GüNAHKAR AXTARAN VƏTƏN

ƏBÜLFƏT MƏDƏTOĞLU
35167 | 2011-05-07 07:43
Mərhum şair dostum bu namərd dünyanı çox erkən bezib tərk edən, daha doğrusu, namərdliyinə görə, dünyaya "salamat qal" demədən göylərə üz tutan, ruha çevrilən Akif Səməd özünün Şuşa ilə bağlı, yurd nisgili ilə bağlı çox qəribə bir şeir yazmışdı. Və qəribə şeirdə də təkcə kədər, qəm ifadə edilməmişdi, həm də bir çağırış, bir döyüş ruhu, bir xilas arzusu dilə gətirilmişdi. Şuşaya gedə bilməyənlərə - Şuşa! - deyib nərə çəkməyi, hayqırmağı məsləhət bilmişdi. Bu nərə kar qulaqları, görməyən gözləri, duymayan ürəkləri hərəkətə gətirmək üçün şairin seçdiyi yeganə yol idi. Amma o özü də bu dünyada Şuşaya gedə bilməyəcəyini görüb köç etdi. İndi mən əminliklə deyə bilərəm ki, Akif Səmədin ruhu Şuşadadı, Cıdır düzündədi, bir az da dəqiq desəm, Vaqiflə qol-qola girib İsa bulağının ətrafında gəzişməkdədi. Axı bulaq başlarını, təbiəti, sözü, yurdu hər şeydən çox sevirdi Akif Səməd...
   
   Təsadüfdən yadıma düşmədi Akif. Neçə gündü ürəyimdə, başımda gəzdirirəm onun misralarını, özünü və oyanan təbiətə, gül-çiçəyə bəzənən Bakıya baxıb nədənsə mən də onun kimi Şuşaya gedə bilmədiyimdən, Tuğa gedə bilmədiyimdən, Füzuliyə gedə bilmədiyimdən, Xocavəndə gedə bilmədiyimdən xəcalət çəkirəm, özümü qınayıram, gücsüzlüyümü etiraf etməyə məcbur oluram. Amma yenə sonda Akif Səmədin, eləcə də xalq şairimiz, ustadım Zəlimxan Yaqubun şuşalılara. Bütün qaçqınlara üz tutaraq yazdığı poema köməyimə çatır. Allah söz adamlarına kömək olsun. Qələm adamları nə yaxşı ki, bir-birlərini yazıb tamamlayırlar və mən də yarımçıq misralarımın, pərən-pərən düşmüş fikirlərimin bir araya gəlməsi üçün qələm dostlarımın kitablarını təkrar-təkrar oxuyur, təkrar-təkrar öyrənirəm. Öyrəndikcə də yaddaş təkcə təzələnmir, həm də xatirə karvanına sarvanlıq edir...
   
   Bu dünyada Qarabağ deyilən bir ünvan var. (Ha istədim yazam ki, var idi, bacarmadım - Ə.M.). bu dünyada Şuşa adlı bir şəhər var (Ha istədim yazam ki, var idi, bacarmadım - Ə.M.). Bu dünyada mənim kimi gözü yolda, qulağı səsdə, əli ürəyinin üstündə, xəyalı uzaqlarda, ağrıları canında yaşayan yurd nisgillilər var. (Amma indi yaza bilərəm - onlar həm də var idi - Ə.M). Və biz bu yurd nisgilini, bu ağrını-acını artıq 20 ilə yaxındır ki, köynək kimi geymişik əynimizə, çıxarıb ata bilmirik, düymələri açılmır, yaxasını cırmağa gücümüz çatmır. Eləcə o köynək qarışıq alovlanırıq, yanırıq, tüstülənirik, başımızın tüstüsü ərşə dirənir, sümüklərimizin sızıltısı yeri silkələyir. Biz də tüstülənə-tüstülənə, sızıldaya-sızıldaya başımızı qatmaq üçün gündə bir bəhanə uydurur, gündə bir söz icad edirik. Özü də ən çox içki məclislərində, bayram günlərində.
   
