adalet.az header logo
  • Bakı 20°C

"AY DAŞI"NIN SAHiBi

BABƏK YUSİFOĞLU
47426 | 2011-05-03 05:23
Uilyam Kollinz gözəl istedada malik bir rəssam idi. Çəkdiyi şəkillər, xüsusilə peyzajlar çoxlarını heyran qoyurdu. Tanınmış nəsldən çıxması, yaratdığı gözəl əsərlər və bacarığı ona cəmiyyətdə özünəməxsus yer ayırmışdı. Bununla bərabər Uilyam həm də Britaniya Kral Akademiyasının bərabərhüquqlu üzvü idi. Maraqlıdır ki, Kollinzin arvadı Harriet də dövrünün tanınmış rəssamlarından birinin qızıydı. Və bəlkə də elə bu səbəbdən idi ki, ailənin əksər dostları da, gəlib-gedən qonaqları da rəssamlardan ibarət idi. Uilyamla Harrietin oğlanları hələ kiçik yaşlarında olanda hər kəs elə bilirdi ki, fırça ustaları əhatəsində olan bu uşaqlar da gələcəkdə rəssam olacaqlar. Hətta atası oğluna öz dostu, o dövrün məşhur rəssamı olan ser Devid Uilkinin şərəfinə Uilki adını vermişdi. Məktəb illərində jivopis janrı üzrə dərslər də almışdı. Amma...
   
   İnsanlar həqiqətən də səhv etməmişdi. Onlardan böyüyü doğrudan da gələcəkdə istedadlı bir sənətkar kimi tanındı, amma rəssam kimi deyil, bir yazıçı kimi. Əslində bunun özü də qəribə bir təzahür idi. Çəkilmiş gözəl rəsm əsərlərinin, peyzajların... içərisində olaraq, hər gün rəssamların söhbətlərini eşidərək, sənət müzakirələri arasında böyüyərək çəkməyə həvəs göstərməyib yazmaq, özü də peşəkarcasına yazmaq əslində bir qədər qəribə idi. Bəli, illər keçəcəkdi, alnı nəzərə çarpacaq dərəcədə böyük, əlləri və qolları nisbətən balaca, gözləri zəif görən oğlan Uilki Uilyam Kollinz böyüyüb dünyanın tanınmış yazıçısı olacaqdı...
   
   KOLLİNZ
   
   
   
   Uilki Uilyam Kollinz 1824-cü il, yanvarın 8-də Londonda aristokrat bir ailədə dünyaya göz açdı. Belə demək mümkünsə ailə kifayət qədər maddi imkanlara malik olduğu üçün uşaqlar - Uilki və ondan dörd yaş kiçik olan qardaşı Çarlz heç bir sıxıntı çəkmədən boya-başa çatdılar. Uilki fərdi qaydada təhsil aldı. Atası arzu edirdi ki, oğlu da gələcəkdə rəssam olsun. Bu hissləri onda aşılamaq üçün çalışırdı da. Uilki 11 yaşından sonra məktəbə getməyə başladı. Lakin onun London məktəbindəki təhsili də elə uzun sürmədi. Belə ki, ailə bir il sonra İngiltərədən İtaliyaya köçdü. Lakin onlar burada uzun müddət yaşamadılar. İki ildən Kollinzlər yenidən vətənə - Londona qayıtdılar və onların həyatı bir müddət adi qaydada sürdü. O, 17 yaşına çatanda atasının köməyi ilə çay importu ilə məşğul olan firmanın ofisində işə düzəldi. Təxminən 5 il burada işlədi.
   
   Amma belə bir iş ona görə deyildi. Bu səbəbdən də Uilki həmin işdən uzaqlaşıb Linkolnz-İnn məhkəməsinə qəbul olundu və orada hüququ öyrənməyə başladı. 27 yaşında artıq o, vəkillik peşəsinə yiyələndi, amma qeyd edim ki, Uilki heç vaxt vəkillik sənəti ilə məşğul olmadı. Onun haqqında bəzi təhqiqatçılar yazırdılar ki, Kollinzin hüququ öyrənməsi sonradan onun yazdığı dedektiv əsərlərin peşəkarlıq səviyyəsini müəyyən edib. Həqiqətən də hüquqi məntiqə sahib olması bir sıra əsərlərinin yazılmasında ona inanılmaz yardım edib. Əslində Uilki ondan xeyli əvvəl bədii yaradıcılığa maraq göstərirdi.
   
