adalet.az header logo
  • Bakı 20°C

VƏZiFƏNiN HÖRMƏTi...

BABƏK YUSİFOĞLU
45145 | 2011-04-14 07:31
Bilmirəm - vəzifə kreslosu şəxsi hörmətə mindirmir, şəxsiyyət vəzifə kreslosunu hörmətə mindirir - kəlamının müəllifi kimdir, amma belə hesab eləyirəm ki, o kişi çox sanballı bir söz deyib. O qədər vəzifələr, sənətlər, peşələr var ki, həmişə hörmətli olublar, amma düşük birinin həmin kreslolardan birinə oturması ilə bütün hörmət-izzət məhv olub, gedib işinin dalısınca.
   
   Dünən informasiya mənbələrindən (milli.az) oxuduğum bir xəbər məni şoka saldı. Heç cür onun gerçəkliyinə inanmaq istəmədim. Amma nə edəsən ki, faktı dəyişmək mümkün olmur. Əslində bilirəm, oxucularımız da indi haqqında söbət edəcəyim hadisəyə inanmayacaqlar. Məni əfsanələri gerçək kimi qəbul etdiyimə görə qınayacaqlar da. Amma mən bütün bunları göz altına alıb bu haqda danışmaya bilmədim. İnanmayanlar özləri bilər.
   
   Srağagün Sinqapur şəhərinin meri Emi Xor Suanın evində qazı yanmayıb. Buna səbəb də merin evinə gələn "mavi yanacaq" təminatının dayandırılmasıdır. Səbəb isə merin "mavi yanacağa" görə ödəniş borcunun olmasıdır. Belə ki, qaz haqq-hesabından xəbərsiz qalan mer evdən çıxandan sonra arvadı zəng vurub ona bildirib ki, evə qaz gəlmir. Qazın üstündə qoyduğu sinqapurski bozbaş da yarıbişmiş vəziyyətdədir. Mer də əsəbləşib, tez zəng vurub şəhər kommunal infrastrukturunun müdirinə. Oradan da ona nə desələr yaxşıdı?! Deyiblər ki, qaz borcunuz olduğu üçün qaz təminatı dayandırılıb. Qaz yalnız o zaman verilə bilər ki, borc ödənsin. Vəssəlam.
   
   Nə deyim vallah, bir qaz borcuna görə merin evinin qazını hansısa qaz idarəsinin müdiri kəsirsə, Emi Xor Lin Suana o vəzifə haram olsun. Tay o nəyimin meridir ki, bir qaz qədər hörməti yoxdur. Vallah ayıbdı, billah ayıbdı. İndi mən demirəm siz deyin, bu qaz haqq-hesabından sonra o cür mer vəzifəsinin bir qara qəpiklik hörməti qalar, ya qalmaz?! Hörməti qalmadığına görə də inanın ki, heç kim o vəzifədən ötrü namizədliyini irəli sürməz. Ümumiyyətlə, bu cür mağmın adamları gərək dünyanın heç bir yerində hörmətli vəzifələrə qoymasınlar. Heyifdi o gözəllikdə vəzifələr. Yoxsa çox çəkməz vəzifələrə yerləşdirmək üçün bir adam da tapmaq mümkün olmaz.
   
   Heyif deyil bizdəki ən "prostoy" müdirlərin əllərini stolun üstünə çırparaq bağırması, işçilərin zağ-zağ əsməsi. Müdirin gələn şikayətçiləri qapıdan qovulması. "İnomarka"sını idarəsinin qarşısında saxlayıb işçilərinə yudurtması. Bə vəzifənin hörmətə necə mindirmək olar ki? Hələ Sinqapur şəhəri bir yana dursun, Amerika kimi bir dövlətin paytaxtının merinin o gün mitinqə çıxdığı üçün tutub qoyublar "KPZ"-yə. Eşitdiyimə görə yanına heç "peredaça"da buraxmırlar. Ayıb olsun Amerikaya. Paytaxt merini də belə hörmətsiz eləyərlər? Bir merinə sahib çıxa bilməyən o yekəlikdə Amerika öz dərdinə çarə tapa bilmir, gedib Qəddafinin işlərini abıra salmağa çalışır.
   
   Şəxsən mən belə düşünürəm ki, bu cür davam etsə vəzifə kreslolarının hörməti-zadı qalmayacaq. Bu halda dövlətlər üçün böyük "kriz"lər yaşanacaq. Ona görə də BMT-nin Təhlükəsiz Şurasında bu məsələyə baxılmalıdır. Lazım gələrsə lap NATO-ya da müraciət edilməlidir. Vəzifə kreslolarının hörməti nəyin bahasına olursa-olsun, qorunmalıdır. Heç kimin ixtiyarı yoxdur ki, bu cür hörmətli vəzifələri dəxli olmayanlara tapşırıb hörmətdən salsınlar. Bəlkə düz demirəm? İndi gördünüz dünyada nələr var?..

TƏQVİM / ARXİV