   Hamımız bir-birimizin eyniyik. Elə hamımız bir-birimizin eyni olduğumuzdan elə eyni sözü də təkrarlayırıq, eyni arzunu da dilə gətiririk:
   
   - Allah qismət eləsin, növbəti bayramı Şuşada keçirək!!!
   
   - Allah bu gün toyunda oynadığımız cavanların oğullarının kiçik toyunu Tuğda keçirməyi bizə qismət eləsin!!!
   
   - Allah qoysa gələn ilə bu vaxtı sizin hamınızı yığıb Qarabağa aparacam!!!...
   
   Yəqin ki, işarələrdən fikrimin ardını oxudunuz. Bildiniz ki, bu alqışı, bu duanı biz sünnətdə də dilə gətiririk, paltarbiçdidə də, xınayaxdıda da, hələ elçi gedəndə də. Hətta məzarlığı ziyarət edəndə əlimizi Tanrıya açıb deyirik ki, biz doğmamızı burda əmanət kimi dəfn etmişik. İnşallah, gələn il Qarabağa qayıdanda onu da özümüzlə köçürüb aparacağıq... Görürsünüz də nə boyda ürəyimiz var, nə boyda möcüzəyik və nə boyda da yaşam üçün bəhanələr uydura bilirik... Mən isə gözümün önünə 80-ci illərin sonlarını gətirib qaçqınlığın, müharibənin, çadır evlərin nisgilini təkrar yaşayıram və təkrar da qayıdıram həmin o isti misralara.
   
   
   
   Gözümüzün qarşısında
   
   Beş addımlıq yoldadır
   
   Hayana boylanıram-
   
   Sağımda, gah soldadır...
   
   
   
   Amma...
   
   nə əlim çatır,
   
   nə də ünüm yetişir-
   
   dağlara!
   
   
   
   ...nisgillə gəlib keçir
   
   İllər yaman ötüşür
   
   azalırıq günbəgün
   
   sinəmizdə dərd, düyün...
   
   
   
   yerdən ümidimz yox
   
   qulağı kardı göyün
   
   soyuyuruq hava tək
   
   soyuyuruq daş kimi
   
   gərəksiz oluruq biz
   
   düşünməyən baş kimi...
   
   
   
   çadır şəhərlərinin
   
   ömrü artır, uzanır
   
   qaçqın sifətlərimiz
   
   çadırlar tək bozarır
   
   qalırıq baxa-baxa-
   
   dağlara!
   
   
   
   zamanın üzü dönük
   
   içimizdə od sönük
   
   beləcə bölük-bölük
   
   səpələnib dörd yana
   
   dərd çəkmədən,
   
   dərdi də!-
   
   yığıb boğaza, cana
   
   əlimiz qoynumuzda
   
   "qaçqın" ünvanımızın
   
   töhməti boynumuzda-
   
   yaşayırıq!
   
   (əgər bu yaşamqsa?!.)
   
   nə vaxtsa-
   
   qayıtmaq arzusuyla
   
   dağlara!
   
   
   
   ***
   
   Hə, dedim axı bir Şüşa var idi... bir Xocavənd, bir Tuğ var idi... bir el-oba, bir doğma ünvan, biz əsəbləşəndə, özümdən çıxanda baş götürüb getməyə ünvan var idi. Və biz də arxayınca oturub özümüz üçün günlərin qabırğasını sayır, anları bulaqların başında, dəniz sahilində, yaşıl çəmənlərdə, müxtəlif məclislərdə öldürürdük. Bilmirdik ki, biz yata-yata unutqan, düşmən isə bizi yatızdıra-yatızdıra əfi ilan olur, eləcə də oldu. Öz içimizdə bəslədiyimiz ilanlar yavaş-yavaş təkcə şirəmizi yox, qanımızı yox, həm də yurd-yuvamızı sovurmağa, harınlayıb bizlərə qarşı üsyan etməyə qalxdılar. Havadarlarının, himayədarlarının fitinə uyub üstümüzə ayaq aldılar və bir də onda ayılıb gördük ki, biz badələri bir-biri ilə toqquşdururuq, düşmən isə silahlanır. Artıq gecdir. Amma bu heç də hər şeyin itirilməsi demək deyil!..
   
