GÖYDƏNDüŞMƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
35125 | 2011-04-09 07:02
Uzun illərin vərdişidi, hər gecə, hər səhər ilk olaraq Allahın adını çəkib dua edirəm. Gecədən səhərə çıxdığım üçün, səhərdən axşama doğmaların, dostların, ailəmin yanında olduğum üçün. Və bir də hər yerdə özüm olduğum üçün. Yəqin elə bu dualar məni başqalaşmağa, ikiləşməyə qoymur. Özüm olduğum kimi qalıram, özüm bildiyim kimi yaşayıram, özüm bildiyim kimi yazıram, özüm istədiyim kimi dünyanı seyr edirəm. Təbii ki, bunlar mənə asan başa gəlmir. Çünki bir istək ya başqa birisini tapdalayır, ya baş-başa gəlir, ya də ən yaxşı halda qarışıb şaxələnir...
   
   Bax, bütün bunlar həyata baxışımı da, insanlara münasibətimi də müəyyən qədər formalaşdırır. Özümdən asılı olmadan saf-çürük etməyə çalışıram. Nəyin pis, nəyin yaxşı olduğunu araşdırmaq, ortaq məxrəc tapmaq istəyirəm. Ancaq buna həmişə müəssər olmaq mümkün deyil. Ən azı ona görə ki, dünyanın gərdişi, zamanın olayları, insanın durmadan artan tələbat və problemləri özü-özlüyündə anbaan yeni suallar ortaya qoyur. Təbii ki, suallar da cavab istəyir. Göyə də çıxsan, yerin dərinliyinə də baş vursan dəxli yoxdur. Bütün bu suallar doğulduğu andan cavabını gözləyir, özü də dəqiq cavabını. Burda nəyisə uyğunlaşdırmaq, nəyisə uzlaşdırmaq mümkün deyil. Çünki ikini, istər bərk, istər yavaş təkrar ikiyə vuranda mütləq dörd edəcək. Özü də bu cavab nə vurandan, nə vurulandan asılı deyil. Konkret nəticədir, dünyanın hər yerində qəbul edilən nəticə.
   
   Doğrudur, indi elə nəticələr var ki, onu dünyanın hər yerində qəbul etmirlər. Məsələn, Azərbaycanın bəzi ali məktəblərinin diplomları kimi. Bu diplomlar da nəticədir, təhsildə əldə edilən nəticə. Ancaq o nəticə sərhədləri keçə bilmir. Bunun çoxlu səbəbləri var. Həmin o çox səbəblərin içərisində biri xüsusilə önəmlidi. O da həmin diplomu verən elmi müəssisəni dünyanın tanımamasıdı. Burda yadıma bir hikmətli deyim düşür...
   
   Aqillər belə söyləyir ki, bir gün şah gəzməyə çıxmaq arzusuna düşür və əmr verir ki, toplardan yaylım atəşləri açsınlar. Təbii ki, əmr icra edilməlidir. Ancaq şah gözləyib görür ki, atəş açılmadı. Dərhal topçunu və cəlladı çağırır. Cəlladı görən topçunun dili dolaşsa da, ağlı başında dürüst olur. Ona görə şahın qarşısında təzim edib nə deyəcəyini gözləyir. Şah əsəbi şəkildə soruşur:
   
   - Sənə mənim əmrim çatmayıb, niyə toplardan atəş açmamısan? - deyib cəllada tərəf baxır.
   
   Vəziyyəti anlayan topçu sonuncu cəsarətini toplayıb deyir:
   
   - Şah sağ olsun, bunun on səbəbi var.
   
   Şah soruşur:
   
   - Nədi o səbəblər?
   
   - Şah sağ olsun, birinci barıtımız yoxdu. İkinci...
   
   Şah dərhal onun sözünü kəsir:
   
   - Məlumdu, o birilərini deməsən də olar.
   
   Bəli, bu müdrik kəlamı elə-belə xatırlatmadım. Sadəcə söz sözü çəkdi, diplom məsələsi düşdü ortaya və mən də sözümün canını sübut etmək üçün həmin o məqama üz tutdum.
   
   Deməli, bütün hallarda insanın özünün-özünə hesabat verməsi və nəyi necə edəcəyini bilməsi çox zəruridir. Əgər bu zərurət dərk olunursa, onda istənilən məqamda, istənilən yerdə sualın cavabını vermək mümkündü. Amma təəssüf ki, biz bəzən o qədər çılğınlıqlara, qeyri-ciddi məsələlərə, hətta nəfsimizə o qədər meydan veririk ki, gerçəkliyi, mənəviyyatı unuduruq. Bax, onda da suallardan qaça bilmirik. Daha doğrusu, qaçmağa yer tapmırıq. Dünya nə qədər böyük olsa da həmin məqamda bizə çox dar, çox kiçik görünür.
   
   İndi yuxarıda yazdıqlarımın ip ucundan yapışıb öz-özümə təkrarlayıram.
   