   
   
   İLK ƏSƏRLƏRİ VƏ "AĞ PALTARLI QADIN"
   
   
   
   1847-ci ildə onun həyatında kədərli dəyişiklik baş verdi. Atası vəfat etdi. Bu itki Uilkinin daxilində dərin izlər buraxdı. O bütün digər yazı-pozularını bir tərəfə buraxaraq atasının həyatı haqqında bioqrafik əsər üzərində işləməyə başladı. Təxminən bir il sonra - 1848-ci ildə əsər ərsəyə gəldi. Və yazar kimi ilk təcrübəni qazanmış oldu. İki il sonra isə Kollinz ilk bədii romanını - "Antonina"nı yazdı. Bu əsərdən də sonra onun oxucuları yaranmağa başladı. Lakin o dövrün ədəbi mühiti gənc Kollinzə o qədər də ciddi yanaşmırdı. Lakin o beləcə asanlıqla rudan düşənlərdən deyildi. Uilki inanırdı ki, bir gün gələcək o, ədəbiyyatda öz sözünü deyə biləcək. Elə bu da ondakı yazmaq həvəsinə əlavə stimul verirdi. Uilki Kollinz yaradıcılığına ara vermədi və biri-birinin ardınca digər əsərləri - "Dəmiryolu yaxınlığında gəzinti"sini, "Vasiliy"i yazdı. Daha sonra "Cənab Rey Kaç Boks" işıq üzü gördü.
   
   Əslində Kollinzin o dövrdə belə ehtiyatla ədəbiyyat aləminə "buraxılması" boşuna deyildi. Çünki o illərdə kifayət qədər tanınmış romançılar, yazıçılar vardı ki, artıq şöhrətləri Britaniya hüdudlarından çox uzaqlara yayılmışdı. Və onların mühitində gənc bir istedadın parlaması, tanınması təbii ki, asan olmayacaqdı. Amma Kollinz mühitə yalnız quru iddiaları ilə gəlməyə can atan qələm sahibi deyildi. Onun bacarığı, istedadı özünə yol açacaqdı. Amma bununla belə Uilkinin ədəbi aləmdə artıq kifayət qədər məşhurlaşmış Çarlz Dikkenslə 1851-ci ildə rastlaşması və sonradan yaxın dostlara çevrilməsi Kollinzin həm yaradıcılığında, həm də ədəbi mühitdə tezliklə tanınmasında mühim rol oynadı. Hətta bu dostluq elə səviyyəyə çatdı ki, onlar bilikdə bir neçə əsərin müəllifi də oldular.
   
   Əlbəttə, yaradıcılığına təsir məsələsində onun başqa bir tanışlığını da yaddan çıxarmaq düz olmazdı. Çünki Dikkensdən savayı 1858-ci ildə Kerolayn Elizabet Qreyvz adlı dul qadınla dostlaşaraq yaxın mübasibətlər qurması yazıçıda qeyri-adi təəssürat oyatmışdı, onun yaradıcılığında öz dərin təsirini göstərmişdi. Həmin dövrlərin şahidi olan rəssam C. E. Milles Kollinzlə miss Qreyvzin görüşü haqqında yazarkən qeyd edirdi ki, hər şeydən qabaq məhz Kerolayn yazıçıya "ağ paltarlı qadının" ideyasını vermiş oldu. Və iki ildən sonra böyük ustalıqla qələmə alınmış məşhur "Ağ paltarlı qadın" gün işığına çıxdı. Sonralar dünyanın bütün böyük dillərinə tərcümə olmuş bu əsər elə çapndan dərhal sonra böyük maraqla qaşılandı. Və sanki Kollinz bu əsəri ilə bütün London ədəbi mühitinə özünün böyük yazıçılığını əyani şəkildə sübut etmiş oldu.
   
   
   
   
   
   MƏŞHUR "AY DAŞI"
   
   
   
