adalet.az header logo
  • Bakı 20°C

iNSAN ÖMRü NiYƏ QISADIR?

OQTAY SALAMOV
28100 | 2011-05-07 07:43
Toy məclislərində, ziyafətlərdə əsasən tamadalar, bəzən də "doza"sı artıq düşən ərkəsöyün qonaqlardan biri rəhmətlik Osman Sarıvəllinin "Hər kim yüz il yaşamasa, günah onun özündədir" misrasını xatırladır, sərxoşlara və məcburi "dinləyicilər üçün moizə (Allah keçsin günahımdan, bu sözü bəzən mənfi mənada işlətməyə məcbur oluruq) oxuyurlar. Xatırlatmaq yerinə düşərdi ki, bu sətirlərin müəllifi mərhum Osman müəllim özü də yaş mənasında sözünə əməl edə bilməyib və belə çıxır ki, günah onun özündə olub?
   
   Allahın böyük möcüzələri var, qarğaya 300 il ömür verib (hər halda, velə deyirlər), amma "yer üzünün əşrəfi sayılan" insana ən çoxu 70-80 il (istisnalar nəzərə alınır) ömür verib. Özü bilən məsləhətdir, yəqin hər şeyi yerbəyer edən Yaradan bu məsələnin də limitini hesablayıb. Çox yaşasaq Allaha bəndəlik etmərik...
   
   Bir tanışla bu mövzuda söhbət edəndə qəribə söz dedi: "Allah köməyin olsun, bir çox 70-80 yaşlılara bismillah demədən baxmaq mümkün deyil, nə 150 ildən danışırsan... Bu mənim "bir çox alimlər əmindirlər ki, insanın ömrü minimum 150 il davam etməlidir" sözlərimin cavabında söylənən fikiridir. Amma mən də boş yerdə mübahisə açmamışdım. Əlimdə akademiklər İ. Meçnikovun "İnsan 150 il ömür sürməlidir", İ. Pavlovun "150 ildən əvvəl ölümü zorakılıq sayıram" kimi sitatları, Lerikdə, elə başqa rayonlarda da yaşı 100-ü keçmiş insanları "Uzunömürlülüyün sirləri" açıqlamaları vardır.
   
   
   
   Bir neçə
   
   elmi məlumat
   
   
   
   Məməlilərin orta ömür müddətini təyin etmək üçün onların inkişaf etmə dövrünü təxminən 6-ya vurmaq lazımdır.
   
   Pişik 2 il böyüyür,12 il yaşayır,
   
   At 4 il böyüyür 25 il yaşayır,
   
   Dəvə 6 il böyüyür, 40 il yaşayır,
   
   İnsan 20 il böyüyür, yaşayır...
   
   Beyinin kütləsi ilə bədən kütləsinin nisbət arasında fərqlər
   
   Gərgədan- 1/ 6000
   
   İnək- 1/1000
   
   İt-1/500
   
   İnsan-1/45
   
   
   
   Barmaq hesabı
   
   
   
   Baxın nə alınır. İndi Yer kürəsində 6 milyard adam var. Amma orta ömür təxminən 50 deyil, 150 yaş səviyyəsində olsaydı, onda sayımız 18 milyard olardı! İndi başa düşülür ki, maqazinlərdə içki və siqaret niyə tığ verir. Deməli, siqaret, içki, kulinariya, səhiyyə və sairlərimiz bizə imkan verir ki, ömrümüzü könüllü qısaldaq. Əslində sivil şərtlər daxilində 150 il yaşamağın mümkün olmadığı da nəzərə alınmalıdır. Düzdür, ömrü nisbətən uzatmaq olar, amma gərək araq-çaxırı, siqareti azaldaq və bayaq ömürü qısaldan siyahısında yazdığımız səhiyyəni bu dəfə zorla da olsa ömürü uzadan amillər cərgəsinə salaq. Onda da hamı öz sağlamlığının qayğısına qalacaq, yenə də sayımız vuracaq kəlləçarxa...
   
