GüNAH...

FAİQ QİSMƏTOĞLU
33357 | 2011-04-16 08:00
Görəsən, dünyada günahsız insan varmı?! Bəlkə də var biz tanımırıq. Kimin nə dərəcədə günaha batdığını və əlləm-qəlləm işlər gördüyünü Ulu Yaradandan savayı heç kim bilə bilməz. Yəni heç kim bilə bilməz ki, filankəsin nə qədər günahı var və onun ağırlığı nə qədərdi?! Elə kimdən soruşsan deyəcək ki, məndən yaxşı adam yoxdu. Çünki heç kim öz gözündə qıl görmür, başqasının gözündə tir axtarır. Bax, belə də olanda hamı özünü aydan arı, sudan duru kimi hiss eləyir.
   
   Heç kim ayranına turş deməz. Hamı deyər ki, mənim ayranım bal kimi şirindi. Amma əslinə baxanda insan başqa şeylər görür. Məsələn, insan görür ki, bir məmləkətdə çoxları yalan danışır, boğazdan yuxarı təriflər deyir, üzdə başqasının üzünə gülür, arxada dalınca danışır. Və bunu da adi hal kimi qəbul edirlər. İndi yalan danışmırsansa, başqalarının boş damarını tuta bilmirsənsə, "bəli, baş üstə" demirsənsə, onların işi o qələr də yaxşı alınmır. Düzdür, belələri yalan danışdıqlarına, sifətdən-sifətə düşdüklərinə, ən azından sözlərini tez-tez dəyişdiklərinə görə günaha batırlar. Ancaq onlar fikirləşmirlər ki, xirtdəyə qədər günaha batmaq çox ağır, ağır olduğu qədər də çətin bir şeydir. Çünki günlərin birində xirtdəyə qədər batdığı günaha görə, cavab verməli olacaq. Bax, onda hansı cavabı verəcək, nə danışacaq onu bir Allahdan başqa heç kim deyə bilməz.
   
   Bu gün elə dünyamız özü də böyük günahların içində okeandakı gəmi kimi yırğalanır. Aydındır ki, böyük dalğalar və təlatümlər həmişə daha təhlükəli olur. Bu dalğalar böyüdükcə, gücləndikcə okeanda yırğalanan gəmini hər an sahilə ata bilər. Bax, elə dünyamız da günahların içərisində çalxalandıqca nə vaxtsa o da darmadağın dağıla bilər. Gündə bir hadisə baş verir. Mütəxəssislər deyirlər ki, təbiətdə anomal hadisələr cərəyan edir. Bir də görürsən ki, yazın ortasında qar yağdı, ya da göy üzünü sapsarı buludlar aldı və göydən qeyri-adi yağış yağmağa başladı. Bakıya yağan palçıqlı yağış elə bu cür anomal hadisələrin nəticəsi deyildimi? Dünya dağılır, ölkələr zəlzələyə, sunamiyə məruz qalır, bu faciədən insanlar nəticə çıxarmaq istəmirlər. Başa düşmək olmur, insana nə qədər xəbərdarlıq etmək olar? Əgər bu xəbərdarlıqlara məhəl qoymuruqsa, günahlarımızı daha da böyüdürüksə, görəsən bunun axırı nə olacaq? Bax, elə əsas məsələ də budur. Sadəcə olaraq, dünyada baş verən qeyri-adi hadisələrə qarşı hərə müxtəlif cür münasibət bəsləyir. Biri deyir ki, 2012-ci il dekabrın 21-i dünyanın sonudur, biri deyir ki, qiyamət günü yaxınlaşır, biri də deyir ki, bunların hamısı boş şeydir. Həmişə belə olub. Təbiət hadisələri baş verib, zəlzələlər yaranıb, sonra da hər şey öz axarına düşüb.
   
   Beləcə, insanlar özləri-özlərini aldatmaqda davam edirlər. Şirin yalanlara sığınıb dünyanı dağıtmaqda insan beyni hələ də öz işlərini görür. Yeni yaranan kəşflər, müxtəlif nüvə silahlarının sınaqdan keçirilməsi Yer kürəsinin ömrünü bir qədər də qısaldır. Dünyanın tarazlığı yer üzünün əşrəfi olan insan tərəfindən hər gün, hər saat, hər dəqiqə pozulur. İnsan daha fikirləşmir ki, bu tarazlığın pozulması nə vaxtsa həyatın sonu deməkdir. Həyatın sonu yaxınlaşanda isə böyük bəlalar - zəlzələlər, sunamilər, qasırğalar səngimir. Bir-birinin ardınca baş verən fəlakətlər Yer kürəsini bir qədər də silkələyir və onu zaman-zaman məhvə doğru sürükləyir.
   
   Hələ Yer kürəsi, dünyamız çox dözümlüdür və çox etibarlıdır. Çünki insanlar bu dünyanın başına olmazın müsibətlərini gətirirlər. Amma yenə dünyamız buna dözür. Əgər dünyamız bu gün dağılmayıbsa, alt-üst olmayıbsa, hardasa əməli-saleh və yaxşı insanların üzünə görə məhv olmayıb. Bu yaxşı insanlar olmasaydı, çoxdan hər şey alt-üst olmuşdu. Yəni dünya dağılmışdı, hər şey də bir göz qırpımında yerlə-yeksan olmuşdu.
   
   İnsanlar bir anlıq da olsa bəd əməllərindən əl çəksələr, haqqın yoluna qayıtsalar, bir-birinin qanına susamasalar, həyat daha rahat və sakit davam edər. Amma elə insanlar var ki, tökdükləri qandan ləzzət alır, nəinki bir-birini məhv etmək istəyir, hətta yaxşı nə varsa hamısının altını üstünə çevirməyə çan atır. Daha fikirləşmir ki, hər bir atdığı addım, hər bir gördüyü iş onun taleyinə yazılıb. Bu taleyə savab işdən çox günahlar yazılanda daha ağır olur. Çünki haqqın tərəzisi çəkiləndə günah işlər savabdan daha ağır olur. Bu da insanı zaman-zaman özündən uzaqlaşdırır və onu ağır günaha batırır. Günaha batmaqla yanaşı, bu insanlar dünyamıza da yük olur, öz əməlləri ilə başqaları üçün böyük təhlükə törədirlər. Bir təbiət hadisəsi baş verəndə o dəqiqə deyirlər ki, yəqin dünyanın axırıdır. Allaha şükür eləməliyik. Elə olmazmı ki, dünyanın axırı gəlməmişdən həmişə Allaha şükür eləyək və xirtdəyə qədər günaha batmayaq.
   
   Deyirlər ki, insan Allaha gündə üç dəfə dua eləməlidir, şükür eləməlidir. Görəsən heç olmasa bəzi vəzifəlilər, imkanlı adamlar çox yox, heç olmasa ayda bir dəfə Allaha dua edirmi? Və dua edirsə, nə deyir? Hər halda, günaha batmamaq üçün insan işıqlı yolla getməli, savab işlər görməli, ən azından kiminsə evini yıxmamalıdır.

TƏQVİM / ARXİV