adalet.az header logo
  • Bakı 7°C
14 May 2015 09:10
49163
GÜNDƏM
A- A+

UŞAQLARIN SEVİMLİSİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına
dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


(Xanımana Əlibəylinin anadan olmasının 95 illiyi münasibətilə)

Onu ağlım kəsəndən uşaq yazıçısı kimi tanımışam. Orta məktəbin aşağı siniflərində oxuyanda dərsliklərdə şeirlərini əzbərləmişəm, kənd kitabxanasından "Dovşanın ad günü", "Meşə həkimi", "Novruz və Murtuz", "Yaz konserti", "İşləməyən dişləməz", "Uşaq mahnıları" kitablarını alıb evə gətirmişəm, sevə-sevə oxumuşam. Bu kitablardakı şeir və hekayələr məni valeh etmişdi. Üzünü görmədiyim bu müəllif böyük dünyaya gedən yolda ilk bələdçilərimdən oldu. Elə o zaman hiss elədim ki, Xanımana Əlibəyli Azərbaycanda yaşayan hər bir uşağın qəlbinə belə hakim kəsilə bilər. Sonralar öz uşaqlarıma da Xanımana Əlibəylinin şeirlərini, hekayələrini oxutdurdum, indi isə nəvələrim oxuyur.
İllər keçdi, mən Xanımana Əlibəylinin yaradıcılığını izlədim, yeni kitabları ilə tanış oldum, hər dəfə də dönüb təzədən uşaq oldum. Böyük rus tənqidçisi V.Q. Belinskinin bir fikrini xatırlayıram. O yazırdı ki: "Uşaq yazıçısı olmaq yox, doğulmaq lazımdır". Yəni uşaqlar üçün yazanda onların dünyasına, maraq dairəsinə yaxşı bələd olmaq lazımdır, balacaları daim düşündürən suallara bədii söz dililə cavab vermək lazımdır. Bir sözlə, böyük dünyanın kiçik modelini onların üzünə açasan gərək...g
Azərbaycanda uşaq yazıçısı kimi şöhrətlənən sənətkarlar az olmayıb. Bir neçə nəsil Abbas Səhhətin, Abdulla Şaiqin, Süleyman Sani Axundovun, daha sonralar Mir Mehdi Seyidzadənin, Mikayıl Rzaquluzadənin, Mirvarid Dilbazinin, Teymur Elçinin, Əzizə Əhmədovanın, Hikmət Ziyanın, İlyas Tapdığın, Məstan Günərin şeirləri ilə böyüyüb, boya-başa çatıb. Mən Xanımana Əlibəylini də o ustadların sırasında görürəm.
Bizdə çox zaman uşaq ədəbiyyatına - yaradıcılığın bu fəaliyyət sahəsinə dırnaqarası baxılmışdır. Bəzi yazarlarımız onların adları "uşaq yazıçısı" kimi yad olunsun deyə, nəsə yazırdılar. Halbuki, balacalar üçün yazmaq böyüklər üçün yazmaqdan heç də asan deyil. Mən uşaq ədəbiyyatının yorulmaz fədailərinin adlarını çəkdim. Amma söhbəti Xanımana Əlibəylinin yaradıcılığı üzərinə gətirmək istəyirəm.
"XX əsr Azərbaycan yazıçıları" ensiklopedik məlumat kitabçasına baxdım. Xanımana Əlibəylinin yığcam tərcümeyi-halı və işıq üzü görən kitablarının siyahısı ilə tanış oldum. Bu məlumatların çoxu mənə tanış idi. Xanımana Əlibəyli ilk şeiri çap olunan vaxtdan (1938) ömrünün son günlərinə qədər - nə az, nə çox - düz 70 il ancaq uşaqlar üçün yazıb-yaratmışdır. İyirmidən artıq kitabı çapdan çıxıb. Və bu kitabların elə adlarını çəkmək yetər ki, onların mövzu dairəsi bəlli olsun: "Balaca həkim", "Dovşanların günü", "Meşə həkimi", "Yaz konserti", "Ağ çəmən", "Məni Günəşə at", "Ləpələrin nağılı", "Noğul", "Mərcanqul əfsanəsi", "Ulduzların nəğməsi", "Qaçqın balalar" və s.
Xanımana Əlibəylinin "Dovşanın ad günü", "Aycan" pyesləri Gənc Tamaşaçılar teatrında, "Cinquş", "Gözəllər gözəli" pyesləri isə Kukla teatrında tamaşaya qoyulmuşdur. Deməli, o, bütün bədii yazılarını uşaqlara həsr etmişdir.
Xanımana Əlibəylinin "Yol" adlı bir şeiri var və istəyirəm onun yaradıcılığı barədə söhbətə də elə həmin şeirlə başlayım:

Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur.
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu.
Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada, -
Qoca olana qədər.
Bax, uşaqla doludur,
O, məktəbin yoludur.

