adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

TƏNHA KiŞi

ƏBÜLFƏT MƏDƏTOĞLU
38406 | 2011-04-16 08:00
Bir qəribə deyim var. Qəribə olduğu qədər də anlaşılan və başa düşüləndi. Həmin o hikmətli və qəribə deyimdə bir fikir ifadə edilir və bildirilir ki, qardaşını tanımaq üçün onunla yol-yoldaşı olmalısan, bir az da dəqiq ifadə etsəm, deyim belədir:
   
   - Qardaşın necə adamdı?
   
   - Yol yoldaşı olmamışam!
   
   Bu deyim onu ifadə edir ki, hətta doğma qardaşı da tanımaq üçün onunla yol yoldaşı, bir səfərin iştirakçısı olmalısan, çətinliklərdən, problemlərdən, sevincdən, kədərdən keçməlisən. Əgər bərkdə-boşda, sevincdə-kədərdə yol yoldaşı səninlə eyni qayğıları, eyni yükü yaşayıb daşıyacaqsa və səndən bir iynə ucu boyda da olsa, geri çəkilməyəcəksə, onda ona güvənmək olar. Əks halda güvənmək, istinad etmək fəsadlara gətirib çıxara bilər. Bu yaxınlarda, yadıma düşmüşkən bir deyimi də dilə gətirim...
   
   ... Hələ kənddə uşaqlıq illərində tez-tez eşitdiyim bir deyim vardı. Böyüklər həmişə kiçiklərə eşitdirirdilər ki, xasiyyətini bilmədiyin atın arxasına keçmə!!!
   
   Doğrusu, mən bunu o vaxtlar o qədər anlamırdım. Sonra başa düşdüm ki, ilk baxışdan sakit, hər kəsi atlanmağa həvəsləndirən bir at elə xasiyyət sahibi ola bilər ki, nə cilova yatar, nə də belindəkini mənzil başına çatdırar!.. Lap təpiyinin altına da sala bilər. Bunu zaman mənə sübut etdi. Həyatın gerçəklikləri göstərdi, yaşadığın, şahidi olduğun məqamlar qoşa təpiyi ilə vurub çənə sındıran, şikəst edən atların ilk baxışdakı sakitliyinin arxasında bir hikkənin, bir qəzəbin, bir tabesizliyin çalarlarını gördüm. Və bir də anladım ki, elə dünyamız da özünün ipə-sapa yatmazlığı ilə o qədər də ürək oxşayan deyil. Ən azı ona görə ki, dişlə, dırnaqla qurduğun, alın təri ilə qarışdırıb, əl qabarı ilə tikdiklərin adi bir təbiət hadisəsinə və yaxud da özündən razı bir boynu yoğunun bir anda güdazına gedə bilir.
   
   Bu yerdə də xatırlatma etmək istəyirəm. Ömür payının günbatanında olduğum bir məqamda öz-özümə götür-qoy edirəm. Özüm üçün, ailə üçün qurduqlarımı, yaratdıqlarımı gözümün önünə gətirirəm və baxıb görürəm ki, mənim tikdiklərim də, qurduqlarım da nə qədər halal olur-olsun zamanın, dünyanın vecinə olmayıb. Elə ona görə də təkdaşlı, bünövrəsiz evimin də taleyi zamanın ixtiyarında olub və bu gün də onun ixtiyarındadı. Hər dəqiqə, hər an nələr baş verəcəyini, hansı hökmlərin, hansı fərmanların səslənəcəyini ürək çırpıntıları ilə gözləyirəm. Bir az obrazlı ifadə etsəm, əlim həmişə ürəyimin üstündədi. Hər an, hər dəqiqə narahatçılıq, nigarançılıq başımın üstündədi...
   
   Ömür-gün həm paydı, həm qismətdi,həm də yaşamdı. Yəni yaşadığımız nədirsə, o qismətimizdi, o Tanrı payımızdı. Biz bu qisməti, bu payı təkbaşına yaşamırıq. Hətta nə qədər tənha olsaq belə, bizim ətrafımızdakılar, qarşısına çıxıb salam verdiklərimiz məhz elə həmin anda ömür payımızın iştirakçısına, şərikinə çevrilir. Yəni bilərəkdən və yaxud da təsadüfdən bir kimsəyə ayırdığımız ən qısa məqam da ömrümüzdəndi. Bax, bu mənada qəzetimizin dəyərli köşə yazarı Vəsilə xanımın son yazılarının birində vurğuladığı tək-tənha qadınlarla bağlı yazısı məni bir xeyli düşündürdü, silkələdi, gözlərimin önünə tanıdığım-tanımadığım insanları gətirdi. Hətta mərhum dostum, sevimli şairmiz Nüsrət Kəsəmənlinin məşhur şeirlərindən biri olan "dörd divar arasında tənha qadın ağlayır" misraları ilə yaddaşıma köçürdüyüm şeiri də xatırladım və istər-istəməz içimdən bir etiraz da baş qaldırdı. Bu etirazdan daha çox həm də bir çağırış idi.
   
