adalet.az header logo
  • Bakı 19°C

"BAX, FƏLƏYiN çƏMBƏRiNDƏN"

VƏSİLƏ USUBOVA
31205 | 2011-04-16 08:00
Bilmirəm, həyatına qəsd edildiyindəndi, ya nədəndi, son vaxtlar İbrahim Tatlısəsin mahnıları qulağımdan getmir. Ötən şənbədəki yazımı da bu mahnıların biriynən adlandırmışdım. Evdə də, işdə də, hətta küçədə bu qədər səs-küyün içində, maşınların aramsız gurultusunda da bu səs mənimlədi. "Krosna" antenaları təzə dəbə düşəndə biz də birini almışdıq. Həftənin müəyyən günlərində "İbo-şou"nu maraqla, zövqlə izləyirdik, kasetlərini alıb baxırdıq. O da ecazkar səsiynən oxuyurdu:
   
   
   
   Bax, fələyin çəmbərindən
   
   Yolun sonu görünüyor...
   
   
   
   Hələ yolun sonu barədə düşünən halda deyildik. Ancaq qabağa baxırdıq. Ağlıma da gəlmirdi ki, çox tezliklə bu səs-küylü, bəxtəvər günlərdən ürəyimdə ancaq yaralı izlər qalacaq... İndi İbonun səsi içimdə qan ağlayan yaralı quşun çırpıntısından başqa bir şey deyil mənimçün...
   
   Açığını deyim ki, bu yazını qorxa-qorxa qələmə aldım. "Niyə bu qədər kədərli şeylərdən yazırsan?" deyəcək oxucu qınağından qorxa-qorxa. Ancaq bir alibim də var. Xalq şairi Vaqif Səmədoğlu ilə görüşdə tələbələrdən biri sual verdi ki, niyə ayrılıqdan, ölümdən çox yazırsınız?! Cavab verdi ki, xoş anlar, xoşbəxtlik sənət mövzusu deyil. Telefonda məni qınayan oxucuma bunu deyəndə razılaşmadı. Vaqif Səmədoğlu ehkam deyil ki, dedi. Məsələ ehkamlıqda da deyil. Bizə öyrədirdilər ki, kommunizm bütün bəşəriyyətin işıqlı gələcəyi, xoş sabahıdır. Dünən kommunizmi tərənnüm edən Səməd Vurğunu da bu gün qınayanlar var. İndi nə edək? Hansını seçək? Hər ikisini, ya heç birini?! Mənə qalsa, ikisini də! Əsas məsələ mövzuda deyil, sənətkarlıqda, yazanın baxış bucağındadı. Səməd Vurğunun şeirlərində tərənnümlə yanaşı, kifayət qədər qəm-qüssə, ağrı-acı, bir sözlə, bəşəri kədər istənilən qədərdi. Həyat, ölüm, dünya, kainat haqqında adamın iliyinə işləyən misraları belə əzəmətlə ondan başqa kim yaza bilərdi?! Vaqif Səmədoğlunu isə qətiyyən bədbin şair adlandırmaq olmaz...
   
   İnsan təbiətən duyğusaldı, onda qala qələm sahibi ola. Gözünü bir dəfə ətrafa dolandıranda o qədər kövrək, qərib hisslər tapacaq ki...
   
   Niyə qüssələnir insan
   
   Hər axşam üfüqdə
   
   gün batan zaman...
   
   
   
   Bəlkə kimsə Adil Mirseyidin bu misrasına cavab axtara?! Ehtiyac varmı?! Qətiyyən... Axı, çox zaman nədən qüssələndiyini, nədən kövrəldiyini özün də bilmirsən. O sovet dövrü idi ki, adamları dişini dodağına sıxıb özünü bəxtəvər göstərməyə məcbur edirdilər. Sovet adamının şəxsi kədəri ola bilməzdi. Olsaydı da, kədərə əyilmək ona yaraşmazdı. Axı, o, kommunizm qururdu...
   
   Dərdin çarəsi elə onu dilə-dişə salıb azaltmaq, axırına çıxmaqdı. Əgər dərdi olmasaydı, dərdsizliyi özünə dərd edərdi böyük Bəxtiyar Vahabzadə...
   
   Dərdin üstünə getmək, gözünə dik baxmaq onu yendirməyin ən asan yoludu!..
   
   
   
    ***
   
   "Ulduz" jurnalının 2007-ci il 9-cu nömrəsinin son səhifəsində bir şəkil verilmişdi. Hündür ağacların arasıynan, qarmı tutan, buzmu bağlayan yolla bir qadın gedir. Bir az irəlidə bomboz dumanda da kimsə addımlayır. Gecədirmi, gündüzdürmü, bilinmir. Bu yolun da hara apardığını anlamaq olmur. Şəklin üstündə ağappaq hərflərlə altı bəndlik bir şeir verilib. Ənvər Əhmədin 1973-cü ildə yazdığı "Ana" şeiri...
   
