Vaqif Əlixanlı ilə bəxt haqqında

ETİBAR CƏBRAYILOĞLU
52481 | 2011-04-30 08:02
Ədəbiyyatda imzasını çoxdan sübut edən Vaqif Əlixanlı bu gün daha populyar ola bilərdi. Qəzetlərdə tez-tez müsahibələr verər, telekanalların kameraları qarşısında görünər, gündəmdəki məsələlərin müzakirəsinə qoşulardı.
   
   Lakin Vaqif Əlixanlı Tanrının ona verdiyi ömrü hər cür hay-küydən, reklamdan, dəbdəbədən uzaq yaşamaq, sözün təəssübünü əsl peşəkara layiq şəkildə çəkmək yolunu tutub. Həyatda halallığın, dürüstlüyün, sənətdə peşəkarlığın tərəfdarı olan Vaqif bəy 200-dən çox pyesin, bədii filmin tərcüməçisidi. Beş kinossenarisi isə hələ də rejissorunu gözləyir.
   
   Təkcə ədəbiyyata deyil, televiziya və radioya, mətbuata illərini verən Vaqif bəylə bəxt haqqında danışdıq.
   
   
   
   - Bəxtinizə rəsmi vəzifədə çalışmaq da düşüb. O zamankı Mədəniyyət Nazirliyində idarə rəisi olmusuz. Son illər müxtəlif telekanallarda çalışmısız. İş yerlərini tez-tez dəyişmək daha azad yaradıcılıq mühiti axtarmağınızla bağlıdı, yoxsa başqa səbəblər var?
   
   - Hər ikisi var. Bəzən elə olub ki, şərait ordan getməyimi tələb edib. Məsələn, telekanalda rəhbərlik dəyişib, yeni kollektiv yığılıb. Amma onu da deyim ki, hələ bu vaxta qədər mənimlə çalışmaq istəməyən idarə rəhbəri olmayıb. Getmək barədə qərarı həmişə özüm vermişəm. Çalışdığım telekanalda və ya hansısa bir yaradıcılıq təşkilatında nəsə məni qane etməyəndə üzümü çevirib ordan getmişəm. Qane olmadığım məsələlər deyəndə işin maddi tərəfini nəzərdə tutmuram. Çünki maddiyyat şərti şeydi. Maddiyyat heç vaxt yaradıcı insanların, qələm adamlarının tələblərini tam ödəyə bilməyib.
   
   - Son illər bədii tərcümə, dublyaj və jurnalistika sanki bir bəxtsizlik yaşayır. Hər üç sahəni mükəmməl bildiyiniz üçün bunun səbəblərini sizdən soruşmaq istəyirəm...
   
   - Bədii tərcümədə, dublyajda, jurnalistikada və ümumiyyətlə qələm işində həmişə yüksək peşəkarlığın və istedadın tərəfdarı olmuşam. Bilmirəm, bu mövqedə haqlıyam, ya haqsızam, ancaq hər halda tutduğum mövqe budu.
   
   Jurnalistikadan başlayaq, sözün açığı, qəzet oxumaq tələbatımı Rusiya mətbuatı ilə ödəyirəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, 1969-cu ildən bəri "Literaturnaya qazeta"nın hər sayını alıb oxuyuram. Bu qəzetin bütün yaradıcılıq mərhələləri gözümün qabağındadı. Etiraf edək ki, rus publisistikası çox güclüdü. Hətta Amerika mətbuatı da rus publisistikasından bəhrələnir. Rus jurnalistikasının belə güclü olmasının səbəbi isə onun sözdən, ədəbiyyatdan qidalanmasındadı. Rusiya telekanallarının baxımlı olmasının da səbəbi budu. Bizim jurnalistika isə əvvəlki dövrdən fərqli olaraq, daha ədəbiyyata, sözə, təsvirə yox, yalnız quru fakta söykənir. Telejurnalistikamızın durumu da göz qabağındadı. İnsan amili, onun həyatı, psixologiyası yavaş-yavaş arxa plana keçməkdə və getdikcə də unudulmaqdadı. İndi şou televiziyada ön plana keçib. Adını da qoyuruq ki, reytinq gətirir, reklam qazandırır. Bunu fikirləşən yaman fikirləşib. Reytinqi ölçən, müəyyənləşdirən qurumların arxasında hansı qüvvələr dayanır, onların məqsədi nədi? Məsələnin bu tərəfini nədənsə düşünən yoxdu.
   