   
   
   minalanmış
   
   sahədən
   
   keçən arzularımın
   
   ölüm hökmü əlində...
   
   mənsə
   
   bunu bilə-bilə
   
   hər gündə
   
   boyun sevib
   
   nazın çəkib
   
   bir az
   
   ümid
   
   gəzirəm
   
   patlayışla
   
   ətrafa səpilmiş
   
   arzularımın
   
   kiçik qəlpələrində...
   
   
   
   ***
   
   Deyirlər ki, alın yazısı var... deyirlər ki, bəxt alınmır, verilir...deyirlər ki, alın yazısından qaçmaq olmaz...deyirlər ki, bəxti yenidən yazdırmaq mümkün deyil...deyirlər ki, hər kəsin alın yazısı, hər kəsin bəxti özü ilə birlikdə doğulur və özü ilə birlikdə də yaşayır ... ölüb gedir. Mən burda "ölüb-getməklə" razılaşa bilmirəm. Çünki ölüb, amma zaman-zaman yaşayan insanlar da var. Bəs onların bəxti, onların tale yazısı?.. Yəqin deyəcəksiniz ki, bu cür yaşamaq da həmin alın yazısında, həmin bəxtdə öz əksini tapıbmış... Olsun, mübahisə etmirəm. Çünki bu elə bir sualdır ki, onun istənilən formada cavabını ortaya qoymaq hər kəsin öz ixtiyarındadır və dünyaya baxışla bu suala cavab kifayət qədər uyğun gəlir. Nə isə...
   
   Bizim həyat boyu qazandıqlarımız alın təri, əl qabarı olanda o bizə daha şirin, daha ləzzətli, daha əziz görünür. Şəxsən mən ilk dəfə əmək fəaliyyətinə başlayanda orta məktəbdə oxuyurdum. Bu əslində əmək fəaliyyəti deyil. Onda bizi məktəbdən kolxozçulara kömək etməyə, üzüm yığmağa aparmışdılar. 6-cı sinifdə oxuyurdum. Bir həftə məktəb üzüm yığımı ilə məşğul oldu. O bir həftəlik əməyimin müqabilində 32 rubl pula aldım!!! İnanın ki, sevincimdən yerə-göyə sığmırdım. Pulların da çoxu bir manatlıq olduğundan cibim şişib nə boyda olmuşdu. Loru dildə desək, əməlli-başlı şeşəllənirdim. Özümü dərhal mağazaya verdim. Xoşladığım "şüşə" konfetdən aldım. Sonra da kəndimizdəki kitab, qəzet satılan balaca köşkə tərəf qaçdım, ordan da qələm-dəftər və bir də xalq şairi Səməd Vurğunun müttəfiq respublikaların dövlət dilində, yəni 15 dildə nəşr edilmiş "Azərbaycan" şeirindən ibarət kitabını aldım. Evə gəldim, konfeti qoydum stolun üstünə, kitabı da yanına, qalan pulları da çıxarıb düz stolun ortasındakı külqabının içərisinə qoydum. Evdəkilər mənə baxırdı. Mən isə heç bu dünya ilə danışmırdım, kefim buludlarda idi. Sanki evimizin bir illik xərcini qazanıb gətirmişdim. Uşaq ki, uşaq... Amma bu uşaqlığın da şirinliyi hələ də yaddaşımdadı. Bunu da elə-belə xatırlatmıram, çünki sözümün canı var...
   
   Söhbət qazancdan və bir də hökumətin dediyi kimi, zəhmətsiz gəlirdən gedir. Düzdü, zəhmətsiz gəlir fikrini daha çox sovet hökuməti şüar eləmişdi və az qala bütün qəzetlərin - mətbuatın baş mövzusuna çevrilmişdi. Bu gün də dolayısı ilə olsa da bu mövzu qabardılır. Kimlərsə bunu müasir terminlərlə ifadə edirlər, adına korrupsiya deyirlər və guya bununla da zəhmətsiz hansısa bir gəlirin donunu biçirlər... Özləri bilər. Onsuz da mənim və mənim kimi həyat tərzi olanların o məsələyə iynə ucu boyda olsa da dəxli yoxdur. Olsa-olsa bizim payımıza hansısa bir ərmağan, hansısa bir hədiyyə, hansısa bir pay düşə bilər, bu da olar göydən düşmə. Yəni Allahın qisməti.
   
   İndi həmin o qismət məsələsini vərəqləyəndə payıma düşənlərin boysırası canlanır gözümün qarışısında. Və baxıb görürəm ki, kədər, qəm, maşallah olsun, elə gözəl, elə boylu-buxunludu ki, adamın ürəyini əsdirir. Zarafat deyil e, bu gözəllikdə kədər, bu boy-buxunda qəm hər adamın payına düşmür. Allah məni sevdiyindən kədərin gözəlini, boy-buxunlusunu adıma yazıb. Doğrudur, bəzən bu kədər donunu dəyişir, haldan-hala düşür ki, onu tanımayım, ancaq mümkün deyil. Duyğularımla, hisslərimlə dərhal onu min kədərin, min qəmin içərisindən seçib tanıyıram. Bax, elə bu misralarda dediyim kimi:
   
   
   
   dəyişməsin donunu
   
   üzünü bəzəməsin...
   
   mən dərdi tanıyıram-
   
   özün ha təzələsin...
   
