ZÖVQİ-DÜNYANIN ADAMI

VAQİF YUSİFLİ
23922 | 2015-05-09 01:17
Həyatımda elə insanlar olub ki, onlar ömür yolumda qəfil bir şimşək kimi çaxıblar, mənə getmək istədiyim, amma hələ gedə bilmədiyim yolları, cığırları bələdləyiblər, içimdəki işığın gücünü, parıltısını artırıblar. Mən onları öz müəllimlərim, ustadlarım hesab etmişəm. Belə şəxsiyyətlərdən biri də görkəmli alim, füzulişünas Sabir Əliyev idi.
Sabir müəllimi tanıyana qədər həmişə belə fikirləşirdim ki, görəsən, müasir dövrdə Əli Fəhmidən və Əkrəm Cəfərdən sonra Azərbaycanda Füzuli sözünü az-çox dərk edən neçə söz xiridarı var? Bir-iki nəfərin adını çəkə bilirdim, mənim müəllimim olmuş Samət Əlizadənin və Hacı Mailin...gAmma Sabir müəllimin tədqiqatları ilə tanış olandan sonra təsəvvürüm genişləndi. Onun altmışıncı illərdən Füzuliyə həsr etdiyi tədqiqatlar, qəzet və curnallarda çap etdirdiyi məqalələr füzulişünaslığın yeni bir mərhələsinin formalaşmasında mühüm rol oynadı. Amma səksəninci illərə qədər S.Əliyevin Füzuli ilə bağlı tədqiqatları elm aləmində o qədər də bilinmirdi, Sabir müəllim imkansızlıq ucundan kitablarını və məqalələrini çap etdirə bilməmişdi. Özünün etirafına görə bu yolda"Azərbaycan" jurnalı ona gur işıq yandırdı...
Sabir Əliyevin"Azərbaycan" jurnalı redaksiyasına ilk gəlişini xatırlayıram. Yadımdadır ki, gözəl şairimiz, hamımızın dostu Xəlil Rza ilə gəlmişdi. Xəlil Rza Sabir müəllimi redaksiya əməkdaşlarına təqdim etdi, onun bir füzulişünas kimi böyük alim olduğunu özünəməxsus epitetlərlə bəyan elədi və üzünü o zamankı baş redaktorumuz Əkrəm Əylisliyə tutub dedi ki, mənim şeirlərimi bəyənmisinizsə, onları götürüb gedə də bilərəm, amma bu kişinin yazısını çan eləyin. Mən yazı ilə tanış oldum. "Söübətül-əsmar" niyə Füzulinin deyildir?" məqaləsi polemik ruhda yazılmışdı və indiyə qədər Füzulinin bu əsəri barədə deyilənlərin tamam əksi idi. Sabir müəllim sübut edirdi ki,"Söhbətül-əsmar"ın Füzulinin əsəri kimi təhlil olunmağı yanlışdır, bunun üçün əldə heç bir tarixi və ədəbi fakt yoxdur. Bu əsər Füzuli şeirlərinin toplandığı heç bir əlyazmada müşahidə olunmamışdır, yalnız Əmin Abid "Maarif və mədəniyyət" jurnalının 1926-cı il 12-ci nömrəsində belə bir poemanın varlığı haqqında elm aləminə məlumat vermişdir. Ən əsası isə odur ki, bir çox türk alimləri də bu poemada Füzuli yaradıcılığına xas olmayan sənət qüsurları müşahidə etmişlər. Sabir müəllim də bu mövqedən çıxış edib əsərdə vəzn, qafiyə, dil, ifadə, üslub və digər sənət qüsurlarını nəzərə çarpdırırdı.
