adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BiR AZ DA KÖMƏK EDiN

OQTAY SALAMOV
21893 | 2011-04-23 07:56
Allah sonuncu Kitabını ərəb əraziləri vasitəsi ilə dünyaya göndərmişdi. Bu şərəfi qiymətləndirməyə bacarmayan ərəblər dünyanın dağılmasını elə deyəsən onlardan başlmağı qərara aldılar. Sözsüz ki, Qərb şeytanının barmağı quyruğu altında olanda ərəblər həmişə bir-birinə qənim kəsildiklərinin fərqinə varanda gec olur. Amma bu dəfə çox gec olduğunu dərk edə bilmədilər. Bununla dünyanın taleyini zərbə altına saldılar. Əslində kənar təsirlər də az rollar oynamadılar ha. Yaponiya gah silkələndi, gah dalğalandı, axırda da atom püskürməyə başladı. Gör iş hara çıxdı ki, Azərbaycanda da palçıq vulkanları da oyanmağa başladı. Bir sözlə, dünyanın üstünə kollektiv surətdə hücum etdik. Malades. Dünya hələ də dözməyindədirg
   
   Belə olanda tək-tək fərdlər dünyanın altına fitil qoymaq fikrinə düşdülər. Hərə öz bildiyi kimi bu dünyanı dağıtmağa çalışır; bəziləri vəzifələri ilə, bəziləri terror vasitəsilə, ayıb da olsa daha bizdə olmasa da, Amerika, Almaniya, Allahın İtaliyasında da tüğyan edən korrupsiya ilə, rüşvətlə (ay dədən vay, ayə bu sözü neçə ildir bizim lüğətimizdən çıxarmışıq; olmayanın adı da olmaz ki), nə bilim hansı fırıldaqla dünyanı dağıtmaq istəyirlər.
   
   A kişilər, kimi-kimi, o boyda Amerikanın aman-zaman bir şokolad kimi rəngli prezidenti Barak Obamanın dostunu həbs ediblər. Eşidəndə bir ayağımın altından yer qaçdı. Özü də nə üstündə-nə üstündə, "Associated Press" agentliyi deyir ki, Robert Tikomb fahişələrlə əlaqədə ittiham olunur. İnsidentin detalları açıqlanmır. Yalnız o məlumdur ki, Titkomb və daha 3 nəfər gecə saatlarında polis tərəfindən keçirilən əməliyyat nəticəsində fahişələrlə tutulub. Sən demə, adı dil sındıran bu adam Titkomb Obama ilə birlikdə tez-tez qolf və basketbol oynayır. Onun Ağ Ev sahibi ilə ailəvi dostluq etdiyi məlumdur. Deyirəm Titkomb Obamanın üzünü qara edib, Obama da bizim. Daha o boyda adamın dostu, deməli, o özü dünyanın dağılması üçün çalışanlardan biridir...
   
   Obamadan söz düşmüşkən, o biri Obamanın ABŞ-ın birinci xanımı Mişel Obamanın göyərtəsində olduğu təyyarə az qala Amerika ordusuna məxsus hava gəmisi ilə toqquşacaqmış. "The Washington Post" qəzetinə verdiyi xəbərə görə, Mişel Obama Nyu-Yorkdan Vaşinqtona qayıdırmış. Eniş zamanı məlum olub ki, "Boeing-737" tipli prezident təyyarəsi qarşıda olan orduya məxsus S-17 hava gəmisi ilə məsafə olduqca az olduğundan yerə enə bilməz. Bir sözlə, təyyarə arvadı məvh edəcəkimiş, Allah qoruyub. Deyirəm Allahın səbri sonsuzmuş, kişisi dünyanı dağıtmaq istəyir, Allah onun arvadını xilas edir... Adama dərs olmur ki, olmur...
   
   Böyük və kiçik günahlar içərisində uşaqların əlinə silah alıb adam öldürməsi o qədər gözlənilməz günah kimi sayılıb ki, onu heç ağıllarına da gətirməyiblər ki, günah siyahısına da salalar. Deməli, uşaqlar da öldürürsə, konkret dünyanın sonudur. Deyir ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki orta məktəblərdən birində 6 yaşlı şagirdlərdən biri məktəbə silah gətirib. Şagirdin belində gəzdirdiyi odlu silah yerə düşüb və nəticədə atəş açılmasından yaxınlıqda olan şagirdlərdən 3-ü xəsarət alıb. Azərbaycanda Kürdəmir rayonunda 6 yaşlı uşaq 5 yaşlı bacısını güllələyib. Bilirəm, qəzadır, qəsdlə olmayıb, amma uşağın əlinə hansı səbəbdən olur-olsun silah düşürsə, onun valideyni günah işləyir, dünyanın dağıdılmasında əli var.
   
