adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ƏN GÖZƏL DƏLi

VƏSİLƏ USUBOVA
29812 | 2011-04-30 08:02

   
   Heç kəs boynundan atmasın ki, yaşa dolduqca, görüb-götürdükcə, oxuyub-eşidib öyrəndikcə zövqü də artır (üstəlik, dəyişir də), maraqları da. Uşaqlıqda heyranlıqla, acgözlüklə dinlədiyin nağıl və dastanlar, rəvayətlər illər keçdikcə sənə bəsit və darıxdırıcı gəlir. Mən oxucu zövqündən danışıram. Amma elə qələm sahibləri də var ki, yaradıcılığının müəyyən dövründə nağıllara üz tutur, roman və povestlərini, hekayələrini bu janrın mükəmməl formasında yaradır, hələ bir özü də nağıllar yazır. Deməli, nağıllar unudulmur, ölmür, əksinə, zaman-zaman daha mötəbər ədiblərin istedadı sayəsində təzədən doğulur, yaşayır və sevilir...
   
    Amma mənim demək istədiklərim bunlar deyil. Axır vaxtlar lap qədim dastanlarımızı oxumaq həvəsi oyanıb məndə. Əvvəl-əvvəl bu qəribə həvəsin səbəbini tapa bilmirdim.Televiziya məkanımızda xoşladığım dörd-beş veriliş var ki, imkanım olduqca qaçırmamağa çalışıram. Xoş gündə, xoş saatda kanallarımızın birində eşitdiyim eşq dastanı öz sirrimi özümə açıqladı...
   
    Ətrafdakı sevgisizlikdən sıxılan, bomboş, susuz səhralara dönmüş ürəyimi yazıqlıqdan qurtarmaq, ovundurmaq, başını qatmaq, xəyalən də olsa, isti duyğularla doldurmaqçın oxumaq istəyirəmmiş bu dastanları. İstəyirəm Kərəmin necə yanıb külə döndüyünü bir də görüm. Xan oğlunun can yanğısı sətirlərdən alov kimi qalxıb sifətimi qarsasın. "Açılmır Əslidən düymə, mən ölləm..." deyən səsi sümüklərimi gizildətsin. İki can arasında qalan Şah İsmayılın Ərəbzəngiyə yalvarışları ( bu yalvarışda qətiyyən qorxaqlıq, zəiflik yoxdu) boğazımı göynətsin, göz yaşları bəbəklərimi yandırsın. Şahsənəmin mərhəmətindən bəhrələnməyi şəninə sığışdırmayıb başlıqdan ötrü sinəsində saz diyarbadiyar düşən, sevgilisinin toy günündə özünü güclə çatdıran haqq aşığı Qəribin vüsalına sevinmək istəyirəm. Leylanın Məcnundan daha betər dəli olduğunu, misirli Züleyxanın bu iki "dəli"dən də ötə getdiyini çaşqın iyirmi birinci əsrdə kompüterlə əlləşən qafama taxmaq istəyirəm. Bilmirəm, onların halına acıyım, yoxsa, heyran olum?! Doğrudanmı, insan belə yaşaya bilər?! Bəs, bu hallara düşmədən yaşamaq necə, abırlıdı, yoxsa cansıxıcı?! Ağıllı olmaq, hissləri cilovlamaq xeyrimizədi, yoxsa, sarsaq təsəllidən başqa bir şey deyil?!...
   
    Nahaq özümü yoruram. Seçim yoxdu bu halda. Axı, sevgi bir nəfərin deyil, cütlüyün başbəlasıdı. Həm də hər başa gəlməyən bir bəla...
   