Əlbəttə, bu məqaləni birbaşa jurnal səhifəsinə çıxarmaq mümkün deyildi, ona görə də biz onu görkəmli alim-mətnşünas Əziz Mirəhmədova rəyə göndərdik. Bir həftədən sonra Əziz müəllim rəyini yox, bu yazıya cavab olaraq qələmə aldığı"Söhbətül-əsmar Füzulinindir!" məqaləsini redaksiyaya gətirdi. Əziz müəllim də tutarlı dəlillərlə sübut edirdi ki, Füzulinin bu poeması heç kimin deyil, məhz Füzulinindir...gHər iki məqalə"Azərbaycan" jurnalının 1987-ci il iyul nömrəsində çap olundu. Təbii ki, bu mövzu füzulişünaslıqda əks-səda doğurdu, nəticəsi bu oldu ki, Sabir Əliyevə inananların sayı çoxaldı.
Həmin ildən başlayaraq Sabir Əliyevin jurnalımızda füzulişünaslığı zənginləşdirən, öncə qeyd etdiyim kimi onun inkişafında yeni bir mərhələnin formalaşdığını nümayiş etdirən silsilə məqalələri ("Füzulinin Leylisi","Füzulinin bir sözü","Bircə sözün xətası, yaxud Füzulinin dedikləri və demədikləri" və s.) çap olundu, redaksiyamıza Füzuli və klassik poeziya ilə bağlı gələn yazıları da Sabir müəllimə rəyə göndərirdik.
Günlər, aylar, illər keçdi və mən Sabir müəllimlə dost oldum. O, hər dəfə Gəncədən Bakıya gələndə bir yerdə bulvar gəzintisinə çıxar, oradakı çayxanaların birində oturub saatlarla söhbət edərdik. Ən əsas mövzumuz isə Füzulidən və klassik poeziyadan olurdu. Sabir müəllim Füzulini bildiyi qədər Qazi Bürhanəddini, Nəsimini, Həbibini, Xətaini, Seyid Əzim Şirvanini, Nəbatini, Zakiri, Sabiri də gözəl bilirdi. Bu söhbətlərin birində diktafon da götürmüşdüm və Sabir müəllimin Füzuli ilə bağlı sevgisini və düşüncələrini əks etdirən bəzi məqamları indiyə qədər qoruyub saxlamışam. Onlardan bir qismini indi oxuculara çatdırmağın anı gəlib.
"1960-cı ildən bəri - aspirant, elmi işçi, müəllim olduğum 30 il müddətində (bu söhbət 90-cı illərin əvvəllərində olub - V.Y.) Füzuli mənim üçün bütün dünyada birinci şair olmuş və belə də qalmaqdadır. Təsəvvür edə bilmirəm ki, planetimizdə bir də ona bərabər şair peyda olsun. Füzuli sözün əsl mənasında alim-şairdir. O, şeirin alimi, elmin isə şairidir. Füzulini duymamağın və bilməməyin bəlasıdır ki, bu gün şair adı ilə yüzləri, minləri at oynadır, meydan sulayır. Belələri səslə sözü qarışdırırlar. Füzuli səs çıxarmayıb, söz çıxarıb bazara: mənalı, musiqili, obrazlı söz!
Füzulidə nəyisə qurdalamaq-dəyişmək, artırmaq, azaltmaq, yaxud söz sırasını pozmaq əsla mümkün deyil. Füzulinin şeiri, əslində, şeir həddini aşır: burada şeirin verməyə borclu olmadığı komponentlər də ehtiva olunur: elm, obraz, bədii fəndlərdən biri və bir neçəsi, çoxmənalılıq və s. Nəzərə alınsın ki, söhbət tək bircə beytlik mətn çərçivəsinə aiddir. Füzuli beytləri bir qayda olaraq iki qatdan - alt və üst qatlardan ibarətdir: bunları məxrəc-surət, elm-obraz, özül-divar qoşalıqları ilə də vermək olar. Bir misal:

Düşməzəm könlünə, yəni olubam öylə zəif
Dərdi-eşqinlə ki, güzgudə görünməz əsərim.

Burada məşuqənin aşiqə laqeydliyindən başqa, orta əsrlərin optik anlayışı da əksini tapıb: olmayan şeylər güzgüdə əks olunmaz! Həm də Füzuli məşuqə etinasızlığı ilə əks olunmağın qeyri-mümkünlüyünü üzvi bir şəkildə uzlaşdıraraq, birincini ikinciylə bağlayaraq vermişdir -mən sənin könlünə düşmürəm (məni yada salmırsan da demək olardı, lakin bu halda güzgü və onun inikas xüsusiyyəti, bunlarla birlikdə beytin elmi qatı kənarda qalardı), eşqinin dərdi ilə elə zəifləmişəm (heçə çevrilmişəm) ki, sənin güzgü kimi saf ürəyinə düşmürəm (güzgüdə əks olunmuram), deməli, könlünə (güzgüyə) düşməməklə günahkar özüməm, lakin bu günahın da səbəbkarı sənsən: axı mən məhz sənin dərdinlə üzülmüş, heç olmuşam! Bax, Füzuli şeirinin möcüzələrindən biri də belə elm-obraz qoşalığıdır!"
Çox keçməz, Sabir müəllim Füzuli ilə bağlı üzərinə böyük bir yük götürəcək. O, Füzuli qəzəllərinin təfsilatlı şərhləri üzərində işləyəcək, doxsanıncı illərdə bu çətin və son dərəcə mürəkkəb işi başa çatdıracaq, 2004-cü ildə"Füzuli qəzəllərinin şərhi" adlı dörd cilddə kitab nəşr etdirəcək (qeyd edim ki, bu kitabların çapında Rusiyada yaşayan oğlu Xəlil maddi dəstək olub). Sabir müəllimə qədər istər Türkiyədə, istərsə də Azərbaycanda Füzuli qəzəllərinin şərhi ilə məşğul olan alimlər və füzulisevərlər olub. Ancaq etiraf etmək lazımdır ki, Sabir Əliyevin şərhləri öz elmi səviyyəsi və tutumluluğu ilə seçilir. Həmin söhbət zamanı mən Sabir müəllimə belə bir sual vermişdim:"Heç olubmu, Füzulini başa düşməyənlər, ya başa düşməkdə çətinlik çəkənlər içinə düşmüsünüz? Sabir müəllim dedi ki, belə hallar çox olub. Kim Füzulini hansı səviyyədə dərk edirsə, onu qınamaq olmaz, yəni bildiyi odur və bundan irəli gedə bilməz...gamma belə düşünmək də zəiflik əlamətidir. Füzulini az-çox dərk eləmək üçün bir az məlumatlı olmaq tələb edilir, heç olmasa, dini elmi, astronomiyanı, fizikanı, kimyanı, yer elmini mənimsəməlisən.

Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.

Füzuli bu beytdə Quranın bir ayəsindən sitat gətirir: ayədə deyilir ki, kafirlərin cəhənnəmdən çıxması dəvənin kiçilib iynə ulduzundan keçməsi şəraitində mümkün olacaqdır. Yəni kafirlər heç vaxt cəhənnəmdən çıxa bilməyəcəklər. Quranın 7-ci, əl-əraf (sədd) surəsinin 40-cı ayəsində deyilir:"Ayələrimizi yalan hesab edənlərgdəvə kiçilib iynənin gözündən keçməyincə Cənnətə girə bilməyəcəklər". Füzulinin qəmləri o qədərdir ki, bunları dəvənin başına qoysalar, dəvə iynə ulduzundan keçəcək qədər kiçilər və cəhənnəmdən xilas olar".
Sabir müəllimin Füzuli qəzəllərinin şərhində belə müxtəlif variasiyalılıq nümayiş etdirməsi, sanki bir yozumla kifayətlənməyib beyt tam qavranılsın deyə onu bütün aspektlərdən şərh eləmək bəlkə də çoxlarına uzunçuluq, hətta əllaməçilik təsiri bağışlayırdı. Amma bu onu göstərir ki, Sabir müəllim Füzulini oxucuya bütöv və dolğun çatdırmaq istəyirdi. Şərhləri oxuyanlar bir şeyə əmin ola bilərlər ki, Füzuli göründüyündən də dərindir. Mən də bir misal gətirmək istəyirəm:

Ol pərivəş kim, məlahət mülkünün sultanıdır,
Hökm onun hökmüdür, fərman onun fərmanıdır.

