ZƏRİF HİSSLƏR TƏRƏNNÜMÇÜSÜ

VAQİF YUSİFLİ
43410 | 2015-05-13 09:43

Azərbaycan oxucularının əsərlərini sevə-sevə oxuduqları yazıçılardan biri də Xalidə Hasilova idi. Bu dolu bədənli, zahirən də, daxilən də gözəl qadın hamının (istər oxucuların, istərsə də qələm yoldaşlarının) sevimlisiydi. Azərbaycan qadınının ən gözəl keyfiyyətlərini özündə cəmləşdirən Xalidə xanım təsadüfi deyildi ki, iyirmi ildən artıq "Azərbaycan qadını" jurnalının baş redaktoru vəzifəsində çalışırdı. O jurnalın səhifələrini vərəqləmək kifayətdir ki, XX əsrdə Azərbaycan qadınlarının keçdiyi həyat yolu, onların ictimai həyatda, əmək meydanında, mədəniyyət aləmində qazandığı nailiyyətlərlə yaxından tanış olasan.
Azərbaycanın dilbər guşələrindən birində-Zaqatala şəhərində-fəhlə ailəsində dünyaya göz açmışdı. Pedoqoji texnikumu bitirəndən sonra bir müddət öz rayonlarında-Qımır orta məktəbində müəllim işləmişdi. Sonra ali təhsil ardınca getmiş, ADU-nun filologiya fakültəsini bitirmişdi. Uzun müddət mətbuat sahəsində çalışmışdı, "Göyərçin" curnalının baş redaktoru olmuşdu. Sonra da "Azərbaycan qadını" jurnalını ona etibar etmişdilər.
Xalidə Hasilova bədii yaradıcılığa keçən əsrin qırxıncı illərində başlamış, ədəbiyyata uşaq yazıçısı kimi gəlmişdi. İlk kitabı - "Kiçik hekayələr" 1950-ci ildə çapdan çıxdı. Sonralar bir-birinin ardınca "İlk məktub", "Lalənin kitabı", "İki yoldaş", "Sular durulur", "Ulduzlu papaq", "Rəna evlərini axtarır", "Dəniz çıraqları", "Atlas yarpaqlar". "Yaşıl ayna". "Çilçıraq" kitabları nəşr olundu. O, bir uşaq yazıçısı kimi şöhrət qazandı, balaca yaşlıların və məktəblilərin sevimli yazıçısına çevrildi.
Uşaq ədəbiyyatı elə bir yaradıcılıq sahəsidir ki, burada müəllif mümkün qədər ideoloji təzyiqlərdən uzaq olmağa çalışır, uşaqlara Vətəni, ata-ananı, məktəbi, elm və təhsili, təbiəti sevməyi təbliğ edir, xalqın qəhrəman oğullarını, qızlarını, nənələrimizin, babalarımızın müdrikliyini nümunə göstərir. Olub ki, uşaq ədəbiyyatında Lenindən də rəğbətlə söz açılıb, o, xilaskar kimi təbliğ olunub, amma ondan da "Baba" kimi danışılıb. Xalidə xanımın hekayələrində də o dövrün məktəb həyatı, uşaqların maraq dünyası, təbiət sevgisi və bir insan kimi ilk formalaşma prosesi öz əksini tapıb. O illərdə kiçik yaşlılar olsun ya məktəblilər, onlara ilk növbədə, Vətəni sevmək, təbiəti qorumaq, əməyə, zəhmətə alışdırmaq, babalara, nənələrə hörmət etmək və əlbəttə, yaxşı oxumaq, bilikli olmaq tövsiyə edilirdi. Məsələn. "Baba və nəvə" hekayəsində baba öz nəvəsinə yaşıllıqları qorumağı, təbiətə qəsd etməməyi təblib edir, deyir ki, bax, mən yol kənarında bir ağac əkdim, indi onun kölgəsində adamlar dincəlir, sən də bir ağac ək. "Ulduzlu papaq" hekayəsində balaca Müradın atası müharibədən qayıtmayıb, amma o, oğluna ulduzlu bir papaq göndərib. O da bu papağı əziz bir xatirə kimi saxlayır, daim atasını yad edir.
Xalidə xanımın əksər hekayələri məktəb həyatından bəhs edirdi. Onun bu mövzuda yazdığı hekayələrində şag irdlərin tərbiyəsi, əxlaqi keyfiyyətləri, dostluq münasibətləri və ilk növbədə, biliyə yiyələnmələri ön plana çəkilirdi. Təbii ki, bu yazılarda müəllim obrazları da diqqətdən yayınmırdı. Qətiyyətlə demək olar ki, onun hekayə və povestlərində Azərbaycan müəllimlərinin bir sıra parlaq obrazları ilə qarşılaşırıq.
O, kənd həyatına yaxşı bələd idi, "Ucqar bir kənddə" və "Sular durulur" əsərlərində bunun əyani şahidi oluruq. Kənd ziyalılarının taleyi onu daha çox düşündürürdü. Adını çəkdiyim bu əsərlərdə Xalidə xanım əsl kənd koloriti yaradır - təsvir etdiyi obrazların torpaqla, təbiətlə bağlılığını, yurdsevərliyi daha çox nəzərə çarpdırırdı.
Xalidə Hasilovanın nəsr əsərlərində gənclərin həyatı da öz əksini tapmışdır və burada qeyd etmək olar ki, o, hərarətlə nümunə göstərdiyi məktəbli qəhrəmanlarının sonrakı taleyinə də biganə qalmamışdır. Məsələn, "Dəniz çıraqları" povestini götürək. Bu povestdə müəllif texniki peşə məktəbini bitirəndən sonra neft sahəsində çalışan gəncləri nümunə göstərir.
