adalet.az header logo
  • Bakı 21°C

PULU QULUNA çEViRƏN ADAM....

BABƏK YUSİFOĞLU
40966 | 2011-04-26 17:11
Yeniyetmə vaxtlarımızda ən çox eşitdiyimiz adlar, məhfumlar, terminlər... var idi. O dövrdə yaşayanlar yəqin ki təsdiq edər, elə günümüz olmayıb ki, heç olmasa sosializm, kommunist partiyası, Lenin, Brejnev... sözlərini gün ərzində ən azı on-on beş dəfə eşitməyək. Qanunda təsbit olunmasa da sanki müəyyən sözlər, adlar təkrar-təkrar insanların beyninə, dərrakəsinə yeridilirdi, bir an belə köhnəlməsinə, yaddan çıxmasına imkan verilmirdi. Əslində elə biz də o vaxtlar bunlara gündəlik tələbatımız kimi artıq alışmışdıq. Səbirsiz oxucularımız bu yazını belə başlamağıma görə elə zənn etməsinlər ki, sovet həyat tərzi ilə bağlı bildiklərini, dəfələrlə eşitdiklərini təkrarən yazıb xatırlatmaq, "tarixi-sovet"dən bəhs etmək niyyətindəyəm. Xeyir, əsla belə deyil. Bir qədər səbir etsələr bunun belə olmadığını biləcəklər.
   
   O zamanlar eşitdiyimiz ənənəvi terminlərdən, adlardan savayı mənbəyinin fərqinə varmadığımız, haradansa qulaqlarımıza tanış olmayan sözlər də dəyirdi: Rokfeller, Ford, Mersedes... Və haradansa eşitmişdik ki, Rokfeller... milyarderdi. Hətta uşaqlar arasında bədxərclik edənlərdən zarafatla soruşardılar ki, nədi, rokfellersən? Hamı da sövq-təbii bilərdi ki, Rokfellər olmaq o deməkdi ki, istədiyin qədər pul xərcləmək imkanına maliksən. Yəni milyonçusan. Çox sonralar öyrəndim ki, rokfellerlər, fordlar kimdir. Niyə bu adamların bu qədər pulu var?.. Bunları bilmək mənim üçün çox maraqlı idi...
   
   CON
   
   
   
   Əslində sən demə Çon Devison Rokfeller çox kasıb bir ailənin övladı imiş. O, 1839-cu il 8 iyulda Nyu-Yorkda kiçik süd alverçisi Uilyam Rokfellerin ailəsində dünyaya göz açmışdı. Onların gəlirləri ailənin xərclərinə zorla çatırdı. Condan başqa evdə üç qız bə bir oğlan övladı vardı. Anası Eliza babtist kilsəsinin üzvü olmaqla çox dindar bir qadın idi. Məhz onun sayəsində Conda kiçik yaşlarında Allaha inam, qənaətcillik formalaşdı. Belə bir xarakterin yaranmasında həm də müəyyən qədər onların xəsis fermer qonşuları da az rol oynamadı. Çox sonralar, yəni dünya milyarder Rokfeller adını eşidən vaxtlar Con həmin günlərini belə xatırlayacaqdı. "On iki yaşlarında olarkən mən qardaşlarımla birlikdə kartof plantasiyası olan fermer qonşumuzun sahəsində işləyərdik. Onlar ən kiçik xərclərini belə hasablayırdılar. İş həddən çox idi, amma həm mənim, həm də xəstə, aclıq çəkən qardaşlarımın işləməyə gücü, taqəti yox idi. Qonşu fermer təxminən bizə bir şey ödəmirdi. İş gününün sonunda bizə verdiklərini isə şüşə daxılımın içərisinə yığırdım. Hər gün əzablı işdən sonra özümün yoxsul "var-dövlətimə" baxıb düşünərdim ki, bunlar insana necə də çətin, məşəqqətlərdən sonra gəlib çatır. O vaxt mənə elə gələrdi ki, mən ömrüm boyu bu parıltılı pulların qulu olaraq qalacağam. Amma bir qədər sonra bank faizləri haqqında eşitdim. Öyrəndim ki, əgər mən banka 60 dollar qoyaramsa, eynən həmin müddətə heç bir iş görmədən qazandığım məbləği bankdan ala bilərəm. Həmin vaxtdan belə qərara gəldim ki, mən pulu öz quluma çevirməliyəm". Con həqiqətən də uşaqkən verdiyi bu qərarın dalısınca yorulmadan, usanmadan getdi və...
   