   Bir ara Rusiya telekanallarında da şou verilişlər daha çox baxılırdı. Amma son vaxtlar tamaşaçıların "Kultura" kanalına marağı hədsiz artıb. Görünür Rusiyada sular yavaş-yavaş durulmağa başlayıb. Gözləyək görək bizdə necə olacaq. Qismət İlahidən...
   
   Bədii tərcümənin durumuna gəlincə, son vaxtlar xoşuma gələn tərcümə görməmişəm. Vaxtilə Çingiz Aytmatovun "Qismət" ("Plaxa") romanını tərcümə eləyəndə bu işə ürəyimin qanını verdim. Bu gün də hesab edirəm ki, o sıradan bir tərcümə deyil. Ümumiyyətlə isə 200-dən çox pyes, bədii film tərcümə etmişəm.
   
   Dublyaj sahəsindəki duruma gəlincə, bu gün "Space" telekanalında dublyaj redaksiyasında çalışıram. Fikrimcə, bu gün elə ən salamat yer elə dublyajdı. Düzdü, bu gün dublyajla bağlı xeyli tənqid səslənir. Onların əksəriyyəti ilə razıyam. Bu sahəni bütün ölkədə inkişaf etdirmək üçün dövlət dəstəyinə ciddi ehtiyac var. Onu da deyim ki, yeni müstəqillik əldə edən ölkələrdə ana dilinin qorunması və inkişafı üçün dublyajın əvəzsiz rolu var. Pis dublyaj dili qorumur, əksinə ona ziyan vurur. Mənim fikrimcə, bu sahənin inkişafı üçün Türkiyə modelindən yararlana bilərik.
   
   - Təxminən 20-25 il bundan qabaq "Azərbaycan" jurnalında sizin "Əkmə qəm ağacı" kinossenarinizi oxumuşdum. Həmin kinossenarinin bəxti niyə gətirmədi?
   
   - Ömər Xəyyamın həyatından bəhs edən "Əkmə qəm ağacı" Moskvanın "Ekran" Yaradıcılıq Birliyinin sifarişi ilə çoxserialı film kimi çəkilməli idi. Azərbaycanın ilk çoxseriyalı filmi olacaqdı. Ssenarini Tacikistan tərəfi yazmalı idi, lakin yazılmadı. Sonra bu iş Maqsud İbrahimbəyova, Anara təklif olundu. Onlar da imtina etdilər. Nəhayət bu məsuliyyətli işi öz üzərimə götürdüm. Ssenari hazır olanda hamı təəccübləndi. Görünür belə yüksək səviyyədə alınacağını heç kim gözləmirmiş...
   
   Üç seriyalı filmin kinossenarisi rus dilinə tərcümə olunduqdan sonra Moskvaya göndərildi. Moskvada kinossenari böyük maraqla qarşılandı və bəyənildi. Yaradıcılıq Birliyinin Vlasova soyadlı baş redaktoru dedi ki, Lomonosov haqqında 10 seriyalı filmin ssenarisi də məndədi və onu "Əkmə qəm ağacı"ilə paralel oxuyuram. Mənim kinossenarimi tərifləyib göyə qaldırdı. Bu münasibəti görəndən sonra elə fikirləşirdim ki, bu gün-sabah filmin çəkilişləri başlayacaq...
   
   Yuliy Qusman da kinossenarimi bəyəndi və dedi, sən elə yazmısan ki, artıq rejissor ssenarisi də hazırdı. Qusman filmi çəkmək istəyirdi. Lakin "Ekran"ın baş direktoru Xessin filmi Qusmana vermədi. Bu söhbət olub 1980-ci ildə. O zaman Xomeyni İranda hakimiyyətə yenicə gəlmişdi. Baş direktor dedi ki, mən də yəhudiyəm, Qusman da. Narazılıq yaranmasın deyə, yaxşısı budur filmi başqa rejissor çəksin. Gülbəniz Əzimzadə, Tofiq İsmayılov filmi çəkmək istədilər. Yenə alınmadı. Növbəti dəfə Moskvaya gedəndə məlum oldu ki...
   