Hər hansı bir füzulisevər oxucu üçün bu beytin mənası gün kimi aydındır - şair demək istəyir ki, o pərivəş ki, bu gözəllik mülkünə sultanlıq edir, deməli, sultan olan şəxsin də hökm və fərman verməyə tam ixtiyarı var, nə hökm versa, nə fərman buyursa, öz əlindədir. Vaqif Yusifli kimi bəlkə yüzlərlə Füzuli heyranı beyti belə şərh edə bilər. Amma indi gəlin, Sabir müəllimin şərhinə diqqət yetirək:"Aşiq öz sevgilisinə pəri (pərivəş) deyir, pəri olan kəs isə sehrkarlığı ilə gözəllik ölkəsinə sultan da ola bilər. Hökm də, fərman da sultanlara aid qərar olduğundan, bu dəfə hökm də, fərman da pərinin ixtiyarındadır. Məşuqə pəri kimi təsvir edildiyindən, o, insanlara hökm edə bilər, pəri və cinni sözü bədii ədəbiyyatda çoxt vaxt yanaşı işlənmişdir. Füzulinin"Leyli və Məcnun" əsərində Leyli İbn-Səlamı özündən uzaqlaşdırmaq üçün məktəb günlərində məhz bir pəri (cinni) tərəfindən tilsimləndiyirni deyir. Cinniyə əsir olanlar isə onların cəngindən xilas ola bilmir. Odur ki, hökm də, fərman da həmişə onların əlində olur. Ona da diqqət edilsin ki, söhbət maddi-real sultanlıqdan deyil, məlahət mülkünün sultanlığından gedir. Beytdə hökm və fərman sözləri tənasübdür, m dodaq samiti alliterasiya yaratmışdır. 1958-ci il çapında "Hökm onun hökmüdürür" getmişdir; bu, heç olmasa ona görə səhvdir ki, Füzuli kimi diqqətli bir şair eyni beytdə həm də -dir (fərmanıdır) şəkilçilərini işlətməzdi".
Doğrusu, bu şərhi az qala bədii əsər kimi oxuyursan və Sabir müəllimin şərhlərinin (və ümumiyyətlə, Füzuli haqqında fikirlərinin) ən başlıca məziyyəti odur ki, burada sadə, amma davamlı məntiq görürsən.
Sabir Əliyev Gürcüstanın Qarayazı rayonunun Qaraçalar kəndində, saz-söz mühitində dünyaya gəlmişdi. Mən israr eləmirəm ki, bu mühitdə yetişən, formalaşan adamlar muğamı saz musiqisi kimi dərindən sevə bilməzlər. Amma əksər qarayazılıların saatlarla oturub saz musiqisinə necə heyranlıqla qulaq asdıqlarının şahidi olmuşam. Sabir Əliyev isə muğamı çox sevirdi. Bəlkə bu sevgi də Füzulidən gəlirdi. Onun Füzuli ilə bağlı tədqiqatlarında da Füzuli və muğam problemi ilə bağlı maraqlı fikirlər az deyil. Ancaq mən yenə onun dilindən eşitdiklərimi diqqətinizə çatdırmaq istəyirəm: "Tar... muğam... qəzəl... əruz... bir də Füzuli. Mənim nəzərimdə dünyada bir-birinə bunlardan yaxın və doğma anlayışlar yoxdur. Bunlar sanki bir gövdənin budaqlarıdır. Əruzsuz qəzəl, qəzəlsiz muğam, muğamsız tar, bunlarsız da Füzuli təsəvvür eləmək çətindir. Azərbaycan musiqi sənəti tarixində muğamlarımı Füzuli qəzəlinə ana olub, Füzuli qəzəlimi muğamlara rəvac verib - bu sual hələ cavab gözləyir. Sözsüz ki, Füzulidən əvvəl də bizdə muğam olub, qəzəl olub. Lakin Füzuli sənətinin təlatümü ilə bu iki ecaz qaynağı - səs və söz möcüzəsi elə qaynayıb-qarışıb ki, deyildiyi kimi, hansının əsas, hansının peyk olduğunu müəyyənləşdirmək asan deyil. Füzuli bütün lirikasında həm də musiqi aşiqi kimi oxuyub inləyir...
Mütrib, müğənni, sürud, qopuz, saz, tar, ud, dəf, qanun, tənbur və s. musiqi terminlərinə Füzuli qəzəllərində və digər əsərlərində tez-tez rast gəlirik. Bir beytində Füzuli musiqinin insan əhvalına dəyişdirici təsirini belə göstərir: ey mütrib, nəğmələrinlə Füzuli xəstəni ağlatma, ahı ilə dünyanın altını üstünə çevirər.