   Uşaqlıqdan öyrəndiyi qənaətcillik işlərində ona çox kömək edtdi. Bu kiçik Cona imkan verdi ki, özünün yeməyindən tutmuş dərs ləvazimatlarınadək, geyiminədək hər şeyinə qənaət etsin. O, qəpik-qəpik yığdığı pulları toyuq-cücəyə, hind toyuğuna verərək onları artırmağa, istirahət və bayram günlərində bazarlara, yarmarkalara çıxarıb satmağa girişdi. Və bacarığı sayəsində gəliri də artmağa başladı. Məktəb onunçün ikinci plana keçdi. Əslində Con dərslərinə çox da həvəslə yanaşmırdı. Ən çox sevdiyi fənn riyaziyyat və Müqəddəs kitab idi. Balaca "biznesmen" düşünürdü ki, məktəbdə parta arxasında oturub vaxt itirmək heç nəyə yaramayacaq: "Özüm öz savadımı artırmaqla məşğul olurdum". 16 yaşında ikən Con yarımillik mühasibatlıq kursunu qurtararaq "Hewitt and Tuttle" firmasında işə düzəldi, təxminən 4 ilə yaxın burada çalışdı. Onu tanıyanlar bu yeniyetməyə təəccüb qalırdılar. O, sutkanın 18 saatını işləyirdi. Hətta elə vaxtları olurdu ki, o, istirahət və bayram günlərini belə işdə keçirirdi. Bu cür çalışqanlığına görə də firma rəhbərləri Conun zəhmətkeşliyini bəyənir, bütün işçilərə onu nümunə göstərərək yaxşı pul ödəməyi də yaddan çıxarmırdılar.
   
   
   
   BÖYÜK YOLUN
   
   BAŞLANĞICI
   
   
   
   İşləri pis getmirdi. Amma daxili böyük bir enerji ilə dolu olan bu cavan oğlanı heç də ömrü boyu firmada baş mühasibin köməkçisi kimi işləmək qane etmirdi. Özünə 800 dollar da pul toplaya bilmişdi. O daha böyük işlər haqqında düşünürdü. Nəhayət Con bir qədər valideynlərindən, 1000 dollar da 10 faizlə öz müdriyyətindən alıb işindən çıxdı və ticarətə girişdi. Belə demək mümkünsə, bu onun başqasına işlədiyi birinci və sonuncu iş oldu. Və qeyd edim ki, başlanğıcda onun şansı da gətirdi. Həmin vaxt ingilis iş adamı Moris Klark iş qurmaq üçün özünə heç olmasa 2000 dollar vəsaiti olan şərik axtarırdı. Və Con Rokfeller tərəddüd etmədən bu işin altına girdi. 1857-ci ildə artıq o kiçik də olsa özünün kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan bir firma yarada bildi. Bir müddət sonra isə Amerikada başlayan vətəndaş müharibəsi bir çox şeylərin axınını dəyişdi.
   
