Qulu Ağsəslə hava haqqında

ETİBAR CƏBRAYILOĞLU
47968 | 2011-04-23 07:56
İki-üç iç əvvəl yuxularında Nuh daşqını görən Qulu Ağsəslə hava haqqında danışacağıq. Qulunun ad günündən bir həftə əvvəl görüşsək də yazı doğum günü qeyd olunandan dörd gün sonra işıq üzü görür. Bunu hər ikimiz öncədən bildiyimizdən söhbətimizin havasına toxunmaq istəmədik.
   
   - Qulu, yaz havası şairə stimul verir?
   
   - Yox. Şəxsən mənim üçün fəslin, havanın heç bir önəmi yoxdu. Əsas odur ki, Günəşi görüm. Günəşi görməyəndə özümü pis hiss edirəm. Hərdən Günəş çıxmayanda istəyirəm ona bir təqvim alıb göndərəm ki, baxıb işini görsün. Məndə hansısa fəsilə, havaya köklənib yazmaq söhbəti yoxdu. Yazın gəlişi məni bir insan olaraq sevindirə bilər. Yəni şükür, bu yaza da salamat çıxdıq. Lakin yaz havası yox, yazı havası mənim üçün daha vacibdi. Yazı havası isə şairi hər yerdə- yolda da, çimərlikdə də, toyda da, yasda da tuta bilər. Bəziləri deyir ki, payız fəsli şairi düşündürən fəsildi. Belə söhbətləri eşidəndə gülməyim gəlir. İndi mən neyləməliyəm, düşünmək üçün doqquz ay oturub payızın gəlməsini gözləməliyəm? Mənə elə gəlir ki, insan, xüsusilə də yazı adamı həmişə düşünməlidi. Düşündüklərinin ən yaxşısını yazıya gətirməyi bacarmalıdı və yazdıqlarının ən yaxşısını çap etdirməlidi. Şəxsən mən yazı məsələsində çox qəddaram, orta və ya aşağı həddi qəbul etmirəm. Yazı yazıramsa onun ən yaxşısını yazmalıyam.
   
   Vaxtilə məndə elə ovqat olub ki, yazın gəlişinə silsilə şeirlər yazmışam və ya yay gələndə zoğallığın kölgəsinə çəkilib başlamışam silsilə şeirlər yazmağa. Görünür oxuduqlarım o zaman məni aldadıb. Amma indi oxuduqlarım məni aldada bilmir. Çünki indi artıq mən təkcə oxucu yox, həm də yazıçıyam.
   
   - "Ulduz" jurnalının baş redaktor müavinisən, kabinetin də Yazıçılar Birliyinin ən üst qatındadı. Üstəlik, poeziyamızın durumu ilə bağlı qurultay öncəsi məruzənin müəllifisən. Sən yaxşı bilərsən, ədəbiyyatımızda hava necədi?
   
   - Yaxşıdı. Daha konkret desəm, ədəbiyyatdakı hava məhz ədəbiyyatdakı hava qədərdi. Nə azdı, nə də çox. Külək əsir, ağac yarpaqlayır, sonra meyvə gətirir.
   
   - Belə havada bütün meyvələr dadlı olur?
   
   - Ədəbiyyatın barlı ağacları həmişə az olub. Ədəbiyyatın qızıl və ya gümüş dövrə ayrılması ilə razı deyiləm. Belə bölgülər boş şeydi. Tolstoyun, Dostoyevskinin, Çexovun, Qoqolun eyni dövrdə yazması sadəcə, taleyin bir işi idi. Onların bir-birlərinə təsir etməsinə inanmıram. Hərə öz işini görüb.
   
