adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

KƏLAğAYIN ƏLVAN, QIYQACI...

VƏSİLƏ USUBOVA
27279 | 2011-04-01 23:13
Haçan ki, bir şeyi sidq-ürəknən, əlimyandıynan axtardın, çətin taparsan... Elə ki, axtarmaqdan yorulub bezirsən, daha tapıb-tapmadığının səninçün bir önəmi qalmır, onda özü torpaqdan baş qaldıran göbələk kimi qabağında bitir. Sən demə, lap yaxında- gözünün qabağında imiş, bircə əlini atıb götürməyin qalırmış. Deməli, gözün baxa-baxa da görməyə bilərsənmiş və gözlərinin görməsi üçün əlavə-yardımçı olan nəsə gərəkmiş. Belə şeylərin üstündə baş sındırmaq bəzən əyləncəli və maraqlı olsa da, axır vaxtlar çox qorxuram. İmkan olduğu qədər qaçıram. Çünkigdepressiyaya aparır. Adam dəlixanalıq ola bilər. Allah göstərməsin, indiki zamanda ağlın başında ola-ola heç nədən baş aça bilmirsən. Gör, dəli olsan, başına nə oyun açarlar?! İndi də elə. Filosofluq eləməyin qətiyyən yeri deyil. Yaxşısı budu, yazımı yazım...
   
   Bir dəfə gecədən xeyli keçmiş İctimai televiziyada kəlağayı haqqında verilişə baxmışdım. Yaman tutmuşdu məni. Belə hallarda əlimin altında nə olsa- dəftərə, kağız parçasına, qəzetin qıraqlarına yadda saxlamalı məqamları qeyd eləyib sonra bloknotuma köçürürəm. Üstündən ilyarım keçməsinə baxmayaraq, nə o verilişi unuduram, nə də bir şey yazıb başa çıxıram. Görünür, (görünür, yox, elə həqiqətən də belədi) mövzuların da özünəməxsus taleləri olur. Eləsini aylarla, illərlə başında gəzdirməli olursan, eləsini də ağlına gələn kimi qələmə alırsan. Yaxşı yadımdadı, o verilişin getdiyi gecənin səhəri kəlağayı haqqında yazmaq istəyəndə tamam başqa yazı alındı. Və bu vəziyyət indiyəcən dönə-dönə təkrar olunub.
   
   Bu gün tilsimi sındırmaq qərarına gəlmişəm.
   
   Deyəcəksiniz ki, kəlağayıdan yazmaq bunun ağlına haradan gəldi?! İndi ki, kəlağayı örtən yoxdu...Düzdü. İranın qara-qura, sintetik, qaramat yağdıran, adamın boyun-boğazına yayda od, qışda buz kimi yapışan baş yaylıqları Arazın bu tayına ayaq açandan qız-gəlinlərimiz, xanım-xatınlarımız özümüzün ağ, qırmızı, noxudu kəlağayılarmızdan üz döndəriblər. Kəlağayılar dükan-bazardan da yığışılıb. Əslində, elə onları alıb aparanlar da Arazın o tayından gələnlər oldu. Nəyimizin qədrini bilmişik ki, kəlağayılarımızın da qiymətini verək, qoruyaq?!...
   
   İyirmi- iyirmi beş il bundan əvvəl qəzet-jurnallarımızın səhifələrində başına, çiyninə kəlağayı salınmış gözəl-göyçək qızlarımızın şəkilləri görünməyə başladı. Sevinirdim. "Özümüzə qayıdırıq" deyirdim. Əcnəbilər bir qalqotkanı reklam edəni dünya ulduzu səviyyəsinə qaldırırlar, biz niyə gül kimi geyimlərimizi təbliğ eləməyək, deyə düşünürdüm. Elə bil gözə gəldik. Birdən-birə hər şey tərsinə dəyişdi... Deyəsən, bu şəkillər vidalaşmaq üçün çəkilirmiş...
   