   Lakin "Ağ paltarlı qadın" yazıçının böyük istedadının üzə çıxardığı sonuncu əsər deyildi. Səkkiz ildən sonra Kollinzin yazdığı və bütün dünyanı fəth edəcək ən məşhur əsərini - "Ay daşı"nı yazdı. Bu gözəl roman həm də ingiliscə dedektiv janrında yazılmış ilk əsər hesab edilir. Həqiqətən də bu romanı oxuyub zövq almamaq mümkün deyil. Əsər boyu oxucu tipik bədii "dedektiv" süjetin romantik motivlər üzərində necə ustalıqla birləşdirildiyinin heyranı olur. Mən deyərdim ki, bəlkə də Kollinz "Ay daşı"ı ilə o dövrə qədər olan bu tip əsərlərdəki ədəbi şablonları dağıtdı. O, bəhs edilən hadisələri süni deyil, təbii inkişaf mərhələsindən keçirərək əsər boyu müşaiyət olunan məntiqi əlaqəni bədii dillə oxucuya çatdıra bilib. Ümumiyyətlə, bu romanı o dövrün ədəbi hadisəsi də adlandırmaq olardı. Əsər dünyanın bir sıra dillərinə tərcümə olunaraq yazıçıya dünya şöhrəti qazandırdı. Həqiqətən də bu gün harada olursansa ol, Kollinzdən söz düşərkən "Ay daşı"nı və "Ağ paltarlı qadın"ı xatırlamamaq mümkün deyil, eləcə də əksinə. Ümumiyyətlə, Uilyam Uilki Kollinzin yaradıcılığı özünün romantizmi ilə seçilir. Amma bu, Avropanın ənənəvi romantizmi deyildi. Kollinz romantizmində həm də bədiiləşmiş mistika vardır. Uilyam Uilki Kollinz bütün yaradıcılığı boyu həm də kifayət qədər məhsuldar işləmişdir. Belə ki, o, 30 romanın, 60-dan çox hekayənin, 14 pyesin və 100-dən artıq məqalənin müəllifidir.
   
   Bu qəribə istedada malik yazıçının öz şəxsi həyatı qibtəedici olmamışdır. Gözləri çox zəif gördüyündən erkən yaşlarından böyük dərəcəli böyüdücü eynəklərdən istifadə edib. Gənc yaşlarındaca mübtəla olduğu revmatik padaqra adlanan xəstəlikdən daim əziyyət çəkirdi. Və onu çox vaxt rahat buraxmayan ağrılardan canını qurtarmaq üçün tez-tez opiumdan istifadə etmək məcburiyyətində qalırdı. Bu da çox keçmədi ki, yazıçıda daha ciddi problemlər yaratdı. Belə ki, ağrıların azalması üçün qəbul etdiyi dərmanlar onda paranoy-sayaqlamalar, təqiboluma sindromunun yaranmasına səbəb oldu. Bütün bunlar azmış kimi uzun illər bərabər yaşadığı anasının həmin ərəfədə dünyasını dəyişməsi Kollinzi bir daha sarsıtdı və həmin psixoloji gərginlik uzun müddət onu tərk etmədi.
   
   
   
   
   
   BU ONUN TALEYİ İDİ...
   
   
   
   O, həyatı boyu rəsmi olaraq ailə qurmamışdı. Amma bu o demək deyildi ki, Kollinz ömrünü qadınsız başa vurdu. Xeyr. O, yuxarıda qeyd etdiyim miss Kerolayn Qreyvzlə və onun qızı Elizabetlə birlikdə yaşamış, daha sonra üç uşaq anası Marta Raddla birlikdə olmuşlar. Maraqlıdır ki, yazıçı Martanın üç uşağını öz doğma övladları kimi qəbul etmiş, qadınsa uzun müddət Kollinzin evinin "sahibəsi" kimi Londonda yaşamışdır . Daha qəribəsi isə o idi ki, Kerolayn 1868-ci ildə Cozef Klou adlı şəxsə ərə getsə də iki il sonra yenidən Kollinzin yanına qayıtmışdır. Və Kollinz haqqında təhqiqatlar aparanlar yazırlar ki, yazıçı o zamandan sonra bir daha, ömrünün sonunadək Kerolayndan ayrılmayıb.
   
   1885-ci illərdən sonra Uilki Kollinzin səhhətindəki problemlər daha da artmağa başladı. Əvvəl əziyyət çəkdiyi xəstəliklərə, ağrılara yeniləri də əlavə olundu. Onda güclü ürək və baş ağrıları başladı ki, artıq yazıçı onları qaydaya salmaq, xəstəliklərə qalib gəlmək gücündə deyildi. Bir neçə il də ötdü və yazıçı qəfl insult keçirdi. Və Uilki Kollinz 1889-cu il sentyabrın 23-də Uimpol-stritdəki evində dünyasını dəyişdi. Heç vaxt onu tək qoymayan Kerolayn Qreyvz onda da Kollinzin yanında idi. Yazıçının öz vəsiyyətinə görə, onu təmtəraqsız, çox sadə bir yas mərasimi ilə Kensel Qrin qəbiristanlığında dəfn etdilər. Ondan qalan yalnız əsərləri oldu... Və birdə sevdiyi qadın. Amma Kerolayn da Kollinzdən sonra çox yaşamadı. Altı ildən sonra öldü, onu da özünün istəyinə görə Kollinzin yanında basdırdılar...
   
   

TƏQVİM / ARXİV