MiSRALANMIŞ AL-ƏLVAN iŞIQLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
36294 | 2011-04-01 23:13
Hərdən adama elə gəlir ki, o hər şeyi bilir və hamını da çox gözəl tanıyır. Hətta bir az da ifrata varıb düşünür ki, onun görüb bildiyi qədər heç kim bilmir və görmür. Bunun içərisində bir özündən razılıq, bir də insanın mənsub olduğu gendən, xalqdan gələn məqamlar var. Yəni "ot kökü üstə bitər" deyiblər. Bax, bu anlamda insan, xüsusilə Azərbaycan insanı başqalarından çox fərqlənir. Deyəsən bir az qəliz danışdım, qəliz yazdım. Amma içimdən gələni yazmaq, demək üçün suyu bulandırmağa üstünlük verdim ki, durulduqca onun şəffaflığı, onun göz nuru kimi, gün işığı kimi gərəkliyi ortaya çıxsın...
   
   Xalq şairi Zəlimxan Yaqubu təqdim etməyə ehtiyac yoxdu. Oxucu onun özünü də, sözünü də elə özü qədər, sözü qədər də tanıyır. Bir-birinə calanıb zəncirvari uzanıb gedən fikirlərinin, misralarının, duyğularının, istəklərinin, odunun-alovunun, ürəyinin səsinin, hərarətinin, bir sözlə, varlığının məziyyətlərini bildiyi qədər də sevir və sevdiyi qədər də Zəlimxan Yaqubun poeziyasına, özünə, sözünə, fikir dünyasına vurğundu. Bu vurğunluq Zəlimxan Yaqubun haqdan halalı olan bir paydı, bir vergidi, bir ərməğandı... Bax, bütün bunların içərisində Zəlimxan Yaqub haqqında nəsə demək, təzə nəsə axtarmaq, təzə nəsə görmək özü də elə Zəlimxan Yaqubun şeirlərinə bürünüb söz-söz, misra-misra, bənd-bənd, şeirlərlə yol getməkdi. Elə bir yol ki, o yolun əvvəli Zəlimxan sözüdü, sonu Zəlimxan sözüdü, əvvəli Zəlimxan Yaqubdu, sonu Zəlimxan Yaqubdu.
   
   Heç bir mübaliğəsiz, heç bir bənzətməsiz içimdən gələn tam səmimiyyətlə etiraf edim ki, Azərbaycan poeziyasında xalqın doğrudan da özünün şairi saydığı beş-üç söz adamının sırasında yerini tutan Zəlimxan Yaqub təpədən-dırnağa sözdən misraya qədər oturuşmuş, hopmuş, heykəlləşmiş bir Azərbaycan şairidi, bir xalq şairidi, bir el aşığıdı, bir el sənətkarıdı. Və mən də onu bu qədər tanıyıb sevdiyim üçün hər misrasının, hər sözünün işığından tutub saatlarla yol gedirəm, özü də gözüyumulu. Bilirəm ki, bu yolda mənə badalaq gələn olmayacaq, məni arxadan vuran olmayacaq. Çünki burda gizli işlər yoxdu, burda xudpəsəndlik yoxdu. Burda bir Allah sevgisi var, Allah vergisi var, Tanrı işığı var. Tanrı işığında da gedilən yol həmişə ağappaq olur - süd kimi...
   
   Yəqin ki, sevənləri, vurğunu olanlar Zəlimxan Yaqubun ədəbi yaradıcılığından, onun poetik üfüqlərindən xəbərdardı. Mən də xalq şairmizin, ustadım Zəlimxan Yaqubun hər təzə sözünü, hər təzə misrasını, hər təzə kitabını həsrətlə gözləyə-gözləyə, sevgi ilə oxuya-oxuya həm bir qürur yaşayıram, həm də sözün, şeirin sirlərinə valeh oluram. Bax, elə buna görə də ustadımın yeni çıxan kitablarnı səbirsizliklə gözləyir, onların dünyaya gəlişinə sevindiyim qədər də mütaliəsindən xüsusi ləzzət alıram...
   
   Açığını deyim ki, dəfələrlə evində qonaq olduğum ustadım şeirlərindən, poemalarından, hətta oxucunun hələ xəbəri olmadığı, mürəkkəbi qurumamış şeirlərinin ilk dinləyicisi olaraq xoş anlar yaşamaq mənim payıma çox düşüb. Hər dəfə də xalq şairimizin müəyyən məsələlərə toxunarkən iş otağında, stolunun bir küncündə və yaxud da kitab rəfində yer almış qalın bloknota istinad edərək söylədiyi fikirlər məndə maraq yaratdığı qədər də şairimizin hansı xəzinələrə kəmənd atdığını da diqqətimdən yayındırmamışdı. Lakin heç vaxt ağlıma gəlməmişdi ki, günlərin birində böyük ustadım təqdimatında işıq üzü görəcək "Zəlimxan Yaqub. Düşüncələrin simfoniyası" kitabı ilə baş-başa qalacağıq.
   
   Bəli, bu günlərdə "Vətən" nəşriyyatı xalq şairi Zəlimxan Yaqubun "Düşüncələrin simfoniyası" adlanan qeydlər toplusunu oxuculara təqdim edib. Böyük tirajla və çox poliqrafik cəhətdən məharətlə hazırlanmış bu kitabın ön sözü yerində xalq şairimizin oxuculara ünvanlanan ilk cümləsində deyilir: "Əziz oxucular! Sizə təqdim olunan bu kitab şəxsi yaradıcılığımın deyil, ömrüm boyu mütaliə etdiyim, qeydlər götürdüyüm, sevə-sevə həm vərəqlərə, həm də yaddaşıma köçürdüyüm kitablardan gələn dahilərin, dühaların yaratdığı zəngin və tükənməz söz, fikir xəzinəsindən say-seçmə ipə-sapa düzülən incilərdi..."
   
