adalet.az header logo
  • Bakı 18°C

"VƏTƏNi TANI"

İNTİQAM VALEHOĞLU
23773 | 2011-04-16 08:00
Ötən gün Azərbaycan Respublikası Gəncər Təşkilatları Milli Şurası "VƏTƏNİ TANI" Ümumrespublika kampaniyasına start verdi. Tədbirdən əvvəl qurumun baş katibi Orxan Ərəbov və mətbuat xidmətinin rəhbəri Orxan Əliyev jurnalistlərlə görüşərək, onlara akkreditasiya kartlarını təqdim elədilər. Bildirildi ki, kampaniya 14-18 yaşlı gənclər arasın bütün respublika üzrə 85 auditoriyanı (hər auditoriyada minimum 150 nəfər iştirakçı olmaqla) əhatə edəcək. Bakının rayonlarındakı seçim turlarının hər birində isə 300 nəfər olacaq:
   
   "Kampaniya üçün xüsusi ekspertlər tərəfindən hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin xüsusi elektron proqram və material keçməcə variantları istehsal edilmişdir. 74 regional turlarında keçiriləcək hər bir rayondan 2 nəfər təmsilçi seçiləcəkdir. Həmçinin paytaxt Bakının 11 rayonu arasından 2 nəfər Bakı təmsilçisi seçiləcəkdir. Təmsilçilərin biri elektron digəri isə material keçməcə variantları üzrə Bakıda keçiriləcək Final mərhələsində iştirak edəcəkdir".
   
   Qeyd olundu ki, kampaniyanın məqsədi ölkə başçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır.
   
   Daha sonra gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Elmar Qasımov, Rabitə və İnformasiya nazirinin müavini Elmir Vəlizadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çıxış edərək Kompaniyanın əhəmiyyətindən bəhs elədilər. Bildirildi ki, Milli Şuranın təşəbbüsü ilə həyata keçirilən bu tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması, vətənimizin bütövlüyü və gənclərimizin milli ruhda böyüməsinə çox güclü təkan verəcəkdir.
   
   Milli Şuranın sədri, millət vəkili Fuad Muradov isə kampaniyaya dəstək verən bütün təşkilatlara öz təşəkkürünü bildirərək, söylədi ki, burada əsas məqsədlərdən biri də Azərbaycanın ərazi bütövlüyü məsələsidir. F. Muradov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam dövlətin bu sahəyə olan diqqətinin növbəti təzahürü olmaqla, bu sahəyə qayğını bir daha təsdiqlədi və sözügedən kampaniya da buna dəstək olacaqdır. Qeyd edək ki, kampaniyada interraktivlik, innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilmişdir. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının sayı ölkə üzrə 12.000 (on iki min) gəncdən çox olacaqdır.
   
   "Vətəni tanı" ümumrespublika kompaniyası çərçivəsində Kütləvi İnformasiya vasitələri üçün də bir sıra layihələr nəzərdə tutulub. Məqsəd kompaniya haqqında məlumatların KİV -də geniş işıqlandırılmasına nail olmaqdır. Odur ki, jurnalistlər üçün müsabiqə elan olunub. Müsabiqə çərçivəsində layihə haqqında ən geniş və dolğun informasiya verən jurnalist Təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq. Onu da əlavə edək ki, təqdim olunan kartların vasitəsilə qədəm sahibləri kompaniya çərçivəsində keçirilən müsabiqədə iştirak etmək imkanı qazanacaqlar.
   
   
   
   

TƏQVİM / ARXİV