    Bu qadın haqqında düşünəndə onun bütün günahlarını sevgisinin böyüklüyünə, dönməzliyinə bağışlamaq istəyirəm. Hərçənd bağışlamaq mənim qüdrətim deyil. Niyə Uca Yaradanın bu qadına yazığı gəlmirdi?! O boyda sevgini, yanğını bir zərif cana sığışdırmışdı. Özü də qarşılıqsız sevgini. Sevda yolunu axıradək tək gedən olmayıb hələ. Bu mənzilin başı yoxdu. Ümidsizliyin sonu olmadığı kimi. Züleyxa güclü olduğunu sübut eləyə bildi. Şəhərin bütün qadınlarını bir araya yığıb əllərinə bıçaq və naringi verdi. Yusifi də məclisə gətizdirdi... Səbəb təkcə gözəllikmiydi?! Heyran olmaq, ağıldan getmək başqadı, bənd olmaq başqadı, sahib olduğun hər şeyə ( hətta gözəllik və göz nuruna belə) göz yummaq, ağızların lafına, baxışların tənəsinə hədəf olmağı göz altına almaq bir başqa...Züleyxa bunu elədi. Bir qadın şıltaqlığından, keçici ehtiraslardan ilahi ucalığa qaldıra bildi sevgisini... Öz gücünəmi?! Yox, bu Allahın lütfüydü. Bədbəxtlik gətirəndimi, xoşbəxt edəndimi, buna qiymət vermək biz qəlbiboşların gücündə deyil...
   
   
   
   ***
   
   
   
   Ah, Züleyxa... Adın da yada düşəndə adamın içi əsir. Nə həyat dolu, sevgi dolu bir qadınmışsan sən! Elə bir qadın ki, günahların da savab kimi şirin gəlir adama. Kimsənin dili gəlmir səni yamanlamağa. Dünyanın ən gözəl dəlisi!... Sevdiyini qaranlıq zindana saldırıb dünyada rüsvayçılığı qoyan da sənsən, sahib olduğun hər şeydən üz çevirib, sevgisiz bir qara qəpiyə dəymədiyini ikiüzlü dünyanın sifətinə çırpan da sən!...
   
    Səni düşünəndə adam Qadın ola bilmədiyinə xəcalət çəkir.
   
    Heç kəs səni qınaya bilməz! Heç kəs deyə bilməz ki, Tanrı dərgahına hansı tez yetişdi, qulağına hansı xoş gəldi- Yusifin duaları, yoxsa, sənin sevgi ahların?! Onun yanında nəyin günah, nəyin savab olduğuna hələ heç kim hökm verə bilməyib. Bilməyəcək də! Açılan sirlərin nə cazibəsi qalar ki?!...
   
   
   
   ***
   
   
   
    Pəncərəmin önündən sağa-sola tələsənlərə baxıram. Çoxu üşüyürmüş kimi büzüşüb. Görəsən, bunların hansı içində sevgi yükü daşıyır?! Gecədən bəri yağış yağır. Hava əməllicə soyuyub. Yazda üşümək qışın üşütməsinə bənzəmir. İkincidə canın üşüyür, birincidə ürəyin. Bu üşütməni ürəkdən götürməkçin bir isti duyğu lazımdı hamımıza...
   
    Elə bu dəm qəddi azacıq əyilmiş, dümağ saçlı bir qadın dəyir gözümə. İlahi, bu ki, Züleyxadı...Hə, hə... Özüdü ki, var. Mən onu tanıyıram. Eşitmişəm ki, cavanlıqda əsl eşq yaşayıb. Və onu qocalığına qədər daşıya bilib. Həsədimin səbəbi var. Xoşbəxt o adamdı ki, gənclikdə sevdiyini özüynən qocalığınadək gətirə bilib... İlyarım bundan əvvəl ərini- o cavanlıq sevgisini itirib. Elə qəddi də ona görə kamana dönüb. Yoxsa,... baxımlı qadınıydı. Yaşından xeyli cavan görünərdi. Saçları da həmişə səliqəli, rənglənmiş olurdu. Arxadan baxanda elə bilirdin cavan gəlindi gedən...Eh, təbiət kimə verdiyini qoyub ki, yerində qalsın?! Amma,,, olsun. Hər halda bir parça Züleyxa ömrü yaşayıb. Üzülməyə dəyməz...
   
   
   
   ***
   
   
   
   Qadın gözdən itən kimi ani sevincim də uçub gedir. O qədər sevgisizəm ki,...Sevgi ilə baxmağı baxışlarım da yadırğayıb. Əllərimi göyə açıb Rəbbimizdən məni də eşqin bəlalarına aşina qılmasını diləmək istəyirəm. Amma... Utanıram. Axı, zindana saldırmağa kimsəm yoxdu. Olsa belə...
   
   Ondan ötrü hər şeydən keçə bilərəmmi?!...

TƏQVİM / ARXİV