   Amma müharibə Con Rokfellerin işinə yaradı. Belə ki, Federal hakimiyyətə 100 minlərlə dəstə əsgər mundiri, tüfəng, güllə, tonlarla ət, şəkər, tabak və s. lazım idi. Və burada yaxşı qazanmaq olardı. Lakin işə başlamaq üçün 4000 dollarlıq start kapital lazım idi. Təzə firma olduqları üçün onlara kredit də vermirdilər. Rokfeller 90 faiz rədd cavabı alacağını bilsə də sonuncu şans kimi bankın şefi ilə görüşmək üçün getdi. Onların görüşü qəribə alındı. Bu işdən yaxşı pul qazanacağını, nələri etmək istədiyini açıq-aşkar söyləyərək heç nəyi gizlətmədi. Gənc kommersantın bu səmimiyyəti, açıqlığı bankın direktorunda rəğbət oyatdığı üçün gözlənilmədən kredit verməyə razı oldu. O geri dönəndə kreditə razılığın alındığına kimsə inana bilmirdi. Amma olan olmuşdu. Və Con Rokfeller bu işdən ciddi pullar qazana bildi.
   
   
   
   AİLƏSİ
   
   
   
   Artıq biznesini daha da inkişaf etdirmək üçün imkanları yaranmışdı. Bundan başqa, Con həmin ərəfədə ailə qurmaq fikrinə düşdü. Əslində onun lap çoxdan, hələ kurs da təhsilk alarkən görüb bəyəndiyi bir gözaltısı da var idi: Lora Seletine Spelman. Görünür o vaxtlar qız da Cona laqeyd deyilmiş. Və gənclər heç bir maneə olmadığı üçün evlənməyə qərar verdilər. Hər işini ağılla, səbirlə planlaşdırmağa alışan Con Rokfeller bu məsələ də düzgün seçim etmişdi. Belə ki, müəllimə Spelman həqiqətən də sonralar onun bütün işlərində ən yaxın məsləhətçisi və köməkçisi oldu. Bu ağıllı qadın haqqında Rokfeller danışarkən həmişə deyərdi: "Onun məsləhətləri olmasaydı mən elə yoxsul bir adam olaraq qalacaqdım".
   
   Rokfellerin həmişə çox sevdiyi bir ailəsi olub. Ailəsinin haqqında da hər kəsə məlumat verməyi xoşlamırdı. Onun bir oğlu, dörd qızı vardı. Dünyanın ən zəngin adamlarından biri olsa da övladlarını uşaq yaşlarında zəhmətə alışdırmış, ailəni təmtəraqdan uzaq tutmuşdur. Böyük qızı Laura evdəki qaydaların gözlənməsində atasının və anasının köməkçisi idi. Rokfeller həmişə çalışıb ki, onları da Allaha inamla böyütsün, tərbiyə versin. Oğul-Rokfeller çox sonralar atasının onlara öyrətdiklərindən, ciddi şəraitdə böyüməsindən fəxrlə danışırdı. Con Rokfeller haqqında yazanlar qeyd edirlər ki, o, bütün iş həyatı boyu bir dəfə də olsun vergidən yayınmamış, vergi müfəttişlərindən çəkinməmişdi. Rokfeller spirtli içkilərdən də uzaq olmuş, qumar, ümumiyyətlə kart oynamaqdan, qadınlarla sevgi macəraları yaşamaqdan zəhləsi getmişdir. Bu səbəbdən də kimsə Conun məşuqəsinin olduğunu söyləyə bilməzdi. Hər birinin təhsil almasını təmin edən Rokfeller öz adını yeganə oğluna vermiş, sonralar onu nəhəng biznesinin başına gətirmişdi.
   
   "QIZIL DAMAR"...
   
