adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

NAğILI NƏVƏLƏR DANIŞSA...

VƏSİLƏ USUBOVA
34343 | 2011-04-23 07:56
Hərdən nəvələrim deyəndə ki, nənə, bizə nağıl danış, biyara gedən adam kimi can çəkirəm. O dəqiqə bəhanə tapıram: mən siz deyən nənələrdən deyiləm ey... O bəxtəvər nənələrdən ki, bir tərəfdən əri qazanıb gətirirdi, bir tərəfdən oğulları. O nənələrdən ki, çörək bişirməyi bacarırdılar, çörək qazanmağı yox. Təndirə də girirdilər, sac asıb fətir də salırdılar, amma ömür boyu bilmirdilər ki, bazarda unun-dənin qiyməti neçəyədi. Ona görə də ağızlarına qoyduqları tikə bal dadırdı; şirəsi canına çıxırdı, canından da yanaqlarına. Bir az yaşlananda da əl-ayaqları, saç-birçəkləri xınalı otururdular yumşaq döşəkçələrin üstündə. Qız-gəlin də qul-qaravaş kimi qulluqlarında...Daha bizim kimi nadanların, naqqalların, gəvəzələrin sözünü, danlağını götürmürdülər. Düşündüklərini ürəklərində boğub, qarşısındakının eşitmək istədiyini danışmaq zorunda deyildilər...
   
   Yoxsa... işdən qayıdanda yorğunluqdan gözüm yolu görmür. Beş-üç addımdan adam tanımıram...
   
   Yaxşı ki, insan ürəyində də danışa bilir. Ürəyimdə başqa, onların eşitməyini istəmədiyim sözlər deyirəm. Deyirəm ki, mənim bildiyim nağıllar daha işə yaramır. Gözlədiyim nağıllar isə baş vermədi...
   
   
   
   ***
   
   Bütün nənələr nağıl danışanda öz cavanlıqlarını, gəlinliklərini, balalarının sizin indiki yaşınızda olduğu günləri xatırlayır. Sizin dayınız, xalanız olacaq o uşaqlar da nağıl istəyirdilər. O qədər istəyirdilər ki, anaların bildiyi nağıllar bəs eləmirdi. Onda ana özündən nağıllar uydururdu......
   
   Bunlar da bitib-tükənəndə ana söz verdi ki, günlərin birində oğluna ən böyük nağılını danışacaq. Öz ömrünün nağılını. Bu günə qədər hər kəsdən gizlətdiklərini ona açacaq...Həmin günə az qalmışdı. Lap az... Ana hazırlaşırdı... nağıla başlamağa...Amma bütün ömürləri yarımçıq qoyan O Böyük Qüvvə öz işini gördü. Ananın nağılı ürəyində qaldı. Bütün nağıllar bitdi. Danışdıqları da, danışmaq istədikləri də...İndi ondan ötrü bütün nağıllar elə həqiqət kimidi. Sərt, boz, cansıxıcı... Bütün nağılların axırına çıxmışdı... Nağıldan da şirin bildiyi həyatı da şirinliyini, cazibəsini itirmişdi ...
   
   
   
   ***
   
   Necə deyim ki, mən nağıl danışsam, gərək gözlərimin içinə baxmayasınız. Bəbəklərimdə qaynayan yaşı görməməkçin. Yoxsa, elə bilərsiz ki, bütün nağıllar göz yaşlarıynan doludu. Nənələr nağıl danışanda kövrəlirlər... Ona görə kövrəlirlər ki, heç vaxt nağılların gerçək olduğunu görməyiblər. Gerçək sandıqlarının da bir gün nağıla döndüyünü görə-görə qocalıblar, nənəyə dönüblər. Yoxsa, dünənki o şux gözəlləri kim, nə qocalda bilərdi?!
   
   
   
   ***
   
   Necə olsa, yola vermək lazımdı. Çarəsini tapıram. Mən yorulmuşam, deyirəm, bəlkə siz mənə nağıl danışasınız. O dəqiqə razılaşırlar. Deyəsən, mənə yazıqları da gəlir. Axı, indi onların qəlbində mərhəmətin payı hər şeydən çoxdu. Sifətlərinə müdrik ifadə verib danışmağa başlayırlar. Əslində, elə müdrikdilər də. Hərdən həvəsim olanda quraşdırıb danışdıqlarımı öz bildikləri kimi özümə qaytarırlar. Mən də ilk dəfə eşidirəmmiş kimi qulaq asıram. Yox, mən qətiyyən rola girmirəm. Özləri də bilmədən elə təzə sözlər deyirlər ki,... Belə avam nənələri olduğuna görə, deyəsən, bir qədər qüssəlidirlər də. Axı, hamının nənəsi çoxlu nağıl bilir. Bəs, onlarınkı niyə belə hər şeydən xəbərsizdi?! Yəqin, uşaqlıqda onun da nənəsi beləcə evə yorğun-arğın gəlirmiş. Ya da özü başqasını dinləməyə səbri, həvəsi olmayan dəcəllərdənmiş. Eh, ay nənə, keşkə sənin balacalığında biz də olaydıq. Onda görərdin sənə necə nağıllar danışardıq... Ya da, biz baba-nənə olanacan sən də dönüb balacalaşaydın... ...
   
