adalet.az header logo
  • Bakı 20°C

Göydən yumurta yağır

İNTİQAM VALEHOĞLU
23532 | 2011-04-09 07:03
Düzü siyasətdən çox uzaq adamam. Amma uzaq olsam da, hər halda bir balaca anlayışım var. Yəni kimin nə demək istədiyini, nəyi niyə dediyini, nəyə görə dediyini, kimin əlinin kimin cibində olduğunu, kimin kimlə hingildəşdiyini, kimin kimlə dingildəşdiyini qanıram. Amma nə illah edirəmsə son günlər ölkə cavanlarının bir-birinə dəyinməyinin səbəbini bilmirəm. Bunların bir yarısı şəhərin küçələrini, xalxın dükan-bazarını dağıdır, o biri yarısı da qoltuğuna bir xoruzu vurub partiya sədirin evinin qarşısında aksiya keçirir. Televizordan gördüklərimi deyirəm haaa.
   
   Sonra da deyirlər ki, camaatın sosial durumu yaxşı deyil. Bilirsiniz, belə hadisələr ya aclıqdandır, ya da harınlıqdan. Deyəsən harınlıqdandır.
   
   Deməli başlayaq AXCP sədri Əli Kərimlinin evinin qabağında aksiya keçirən gənclərdən. Doğrusu mən bu cavanları başa düşə bilmirəm. Baxırsan ki, çoxunun yaşı iyirmini ya keçə, ya keçməyə. Yəni əksəriyyəti tələbələrdir. Gedib dərslərini oxumaqdansa, hərəsi bir plakat yazıb, bir dənə də heyratı xoruzu qoltuqlarına alıb gəliblər aksiya keçirməyə. Qarşıdan yay imtahanları, zaçotlar gəlir. Bəs siz burda qışqıranda, şüarlar səsləndirəndə yerinizə imtahanı kim verəcək? Mən? Onda da gedib düşəcəksiniz evdəkilərin əlinə-ayağına ki, bəs filan qədər ver, imtahan məsələsini həll edim. Bilirsiniz, söhbətimin əvvəlində niyə bütün baş verənlərin toxluqdan olduğunu yazdım?
   
   Elə isə qulaq asın. İstəyirsinizsə oxuyun. Ya da bu yazını kimsə hündürdən oxuyursa, qulaq asın görün nə deyirəm.
   
   Bax hər gün ayrı-ayrı qrupların rəhbərləri, partiya sədrləri, içində də Əli Kərimli olmaq şərtilə özlərini öldürürlər ki, camaat acından qırılır. Bəs əgər elədirsə, niyə o boyda yumurtaları neçənci mərtəbədən yerə şəpliyirdilər. Yox deyəsən şəpləmək sözü bir az sərt çıxdı-səpəliyirdilər. Gərək haqqına danışasan. Əgər o yumurtaları uşaqların başına tökməsəydilər, onlar da bir-iki ağız "Əli Kərimli...", "Vətən xaini" kimi şüarlarını səsləndirib gedəcəkdilər. Birdən də belə düşünürəm ki, yumurtaları ona görə uşaqlara atıblar ki, onlar siyasətçinin evinin qarşısına xoruz gətirmişdilər. Nəysə bu barədə fikirlərim çox dolaşıqdır. Yazaram, sonra buna görə də məni qınayarsız.
   
   Məncə vəziyyətdən başqa cür də çıxmaq olardı. Məsələn, o yumurtaları camaatın başına tökmək əvəzinə, cəmi-cümlətanı bircə qaşıq da yağından keçib, yaxşı bir qayğanaq bişirə bilərdilər. Sonra çox mədəni şəkildə həmin qayğanağı kəndirlə aşağı sallayardılar. Bununla da məsələ olardı hasil. Görün ondan sonra bir nəfər qışqıracaqdı ki, Əli Kərimli? Yox.
   
   İndi də keçək bu müxalifətin yetirmələrinə. İqtidar gənclərini başa düşdüm - onlar AXCP sədrinin ... olmağına (vəziyyətin dəqiq necə olduğunu bilmirəm), vətən xaini olmasına (bu haqda da bir şey deyə bilmərəm) etiraz edirlər. Elə ona görə də yığışmışdılar onun evinin qabağına. Hərçənd ki, bu da yaxşı hərəkət deyildi. Bəs, ay demokrat gənclər (bunu da dəqiq bilmirəm) siz "istefa" qışqıra-qışqıra camaatın dükan-bazarını niyə dağıdırsınız? Bax elə belə edirsiniz ki, qıtlıq yaranır, sonra da bahaçılıq olur da. Sonra da deyirsiniz ki, inhisarçılıq burdan gəldi, monopoliya ordan getdi. Nəysə... bu söhbətə də bir quş. Onsuz da neçənci dəfədir ki, mənə ayrılan köşədə düz-əməlli bir şeydən yaza bilmirəm. Gah Foqtsdan yazıram, gah nə bilim ...... eeehhhh. İndi də yumurtadan və iki yerə bölünmüş gənclərimizdən. ... Göydən yumurta yağır...Bu da yazının adı.

TƏQVİM / ARXİV