   Mənə Bakıdan göndərilən teleqramları göstərdilər. Ad çəkmək istəmirəm, bəziləri bu filmin çəkilməsinə mane olmaq üçün Moskvaya teleqramlar göndərirdi. Yazırdılar ki, guya müəllif "Əkmə qəm ağacı"nda İslam dinini müdafiə edir. Ssenaridə bəzi səhnələr var idi, məsələn, uşaq yatanda başının altına Quran qoyur, ev yananda odun içinə girib Quranı xilas edir. Bizimkilər bu səhnələrin çəkilməsini istəmirdilər. Bəzi "dostlar" film çəkilməsin deyə çox "əziyyətlərə" qatlaşdılar.
   
   Sonra elə oldu ki, ssenarinin üzərində işləmək üçün Moskva tanınmış ssenarist, dövlət mükafatı laureatı Odılşah Aqışevi Bakıya göndərdi. Ssenari onun da xoşuna gəldi və onunla dostlaşdıq. Belə məlum oldu ki, filmi Rasim Ocaqov çəkəcək. Lakin son anda Rasim Ocaqova kim nə dedisə, rəhmətlik də bu filmdən imtina elədi.
   
   Bu yaxınlarda "Literaturnaya qazeta"da maraqlı bir xəbər oxudum. Odişev hansısa bir kino şirkətində Ömər Xəyyam haqqında 8 serialı film çəkir. Mən də tənbəllik etməyib onu axtarıb tapdım. Telefonda səsmi eşidən kimi səsi titrədi. Başladı nala-mıxa vurmağa, guya bu film tamam başqa ssenari ilə çəkilir. Amma bilirəm ki, yalan deyir. Film hazır olandan sonra baxacam. Sübut edəcəm ki, ssenarim oğurlanıb. Əlimdə fakt olandan sonra kim nə deyə bilər?
   
   Şah İsmayıl Xətai haqqında yazdığım kinossenarinin də bəxti gətirmədi. Filmi Şeyx Əbdül Mahmudbəyov çəkməli idi. Şah İsmayılın uşaqlıq dövrünü Mövlud Süleymanlı, Şahlıq dövrünü isə mən yazırdım. Nəsə oldu, flm çəkilmədi. "Oğlum, qardaşım əcəl" kinossenarimi də ekranlaşdırmadılar. Baxmayaraq ki, Mədəniyyət və Turizm Nazirliyində 20 kinossenari arasında "Oğlum, qardaşım əcəl"i bəyənilmişdi. Dedilər ki, əla ssenaridi. Lakin onu çəkmək üçün xüsusi rejissor tapmaq lazımdı. Digər bir ssenarim Şərq detektivi ilə bağlı idi. Rejissorla hər bir məsələdə anlaşmışdıq. Sonda fikirlərimiz üst-üstə düşmədi. Nə isə, hələ ki, dözürəm. Görək nə olur... Belə getsə "Çəkilməyən kinossenarilər" adlı kitab çap etdirəcəm.
   
    - Sizinlə söhbət əlamətdar hadisə ərəfəsinə təsadüf etdi. Gənc Tamaşaçılar Teatrında "Əcəl atı" pyesinizin premyerası oldu. Arzu edək ki, tamaşanın bəxti uğurlu olsun...
   
   - Bu pyesi bayaq xatırlatdığım "Oğlum, qardaşım əcəl" kinossenarisi əsasında yazmışam. Rejissor Ağalar İdrisoğlu tamaşaya quruluş verib. Əsas söz tamaşaçılarındı. Səsləndirdiyiniz arzuya mən də qoşuluram. Hər bir müəllif istəyir ki, qələmə aldığı əsərin bəxti uğurlu olsun.
   
   - Vaqif Əlixanlı özünü bəxti gətirən adam hesab edir?
   
   - Əlbəttə. Daxilən bədbin adamam. Amma Allahın lütfü ilə mənə görməyə göz, yeriməyə ayaq, qələm tutmağa əl verilibsə necə bəxtimdən şikayətlənə bilərəm? 1998-ci ildə bütün müsəlmanların müqəddəs məkanı olan Məkkə və Mədinəni ziyarət etmək mənə nəsib oldu. Həcc ziyarətindən əvvəl də, indi də İslam dininin qaydalarına əməl edirəm. Fəxr edirəm ki, Məhəmməd ümmətiyəm. Kimin nə deməsindən asılı olmayaraq, İslam dünyada ən demokratik dindi.
   
   

TƏQVİM / ARXİV