   - Niyə bəs tənha qadınlar?
   
   - Bəs tənha kişilər???!!!
   
   Məgər bütövlükdə insanın tənhalığı özü bir faciə deyil, istər kişi olsun, istər qadın? Mən o qədər tənha kişilər tanıyıram ki, qolunun gücü, ağlı, düşüncəsi, qabiliyyəti az qala bir kəndə bəs edər. Amma içində tənhadı. Ətrafında min adam var, özü təkdi. Hətta mən şeirlərimin birində yazmışdım:
   
   
   
   Şəhər dolu adamdı
   
   Gəzirəm görən olmur
   
   Şəhər dolu adamdan
   
   Bezirəm, görən olmur!..
   
   
   
   Bax, bu mənada insanın tənhalığı faciədir. Amma o tənhalıqdan qurtuluş yoxdu. Çünki o tənhalığın nə layihəsi, nə nizamnaməsi, nə müəyyən şərtləri, bir sözlə, ümumi bir mənzərəsi, şəkli təsdiq olunmayıb. Hər kəsin tənhalığı özü kimidi, özünə oxşayır. Bax, elə mənim tənhalığım da mənim sevgim kimi mənim oxşarımdı. Hər halda, məni tanıyanlar bunu təsdiq edə bilər.
   
   
   
   Halsız halımla qaldım
   
   Cansız canımla qaldım
   
   Mən bir zalımla qaldım-
   
   Adını da bilmədim...
   
   
   
   
   
   Sözsüz dilim alışdı
   
   Söz dilimə tanışdı!
   
   Sözsüz, dilsiz danışdı-
   
   Adını da bilmədim!..
   
   
   
   Fikrim fikirdən dərin
   
   İpin tutdum bir vərin
   
   Batıb getdiyin yerin-
   
   Qatını da bilmədim!..
   
   
   
   ***
   
   Yazının əvvəlində yoldaşlıqdan, bir-birimizi tanımaqdan söhbət açdım. Demək istədim ki, yaşımızın azlığından, çoxluğundan asılı olmayaraq, bir-birimizi tanıyandan daha anlayışlı oluruq, daha sayğılı görünürük. Və bu da bizə imkan verir ki, güvəncli olaq, sözümüzü çəkinmədən deyək, dilimizin altında çöp saxlamayaq. Amma fikirlər bir-birinə calandı və mən yazımın əvvəlindən bir qədər uzaq düşdüm. Bunun da bir səbəbi tənhalıq, təklik oldu. Mənim həmişə könül verdiyim, sığındığım, həmsöhbət olduğum tənhalıq, təklik... Bu tənhalığın, təkliyin içərisində söz də bəzən özünü göyərdə bilmir, öz təsdiqini tapmır, ayaq altına düşür. O məqamları yaşadığımdan nə vaxtsa yazmışam:
   
   
   
   söz -
   
   tumurcuq tək
   
   çatladı
   
   sakitcə pardaqladı
   
   və çıxdı
   
   ortaya...
   
   amma
   
   ürəyi partladı-
   
   dinləyən olmadı deyə!-
   
   bığ yeri tərləməmiş...
   
   
   
   
   
   Hə, indi sözün də nə qədər cana doyduğunu, tab gətirə bilmədiyini özünüz təsəvvür edin və görün ki, anlaşılmamaq, etinasızlıq sözü necə yazıq günə salır. Bütün bunlar öz yerində, qayıdaq mövzuya.
   
   Hər bir halda güvənc əsas şərtdi. Çünki bu güvənc insanı olduğu kimi göstərməyə, görünməyə və olduğu kimi də yaşamağa həvəsləndirir, ona qol-qanad verir. Bu qol-qanadın da mayası, canı həmin o güvəncdir, ona söykənən yoldaşlıq, qardaşlıqdı. Bütün hallarda kimliyindən asılı olmayaraq, güvəndiyin, sənin dayaq yerin, sənin ümid yerin, sənin pənahın olur. Sən onun dili ilə danışır, onun fikri, xəyalı ilə yaşayır, onun arzularına qol-qanad verir və bütün bunları da özün üçün etmiş kimi olursan. Çünki ortada güvənc və inam, sevgi və etibar var. Bax, elə "qardaşınla yoldaşlıq" deyimi də burdan qaynaqlanır. Amma...
   
