adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

VENDETTA?

MƏZAHİR ƏHMƏDZADƏ
34178 | 2011-04-30 08:02
Ölkəmizdə qətl və intihar hadisələrinin keçmişlərə nisbətən nəzərəçarpacaq sayda artması təbii narahatlıq doğurur. Baş vermiş hadisələri mətbuat və televiziya müntəzəmliklə diqqətə çatdırır, cəmiyyətə bir növ "SOS" siqnalı ötürür. Mən özüm bu tip ağır hadisələrlə bağlı informasiyaları ümumiləşdirərək son bir il ərzində 5 müxtəlif məqalə dərc etdirmişəm. Bizim bundan artığına gücümüz çatmır, başqa vasitələrin də müdaxiləsinə ehtiyac var. Yoxsa çoxdan unudulmuş bəzi qorxulu adətlərin də yenidən baş qaldırmasına şahidlik etmiş olarıq.
   
   Bu yaxınlarda Göyçayda ağır qətl hadisəsi baş verib. Məqsədim kriminal məqalə yazmaq olmadığından ad-soyad, təvəllüd, nə bilim, cinayət hadisəsinin təfərrüatları - bıçağın ölçüsü, yaraların dərinliyi və s. haqqında məlumat verməyəcəyəm. Qəzetlər yazıb, televiziya kanalları göstərib bu hadisəni. Rayonun Bığır kəndindən olan iki gəncdən biri digərini bıçaqlayaraq öldürüb, sonra da gedib polisə təslim olub. Bu, ilk baxışda, həqiqətən tez-tez rastlaşdığımız, eşitdiyimiz qətl hadisələrindən biridir. Ancaq...
   
   Bir qədər keçmişə qayıtmalı olacağıq. Bığır Göyçay rayonunda əhalisinə və ərazisinə görə ən böyük kənd hesab olunur. Bu kənd təbii ki, özünün narı ilə daha çox məşhurlaşıb və az qala dünyanın çox yerində tanınıb. Keçmişlərdə, deyilənlərə görə, 50-60 il bundan əvvəllərə qədər bu kəndin xoşagəlməz və qorxulu bir özəlliyi onun gülöyşə narlı şöhrətinə həmişə kölgə salırmış. Nə imiş bu qorxulu özəllik? Müxtəlif mübahisələr, dəliqanlılıq, dava-şavalar sonralar daha böyük qisaslara yol açırmış. Ağır cinayətlər baş verirmiş, qanlar tökülürmüş, qətllər olurmuş. Ölən ölürmüş, hökumət də qatili tutub ya Sibirə, ya da güllələnməyə... İş bununla bitmirmiş, qan düşmənçiliyi, qisas ehtirası yenidən davam edirmiş. O vaxtlar belə bir rəvayət də dolaşarmış ki, bu kənddə iki qəbiristanlıq olub. Bunlardan biri öz əcəli ilə ölməyənlər üçünmüş. İnananlar olsa da, belə bir qəbiristanlıq mövcud deyilmiş, sadəcə qorxu və vahimənin kənddən uzaqlara daşınan müəyyən bir forması, üsulu imiş. Həm də böyük bir kənd içində iki qəbiristanlığın salınması onların təyinat müxtəlifliyini əks etdirmir.
   
   Sonralar kəndin daha müdrik ağsaqqalları yetişdi, elmli, bilikli şəxsiyyətləri yetişdi, respublikada tanınan, sayılan şairləri, yazıçıları, alimləri, dövlət adamları yetişdi. Əvvəllər güc, silah, zor göstərənlərə oxşamaq istəyən bəzi gənclər, sonralar yaxşı cəhətdən məşhurlaşan həmyerlilərinə oxşamağa çalışdı. Bığır sözün həqiqi mənasında özünün yetirmələri - alimi, yazıçısı, generalı, rəhbər işçisi ilə daha çox tanınmağa başladı. Hətta narın şöhrəti bir qədər üstələndi də. İndi bu kəndi gözəl insanları, bərəkətli torpaqları, məşhur nar bağları birlikdə şöhrətləndirir.
   
   ... Qan düşmənçiliyi bu kənddə heç vaxt böyük bir dövrü əhatə edə bilməzdi. Çünki qisasçılığın Albaniya, Serbiya, Yaponiya, İtaliya kimi uzun əsrlər boyu bir adət kimi davam edən ölkələrlə müqayisədə Bığırın keçmişlərində baş verənlər çox da amansız və kütləvi görünməyib. Hələ bir Yaxın Şərqdəki aşirət düşmənçilikləri. Həm də ki, bütün bunlar tədricən ən qatı və mühafizəkar yerlərdə belə çoxdan ləğv olunaraq aradan qaldırılıb. Hətta 35-40 il bundan əvvəllərdə yazılan sonuncu əsərlərlə, sonuncu filmlərlə qan düşmənçiliyinin çoxdan sona çatdığına işarələr edilib. Qarıların intiqam eşqiylə tamaşaçıları doyunca güldürən "Korsikasayağı intiqam" adlı filmdəki kimi. Yəni götürülmüş mövzuya bir parodiya olaraq.
   
   Göyçayda baş verən qətl hadisəsinin də kökündə müəyyən qədər qan düşmənçiliyi, intiqamçılıq dayandığından məsələyə bir az başqa yöndən yanaşmalı oldum. Eşitdiyimə görə, həmkəndlisini bıçaqlayıb öldürən cavan adam çoxdan öz qurbanını güdürmüş. Bir ilmi, iki ilmi, dəqiq bilmirəm.
   
   Rusiya Federasiyasında həmkəndlilərin mübahisəsi düşür və indi qətli törədənin qardaşı öldürülür. Məlum olur ki, Göyçayda qətlə yetirilənin da bu işdə əli varmış. Qisas qərarı çıxarılır. Bunu duyan günahkar Rusiyadan kəndlərinə qayıdır və çox ehtiyatla gəzib dolaşır. Mərhumun qardaşı isə uzun müddət onu güdərək, nəhayət həmin gün yaxalayıb bıçaqla ölümcül zərbələr endirir...
   
   Bu ağır cinayət hadisəsinin qarşısını almaq mümkün idimi? Əlbəttə! Çünki əhvalatı kənddə hamı bilirmiş. Rusiyada hadisə necə baş verib, qardaşlardan biri necə öldürülüb, kim tutulub, fitva kimdən keçib?.. Bu qanlı hadisənin davamının qarşısını almaq üçün ya qohum-əqrəba təmkinlə işə qarışmalı, ya da vaxtında hüquq-mühafizə orqanlarının rəhbərlərinə xəbər verilməli idi. Düzgün, dəqiq və qərəzsiz!
   
   Bunların heç biri olmadığından qan axıdılması dayanmadı. Ailələrə daha bir dərd, bədbəxtlik üz verdi.
   
   
   
   P.S. Mən bu köşəni hadisədən 3-4 gün sonra yazıb həftəsonu sayımız üçün saxlamışdım. Aprelin 24-də təsadüfən ATV kanalında göstərilən bir süjet diqqətimi cəlb etdi. Söhbət Bığır kəndindəki "öz əcəli ilə ölməyənlər"in qəbiristanlığından gedirdi. Ancaq tamam başqa yanaşmada...

TƏQVİM / ARXİV