   Bəli, heç bilmirəm əvvəldə yazdığım dolaşıq fikirlərin arasında kimlər nələri duydu, nələri hiss etdi, ancaq mən öz-özlüyümdə əminəm ki, indi 1992-ci ilin may ayının 7-di və mən də Şuşadan Ağdama gəlmək üçün Şuşa dolamalarından, ağa körpüsündən istifadə edə bilməyəcəm. Məcburam Laçın yolu ilə qayıdım. Şəhərdə tam sakitlikdi. Elə bil heç ötən gecə qrad, top mərmiləri səsindən titrəyən bu şəhər, bu dağlar, bu dərələr deyildi. Hardasa oxumuşdum ki, ölüm qabağı bir sükut olur, bir gözəlləşmə olur. Bilmirəm, onda da belə idi, yoxsa bu mənim yaddaşımda oxuduqlarımdan ilişib qalan qırıq fikirlərdir. Amma səmimi etiraf edim ki, onda Şuşa yaman gözəlləşmişdi. Baharın, özü də may ayının bütün təravəti hopmuşdu şəhərə. İlahi, Cıdır düzündəki mənzərə, Qırx pilləkəndən üzü aşağı boylananda dağın, dərənin başıma fırlanması, Kirsin lap son nöqtəsindəki bir lopa qar və bir də İsa bulağından tüstülənən manqal... Bunlar hər kəsin təbii ki, Şuşaya izi, ayağı düşən hər kəsin gözləri qarşısında olmalıdır. Əgər dediklərimi kimsə gözlərinin qarşısına gətirə bilmirsə, inanın ki, o Şuşada olmayıb. Xarıbülbülün şəklini yaddaşında çəkə bilmirsə, inanın ki, onun Şuşadan xəbəri yoxdu. Nə deyirsə, nə danışırsa, nə yazırsa hamısı cəfəngiyyatdı. Şuşadan yazmaq üçün, Şüşanı təsvir etmək üçün ən azı onun 1 May bayramını xatırlamaq lazımdır, Sovet dönəminin 1 Mayını! Hə, kim xatırlaya bildi, kimin yadına düşdü?.. Mən isə xatırlayıram və xatırladıqca da içimdən dəhşətli ağrılar keçir. Elə bil kimsə bir ovuc, bir xışma iynəni sancır ürəyimə və mən də o ağrılar içərisində qovrula-qovrula pıçıldayıram:
   
   
   
   bu may günləri də
   
   kəndimizə gedə bilmədim
   
   bu may günləri də
   
   əhdimizə yetə bilmədim...
   
   eləcə...
   
   uzaqdan uzağa
   
   gözlərimi sancaqladım
   
   ünüm yetməyən
   
   kəndimiz dirsəklənən
   
   o dağa!
   
   
   
   içimdə qan qurudu
   
   dodaqlarımda söz-
   
   üşüdüm...
   
   qaralan ocaqdan
   
   bir xışma köz götürdüm,
   
   köz!
   
   əlimi yandırmadı
   
   hətta bu anımda da
   
   dərd məndən yan durmadı...
   
   
   
   əksinə daş atdı yaddaşıma
   
   mənim əlim toxunmur
   
   əl sürtür yad daşıma!
   
   bu ki zülümdü, zülüm
   
   Tanrım, günahım nədir-
   
   məni bəyənmir ölüm?!
   