   
   
   Yeni qazanc, biznes yerləri haqqında fikirləşən iş adamı bir müddət keçdikdən sonra gözləmədiyi halda "qızıl damar"a düşdü. 1865-ci ildə Con Rokfeller təsadüfən bir kimyagərlə tanış oldu və ondan ağ neft haqqında öyrəndi. Həmin dövrlər Çindən və digər yoxsul ölkələrdən gələn çoxlu sayda emmiqrantların kasıb komalarında yanan neft çıraqlarına nefti satmaq yaxşı gəlir verə bilərdi. Rokfeller bunda da tərəddüd etmədi. Təcili neft axtarışına başladı. Və belə demək mümkünsə bu onun neft biznesinə qədəm qoymasının bir başlanğıcı oldu. Sonralar Conun şəriki Moris Klark deyirdi: "Con yer üzündə yalnız iki şeyə inanır: dinə və neftə". Beləliklə, onlar çox çəkmədi ki, məşhur "Standard Oil" neft kompaniyasını qurdular. İşlərin sürətlə irəli getməsi üçün onlar hətta öz əməkhaqqlarından belə imtina edərək işlərin böyük hissəsini öz üzərlərinə götürdülər. Və nəhayət düşündükləri və səbirsizliklə gözlədikləri böyük pullar gəlməyə başladı.
   
   Bundan sonra imkanlar o qədər genişləndi ki, Rokfeller tədricən başqa heft kompaniyalarını da almağa girişdi. O bu işdə də tələsgənliyə yol vermədi. Belə ki, kiçik, daha ucuz, müəssisələri tək-tək alaraq işini genişləndirməyə başladı. Bu cür strategiya isə əksər amerikanların xoşuna gəlmirdi. Onu sıradan çıxarmağa çalışırdılar. Amma Rokfeller kimlərə görəsə vaxt itirməyi düşünmürdü. Vəziyyətə diqtə etmək üçün o, dəmiryol kompaniyaları ilə danışıqlara başlayıb mütəmadi gəlir verən iş təklif etdi.
   
   Belə demək mümkünsə, artıq 1880-cı ildə Amerikanın neft istehsalının 95 faizi Rokfellerin əlində idi. Gələn gəlirsə kifayət qədər çoxalmışdı. Conun şəxsi sərvəti də durmadan artırdı. Onunla rəqabətə kimsə cürət etmirdi. Adamlar arasında ona "neft kralı" deyirdilər. Amma bir neçə il keçdikdən sonra gözlənilmədən monopolyaya qarşı Şerman qanunu ölkədə tətbiq olunmağa başladı və Rokfeller vəziyyətdən çıxmaq üçün nə edəcəyi delemması qarşısında qaldı. Lakin sənəti pul qazanmaq, gəlir əldə etmək olan bu iş adamı bu vəziyyətdən də çıxış yolu tapdı. Bütün aksiyalara nəzarət paketlərini əlində saxlamaq şərti ilə təcili nəhəng "Standard Oil"i 34 kiçik kompaniyaya bölərək itgiyə yol vermədi. Əksinə bu qanunun tətbiqindən sonra Rokfeller daha da zənginləşdi.
   
   Vaxtıyla toyuq-cücə sataraq qəpik-quruş qazanan Con Rokfeller indi 16 dəmiryol, bir o qədər də poladtökmə kompaniyalarının, daşınmaz əmlakın alqı-satqısını həyata keçirən 9 firmanın, 6 gəmiçilik şirkətinin, 9 bankın, 3 portoğal plantasiyasının sahibinə çevrilmişdi. Və bütün bunlar hər ay, hər il milyonlarla hesablanan "pul məhsulu"nun götürülməsinə səbəb olurdu. Bunlardan başqa, onun Klivlenddə, Hyu-Yorkda, Florida da, Nyu-Cersi də... gözəl villaları, torpaq sahələri, bağları da var idi. Bütün bu zənginliyin içərisində yaşayan Con Rokfeller heç vaxt digərləri kimi öz var-dövlətini başqalarının gözünə soxmurdu. Özünün ən yoxsul çağlarını, haradan gəldiyini unutmurdu.
   