   Deyirəm kişilər bir yana, qadınlar da özlərinə əl qatıblar, dünyanı dağıtmaq üçün yarışa çıxıblar. İspan siyasətçisi Sole Sanşez təbliğat kampaniyasında qadının döşlərinin təsvirindən istifadə etməklə başını zibilə salıb. Deyir plakatda (düşmüşük zibilə, kimsə bir qazan qaynadıb, əvəzinə biz üzrxahlıq etməliyik) kişi qadının döşlərini sıxır, şəklin altında isə "2 böyük arqument" sözləri yazılıb. Bu plakat yayıldıqdan sonra Demokrat Partiyasının namizədi olan xanım Sanşezə qarşı kampaniya başlayıb və hətta onu cinsi ayrı-seçkilikdə ittiham ediblər. Xanım siyasətçinin isə arqumenti belə olub: Mənim bədən üzvlərimi istədiyim kimi istifadə etmək hüququm var. Yəni, döş mənimdir, özüm bilərəm... Deyəsən qadınların şeytana daha asan aldanması səbəbi kimi kişiləri bu dəfə ağılla düşünməyə məcbur edib, xanımın arqumenti əsassız hesab edilib və plakatlar yığışdırılıb. Kişilər sinələrini qabardıb deyə bilərlər ki, dünyanın sonunu bir neçə gün ləngidiblər...
   
   Ləngimək dedim, yadıma kral taxtını ən uzun müddət gözləyən varisi böyük Britaniya şahzadəsi, Çarlz yadıma düşdü. İndi 60 yaşı olan şahzadə, elə 60 ildir kral olmağı gözləyir. Şahzadə Çarlzın anası II Yelizaveta 1952-ci il fevralın 6-da, Çarlz 6 yaşında olan zaman taxta çıxıb. 84 yaşlı kraliça 4 il də taxtda qalarsa, ölkədə ən çox bu vəzifədə olmuş monarx olacaq. Hazırda kraliça Viktoriya 63 illik rekordla birinci yerdədir. Buna qədər kral taxtına çıxacağı günü ən çox gözləməklə bağlı rekord bədbəxt şahzadə Çarlzın ulu babası Kral VII Edvarda aid olub. O, 59 il 2 ay 13 gün taxta çıxmaq üçün gözləmişdi... Qorxuram yazığın arzusu ürəyində qala. Deyirəm axı, dünyanı dağıtmaq üçün fürsət axtarırlar. Bu soxasoxda kimin vecinə ki, bu kişi 60 ildir oçereddə durub...
   
   Amma indi yayılmış hadisə Azərbaycansayağı dünyanın axırıdır. Deyir, Şəmkirdə molla mollanı bıçaqlayıb. Maraqlı hadisə Şəmkirin Qaracəmirli kəndində qeydə alınıb. Mollalıqla məşğul olan Şəmkir sakini 46 yaşlı Səhman Həmzəyev kənd qəbiristanlığında dəfn mərasimlərinin birində həmkarı 47 yaşlı Göyçay sakini Rasim Abdullayevi bıçaqlayıb. Hadisəyə səbəb mollaların bir-birinin fəaliyyət göstərdiyi əraziyə göz dikməsi olub. Mollalar ölünü yaddan çıxarıb ərazi davasına girişiblər. Sonda isə onlardan biri xəstəxanaya, digəri isə həbsxanaya yollanıb.
   
   Deyir, lotu molla Səhman Həmzəyev ilkin ifadəsində bildirib ki, məhz o Rasim Abdullayevə mollalıq öyrədib. İkincinin onun üzünə ağ olması isə müəllim mollanı təbdən çıxarıb. Deyir "mənə çox meydan oxudu. Qabağında ağladım, dedim çörəyi ayaqlama, insaf eylə. Arzumu gözdə qoyma"-fikir vermədi. "Əməlindən peşmançılıq keçirirsənmi?" sualına molla Səhman Həmzəyev "Allahın qarşısında tövbə eləmişəm. Mənim bu gündən sonra müqəddəs arzularım gözümdə qaldı. Allahın səsi kitabı həbsdədir. Mənim yaşamağımın mənası yoxdur". Deyəsən lotu molla dünyanın dağılmasına qəti şübhə eləmirmiş. Yoxsa hələ bilmir ki, düşəcəyi "kalon"da molla vəzifəsi vakantdır, yoxsa yox. Axı həbsxanada da Allaha ibadət etmək olardı...
   
   İndi nə deyirsiniz, dünyanın sonuna az qaldığına sizi inandıra bildim, yoxsa bəziləriniz yenə fironluq həvəsindəsiz?...

TƏQVİM / ARXİV