   
   
   zamanın buludları
   
   səpir üstümə qarı
   
   bir anlıq unutmağı
   
   öyrətmədi o, barı...
   
   
   
   dizin-dizin yeridim
   
   üzdüm əldən ətəyin
   
   axır tapıb kiridim-
   
   dərd göstərdi pətəyin!
   
   
   
   mən suçəkən misallı
   
   dərd də payız yağışı...
   
   gəzirəm buludları -
   
   yaran isti baxışı!..
   
   
   
   ***
   
   Hə, həyatın bütün mənzərələri ya rəssam fırçası ilə, ya şair sözü ilə kətana, kağıza köçürülür. Doğrudu, indi videolentə köçürmələr də çoxalıbdı. Bu sonuncu daha çox üzünü çıxarmağa bənzəyir. Ona aralıqda "kapirovka" da deyirlər. Amma rəssam, şair üzünü çıxarımır, əksinə, içini, bütün varlığını çıxarıb qoyur ortaya, canlandırıb danışdırır. Və biz də o tabloları, o poetik fikir yükünü təkcə gözümüzə, yaddaşımıza deyil, həm də ruhumuza, qanımıza hopdururuq, özümüzlə gəzdirib, özümüzdə yaşadırıq və onu da heç kim bizdən ala bilmir. Zənnimcə, bu çətin və daha vacib, daha önəmli, daha təbii bir köçürmədi...
   
   Bu günlər bir-birinin ardınca sarsıntılar yaşamalı oldum. Təkcə doğmaların itkisi deyil, həm də tanıdığım insanların həyatında baş verən xaotik mənzərə istər-istəməz mənə də öz mənfi ionlarını yüklədi. Bu yüklərin ağırlığı içərisində çabalaya-çabalaya bütün bunların alın yazısımı, bəxtmi, talemi olduğunu ayırd etməyə çalışıram. Amma neyləyim ki, istədiyim nəticəyə gəlib çata bilmirəm. Çünki bunların göydəndüşmə olduğuna şübhəm var. Ən azı ona görə ki, mən inanclı adamam. Yazıya da, qismətə də zərrəcə də olsun şübhəm yoxdu. Hətta sevginin də kədərlə eyni bir mərtəbədə dayanıb, alın yazısı olduğuna inandığım qədər inanıram, bütün yazılanlara.
   
   Həyatımda müxtəlif zamanlarda, müxtəlif məqamlarda baş vermiş hadisələrin təkcə mahiyyətini sıralayanda onların bir-birinə nə qədər bağlı və yaxud da bir-birinin zəncirvari davamı olduğuna tam əmin oluram. Görürəm ki, bir hadisə başqa birisinin köynəyindən çıxır, yəni davamı olur. Mənim davamlı kədərim və davamlı sevincim dediklərimin sübutudu. Elə indi oxuyacağınız şeirdə də mən o sevinclə kədərin bir-birinə necə sarıldığını pıçıldamaq istəmişəm.
   
   
   
   Saralan yuxularım
   
   ovulub tökülür...
   
   nimdaş köynəyim kimi...
   
   onun da
   
   ilmələri sökülür
   
   kipriyimin ucundan
   
   səhərə kimi...
   
   mənsə
   
   yük daşıyıram
   
   özümdən
   
   çəkimdən
   
   yaşımdan
   
   görkəmimdən
   
   bir sözlə
   
   bəndəliyimdən
   
   min dəfə
   
   ağır...
   
   qəribə olsa da
   
   mən dərdə
   
   dərd də mənə
   
   elə gözəl
   
   biçilib ki,
   
   çox rahat sığır...
   
   xəşəm olan yuxular
   
   daşıdığım yüklə
   
   ələ-ələ verib
   
   boy-boya durub
   
   hər cür pozada
   
   xatirə
   
   şəkil çəkdirir
   
   birlikdə
   
   müftə...
   
   mənim hesabıma!
   
   
   
   ... Hə, deməli, həyatın bir məqamı olan alın yazısı ilə göydən düşmənin arasındakı məsafədə dayanıb sağa-sola baxıram. Bir növ hesablama aparıram. Alnıma yazılıb, bəxtimə düşənlər həm çoxdu, həm şirindi, həm də göydəndüşmələrdən daha etibarlı, daha dəyanətlidi. Kaş göydən üç yox, bircə alma düşəydi və mən də onu sənə bağışlayaydım. Çünki bu alma bir çox qaranlıqların işığa olan ipucudu. Axı nağıllarda almanı yeyib arzulara qovuşanlar çox olub. Bizim isə öz arzularımız var...
   
   

TƏQVİM / ARXİV