QAçIRILAN QIZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
58738 | 2011-04-23 07:56
Dünyanın hansısa bir bucağında, hansısa bir məmləkətində mənim başlığa çıxardığım sözə, fikrə və yaxud da bu əmələ necə baxırlar, necə yanaşırlar, hansı qiyməti verirlər deyə bilmərəm. Çünki bu barədə nə araşdırma aparmamışam, nə də hansısa bir araşdırma ilə qarşılaşmamışam. Amma bildiyim bir gerçəklik var, o da müsəlman dünyasında qaçırılan qız və yaxud qoşulub qaçan qız barəsindəki deyimlər, münasibətlər, bu hərəkətə verilən qiymətlər və sairədi. Yəni müsəlman aləmində, o cümlədən də bizdə qaçırılan və qoşulub qaçan qızlara zaman-zaman fərqli münasibətlər bəslənib və bu gün də bəslənir. Lakin burada qəribə bir nüans da var. O da həmin qaçmaq və yaxud qaçırılmaq məsələsinə müəyyən məqamlarda geyindirilən dondu. Və bu don da onu milli mentalitetə gətirib bağlayır. Hətta belə hallarda deyirlər ki, adətdi, burda qorxulu nə var ki?..
   
   Bəli, doğrudan da biz öz kökü üzərində böyüyən, qol-qanad atan və həm öz kökümüzə, həm öz qol-qanadımıza böyük sayğı ilə yanaşan böyük bir millətik. Ona görə də bəzən qəbahətlərin, yol verilməz hərəkətlərin, birinin istəyinin digərinin fəlakətinə çevrilməsinə göz yummağın içərisində bir millilik, bir özünəməxsusluqla pərdələməyə çalışırıq. İstəyirik ki, olanlar və olmuşlar hansısa ağır cinayətlərə, fəsadlara aparıb çıxarmasın, eləcə yumşaqlıqla, sülhlə, ağsaqqal, qarasaqqal məsləhəti ilə hər şey yoluna qoyulsun və təkrar-təkrar vurğulansın:
   
   - Bir qız bir oğlanındır. Hansı yolla olur-olsun, təki xoşbəxt olsunlar!
   
   Amma... Amma görəsən bir qızın bir oğlanın olmasının daha böyük anlamını, yəni bir-birini sevənlərin bir-birinin olmasını niyə qabartmırıq, niyə ona üstünlük vermirik? Ümuminin içərisində əridirik bu fərdiliyi... Mən hər dəfə bu qəbildən olan hadisələrlə qarşılaşanda, bu barədə eşidəndə istər-istəməz bir gerçəkliyi xatırlayıram...
   
   O bu dünyanı bütün rəngləri ilə, bütün gözəllikləri ilə.
   
   canına, gözlərinə hopdurmuşdu. Hər açılan səhər onun üçün bir ümid idi. Yeni bir uğurun başlanğıcı, yeni bir arzunun doğum tarixi idi. Və o da yaşıdları kimi hər açılan günlə bərabər böyüyür, pərvazlanır, arzudan-arzuya, ümiddən-ümidə elə həvəslə, elə böyük sevgilərlə uçurdu ki, sanki qaranlıqdan işığa tələsirdi. Və hər dəfə də arzularını, istəklərini görüşdüyü insanların üz-gözündən oxuduqları onu bir az da qanadlandırır, bir az da təəccübləndirirdi. Çünki onu dinləyənlər, onun hərəkətlərini, sözlərini, hətta gözünün lap dibindən gələn işıq selini müşahidə edənlər o əl boyda qızcığazın dünyasına, duyğularına, ürəyinə və ən vacibi isə qovuşmaq istədiyi arzulara çox fərqli baxırdılar. İnana bilmirdilər... İnana bilmirdilər ki, qarşılarındakı bu qızcığaz özündən min dəfələrlə böyük, əlçatmaz, ünyetməz istəklərin sorağındadı. Bu istəklər üçün hər bir çətinliyə dözməyə, hər bir savaşa hazırdı...
   
   Hə, onlar bu cür fikirləşirdi, bu cür fikirlərin içərisində bu qızcığaza yalan-doğru münasibətlərini bildirirdilər. O isə hər gün bir az da artıq coşqu, arzu və diləklə öz məqsədinə doğru gedirdi. Gedirdi və ona çatacağına inanırdı. Elə inandığı üçün də onu nə gözlədiyini anlaya bilmir, görmür, duymurdu. Çünki inandığı onun inamının gücündən istifadə etməklə qanadlarını yolmaqla, ümidlərə doğru gedən yoluna kötüklər yumalayırdı. Bu, inamın, daha doğrusu, inandığının hiss edilməyən, gözlə görülməyən ustalıqla gerçəkləşdirdiyi, qurduğu bir tələ idi. O da bu tələyə doğru gedirdi.
   
