adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
45298 | 2011-04-29 05:26
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
   - 1-ci sual: Ailənizin, ya da özünüzün əmanət bankında pul-əmanəti varmı?
   
   - 2-ci sual: Hökumətin indi apardığı antikorrupsiya siyasətini necə dəyərləndirirsiniz?
   
   - 3-cü sual: İndiyədək ölkənin hansı muzeyində olmusunuz?
   
   
   
   1. - Sücəddin: (iş yerini söyləmədi) Nə əvvəl olub, nə indi var, nə də bundan sonra olacaq. Çünki oralara qoymağa pulum yoxdur. Hətta olsa da aparıb banka pul qoymaram. (Gülür) Dədə-babamız necə deyib? Kişinin malı gözünün qabağında gərək olsun. Mənim də olsa özümdə saxlaram.
   
   2. - Nədi, korrupsiya ilə mübarizə aparırlar bəyəm? Şəxsən mən hiss eləmirəm. Düzdü, bu günlərdə heç kim məndən rüşvət tələb eləməyib, ancaq nəticə etibarı ilə mən düz-əməlli bir nəticə görmürəm. Bəlkə bundan sonra nəsə oldu, onu deyə bilmərəm. Təki olsun. Kim istəməz ki?
   
   3. - Olmuşam. Vaxtı dəqiq yadımda deyil, axırıncı dəfə Gəncədə Diyarşünaslıq muzeyində olmuşam. Yəqin 10-11 il bundan qabaq olardı. Düzünü deyim, ondan sonra muzeyə getdiyim yadıma gəlmir.
   
   
   
   1. - Möhübbət: (işsiz) (başını isteza ilə yırğalayır) Hə var, müəllim. Şivetsariya bankında bir milyon dollarım var... Nə bank, nə pul? Təsədüfən tapdığım işlərdən qazandığım pulu yemək-içməyimizə zorla çatdırıram, banka nə qoyacağam? Yaxşı ki, yoldaşım işləyir, yoxsa, canım üçün, halımız necə olardı, bilmirəm.
   
   2. - Mən haradan bilim? Ondansa siz deyin görüm, işlər nə vaxt yoluna düşəcək və biz də özümüzə adam balası kimi bir iş tapıb işləyəcəyik? Hamı kimi maaş alacağıq? Əvvəl şofer işləmişəm. Bir qəzaya görə bir il "oturmuşam". Ondan özü bəri məni heç yerdə işə götürmürlər. İndi mən neyləməliyəm? Gedib özümü öldürməliyəm bəyəm? Qəzadı da gəlib başıma... Bilmirəm nəylə mübarizə aparırlar, amma bu mübarizədən sonra bizim də işimiz düzələcəksə onlardan razılıq eləyəcəyəm.
   
   3. - Bizim kimilərin muzeydə nə işi var? Biz oralara getsək nə olacaq, getməsək nə olacaq? Muzeyə o adamlar gedər ki, onların işi-gücü xod gedir. Mənim fikrim-zikrim iş-gücdü.
   
   
   
   1. - Mətanət: (qatar bələdçisi) Yoxumuzdu, vallah. Haradan olsun axı? Mən də yoldaşım da işləyirik, amma ailəni zorla dolandırırıq. Hələ bir az da dərindən axtarsan arada-bir borca da giririk. İndi vəziyyət çox çətindi. Banka pul qoyanların gündəlik o qədər gəliri var ki, qoymağa, xərcləməyə yer tapmırlar, məcbur qalıb qoyurlar banklara. Bu qədər pul bizdə haradandı?
   
   2. - Nə deyim, vallah. Düzü, hər gün televiziyada-zadda bunları eşidirik, amma axırı nə təhər olacaq bilmirik. Təki bütün bu işlərin camaata xeyri olsun. Olmayacaqsa onun bizə nə dəxli?
   
   3. - Düzünü desəm mənim muzeylik halım yoxdur. Bizim işimiz növbəlidir. Növbədən sonra evdə o qədər iş-güc tökülür ki, üstümə, adım da yaddan çıxır. Mən demirəm, siz deyin, belə olanda adamın yadına muzey-zad düşər bəyəm? O cür yerlərə getmək bekar adamların işidir.
   
   
   
   1. - Sabir: (şirkət işçisi) Yoxumuzdu. Ümumiyyətlə, camaatın banklara inamı elə də böyük deyil. Ona görə də bizm camaatımız pulunu banka qoymaqdansa evində saxlamağa çalışırlar. Xaricdəki kimi olsaydı nə vardı ki?
   
   2. - Mənim hökumətin işiylə-zadıyla işim yoxdu. Nə bilim nəyi yaxşı eləyirlər, nəyi yox...
   
   3. - Getməmişəm. (gülür) Amma düz deyirsiz, gərək bir-ikisinə gedim. Görüm orada nə var, nə yox.
   
   
   
   1. - Qərənfil: (iş yerini söyləmədi) Vallah, bəxtəvərlikdən danışırsınız. Bizim pulumuz hardaydı ki, hələ bir aparıb banka da qoyaydıq.
   
   2. - Mən yaxşı dəyərləndirsəm nə olacaq, pis dəyərləndirsəm nə olacaq?
   
   3. - Tələbəlik illərində getmişəm. Tarix muzeyinə, Səməd Vurğunun ev muzeyinə... Çox muzeyə gedərdik. Amma indi nə vaxtım var, nə imkanım. İnanın ki, getməyi çox istəyirəm.
   
   
   
   1. - Cəfər: (iş yerini söyləmədi) Əmanət banklarında bir qara qəpiyimiz də yoxdu. Ayda nə qədər pul qazanırıqsa, ay qurtarana kimi hamısını xərcləyirik. Düz sözümdü, şəxsən mənim pulum olsa da aparıb banka etibar eləmərəm.
   
   2. - Hökumət nümayəndələri deyir aparırıq, amma başqaları deyir aparılmır. Əgər ölkədə antikorrupsiya siyasətinin aparılmasına start verilibsə, bu o deməkdir ki, korrupsiya var. Çünki olmayan şeylə necə mübarizə aparmaq olar ki?.. İndi gözləyirik ki, nəticəsi necə olacaq.
   
   3. - Mən sovet dövründə muzeylərə gedərdim. Qısa desəm, o vaxt Bakıdakı bütün muzeylərə getmişəm. Amma idi getmirəm. Bir dəfə evdəkiləri götürüb Ədəbiyyat muzeyinə getdik, orada bizdən giriş üçün elə məbləğ istədilər ki, getməyimizə də peşiman olduq. Və qapıdan qayıtdıq.

TƏQVİM / ARXİV