   Bəxti gətirməyən adamlar adətən ya poeziyaya gəlirlər, ya da jurnalistikaya. Amma gəlib nə edirlər ki, bəxtləri açılır? Bu gün ədəbiyyata, jurnalistikaya axın olmasına baxmayaraq biz yenə də bir-iki qəzet alırıq, bir iki imzanı axtarırıq. Şair, nasir bolluğu olsa da biz yenə ancaq bir neçə şair, yazıçının əsərlərini oxuyuruq. Ədəbiyyatdakı havanı, bu basabası, həm də eyni zamanda seyrəkliyi necə tənzimləmək olar ki? Bu mümkün olası iş deyil. Yeri gəlmişkən, sənə bu günlərdə Rusiya telekanallarından birində gördüyüm süjeti danışım. Cavan bir oğlan deyəsən narkotik maddələrin təsirindən kranın başından quş kimi, məhz elə quş kimi uçdu və sağ qaldı. Qarın üstünə düşəndən sonra onu həkimə apardılar, gördülər ki, onda nəinki sınıq, heç çıxıq da yoxdu. Ədəbiyyat da belədi, hərdən adamı quş kimi uçmağa vadar edir. Adam arağın, narkotikanın və sözün təsirindən quş kimi uçmaq istəyir. Bunların hər üçünün tərkibini yoxlayan olsa, hökmən bağlılıq tapacaq. Çünki üçü də insanı uçurur.
   
   - Şair, sən nəsr əsəri və ya məqalə yazanda başqa havada olursan, yoxsa şeirin havası sənə kifayət edir?
   
   - Əlimə qələm alanda şeir havasında oluram. Nəsirdə və ya publisistikada yazdıqlarımın hamısı poeziyadan oğurladıqlarımdı. Doğma övladını Vətənə qurban verən ata kimi şeir balamı nəsrə, publisistikaya qurban verirəm. Yazdıqlarımın hamısı poeziya havasına köklənib, heç biri ondan kənarda deyil. Görünür başqa cür yaza bilmirəm. Poeziyanın vəziyyəti barədə məruzə hazırlayanda da, hansısa bir tədbirin ssenarisini yazanda da orda hökmən şeirin havası olur. Özümü şeirin havasından kənarda görmürəm. Çünki o əsl mənim havamdı.
   
   - Necə deyərlər, sümüyünə düşən havadı...
   
   - Şeir yazanda istəyirəm ki, misra misradan xəbərsiz olsun. Lap sonda onlar vahid bir orqanizm kimi birləşsinlər. Şeirdə lazım olmayan, mənasız hər bir sözün, kəlmənin əleyhinəyəm. Gərəksiz adamın mənim şeirimdə nə işi var? İnsan kimi nə qədər humanistəmsə şair kimi sözə qarşı bir o qədər amansızam. Şeirdə sözə humanist yanaşmaq olmaz. Hansısa bir söz şeirdə işlədilirsə o hökmən nəyi isə ehtiva eləməlidi, nəyəsə lazım olmalıdı. Kiminsə qolundan tutmalıdı, kiməsə badalaq vurmalıdı. Mənim sözlərim bal arısı kimidi. Biri yuvaya yüksüz qayıtsa qapıda duran növbətçi arı hökmən onu qovacaq. Qapıda duran arı da bekar dayanmamalıdı, bütün günü qanadlarını çırpıb içərinin havasını təmizləməlidi.
   
