adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

III Riçard, Stalin və ya Hitler...

SAMİRƏ ƏŞRƏF
23910 | 2015-05-09 01:14
Yaradılışdan birinci olmağa can atan insan bu birincilik uğrunda hər zaman qabağa atılmağa, başqalarını əzməyə çalışıb. Nisbətən güclüllər, həmişə özündən zəiflərə qalib gəlib. İnsan xislətində var olan amansızlıq vəzifə, şöhrət, var-dövlət kimi məsələlərdə daha geniş formada pərvəriş tapır. Tarix boyu taxt-tac, səltənət uğrunda istər şərqdə, istərsə də qərbdə kəsilən başların tökülən qanların, axıdılan göz yaşlarının sayı-hesabı bilinməyib. Öz padşahlığı naminə doğma övladını belə ayağının altına salıb əzməkdən, kor etməkdən, öldürməkdən qorxmayan hökmdarların adı indi də tarixin səhifələrindən asılıb qalmaqdadır. Zalımlıqları, qəddarlıqları ilə əsrlər boyu unudulmayan insanların həyatını incələyən, onları geniş təhlillə oxuculara təqdim edən ədəbiyyat bu sahədə həmişə vicdanlı olub. Yazıçı, dramaturq heç vaxt belə insanları şişirtməyib, yalnız tarixə istinad edərək hadisələrə bədiilik qatıb dövlət xadimlərini olduğu kimi oxucuya təqdim edib. Uilyam Şekspir klassikasında hökmdarlıq, səltənət mövzusu həmişə aktual olub.
"III Riçard" pyesi Şekspirin"Hamlet" əsərindən sonra qələmə aldığı ən uzun əsərdir. Təxminlərə görə Şekpir bu pyesi 1591-ci ildə yazıb. Əsər 1483-cü ildə qardaşlarını və onların əhatəsində olan yaxın adamları qətlə yetirərək taxta çıxmış olsa da, qısa hökmdarlıq yolu keçərək 1485-ci ildə həlak olmuş İngiltərənin sonuncu kralı III Riçardın həyatından bəhs edir.
"III Riçard" pyesi 1700-ci ildən üzü bəri dünya teatrlarının bir çoxunda səhnəyə qoyulmuşdur. III Riçard rolunun ilk ifaçısı həmin dövrlərdə yaşamış ingiltərəli aktyor Kolli Sibber olub.
Bu ilin əvvəlində isə rejissor Cənnət Səlimovanın quruluşunda"III Riçard" tamaşası Gənc Tamaşaçılar Teatrının səhnəsində əks-səda verdi. Qırxa yaxın aktyorun iştirak etdiyi tamaşa həqiqətən də böyük zəhmətin nümunəsi kimi tamaşaçılara təqdim olundu. Maraqlı aktyor ansamblı, diqqətlə hazırlanmış musiqi tərtibatı tamaşanın əsas uğurlarındandır. Ağaxan Abdullayev, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, Nəsibə Eldarova, Elşən Hacıbabayev, Elnur Kərimov parlaq ifa nümayiş etdirərək yaddaşlarda qaldılar. III Riçard rolunun ifaçısı aktyor Şövqü Hüseynov sözün əsl mənasında mükəmməl ifa nümayiş etdirdi.
Şövqü Hüseynov haqqında yazmaq mənim üçün olduqca xoşdur. Bu adı xeyli zamandır ki, tanıyıram. İllər öncə adını xatırlamadığım televiziya tamaşalarının birində görmüşdüm ilk dəfə bu istedadlı aktyoru. Elə o vaxtdan həm siması, həm də adı yaddaşımda dərin iz salıb Şövqü Hüseynovun. Bu aktyorun simasını harda görsəm, səsini harda eşitsəm daxilimdə qəribə bir sakitlik yaranıb. Hər zaman onun tamaşalarını teatrdan canlı izləyə bilməməyin təəssüfünü yaşamışam. Çünki Şövqü Hüseynovun daxilində çox güclü aktyor potensialının, yaradıcı imkanların var olduğunu və bunun da xüsusilə teatr səhnəsində pərvəiş tapdığına inanmışam. Bunun üçün də aktyoru III Riçard obrazında görmək mənim üçün həm də bir növ fikirlərimin doğruluğuna sübut idi.
Tamaşa boyu açıq-aşkar bilinirdi ki, aktyor taxt-tac uğrunda öz doğmalarının qanına susayan şikəst Riçard obrazını yarada bilmək üçün bütün gücünü səfərbər edib səhnəyə çıxmışdır.
Maraqlı məqamlardan biri də bundan ibarət idi ki, Cənnət Səlimova III Riçardla yanaşı Şövqü Hüseynovun aktyorluq məharəti vasitəsi ilə tamaşaçıya həm də gah Roma imperatoru Neron, gah Stalin, gah Hitler, gah da Beriyanı təqdim edirdi. Rejissorun bu təqdiminin alt qatında olanları təbii ki, duymamaq mümkün deyil. Dünya yaranandan hökmdarlar və onların törətdikləri faciələr eyni olub. Əldə olunan bütün qələbələr göz yaşı və qan bahasına qazanılıb.
Xalq artisti Ağaxan Salmanovun görüntüsü olmasa belə səsi tamaşaya rəng qatmağa kifayət edirdi. Ancaq tamaşanın əvvəlindən sonunadək səhnədə olub Bekingem rolunu ifa edən Ağaxan Salmanov həqiqətən də peşəkarlıq nümunəsi idi.
Özüm üçün kəşf etdiyim aktyor isə Elşən Hacıbabayev oldu. Hadisələrin gedişatını xüsusi yumorla, sarkazmla nəql edən küçə müğənnisi rolu ilə aktyor çox-çox istedadlı və rəngli ifa nümayiş etdirirdi. İfa o qədər canlı, dinamik və pafosdan uzaq idi ki, hətta bəzən mənə elə gəldi ki, indi Elşən Hacıbabayev irəli atılıb tamaşanı yarıda saxlaya biləcək gücə malikdi.
Tamaşadan narazı qaldığım yeganə məqam isə aktyor geyimləri ilə bağlı oldu. Əsərin klassikasını çatdıra bilməyən geyim tərtibatı ümumilikdə çox bəsit və bir az da səliqəsiz idi.
Bu kimi qüsurları nəzərə almasaq Cənnət Səlimovanın quruluşunda səhnə həyatına qədəm qoyan"III Riçard" əminəm ki, hələ bir çox tamaşaçının yaddaşında dərin izlər buraxacaq.



TƏQVİM / ARXİV