   
   
   ***
   
   Yazıq nəvələr... Qorxuram, bundan belə daha sizə nağıl deyən olmaya... Çünki bugünkü nənələr çox yorğundular. Həm də taleyə küskün, ömürə, həyata qızğın......
   
   Amma... bu yorğunluq tez ötəndi. "Can nənə, bir nağıl de..." deməyin onlara. Bilin ki, atalarınız döyüşə getsə, nənələriniz onlardan da qabaqda olacaq. Sizsə təzə nağıllar öyrənin. Döyüşdən qalib çıxan nənələrinizə danışmağa...
   
   Ay sizi... Bic-bic baxırlar. Balaca ağıllarıynan başa düşürlər ki, indiki nənələr heç yorulana da oxşamır... Allah Əziz Nesinə də rəhmət eləsin! Elə indiki nəvələr də möcüzədir...
   
   
   
   ***
   
   Sifətlərində öz cizgilərimi axtarıram. Tapmıram... Deməli, nağıllarım gərək olmayacaq onlara...Yəqin nə vaxtsa, mən bunların hansınınsa nəvəsi olacağam. Və onlar da mənə nağıllar danışacaqlar. Hansı nağılları?! Bu günün bomboz, duzsuz nağıllarını... Mən də bəsit ağlımla fikirləşəcəm ki, görəsən, bu nağıllar haradan mənə tanış gəlir?!...
   
   Onların nağıllarında nə çoxbilmiş Cırtdan olacaq, nə göyçək Fatma, nə də Ağ atlı oğlan. Heç mən də olmayacam. Öz nəvələrinə robotlardan, vampirlərdən, manyaklardan, yadplanetlilərdən danışacaqlar... Bizim nağıllarda iki dünya vardı; işıqlı və qaranlıq dünya. Onlarsa qarmaqarışıq bir dünya tanıyacaqlar. Rəngləri itən, dadı qaçan, zövqləri korlanan bir dünya. Və bu onların günahı deyil. Bu qarmaqarışıq dünyanı onlara biz yadigar qoyub gedəcəyik... Yox əzizlərim, mən sizin nəvəniz olmaq istəməzdim. Qoyun qalım öz dünyamda. Xəyallarımla süslədiyim dünyamda. Sizə danışdıqlarımı isə yadınızda bərk-bərk saxlayın. Mən çox qocalanda-çənəsi dizlərinə dəyən, uşaqdan da az ağlı qalan qarı olanda öz nağıllarımla başımı qatarsınız. Elə onlarla da bu dünyadan yola salarsınız məni...
   
   Axı, mənim bildiklərim nağıldan çox həqiqətə oxşayırdı. Sizə isə nağıl lazımdı. Bəlkə biz elə əzəldən səhv eləmişik?! Uşaqlarımıza nağıllar danışmaqla həqiqətlərdən uzaqlaşdırmışıq onları. Zaman-zaman altını çəksək də, özümüzə yığışmamışıq.
   
   Siz belə etməyin. Nəvələrinizə həyatın özünü danışın. Öz rəngində, öz şəklində-bütün ölçü-biçiləriynən bir yerdə. Yazıqdılar. Heç olmasa, onlar aldanmasın...
   
   ...
   
   ***
   
   Nəvələr nağıl danışanda... göydən üç yox, cəmi bir alma düşür. Uşaq kimi qulaq asan nənə də onu özü yemir; bölüb nəvələrinə paylayır. Çünki özü nəvə olanda bu almalardan çox yemişdi. Həm də bütövünü yemişdi. Xəyalında-yuxu kirpiklərini ağırlaşdıranda...
   
   Yerdə bu qədər alma ola-ola, niyə göydən almalar düşməsini istəmişik?! Payımıza ən işıqlı dünya düşə-düşə, başqa dünyalar arzulamışıq?! Cənnət də, cəhənnəm də, huri-qülmanlar, inkir-minkirlər də torpağın üstündə ola-ola onları başqa məkanlarda aramışıq?! Nə istəyirik?! Nə istədiyimizi niyə bilmirik?!
   
   Siz belə danışmayın. Hər şeyi təzədən başlayın! Gördüklərinizi, görə bildiklərinizi danışın! Acı olsun, sərt olsun-göründüyü rəngdə, olduğu şəkildə olsun! Bu, həyatın özü olacaq! Əsl həyat olacaq!
   
   Qoyun insanlar şirin nağıllara inananlara gülsünlər... Siz də onda deyərsiniz ki...
   
   Deyərsiniz ki, bizim heç nənəmiz də olmayıb...

TƏQVİM / ARXİV