   
   
   çarmıxda yaşayıram
   
   bir kəndin nəyi varsa
   
   özümlə daşıyıram
   
   ...bu may günlərində də
   
   kəndimizə gedə bilmədim
   
   nə evimizi gördüm
   
   nə baş daşlarını...
   
   bu il də
   
   "tut arağı"
   
   gətirə bilmədim
   
   üzüqara qaldım yanında
   
   dostların, tanışların...
   
   mənim nə düşündüyümə,
   
   nələr çəkdiyimə-
   
   siz bir az ayıq başla baxın!..
   
   
   
   ***
   
   Heç cür anlaya bilmirəm. Anlaya bilmirəm ki, bütün bu olanların qarşısı vaxtında niyə alınmadı? Anlaya bilmirəm ki, bütün bu olanlar axı niyə oldu və ümumiyyətlə, niyə olmalı idi. Gülməyin mənə, elə bilməyin ki, heç nədən xəbərim yoxdu. Yox, atalar demişkən, "qatıq görməsəm də, qatıqlı qabı görmüşəm". Ona görə də anladığım müəyyən məqamlar, müəyyən gerçəkliklər var. Amma bu anladıqlarıma da inana bilmirəm, onları da həqiqət kimi qəbul etmək istəmirəm.
   
   Vallah, özümdən asılı deyil. Təkcə məndən asılı olsa idi, nə vardı. Bu dəqiqə özüm ağılda, özüm düşüncədə olanların hamısın bir yerə yığıb son qərarı verər, son fikri bəyan edərdim. Olumla-qalım arasında çabalamaqdan canımız qurtarardı. Amma...
   
   Yenə amma, elə bütün məsələlərin kökündə dayananlar da bu əmmalardı. Erməni əmması, rus əmması, amerikan əmması, fransız əmması, daha hansı ...sə əmması. Hə, belə olanda elə bil bir az havam azalır, bir az kimsə sinəmdən basıb tapdalayır, ürəyimin döyüntüsü azalır. Və mən tıncıxmış halda evdən, dostlardan, doğmalardan uzaq durmağa, uzaq qaçmağa çalışıram. Çünki yük oluram onda hamıya, hövsələdən çıxardıram hamını, bezdirirəm, yoruram. Bir sözlə, özüm adamlıqdan çıxdığım kimi, onları da adamlıqdan çıxarıram...
   
   Bir böyük dostum var idi (əslində bu gün də var. Yəqin mən sabah olsam, o da olacaqdı. Vahid Əlifoğlunu deyirəm - Ə.M). Vahid həmişə deyirdi ki, ə, qağa, başına iş qəhətdi, gedib ailənin, uşağın qayğısına qalmırsan, adamlıqdan, kişilikdən söz salırsan, adam axtarırsan. Qaldı onlar hamısı... bilirsən harda? (sonra da əli ilə işğal olunmuş Füzulini, onun söykəndiyi Ərgünəşi, Kirsi göstərirdi - Ə.M). Hamısı orda qaldı, minalanmış yerlərdə. Hər gün neçəsi partlayır adamlığın orda. Bu gedişlə qurtaracaq, adamlıq qəhətə çıxacaq. Ən yaxşı halda muzeydə göstərəcəklər eksponat kimi, adamlığı...
   
   Şair dostumun bu sözlərinə gülümsəsəm də, amma içimdə onun necə böyük bir gerçəkliyi çox sadə şəkildə izah etməsi ilə barışırdım, razılaşırdım. Elə indi də onun dediklərini düşünəndə, yadıma salanda adamlığın nə qədər azaldığının əməlli-başlı şairinə çevrilirəm.
   
   
   
   yandı evim-eşiyim
   
   yandı divarım-daşım...
   
   isit, qoyma üşüyüm
   
   isit məni, göz yaşım!..
   
   
   
   ...Hə, indi Şuşada da mayın 8-di, Bakıda da, çadır, qaçqın qəsəbələrində də. Deyəsən elə dünyanın hər yerində mayın 8-di. Kim necə yozur, yozsun!!! Sonra da mayın 9-u olacaq, Sovet bayrağının Reyxstaqın üstündə dalğalandığı gün!!!
   
   
   
   

TƏQVİM / ARXİV