   
   
   BÖYÜK XEYRİYYƏÇİ
   
   
   
   Bəlkə də bu üzdən idi, Rokfeller böyük sərvətlər əldə etdikdən sonra daim xeyriyyəçilik işlərinin də içərisində olmuşdur. Rokfeller həqiqətən də Birləşmiş Ştatların tarixində ən nəhəng filantrop olmuşdur. Və təqdirəlayiq haldır ki, Allaha bütün varlığı ilə inandığı üçün heç vaxt xeyriyyəçiliyini reklam etməmişdir. O, sadəcə olaraq səxavətindən zövq alırdı. Sonralar insanlar onun haqqında hər şeyi öyrənmişdilər. Con Rokfeller özünü əsl xristian hesab etdiyi üçün gəlirinin 10 faizini kilsəyə verirdi. Qeyd edək ki, bu faiz 1905-ci ildə 100 milyon dollar təşkil edirdi. Məhz onun sayəsində 1892-ci ildə Çikaqo Universiteti yaradıldı. (Bu universitet sonradan onun adını daşıyacaqdı). Üç il sonra Tibb Universiteti quruldu. 1913-cü ildə isə təhsilin inkişafı üçün "Rokfeller fondu"nu təsis etdi. Bir sıra rəsmi binaların tikintisini maliyyələşdirdi. Rokfellerin xeyiriyyəçiliyə sərf etdiyi məbləği sadəcə təsəvvür edəndə həqiqətən də onun şəxsi mənafe güdmədən insanlar üçün etdiklərinin nəhəngliyini görürsən. Rokfeller bütün məziyyətləri və əməlləri ilə hələ uşaq ikən verdiyi sözə əməl etdi: o, pulun quluna çevrilmədi, pulu öz quluna çevirməyi bacardı. O, dünyanın ən zəngin şəxsi idi. "Forbes" jurnalının araşdırmalarına görə, 318 milyard dollar sərvətə malik olan Con Rokfeller dünyada ən varlı adam sayılır. (Məhşur Bill Qeytsin varidatı 50 milyarddan çox deyil).
   
   
   
   SONDA SAVABLAR
   
   QALIR
   
   
   
   Həyatda arzuladığı hər şeyə nail olan Rokfeller ömrünün qürub çağına çatanda artıq işlərini oğluna təhvil vermişdi. Və yubileylərində hamını ətrafında görmək istəyirdi. Hər tərəfdə ona hörmətlə yanaşırdılar. Şahidlər deyirlər ki, 1935-ci ildə o özünün 96-cı ildönümünü qeyd edərkən sığorta kompaniyası Rokfellerə 5 miyonluq bir çek göndərmişdi. Cavan vaxtlarında Con Rokfeller yeri gəldikcə 100 yaşınadək yaşamağı arzu etdiyini söylərdi. Və 96 yaşı ilə bağlı düzənlənən tədbirdə çoxları belə düşünürdü ki, bir əli ilə qazanan, o biri əli ilə paylayan bu nəhəng iş adamı, böyük xeyriyyəçi bu arzusuna da çatacaq. Çünki o heç də pis görmürdü. Amma yer üzündə bütün canlıların, hətta mən deyərdim ki, cansızların belə qonağı olan əcəl 1937-ci il 23 mayda, 98 yaşında Rokfellerin bu arzusunun üzərindən xətt çəkdi. Milyardlarla sərvətin içərisində olsa da o həmin gün bu dünyadan heç nəsiz, yalnız qazandığı savabları və günahlarıyla köçüb getdi.
   
   Ölümünə az qalmış bu geniş ürəkli adam müxtəlif sahələrə 500 milyon dollar pul bağışlasa da Kiçik-Con Rokfellerə böyük biznes imperiyası və 500 milyon, digər övladlarına 250 miyon dollar qoyub getdi. Oğul-Rokfeller də atasının yolunu gedərək həm həmin biznesi genişləndirdi, həm də atasından qalma xeyriyyəçiliyi layiqincə davam etdirdi.
   
   
   
   

TƏQVİM / ARXİV