   
   
   Məni ağlayan kimdi
   
   Ağlasın, çıxım gedim
   
   Dalımca bu qapını-
   
   Bağlasın, çıxım gedim...
   
   
   
   Batıb gülə, ətirə
   
   Gəlib, dilə gətirə!
   
   Bircə gilə xatirə-
   
   Saxlasın, çıxım gedim...
   
   
   
   Sığınaraq balınca
   
   Düşünsün tək qalınca...
   
   Gözü yaşlı dalımca-
   
   Baxmasın, çıxım gedim
   
   
   
   ***
   
   
   
   Çox qəribədi, bəzən hissləri ifadə edirsən, düzgün anlaşılmır gülüşlə qarşılanırsan, ironiyaya tuş gəlirsən və yaxud da əksinə susursan, dinmirsən, bax, onda da deyirlər ki, dinmədin, danışmadın, heç nəyi büruzə vermədin sonu da belə oldu... Odur ki, özündən küs! Bu iki fikrin arasında o qədər böyük yarğan, o qədər böyük uçurum var ki, körpü salmaq təkcə hünər istəmir, həm də dözüm, cəsarət tələb edir. O dözüm ki, sənə ironiyalardan da, gülünc qınağından da qorunmaq şansı versin... O dözüm ki, səni danışmağa, hisslərini, duyğularını ifadə etməyə həvəsləndirsin və sən də məhz heç kimi, heç nəyi nəzərə almadan, gözünün önünə gətirmədən sevgin, sevdiklərin üçün tarana gedəsən, ölümü gözünün qarşısına alasan, vüsalı, qələbəni amalına çevirəsən...
   
   O, istəklərinə qarşı kiminsə getdiyini hiss etmirdi və elə bilirdi ki, güvəndiyi, sığındığı, özünə qardaş qədər, dost qədər yaxına buraxdığı birisi onun dayağıdı, onun köməkçisidi, onun yol göstərənidi. Ona görə də heç bir qaranlıq, narahatlıq duyğularını özünə yaxın buraxmır, hətta heç ağlının ucundan da keçirmirdi. Qızın bu səmimiyyəti, bu güvənci qarşı tərəfi bir az da ustalıqla, bir az da mələk donuna girməklə öz məqsədinə doğru aparırdı. O, inamdan yararlanırdı, inamdan yapışıb istəyinə çatmaq istəyirdi. Bu da inamdan yararlanırdı və bu da ondan fərqli olaraq, inamının mütləq qalib gələcəyini özü üçün dəqiqləşdirmişdi. Çünki bunun cinsi üstünlükləri, adının oğlan olması əlavə bir şans idi, əlavə güc idi, üstünlük idi. Bax, elə günlərin birində o da onun və özünün inamına söykənərək gücünü işə saldı, onu götürüb qaçdı... Bununla da bir ümid, bir inam çilik-çilik oldu, bir arzu çələngi ayaqlar altında qaldı, bir xoşbəxt gələcək xəyalı zülmət gecəyə, qaranlıqlara büründü, bir ürək daşlaşdı, duyğuları, hissləri məhv oldu, insanlara diqqəti, səmimiyyəti öldü. Bir sözlə, bir qızın həyatı bütünlüklə məşəqqətlərə, zülmlərə çevrildi... Bir oğlanın arzusu gerçəkləşdi, bir oğlan xəyalında sarıldığı ünvana qovuşdu, bir oğlan evində çıraq yandırdığını zənn etdi... bir oğlan sevgisinə qovuşduğuna inandı... Amma...
   
   Onların həyat hekayələri nağıl oldu. Amma sonu üç alma ilə bitmədi. Əksinə, bu nağıl neçə-neçə arzunun, istəyin, ümidin, inamın sadəcə sabun köpüyü, sadəcə ilğum olduğunu göstərdi. Ona görə də inanan olmadı bu nağıla. İnanan olmadığı üçün də bu nağılın qəhrəmanlarından birini həyat özü cəzalandırdı. O cəza ikincinin və onunla qalanların ömür boyu daşıyacağı sızıltılara, nisgilə çevrildi. Bir qızın ahı özünü də tutdu, onun üçün dost qiyafəsində yanınca gəzən dəli bir sevigilini də...
   
   O qız həyatını dəyişə bilmədi. Çünki milli dəyərlər yolunu bağladı. Qaçırılmış qıza necə baxıldığını əvvəldə yazmışam. Və bu qızın geri qayıtmasını el-obanın necə qarşılayacağını da yəqin ki, təxmin edirsiniz. Bax, bu dəyərlər çevrildi aşılmaz, keçilməz bir dağa, kəsdi onun yolunu. Sevmədiyi, çırağı olmaq istəmədiyi bir evdə için-için közərdi, közərə-közərə də əridi. Və hardasa oxuduğu bir şeiri xatırladı.
   
