev, bağ-bağça, mal-qara, toyuq-cücə. Qızılgül pambıqçıydı. Anaxanım xala da hərdən boş vaxtı olanda ona köməyə gedirdi. Əsgər arvadları içində ən imkanlısı sayılırdı. Heç nədən ehtiyacları yox idi. Nəyin həsrətini çəkirdilər, onu bircə Anaxanım xalanın gözəl, haqdan sürmələnmiş ala gözlərindən oxumaq olardı. Son söhbətimizin də mənası illər ötəndən sonra aydınlaşır mənimçin. İndi daha dərindən başa düşürəm ki, o, oğullu-uşaqlı, səs-küylü bir ailəsi olmasını necə şiddətlə arzulayırmış. O qadınlara heyranam ki, insanlıq və analıq duyğuları bütün qadınlıq ehtiraslarına qalıb gəlir. Belələrinin qucağı bu dünyanın günəşi kimi isti, o dünyanın cənnəti kimi xoşdu. Mənim Anaxanım xalam məhz belə İnsan, belə Ana idi. Müharibə vaxtı öz bacısı və dayısı oğlu ilə birlikdə doqquz kimsəsiz uşağı saxlamışdı. Evinin istisini, süfrəsinin bərəkətini, qəlbinin hərarətini onlarla bölüşmüşdü. Başdan-ayağa abır-həya mücəssəməsi idi. Heç yadımdan çıxmır. Ərinin adını soruşanda özü cavab vermədi, onun əvəzinə anam dilləndi. Bir dəfə Qızılgül demişdi ki, üçümüzün bir yerdə şəklimizi böyütmüşük, amma anam divardan asmağa utanır.
   
   O zamankı söhbətimizdə mənə bir söz də demişdi. Demişdi ki, yazının sonunda mənim adımdan bu bayatını verərsən:
   
   
   
   Çağırıram, ağam, gəl.
   
   Ölməmişəm, sağam, gəl.
   
   Boynumda qəm zənciri
   
   Yolunda dustağam, gəl.
   
   
   
   Arzusuna əməl elədim. Yazı qəzetdə gedəndən sonra bir oxucu mənə dedi ki, sənin bu Anaxanım xalan qırx seriyalıq filmə layiqdi. Bizimsə üzümüz elə bir dövrə yönəlmişdi ki, daha anaxanım xalalar haqqında film kimsəni maraqlandırmırdı...
   
   Onun varlığı ağıllara hakim kəsilmiş iki düşüncəni məndən ötrü alt-üst elədi. Ədəbiyyat müəllimlərimiz deyirdilər ki, Nizaminin Şirininə qədər Şərq poeziyasında müsbət qadın obrazı yaradılmayıb. Qadın həmişə gözəlliyi ilə yanaşı məkrli, xəyanətkar bir varlıq kimi tərənnüm edilib. Keşkə, bir gözəlin xalına Səmərqənd və Buxaranı peşkəş verən o şairlər mənim Anaxanım xalamı tanıyaydılar. Onda görərdilər ki,... Eh, onları da qınamalı deyil. Saray çəkişmələrindən başqa bir şey görməyənlər qadın qürurundan nə anlaya bilərlər ki?!...
   
    Və bir də elə bilirdim ki, əsl qadınlar və kişilər ancaq kitablarda və kinolarda olur. Ağlım kəsincə kənddən uzaqlaşmaq, daha gözəl və maraqlı insanlarla rastlaşmağı istəyirdim. İndi isə yaşa dolduqca o adamların arasında ömür sürüb qocalmadığıma necə də heyfsilənirəm...
   
   Yaza-yaza birdən ağlıma gəlir ki, bu həm də yubiley yazısıdı. Axı, Anaxanım xalanın ölümündən düz on beş il keçir. Düz on beş ildi ki, Kolanı camaatı ən ağıllı, ən vəfalı, ən xeyirxah qızını, həm də ikinci dünya savaşının canlı göz dağını itirib. O, elə müdrik və xanım-xatın idi ki,... Tarix müəllimi işləyən qardaşım deyirdi ki, onu görəndə həmişə Sara Xatunu xatırlayıram...
   
   Hər dəfə qəbristanlığa gedəndə doğmalarımla birgə onun da məzarını ziyarət edirəm. Alnımı soyuq məhəccərə söykəyib ürəyimdə onunla söhbət edirəm. Və həmişə də elə bilirəm ki, biz üç nəfərik: anam, o və mən. Həsrətli gözləri ilə gəlib-gedənləri seyr edir. "Bəs deyirdin, "yolunda dustağam, gəl?" Mümkün olan sənin ona getməyin imiş. Oradan bura yollar bağlıdı. Daha dustaq deyilsən. Bu dünyada adını belə çəkməyə utandığın istəkli Rüstəminin yanındasan! Rahat yatın! Yeriniz behiştlik olsun!"
   
   
   
   ***
   
   Novruz bayramında kəndimizə getmişdim. Qardaşım yolun qırağına yığılmış yoğun, sarı boruları göstərib sevinclə deyirdi: "Bax, kəndimizə qaz çəkilir!" Kəndimizə işıq çəkiləndə beşinci sinifdə oxuyurdum. Beşinci sinfəcən dərslərimi lampa işığında hazırlamışdım. Amma onda dünya daha işıqlı idi. Çünki el-obamızda işıqlı, üzü nurlu adamlar çox idi. Görünür, dünya ancaq bizim gözlərimizdə dəyişir...
   
   
   
   ***
   
   Yazını tez qurtarmağa çalışıram. Televizorda "Azadlıq" filminə baxacam. Baxacam və kəndimizin adamlarını, Anaxanım xalanı düşünəcəm. Onlar olmasaydı, səngərdəki kişilər də dünyaya azadlıq gətirə bilməyəcəkdilər...
   
   Bir də onu düşünəcəyəm ki, Tanrı Ona hər şey vermişdi. Bəxtdən savayı. Bunun da günahı özündəydi. Sadəcə olaraq həmin gün hava qaralanda evdən çıxmaq istəməmişdi. Vəssəlam...

TƏQVİM / ARXİV