   
   
   Hıçqırsam dünyanı
   
   bürüyər kədər,
   
   Gözümün yaşında
   
   əriyər kədər.
   
   Qəbristan yolunda
   
   səhərə qədər,
   
   Ağlayıb-ağlayıb
   
   kiriyər gecə...
   
   
   
   İndi bildinizmi, bu yol hara aparır? Bilirəm, ağlınıza ilk gələn qəbristanlıq oldu. Yox, bu adamlar məhz kədərdən qaçırlar. Qəbristan yolunda səhərə qədər ağlayıb-ağlayıb gecəni əridiblər, kiridiblər. İndi də özləri baş alıb gedirlər. Bəzən elə mənasız rəsm əsərlərini şedevr deyə-deyə əsrdən-əsrə, min illərə keçirib saxlayırlar ki, adam baxanda da bilmir nə fikirləşsin. Mənə qalsa, bu şəkli də, üstündə ağ hərflərlə yazılmış o şeiri də bağrıma basıb kürreyi-ərzi dolaşaram...Hamıya, hər kəsə bu şəkli göstərərəm, bu şeiri oxuyaram. Necə ki, hər dəfə dizləri titrəyə-titrəyə kəndimizdəki qəbristanın darvazasından girib, doğmalarımın qəbrinə yaxınlaşanda az qala sinəmdən qopacaq ürəyimdə azı yüz dəfə təkrarlayıram...
   
   
   
   Bu qoca dünya da
   
   tab edə bilməz,
   
   Qəbristan yolunun
   
   ağırlığına...
   
   
   
   Amma tab gətiririk. Çünki təsəllimiz var. Nə vermişik gözlərimizə?! Öz yaşımız bəs eləməsə, payızı köməyə çağırarıq. Leysanı, selləri-suları ilə...
   
   
   
   Bir ömür göz yaşı
   
   bəs etməz mənə,
   
   Payızlar gözümə köçə
   
   bilməsə!..
   
   
   
   Həmin o "ağır yolu" qayıdanda isə tamam başqa şeylər haqqında düşünürük. Yenə görəcəyimiz işləri, innən belə necə yaşayacağımızı götür-qoy edirik. Təbii ki, bir qədər müdrikcəsinə.Vaxtın darlığını, dünyanın faniliyini və... yolun sonunu düşünürük. Amma bu da çox çəkmir. Darvazadan çıxan kimi əvvəlki adam oluruq. Pisimiz pis, yaxşımız yaxşı. Üzü tənhalığa doğru getdiyimizin çox az fərqində oluruq... Yəqin Tanrı belə yaradıb bizi...
   
   
   
   ***
   
   Yazını işləyəndə əlimin üstünə poçtalyon gəlib çıxdı. Qələmi qoyub qəzetləri açdım. Adətən, əvvəlcə vərəqləyib, göz gəzdirir, sonra bir-bir oxuyuram. "525-ci qəzet"də Finlandiyadan yazan Gülzar xanımın (İsmayıl) təbəssümlü çöhrəsini görəndə işimi yarımçıq saxlayıb oxumağa başladım. Bu xanımın yazılarını müntəzəm oxuyuram. Həmişə də mövzu seçmək və ustalıqla işləmək bacarığına heyran qalıram. İndi isə əməlli-başlı təəccüblənmişdim. Demək olar ki, eyni hisslərlə qələmi ələ almışdıq. Daha doğrusu, mənim gəlib çıxmaq istədiyim mətləbi qabaqlamışdı. "Biz gedirik ki,..." adlandırdığı yazıda xanım yazar dayanacaqda gözünə sataşan bir müdrik deyimdən təsirlənərək elə məzmunlu bir yazı ərsəyə gətirib ki, bundan ötrü onu ancaq alqışlamaq olar. "Biz gedirik ki, tək qalmayaq". Doğmalarını, yaxınlarını itirmiş insanın son günlərini təsvir etməkdən ötrü bundan daha təsirlu bir fikir söyləmək çətin ki, mümkün olsun. Ona görə də, Gülzar xanım bizləri payımıza düşən ömrün və bir-birimizin qədrini bilməyə çağırır...Səsi hamımızın qulağına çatsa, çox şeyləri dəyişə bilərik...Yolun sonuna doğru tənha getməyə məhkum olan insanın yaddaşında ancaq yaxşı şeylər aparması üçün bu gündən nələr etməli olduğumuzu götür-qoy edərik...
   
   Hə, deməli, biz dünyaya fələyin çəmbərindən baxırıqmış. Fələyin çəmbəri də dartdıqca daralan ilgək halqası kimiymiş. Fələklər imkan verdiyi qədər görürükmüş bu dünyanı. İlgəyin ucunu barmağına dolamış, istədiyi anda dartıb daraldan fələklərin. (Yəqin, "məni barmağına dolamısan" deyimi də elə buradan yaranıb)...
   
   Keşkə, bircə ahla bizi barmağına dolayan fələkləri yandıra biləydik...
   
   Bircə ahla...

TƏQVİM / ARXİV