adalet.az header logo
  • Bakı 11°C

üzeyir bəylə virtual söhbət

İNTİQAM VALEHOĞLU
12621 | 2011-04-13 07:34
Yuxularım çox qarışıqdır axır vaxtlar. Elə bil... Tez-tez dahiləri görürəm yuxuda. Başa düşürəm ki, onları yuxuda grmək belə nə qədər böyük xoşbəxtlikdir. Üzeyir bəyi gördüm bu dəfə. Amma deyəsən dediklərim heç ürəyincə olmadı. Əvvəlcə, soruşdu ki, ay bala deyəsən orda dünyanın sonu yaxınlaşır, elədir? Cavab verdim:
   
   - Hə elədir, Üzeyir bəy. Düzü, elə sonuna oxşayır. Çünki hər şey çox dəyişib.
   
   - Həəə. Bir az xəbərim var. Çox hayıf... İnsanlar oranın axırına çıxdılar. Sən mənə de görüm, insanlarımız nə işlə məşğul olurlar?
   
   - Vallah deməyə də utanıram. Hər kəs öz işindədir, mədəniyyət, mənəviyyat məsələləri indi bəlkə də yüzüncü dərəcəli olub.
   
   - Sən mənə camaatımızın musiqi zövqündən bir az danış...
   
   - Nə danışım? Danışmalı nəsə yoxdur axı. Cəmiyyətimizdə bir başsızlıq var. Hər kəs ağlına gələni qanun bilir. Musiqimiz də ki...bir adaşınız peyda olub. İndi hamı ona qulaq asır.
   
   - Yəqin istedadlıdır, maşallah. Neynək, qoy ona da qulaq assınlar bala. Yəni operadan, kantatadan yazırmı?
   
   - ...
   
   - Niyə susdun ay bala?
   
   - Eeeh. Dahi, yox, yazmır. Bircə onu bilirəm ki, özü yazır, özü də oxuyur. Amma bir şeyə oxşada bilmirəm.
   
   -Həə. Orayla bağlı axırıncı xəbəri Vasif Adıgözəlovdan aldım. O da çox narazı danışırdı. Deyir ki, böyük-kiçik yeri bilinmir. Heç deyəsən bizim yazdıqlarımıza da qulaq asan yoxdur.
   
   - Hə, elədir. Bircə rəsmi tədbirlərdə, bir də ki, idman yarışlarında sizin yazdığınız himn səsləndirilir.
   
   - Elə Vasif də mənə demişdi. Ay bala sən bilərsən, xalq özünü niyə bu günə qoyub axı? Mənə qulaq asmırlar, canları sağ olsun. Sən de görüm, barı Mirzə Cəlili, Sabiri, Hüseyn Cavidi, Nİzamini, Füzulini oxuyurlarmı?
   
   - Çox az adam oxuyur. İndi yeni rüstəm bəylər, məşədi ibadlar peyda olub. Villalarımızın, göydələnlərimizin də sayı günbəgün artır.
   
   - Sənət adamları babat dolana bilirlərmi?
   
   - Sənətda olanlar babat dolanırlar, amma sənəti bilənlər yox. Alimlərimizin çoxu qaçırlar ora-bura, xarici ölkələrə, dolana bilmirlər. Bəziləri də avtomobil dayanacaqlarında gözətçi işləyirlər. Bax, həmin məşədi ibadların avtomobillərinə qarovul çəkirlər.
   
   - ...
   
   - Hm...
   
   - Ay bala, yəni bu danışdıqların həqiqətdirmi? Barı Qara Qarayevə, Fikrət Əmirova, Cahangir Cahangirova da qulaq asan yoxdur? Deyirsən heç klassiklərimizi də oxumurlar?
   
   - Yoxdur. Bəs ordakılar bu haqda bilmirlər?
   
   - Çox az. Ordan gələnimiz olanda gördüklərini, bildiklərini bizə danışır. 2000-ci ildə Tofiq Quliyev bura gələndə elə şeylər danışırdı ki...İndi 11 il keçib. Yəqin çox şey dəyişib. Tofiq bunları danışanda Qara, Fikrət, Rauf, Səid bu dünyaya tez köçdüklərinə görə bilirsənmi nə qədər sevinirdilər?! Tez-tez bir yerə yığışıb söhbət eliyirik, yeni gələnlərdən qoyub gəldiklərimizin nə yerdə olduğunu öyrənirik. İnan ki, hələ bir dəfə xoş xəbər eşitməmişəm. Son dəfə Səfa Qəhrəmanov dedi ki, itirdiyimiz çox olsa da, axır vaxtlar muğamımıza diqqət artıb. Deyəsən, ermənilər Qarabağı da işğal edib. Hə?
   
   - ...Heç bilmirəm nə deyim... Amma Bakıda o qədər "Qarabağ" yeməkxanaları, bu adda əyləncə yerləri var ki... Hər axşam pullu kişilər, vəzifə başında olan bəzi məmurlar məşuqələriylə gəlib orda eyş-işrət məclisi qururlar.
   
   - ...(deyəsən qəhərlənir)
   
   - Qəhərlənməyin, Üzeyir bəy. Hələ bu olanların balaca qismidir. Elə ordakılara da deyin ki, pis olmasınlar. Onsuz da...
   
   - Eeeeh. Deyirəm, yaxşı ki, vaxtında ordan canımı qurtarmışam. Bəlkə də öz əcəlimlə ölməsəydim, indi bunları görüb ürəyim partlayardı...Ordakılara da de ki...

TƏQVİM / ARXİV