   İndi elə bir ziddiyyətli mühit yaranıb ki, bəzən özün - özünə də gülə bilmirsən. Psixoloji gərginlik, iqtisadi zərbələr, sözü çılpaq ifadə etsək, çörəyə olan ehtiyac mənəviyyatı üstələyir. Yaxşı yaşamaq, ev-eşik sahibi olmaq, bahalı maşında gəzmək, heç olmasa ildə bir dəfə ölkə sərhədlərini keçmək, həmçinin ölkə daxilini gəzib görmək... Bax, bütün bu istəklər və üstəgəl ailənin istəkləri, onda görün mənəviyyat nə günə düşür. Çünki istəklərlə mənəviyyat arasında uçurum yaranır. Çünki istəklərə çatmaq üçün mənəviyyatı tən ortasından tapdalayıb keçməlisən, yan-yörəsini tapdalayıb, sındırıb qol-budaq etməlisən, özün kimi yox, hamı kimi olmalısan, başqa cür mümkün deyil. Bu mümkünsüzlük səni sıxıb turş alçaya, cır almaya çevirir. Elə bir görkəmdə olursan ki, ətrafdakılar guya səni sevir, guya ehtiram göstərir, məclisdə yuxarı başda əyləşdirir və sən də çox gözəl bilirsən ki, bunlar sənin şəxsiyyətinə, mənəviyyatına görə deyil. Bunlar yalnız sənin ciblərinə və əyləşdiyin kürsüyə görədir. Onlar əlindən alınan an sən layiq olduğun yerdə, özü də sınmış, tapdalanmış halda dayanmalı olacaqsan.
   
   Çox yaxından tanıyıb, xarakterini beş barmağım kimi bildiyim, özündənrazı, hər kəsə yuxarıdan aşağı baxan və az qala özünü nəyəsə yamaq bilən birisi hərdən elə hərəkətlər edir, elə addımlar atır ki, onun adını tapmaq olmur. Söhbətlərdə kişilikdən, "kişi canı"ndan dəm vurur. Hərəkətlərində isə nə kişilik, nə də kişi canı görünmür. Belə məqamda düşünürsən:
   
   - Görəsən kim kimin gözünə kül üfürür və niyə üfürür? Ümumiyyətlə, bu əxlaqın adı nədir?
   
   Mən qardaşlıq yox, yoldaşlıq etdiyim insanların içərisində müəyyən zamanlardan sonra bu qəlibdə olan adamları müşahidə edib, bir az Tanrıya şükür edirəm, bir az bəndələrinə, bir az da heyvanlarına. Və bütün şükürlərimin əsas məqsədi, əsas ünvanı olduğu kimi olmaq, görünmək və yaşamaq diləyidir. Yazıqlar olsun ki, bu diləyi baş-ayaq salanlar, ayaq-baş görənlər var. Və onlar da məhz o cür də yaşayırlar.
   
   
   
   sənin dediklərindən
   
   yapışsaq
   
   belə bir fikir yaranar:
   
   -kişi canı
   
   Kişinin canı
   
   daşdan
   
   dəmirdən olar...
   
   ya da ki,
   
   ən azı çınqıldan
   
   qumdan...
   
   yoxsa
   
   nə otdan - ələfdən
   
   nə də ki, mumdan...
   
   külək
   
   istədyi səmtə
   
   əysin...
   
   meh
   
   gen-bol
   
   xətrinə dəysin...
   
   və yaxud
   
   kişi canı -
   
   bir şam ağacı
   
   qabığının altı-
   
   qurdla dolu olsa
   
   və balta da
   
   qəfil başının üstünü alsa
   
   hamısı vurub
   
   üzünə çıxacaq
   
   onda da
   
   hərə bir cür
   
   kişi canına baxacaq...
   
   indi sən...
   
   ay canı gözündən boylanan-
   
   bir tərpəniş elə
   
   bir az qımıldan
   
   görək
   
   canın
   
   qanın
   
   nədəndi?!.
   
   
   
   ***
   
   Bir az qarmaqarışıq olan bu cığırın sonuna gəlib çatdıq. Mənim dediklərim, daha doğrusu, yazdıqlarım müxtəlif səmtlərə yozula bilər. Amma fərq etməz. Onsuz da hər kəs öz ulduzunun altında doğulub,hər kəsin öz baxış bucağı var, öz tərəzisi, öz ölçüsü var . Ona görə də mən nə qədər car çəksəm də hərə öz bildiyini biləcək, öz istədiyini görəcək yazıda. Neynək, olsun. Sadəcə bir ricam var: qardaşlıqla yoldaşlığı doğmalaşdırın, kişi canının dözümü ilə tənhalığını müqayisə etməyin.Və bir də ümumiyyətlə, özünüz olun, özü də hər yerdə və həmişə!..
   
   

TƏQVİM / ARXİV