Bu şeiri Xanımana Əlibəylinin bütün yaradıcılığı üçün bir bələdçi şeir hesab etmək olar. Yəni o, uşaqların bir-birindən maraqlı və rəngarəng dünyasından yazıb, məktəb həyatını təsvir edib. Ancaq onun yaradıcılığını bu mövzularla məhdudlaşdırmaq olmaz, çünki o, müxtəlif yaşlı uşaqların hər birinin istək və arzularına, onları düşündürən suallara cavab verməyə can atırdı. Uşaq dünyası isə körpənin dünyaya gələrkən ilk çığırtısından başlamış orta məktəb bitirənə qədər, yəni ilk gənclik dövrünə qədəm basana qədər böyük bir dövrü əhatə edir. Bu isə yazıçıdan istedad tələb edir.
Xanımana Əlibəylinin şeirləri çox sadə və anlaşıqlı idi, başqa cür mümkün deyil, çünki uşaqlarla elə dildə danışmaq lazımdır ki, o, səni başa düşsün. Hətta o dərəcədə sadə və anlaşıqlı ki, yazılan şeirləri əzbərləmək çətinlik törətməsin. Onun şeirlərində bir misra belə tapa bilməzsən ki, uşaqlar onları oxuyanda pəltəkləsin. Bu şeirlərdə hər bir uşağın anlaq tərzi və psixologiyası nəzərə alınır. Əlimdə onun müxtəlif illərdə çap olunan iki kitabı var - "Noğul" və "Mərcanqulu əfsanəsi". Bu kitablarda olan şeirlər lap çoxdan yazılıb, ancaq zaman məsafəsi burada əriyib yoxa çıxır və belə bir qənaətə gəlirsən ki, həmin şeirlərin əksər qismi lap elə bu günlərdə yazılıb. Budur, "Şəkilli kitab" - hələ əlifbaya bələd olmayan, hərfləri tanımayan bir uşağa həmin şeiri oxu:

Şəkillərlə doludur
Rəngli kitabın içi.
Baxın: bu kənd yoludur,
Gedir yolla biçinçi.
Bu, əkilən darıdır,
Sünbülü sapsarıdır.
Buğdalar taya-taya,
Günəş yol salır çaya.
Bu körpəyə baxsana,
Quzu kimi mələyir,
Ağac altında ana,
Onu açıb bələyir.
Çöldə güllərə bax sən,
Yaşıl, qırmızı, abı.
Lap çox istəyirəm mən
Belə rəngli kitabı.

Yaxud, "Külək" şeirini götürək. Elə bil indi yazılıb:

Axşamacan çalırsan
Teleqraf tellərini.
Sən necə səs salırsang
Görmürəm əllərini.
Gah olursan qızılquş,
Gah dönürsən kəhərə.
Sənin adın qoyulmuş
Bizim doğma şəhərə.

Xanımana Əlibəyli balaca uşaqlara təbiəti sevməyi, ata-anaya hörmət etməyi, Vətənə vurulmağı təbliğ edir. Əgər onun uşaq şeirlərinin hamısını bir vurğuya gətirsək, yəni bu şeirlərin məna və mahiyyəti nədədir sualını vermiş olsaq, cavabı belə olar, sevgi və vətənpərvərlik. Təbiətə, ataya-anaya-müəllimə-məktəbə sevgi. Vətənə sevgi.
Xanımana Əlibəyli uşaqlar üçün çoxlu kiçik poemalar da yazıb. "Dovşanın ad günü", "Meşə həkimi", "Bikə", "Novruz və Murtuz", "Balaca rəssam", "Mixək gülü", "İşləməyən dişləməz", "Ağ çəmən", "Mərcanqulu əfsanəsi". Bu poemaların hər biri müəyyən süjetlə bağlıdır. Ya nağıllardan gələn motivləri süjetə daxil edir, ya da müasir həyatda baş verən hadisələr qələmə alınır. Uşaqlar indinin özündə də bu poemaları maraqla, gözlərində heyrət, sonacan dinləyə bilərlər. Xatırlayıram ki, Xanımana Əlibəylinin yaradıcılığı ilə bağlı bir tədbirdə balaca uşaqlar, azyaşlı məktəblilər onun bir poemasını necə həvəslə dinləyirdilər.
Sonra uşaqlar özləri o poemanın əsasında maraqlı səhnəcik düzəltmişdilər. Həmin tədbirdə uşaqların sevimlisi Xanımana Əlibəyli özü də uşaqlaşmışdı, onların dünyasıya qovuşmuşdu. Onun özündə də bir uşaq saflığı vardı. O, ixtisasına görə həkim idi. Tibb İnstitutunu bitirmişdi (sonralar ADU-nun filologiya fakültəsində də təhsil aldı). Həkimlər isə uşaqlara qarşı daha həssas olurlar.
Xanımana Əlibəyli haqq dünyasına qovuşub. Amma biz onu unutmuruq. Özümüz onun şeirləri ilə böyümüşük, indi nəvələrimizə o şeirləri oxuyuruq. Sənətkarın ölümsüzlüyü də elə bundadır, özü getdi, əsərləri yaşayır!