   Yox, mən kəlağayını yuxuda görməmişəm. Bu nəfis, incə baş örtüyünü də nəyinsə xatirinə yada salmıram. Mən kəlağayıdan heç vaxt ayrılmamışam. Evdə iki kəlağayım var. Göy yelənli ağ kəlağayılar həmişə paltarlarımın ən əzizi, qiymətlisidi. Arada ürəyim istəyəndə şarf əvəzinə boğazıma dolayıram. Və bu zaman bədənimdə təsvirəgəlməz bir xoşluq, rahatlıq duyuram. Sərin, yumşaq ipək boyun-boğazımı oxşayıb, ruhuma layla deyir. Anamın, nənələrimin istisini, ətrini alıram onlardan...
   
   Əgər başımı bağlamalı olsam, kəlağayıdan başqa heç nə örtmərəm...
   
   Mən kəlağayını bürüncək sayıb qiymətdən salanlara qarşıyam. Söhbət lap bürünməkdən getsə belə, deməyə sözümüz var. Qızlarımızı, qadınlarımızı hicaba sürükləyənlər niyə demirlər ki, əgər bürünmək, boyun-boğazınızı naməhrəmlərdən gizlətmək istəyirsinizsə, onda başınıza kəlağayı örtün. Heç bu sözün özü də kəlağayıya yaraşmır. Bu baş örtüyündə o qədər zəriflik, yumşaqlıq var ki, adamın canını, ruhunu sıxan heç bir şeylə yanaşı qoyulmaz, vasitə də ola bilməz...
   
   Nə qədər ki, qadınlarımız yayda kəlağayı, qışda üstü al-əlvan güllü yun yaylıqlar örtürdülər daha yaraşıqlı, boy-buxunlu, xanım-xatın görünürdülər. Yaraşığı bir yana dursun, bu baş örtükləri sahibinin sifətinə ayrı bir yapışıq, şirinlik verir. Ömrümdə bircə dəfə Biləcəridən o tərəfə keçmişəm. Geri qayıdanda qatarın pəncərəsindən ətrafı seyr edirdim. Dağıstanın ərazisinə daxil olanda ətrafda başına eynən bizimkilər kimi al-əlvan güllü yun yaylıqlar örtmüş ləzgi qadınlarını görəndə ürəyim necə həyəcanla döyünmüşdü. Bu izaholunmaz bir hissdi və heç kəs məni eldən-obadan ayrı, qürbətdə yaşayanların hər hansı bir şəkildə xoşbəxt olmalarına inandıra bilməz...
   
   Qızlar yeniyetməlik çağlarından kəlağayı bağlardılar. Kəlağayısını sevdiyi oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içmiş olurdu. Elçilər qızın "hə"sini almağa gedəndə arvadların birinin qoynunda qırmızı kəlağayıya bükülmüş nişan üzüyü olardı. Xınayaxdıda gəlinin başına qırmızı kəlağayı atıb əl-ayağına xına yaxardılar. Gəlin köçəndə də üzünə duvaq verərdilər. Bəy duran oğlanın, sağdış-soldışının boynuna, gəlin maşınının güzgüsünə də kəlağayılar bağlanardı. Toyüstünə gələn arvadların xonçasında ən qiymətli hədiyyə də elə kəlağayı olardı...
   
   Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımız, namusumuz, ismətimiz idi...
   
   Kəlağayılar Şəkinin, Şirvanın qüruru idi...
   
   Kəlağayılar laylalarımızda, bayatılarımızda, mahnılarımızda vəsf olunub həmişə. Şirvan ellərində yetişmiş şirin səsli bir xanəndə vardı. Eynulla Cəbrayılov. Lap uşaqlıqdan onun bir mahnısını həyəcanla, hədsiz zövqlə dinləyərdim.
   
   
   
   Gözəl, sənin nə vədəndi,
   
   Kəsibsən qısa tellərin?!
   
   Kəlağayın əlvan, qıyqacı
   
   Üstündən basa tellərin.
   
   
   
   Elə o verilişdəki bir epizodu da eyni həyəcanla izləyirdim. Bir qoca kəlağayını bağrına basır, qoxulayır, o üzündən-bu üzündən öpüb deyirdi: " Axır ki, qayıtdın..."
   
   Hələ qaytarmalı, bağrımıza basmalı, öpüb oxşamalı o qədər dəyərlərimiz var ki...

TƏQVİM / ARXİV