   
   
   Ayaqüstü sorğular
   
   
   
   Düzü, mövzü məni maraqlandırdı və dost-tanış arasında mövzuya münasibət bildirmələrini istədim. Bir çoxları belə düşünür ki, ömrün davamlı olması fizioloji amildən yox, psixologiyadan asılıdır. Müəyyən vaxtdan sonra insan həyatdan, yaşamaqdan, usanır, yorulur. Ölümsüzlüyə məhkum edilmiş Böyük Jid (Aqaser) haqda əfsanəni bilirsinizmi?..
   
   Bir müsahibim deyir ki, bizi hər nə gəldi içməyə, "tıxmağa" məcbur edənlər 150 il yaşaya bilirlərmi? Nədir, onların da iradəsi çatmır? Biri də deyir ki, hər şeyi bilmək azdır, gərək bildiyini tətbiq etməyi də bacarasan. Belə bir monstr yoxdur ki, xüsusi olaraq bizi zəhərləsin, cəmiyyət belə qurulub. Hərənin öz həqiqəti var. Biz hamımız nə haqdasa susuruq və ya nəyisə məsləhət görürür, nəyəsə zəmanət veririk...
   
   Birinin dərdi də açıldı. Deyir, qaynanam 97 yaşında öldü, elə babam da 96 il yaşadı, hər ikisi nə istəsələr yeyirdilər, yağlı, duzlu, şirin... Mənə bir çox şeyləri qadağan ediblər, 50 yaşamağa ümidim yoxdur.
   
   Örkənin doğanaqdan keçən anı
   
   
   
   İnanıram ki, bu yazıda tibb işçiləri, ümumiyyətlə səhiyyə sahəsi ilə bağlı fikirlər bəzilərini qıcıqlandıracaq, əksini sübut etmək həvəsi olanlar da olacaq. Orta statistik göstəricilərdən dəfələrlə çox həkimlər və xəstəxanalarla təmasda olmağım mənə imkan verir ki, həkimlər bizə Fövqəladə Hallar Nazirliyi səviyyəsində lazım olur. Mənim anlamımda tibb və səhiyyə bir-birinə uyuşmayan fikirlərdir. Çox vaxt qeyri-ənənəvi müalicə üsulları kifayət qədər öyrənilməyən sahə olduğu üçün ona diqqət yetirmirlər. Amma baxsaq uzunömürlüklə qeyri-ənənəvi müalicə üsullarının bir-biri ilə sıx bağlı olduğunu görərik. Di gəl ki, bu sahə cəmiyyət üçün "bağlı" mövzu sayılır.
   
   Bu, bəzən bir-birini təkzib edən fikirlər təbii qarşılanmalıdır. İnsan ömrünün davamlı olması əslində hamının maraq dairəsindədir. Hətta bəzən hansı sehrli vasitələr əldə etməyə də çalışmaqla, ömürlərini, əsasən də onun cavanlıq dövrünü üzatmağa cəhd edirlər. "Gərgadan buynuzu" əsərini xatırlayın... Amma, nəzərə alınmalıdır ki, insanın bioloji cins kimi ömrü 75-100 ildən çoxa hesablanmayıb. İstəyir ənənəvi, istəyir qeyri-ənənəvi müalicə üsulu ilə insan ömrünü sonsuza, yəni qəbul edilmiş standartlardan o yana uzatmaq mümkün deyil. Əvvəla, genetika öz sözünü deyir, sonra da həyat tərzi, stresslər, xroniki xəstəliklər özünü göstərir...
   
   Söz ardı: bir dostumun dediyidir: " Artıq üç aydır ki, rəng qutusunda 3 millimetrlik bir hörümçək yaşayır. Nə ölmür, nə də çıxıb getmir...
   
   
   
   

TƏQVİM / ARXİV