Səhər bülbüllər əfqanı deyil bihudə gülşəndə,
Füzuli naleyi-dilsuzuna ahəng tutmuşlar.

Hətta nəğməkar bülbüllər də şairin vagirləri, zuyçularıdır.
Son beş əsrdə Azərbaycan muğamını Füzulisiz, Füzuli qəzəlini isə muğamsız təsəvvür eləmək qeyri-mümkündür. Rus şairi M.İsakovski şeirlə musiqini bir yerdə quşa bənzədir - söz mətni gövdə, musiqi isə qanad rolunu oynayır. Bu mənada Füzuli qəzəlləri muğamlarımızın sanballı gövdəsi olub, onların polad qanadlarında əsrlərdir ki, dünya üzərində uçmaqdadırlar".
Sabir Əliyev füzulişünas idi və onun Füzuli yaradıcılığı ilə bağlı müxtəlif illərdə qələmə aldığı, bəzən heç yerdə çap etdirə bilmədiyi məqalələri də göstərir ki, o, Füzuli sözünün qədr-qiymətini, vəznini, çəkisini çox gözəl bilir. Füzulini heç də az bilməyən və illər boyu tədris edən iki görkəmli alimimiz var - biri mərhum Samət Əlizadə idi, biri də Əlyar Səfərli. Sabir müəllimin bu iki alimlə çox mehriban ünsiyyəti olub. Amma Samət müəllimin"Azərbaycan ədəbi dili tarixindən praktikum" (1983) kitabı işıq üzü görəndə və Əlyar müəllimin tərtibatında Füzulinin sesilmiş əsərləri nəşr olunanda (1983) Sabir müəllim hər iki nəşrin uğurlu cəhətlərini göstərməklə bərabər kəskin tənqidi iradları ilə də rastlaşdıq. Təəssüf ki, bu məqalələri Sabir müəllim"dostluq xətrinə" heç yerdə çap etdirmədi, yalnız 2004-cü ildə seçilmiş məqalələrindən ibarət"Ədəbi qayğılar" kitabında onlarla tanış olduq.
...Sabir Əliyevlə iyirmi yeddi il dostluğumuzda həmişə ona hörmət və ehtiramımı gizlətmədim. Mən Bakıda da, Gəncədə də, bir yerdə radioda, televiziyada çıxışlarımızda da onun müdrikliyinin şahidi oldum. O, həm də şux zarafatları ilə seçilən bir insan idi. Oğlum Vidadi kiçik yaşlarında Sabir əmisinin onu qucağına alıb necə gəzdirdiyini indi də xatırlayır. Amma çox təəssüf ki, Sabir əmisi Vidadinin toy məclisində iştirak edə bilmədi.
Sabir müəllimin ölümü məni və dostlarını sarsıtsa da, bir şeydən təsəlli tapırıq ki, onun Füzuli sevgisi ölmədi, o sevgi bizə də keçdi, bizdən övladlarımıza da keçəcək, Füzuli sözü kimi əbədi yaşayacaq bu sevgi.

Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını,
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.

TƏQVİM / ARXİV