adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
37604 | 2011-04-22 07:20
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
    - 1-ci sual: Bu il büdcədən maliyyələşənlərin maaşlarının artırılacağını bildiriblər. Bu dəfə əsaslı artım gözləyirsinizmi?
   
   - 2-ci sual: Son dəfə hansısa filmə baxmaq üçün kinoteatra getmisiniz?
   
   - 3-cü sual: Övladınızın, yaxud doğmanızın müğənni olmasını istərdinizmi?
   
   
   
   1. - Məmməd: (paytaxta qonaq gəlmiş əyalət adamı) Bəli, təzəlikcə belə bir şey deyirlər. Canları sağ olsun, axırda heç olmasa camaatı da yada saldılar. Amma mən inanmıram ki, hökumət naaşları artırıram deyəndə əməlli-başlı bir məbləğ nəzərdə tutsun. Həmişə olduğu kimi, bu dəfə də büdcəçilərin maaşlarını on-on beş manat artırıb düz bir il deyəcəklər ki, pulunuzu qaldırmışam.
   
   2. - Allah köməyiniz olsun, nə kinoteatr, nə teatr? Deyəsən kefdən danışırsınız? İndi o qədər problem, dərd-sər var ki, vallah, adam adını da hərdən yaddan çıxarır. Bir də mənim kimilərin elə yerlərə gedən vaxtı çoxdan keçib. Qoy indi kinoya-filana cavanlar getsin... Mən 20-30 ildi elə yerlərə getmirəm
   
   3. - Əstəğfurullah. Müğənnilik-zad bizim haramıza yaraşır? Bir də müğənnilik üçün istəməkdən başqa səs də olmalıdı. Bizimkilərin, içi mən qarşıq səsimiz yoxdu. Ona görə də müğənnilik bəlamız da yoxdu...
   
   
   
   1. - Rüfət: (işsiz) Müəllim, mən nə büdcədən maliyyələşirəm, nə də qıraq yerdən. Əslində heç yerdən maliyyələşmirəm. Harada iş tapsam gedib görürəm, pulumu qazanıram. Ona görə də maaşlar nə qədər artacaq, nə artmayacaq məni qəti narahat eləmir. Amma mənə qalsa müəllimin-zadın maşını artırmalıdırlar da...
   
   2. - (acı-acı gülür) İnanın ki, mənim kinoya baxmağa ehtiyacım yoxdu. Əslində elə mənim yaşadıqlarımın özü bir kinodu da. İstəyən gəlib tamaşa eləsin. Tamaşa eləsin, görsün ki, mən ailəmi dolandırmaq üçün hansı zülümləri çəkirəm. Əsl kino elə mənim həyatımdı. İnandırım sizi, rejissorlar gəlib çəksələr, özü də canlı-canlı bilirsiz nə bomba kino alınar? Dəhşət...
   
   3. - Yox. Bizimkilərin müğənnilikdə nə işi? Bircə müğənnimiz əskikdi. O cür işlər bizim kimilər üçün deyil. Onların elədiklərini nə biz özümüzə yaraşdırarıq, nə də onlar bizim elədiklərimizi özlərinə yaraşdırar. Düzdü, müğənni olanlar tezcənə özlərinin güzəranını düzəldirlər, bahalı maşınlarında gəzirlər. Amma vallah, bu bizə lazım deyil.
   
   
   
   1. - Xalidə: (şirkət işçisi) Artırsalar çox yaxşı olar. Düzdü, mən büdcə təşkilatında işləmirəm, amma yoldaşım dövlət idarəsində çalışır. Maaşlar qaldırılsa, demək onun da pulu artacaq. Məbləğ məsələsinin çox olacağına qəti inanmıram. Çünki dəfələrlə görmüşük. Maaş artanda 15-20 manat artıb. Amma neyləmək olar, o da bizim üçün puldu...
   
   2. - İndi kinoteatrlar işləyir bəyəm?.. Vallah, mənim xəbərim yoxdu. Axı indiki zamanda kinoteatra getməyin nə mənası var. DVD-də hansı kinoya baxmaq istəyirsənsə, alıb evində rahat-rahat baxırsan da.
   
   3. - Nə bilim vallah. Düzü bizimkilərin səsi-filanı yodu. Istəsələr də necə olsunlar ki? Bir də ki, buna ataları icazə verməz. Elə düz də eləyər. Müğənniliyi də elə günə qoyublar ki, adam baxanda xəcalət çəkir.
   
   
   
   1. - Hətəm: (MİS-in işçisi) Çox yaxşı olar. Düzdü, mən inanmıram ki, artırılan pul böyük olacaq, ancaq buna da şükür. Bəziləri deyir ki, kimə lazımdı o beş-on manat? Məncə verilənə əmma qoymaq lazım deyil.
   
   2. - Getməmişəm. Heç axırıncı dəfə getdiyim də yadıma gəlmir. Nə kino? Bircə kinomuz çatmırdı...
   
   3. - Niyə istəmərəm, istərəm. Oğlumun yaxşı səsi də var. İndi yaxşı pulu elə onlar qazanır. Bir-iki ilə nə problemləri varsa, hamısını həll eləyirlər. Oxumaq-zad indi boş şeydi. Oxuyanların axırını görmüşük. Bu ayın başından o ayın başınadək maaş gözləməkdən gözlərinin kökü sarılıq gətirib.
   
   
   
   1. - Adını söyləmədi: (satıcı) Məni maraqlandırmır. Ona görə ki, bizim büdcə ilə heç bir əlaqəmiz yoxdu.
   
   2. - Yox, getməmişəm, cavan vaxtları da haçan getdiyimi yaddan çıxarmışam.
   
   3. - İndikilər müğənnilikdə bir hörmət qoysaydılar, bizimkilərdən yaxşı səsi olan olsaydı, niyə razı olmazdımı ki?
   
   
   
   1. - Fəzail: (iş yerini söyləmədi) Deməyinə deyiblər, amma bilirəm ki, hökumətin artırdığı 15-20 manatdan çox olmayacaq. Bu da vur-tut iki-üç kilo ət eləyir.
   
   2. - Bizim kimilərin kinoluq, teatrlıq halı yoxdu. Elə bizim özümüz kinoyuq da.
   
   3. - İndi oxuyançılar elm adamlarından, professorlardan, müəllimlərdən min qat yaxşı yaşayır. Heç bir maddi çətinlikləri yoxdur. İşləri-gücləri bacardılar, bacarmadılar, dalay-dalay deməkdi. Mən istədim, ya istəmədim, bu fərqi uşaqların özləri də görürlər. Ona görə də hər kəs elm-təhsil dalısınca getməkdən çox mahnı oxumağın dalısınca düşür. Nə deyəsən?...

TƏQVİM / ARXİV