   
   
   düşündüm
   
   qərar verdim-
   
   deməliyəm!-
   
   yəni
   
   qəribə olan
   
   bir gerçəkliyi
   
   etiraf etməliyəm...
   
   mən
   
   yana-yana külə
   
   sən
   
   dona-dona
   
   buza çevrilirsən...
   
   mən
   
   heç nə ilə
   
   yadda qalmayan
   
   günə
   
   sən isə
   
   ən uzaq
   
   ulduza çevrilirsən...
   
   deməli
   
   bütün bunların
   
   sonunun
   
   nə olacağını
   
   sən əvvəldən
   
   bilirsən
   
   amma
   
   sadəcə
   
   sözlə yox
   
   hərəkətlərinlə
   
   deyirsən:
   
   həyatından
   
   getməliyəm!..
   
   
   
   ***
   
   
   
   Qoşulub qaçan qız... Bunun taleyi əslində qaçırılan qızın taleyindən çox fərqlənir. Çünki bu seçimi özü edib, bu qərarı özü edibdi. Ürəyinin, ağlının istəyi ilə, duyğularına meydan açmaqla qoşulub qaçıb... İstəyinin dalınca gedib...İstədiyinin yanında gedib...Birgə qurduqları xəyallara qovuşmaq üçün gedib... Bir evdə çıraq olmağa, bir evi işığa bürüməyə, bir evə hərarət gətirməyə gedibdi. Amma...
   
   Onun getdiyi ünvanda qoşulub qaçanın nə gözlədiyini təxmin etmək çətin olduğu qədər də asandı. O necə qarşılanacaq, o necə qəbul olunacaq, onun adına hansı sözləri deyiləcək, qarşında hansı sullar dayanacaq, ümumiyyətlə, bu yeni ünvan sənə qucaq açacaqmı?!
   
   Bax, bu suallar qoşulub qaçan qızın hamısının taleyində, qismətində özünü qabarıq göstərir və mən də yaşadığım həyat boyu bu sualların kifayət qədər şahidi olmuşam. İstər doğmalar arasında, istər el-obada qoşulub qaçan qızların da, qaçırılan qızların həyatları barədə kifayət qədər məlumatım var. Amma çox qəribədir ki, nə qaçanlar, nə də qaçırılanlar həyat dərsindən nəticə çıxarmırlar, gözüyumulu odun, alovun üstünə gedirlər. Sanki bu seçim onların xilasıdır və onlar da atdıqları addımla sakini olacaqları yeni dünyanın qəhrəmanlarına çevriləcəklər. Ola bilsin ki, bu qəhrəmanlığı müəyyən bir zaman üçün qəbul etmək olar, amma onun sonrasını, davamını görmək, yaşamaq, dözmək... Bax, bunu mən qəhrəmanlıq sayıram.
   
   Təbii ki, ayrı-ayrı fraqmentləri, məqamları özündə əks etdirən, qaçırılan və qaçan anlayışları son ucda insan taleyi ilə bağlıdı. Bu taleyə biganə qalmaq, bu tale ilə oynamaq olmaz. Çünki sevgi hər şeydən, hamıdan güclüdü. O, dözüm də verir, inam da verir, hətta böyük uğurlara da yol açır. Bunu unutmaq olmaz və mən də bu inamdan aldığım, daha doğrusu, qopartdığım pıçıltıları kağıza köçürürəm.
   
   
   
   Hanı o gün, hanı o an
   
   Alıb səni qaçam, qaçam...
   
   Dönüb simurq quşuna mən-
   
   Ağ günlərə uçan, uçan...
   
   
   
   İzim yerdə görünməsin
   
   Bizim yerdə görünməsin...
   
   Bu sevgimiz bölünməsin-
   
   Axı mən ona möhtacam...
   
   
   
   Çiçəklənsin həyat eşqin
   
   Bu minillik boyat eşqin...
   
   Qoyma yatsın- oyat eşqi-
   
   Nur bələnsin evim, bacam...
   
   
   
   
   
   Bu yazı təkcə görüb şahidi olduqlarım yox, həm də müəyyən məqamlarda məni düşündürən, göz önündə olan tale sahiblərinə ruhumdan gələn bir diqqətin ifadəsidi. Mən heç də milli dəyərlərin əleyhinə deyiləm və ümumiyyətlə, milli olan hər şeyi qorumağın tərəfdarıyam. Ancaq nəyə isə milli don geyindirmək, onu milli adət-ənənə kimi zaman-zaman yaşatmaq da doğru deyil. Biz doğru olanın yanında olmalıyıq.

TƏQVİM / ARXİV