Xalidə Hasilovanı həmişə mənəvi-əxlaqi məna daşıyan mövzulara meyl edirdi və onun "Kaman", "Çəhrayı rəng", "Ana fəryadı" povestləri, "Onun taleyi", "Sular durulur", "Ucqar bir kənddə" romanları da məhz bu səpgidədir. Təbii ki, o dövrün sovet nəsrinə xas olan istehsalat motivləri, "sovet adamı" tipi onun nəsrində də öz əksini tapırdı, amma əsas odur ki, Xalidə xanım təqdim etdiyi qəhrəmanların mənəvi dünyasına maraq göstərir, işığı məhz bu səmtə yönəldirdi.
O, müharibə illərinin ağrı-acılarının şahidi olmuşdu, davanın qızğın illərində Zaqatalada müəllim işləmişdi. "Kaman" povesti məhz o illərin çətin, məşəqqətli anlarını təsvir edir. Povestin qəhrəmanı Kələntər müəllimdir. O, məktəb direktorudur, atalarının qara xəbərləri gələn uşaqların haldan-hala düşdüklərini görür, onları ovutmağa çalışır. Uşaqların evlərinə gedir, valideynləri ilə görüşür. Tək deyil, cavan qız-Afərim müəllimə də onunla həmrəydir. Müəllif belə bir ideya aşılayır ki, qara günlər insanları birləşdirir, hamı bir amal uğrunda həmrəy olurlar. Təsvir olunan kənd amansız döyüşlər gedən savaş meydanlarından çox-çox uzaqdadır, amma bu kəndin hər bir sakinin içində də müharibə gedir. Bəziləri ümidsizdir, amma əksər insanlar qələbəyə inanırlar. Hamı o günü gözləyir!
"Onun taleyi" romanında da müharibənin insan həyatına gətirdiyi ayrılıqlar-acılıqlar təsvir olunur. Müharibə illərində öz doğma qızını itirən Məlahət ana illər boyu onun həsrətini çəkir və sonda öz qızına qovuşur. Bu qovuşmaya qədər o ananın çəkdiyi iztirablar çox təbii və inandırıcı səhnələrlə canlandırılır. Həm də burada müharibədən sonra yetişən gəncliyin duyğu və düşüncələri də öz əksini tapır.
Xalidə Hasilovanın nəsri gözlənilməz hadisələr, qəfil süjet dönümləri ilə də diqqəti cəlb edirdi. Onun "Ana fəryadı" povesti novellavari bir səpgidə qələmə alınıb. Qəmər ana 37-ci ilin repressiyası zamanı sürgün edilib və uşaqlarından ayrı düşüb. 13 il həbs düşərgəsində ağır günlər keçirib, həmişə də doğma balalarını tapmaq ümidiylə yaşayıb. Həbsdən qayıdandan sonra oğlu Uahidin, qızı Nuridənin axtarışına başlayır. Min bir əziyyətlə onları tapır. Ammagdəhşətli bir hadisənin şahidi olur. Cahid və Nuridəni öpüşən görür. Və onlar anaya deyirlər ki, biz bacı-qardaş deyilik, biz bir-birimizi sevirik. Və ana bu hadisədən sarsılır, dünyadan köçür.
Xalidə xanımın bir neçə hekayəsi haqqında da söz açmaq istəyirəm. Bu hekayələr janr bitkinliyi və yazıçının bu formaya mükəmməl yiyələnməsi baxımından öz bədii kamilliyi ilə diqqəti cəlb edir. Bu hekayələrdə də müəllifi mənəvi-əxlaqi məsələlər düşündürürdü. "İtirilmiş məhəbbət" hekayəsində Şəmsi vaxtilə sevdiyi bir qızı indi öz dostunun həyat yoldaşı kimi görür və bundan sarsılır. Amma keçmişi qaytarmaq mümkün deyil. "Müğənni qız" hekayəsində isə sevdiyi qızı sənətindən ayırmaq istəyən və guya bu səbəbdən ondan imtina edən bir gəncin dar düşüncəsi tənqid hədəfinə çevrilir. Ümumiyyətlə, Xalidə xanımı öz əsərlərində sevgi xəttini həmişə aparıcı xəttə çevirirdi. Onu gənclərin sevgidə dönüklüyü narahat edirdi, həmişə belə bir fikri təlqin edirdi ki, həyatda insanın mənəvi zənginliyi təmiz, saf sevgi ilə bağlıdır, necə deyərlər, "quş uçmaq üçün, insan sevgmi üçün yaranmışdır". O, müqəddəs sevgini tərənnüm edirdi. "Kürün sahilində" hekayəsinin qəhrəmanı Əcdər qabaqcıl manqabaşçısı Sərgülü sevir, amma qız bir az şıltaqdır və ilk görüşündə onun təklifini rədd edir. Amma sonra məlum olur ki, o, başqa bir qızın sevdasına düşməmişdir, yenə Sərgülü sevir.
Xalidə Hasilova bədii tərcümə ilə də məşğul olurdu. Onun məşhur türk yazarı Əziz Nesinin uşaqlar üçün yazdığı hekayələrini "İndiki uşaqlar möcüzədir" kitabı kimi balaca oxuculara təqdim etməsi, T.Nosovdan, N.Tixonovdan etdiyi tərcümələri maraqla qarşılandı. İki pyesi də ("Hamı doğmadır mənə" və "İnsan ömrü bir nəğmədir") tamaşaya qoyulmuşdu.
İctimaiyyətçi qadın idi.
Allah onun ruhunu şad eləsin! Onu unutmayacağıq!

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

TƏQVİM / ARXİV