   Sonuncu dəfə Cəfər Cabbarlının "Aydın" pyesinin tamaşasına baxanda gördüm ki, orda nə qədər artıq söz var. Cəfər Cabbarlı bəyəndiyim yazıçılardan olmasına baxmayaraq, məmnuniyyətlə həmin artıq sözləri redaktə edərdim. Bugünkü roman bumunda əsərləri oxuyarkən nə qədər təsvirçiliklə rastlaşırsan. Mobil telefonu bəlkə ötən əsrin 80-ci illərində təsvir eləmək olardı. Axı indi mobil telefon hamıda var. Eləsi var yazır ki, filankəs mobil telefonun dəstəyini asdı. Allah haqqı mobil telefonun dəstəyi olmur. Bizdə monimentallıq azarı var. Hamı istəyir ki, kitabı qalın çıxsın. Mən özüm "Nabran novellası"nın belə qalın çıxmasından məyus oldum. Baxmayaraq ki, yazdıqlarımın yalnız bir qismi həmin kitabda toplanmışdı. Bütün yazdıqlarımı, şeirlərimi çap eləsəm gör nə qalınlıqda kitab alınar. Axı mən bilirəm hər şair beş-altı, bəlkə də bir şeiri ilə ədəbiyyatda qalır. Ədəbiyyatda qala biləcək həmin o bir şeiri yazmaq istəyirəm. Elə şeir var oxuyan kimi görürsən ki, onu yazan kövrəlib və oturub 14 bənd şeir yazıb. Halbuki həmin adam ağlaya bilərdi və heç bir misra da yazmazdı.
   
   Etibar, səninlə oturub havadan danışırıq. Təxminən iki il əvvəl mən dalbadal yuxuda leysan görürdüm. Görürdüm ki, əməlli-başlı Nuh daşqınıdı, hər yeri su basır. Oturub hava haqqında şeir yazdım. Necə deyərlər, o şeir sonra yuxu havasından çıxıb yazı havasına düşdü. Həmin şeir hələ çap olunmayıb. Yaponiyada baş verənləri görəndə həmin şeir məni əməlli-başlı qorxutdu. Baş verənləri necə oldu ki, mən əvvəldən gördüm... O gün səninlə telefonda danışandan sonra fikirləşdim ki, görən biz hava haqqında nə danışacağıq? Səhərisi göydən sarı palçıq yağdı, göyün üzü qəribə rəng aldı. Bir daha başa düşdüm ki, heç nə bizim əlimizdə deyil.
   
   - Hava haqqında xəbərlərə tez-tez baxırsan?
   
   - Əvvəllər nə idman, nə də hava haqqında xəbərlərə baxırdım. Amma indi bunlara daha həssaslıqla baxıram. İndiki havalar əvvəlki havalardan çox fərqlidi. Bir vaxtlar mən canımla bilirdim ki, hava necə olacaq, evdən çıxanda ona uyğun geyinirdim. Amma indi həftə ərzində bir neçə dəfə aldanıram və havanın mənimlə belə oyun oynaması bir balaca xoşuma da gəlir.
   
   - Ağdamlı xanəndələrin hamısından yazı yazan Qulu Ağsəs hansı havanı oxumaq istəyir?
   
   - Çox qəribədi ki, məndə heç özüm üçün zümzümə eləmək istedadı belə yoxdu. Ürəyimdə yaxşı oxuyuram və mənə elə gəlir ki, elə hamıdan yaxşı mən oxuyuram. Əslində hamının qəlbində öz havası var. Sumqayıtda binaların arasındakı xeyir-şər mərasimləri keçirmək üçün tikilən yerləri görmüsən də, insan ürəyi həmin yerə oxşayır. Orda həm xeyir olur, həm də şər.
   
   
   
   
   
   Qulu Ağsəsin hava haqqında yazdığı və çapa vermədiyi şeiri
   
   
   
   Tövbə, görünməyib fəlakət belə,
   
   Damarı kəsilib göyün elə bil.
   
   Tanrı qorxusundan bulud əriyir,
   
   Torpaq dizlərinə döyür elə bil.
   
   Göydən zəhər yağır, zəhrimar yağır,
   
   Allahın altında hər nə var, yağır.
   
   Minbərdə dörd olub mollanın gözü,
   
   Basdırdığı meyit küçəylə üzür.
   
   Sular sonası da su altda qalıb,
   
    Yağış havası da su altda qalıb.
   
    Örtüb üstümüzə bu yağış ağı,
   
    Biləndə ölmüşük enib aşağı,
   
    Onda gələcək ki, haya yaradan,
   
    Sağ ikən görməsin onu bir adam.
   
   

TƏQVİM / ARXİV