   Mən bu sözlərlə başlanan kitabı çox qısa bir müddətdə təkrar-təkrar oxudum və qarşımda sözün bütün mənalarında ucu-bucağı görünməyən, eni-boyu bilinməyən, dərinliyi, hündürlüyü ölçüyə gəlməyən bir dünya açıldı, bir aləm canlandı, bir sirlərlə naxışlanmış, fikirlərlə cilalanmış, bir ucu buludlardan o yanda, bir ucu yerin dərinliklərindən də dərində olan söz kəhkəşanı yarandı. Öz-özümə düşündüm ki, doğrudan da ilahi söz, ilahi kəlam çox qüdrətli imiş. O qüdrəti dərk etmək, o qüdrətə tapınmaq, o qüdrətə sığınmaq, istinad etmək və nəhayət onun içində yaşayıb ona qaynayıb-qarışmaq hər əliqələmlinin, hər "yazaram" deyib ortaya düşənin, qarğı atını aşağı-yuxarı çapmaqla öyünənin işi deyil. Burdan baş açmaq, bu dünyaya üz tutub onun sakininə çevrilmək üçün bütün mənalarda söz adamı, şair olmalısan.
   
   Oxuyuram "Düşüncələr simfoniyası"nı. Qarşımda dünyanın tanıyıb, sevib dəyərləndirdiyi Nizaminin, Hötenin, Taqorun, Lermontovun, Belinskinin, Şekspirin, Balzakın, Güntəkinin, Cek Londonun, Servantesin, Hüqonun, Mark Tvenin, Heminqueyin, Əbdürrəhman Caminin, Çingiz Aytmatovun, Ordubadinin, Tolstoyun, Radi Fişin, Nəsib Fazil Qısakürəkin, Cəfər Cabbarlının, Puşkinin, Nerudanın, Çernışevskinin, Dostoyevskinin, Drayzerin, daha kimlərin, kimlərin bir-birindən dəyərli, bir-birindən mükəmməl, bir-birindən samballı, bir-birindən işıqlı və mənalı fikirləri ilə qarşılaşıram. Və dərhal da ağlıma gəlir ki, bu qədər fikirləri oxumaq, mütaliə etmək, onları vərəqə və yaddaşa yazmaq, onlara istinad etmək, onlardan bəhrələnmək, onları özününküləşdirmək, şeirləşdirmək yalnız xalqın şairinin, yalnız fitri və böyük istedad sahibi olan insanın gücü daxilindədi. Bu gücü da Tanrı Zəlimxan Yaquba verib.
   
   Təsəvvür edin ki, kitabın ön səhifələrindəki fikirlərin çəkisi və vəzni ilə sonuncu fikir və vəzn arasında gözlə görünməyən, amma ağılla dərk edilib fəhm olunan bir körpü var- fikir körpüsü, müdriklik körpüsü. Məsələn, Taqorun dediyi kimi:
   
   
   
   Yalan qüdrət olar
   
   ancaq heç vaxt həqiqətə çevrilə bilməz.
   
   
   
   Və yaxud:
   
   
   
   O şey ki, doğmadır, səmimidir, sadədir
   
   o şeyi təbəssümlə bağrına bas.
   
   
   
   Və yaxud Cek Londonun söylədiyi:
   
   
   
   Canlı bir qadın ürəyi nədir ki, mənim məhəbbətim daşları da əridər.
   
   
   
   Məncə sevginin gücünü və fikrin möhtəşəmliyini bu iqtibasda səsləndirildiyi kimi dilə gətirmək üçün yalnız və yalnız ilahi sevginin sahibi olmalısan. Elə bir sevginin ki, o sevgi son zirvə nöqtəsi olsun.
   
   Zəlimxan müəllimin sevə-sevə qeydlər etdiyi və kitab şəklində bizə ünvanladığı fikirlərin arasında Ə.Caminin fikirləri:
   
   
   
   Arvadın işinə o qədər səbrli olma ki, qeyrət səddinə ziyan düşsün.
   
   
   
   Və yaxud Servantesin:
   
   
   
   Müharibədə alınan yaralar
   
   insanı şərəfsiz deyil,
   
   şərəfli edir.
   
   
   
   Hüqonun:
   
   
   
   Heç bir şeyi olmayanın
   
   Başının üstündə Allahı var.
   
   
   
   Və yaxud:
   
   
   
   Hamıdan qüvvətli olan Tanrı hər zaman bizim üstümüzdədir
   
   
   
   fikirləri təkcə düşündürmür, həm də düşündüyündən nəticə çıxarmağa səsləyir. Təbii ki, bu böyük fikirlərin az-çox səsləşən formaları bizim xalq deyimlərimizə, atalar sözlərimizdə qarşımıza çıxır. Amma gəlin etiraf edək ki, qadınla bağlı deyilən, Allahı başımızın üstündə görməyimizi xatırladan fikirlər bizim mentalitetimizə daha çox uyğun gəlir.
   
   Mən vərəqləri çevirirəm. Hər çevrilən vərəqdə sanki neçə-neçə hiss, duyğu, istək, arzu, düşüncə, bir sözlə, qalaq-qalaq kitabların yazıb deyə biləcəyi hikmətlər oxunur, yaddaşa köçür. Etiraf edim ki, mənim bu deyimlərin, bu böyük dünyanın içərisində daha çox yaddaşıma köçürdüyüm məqamlar sevgi ilə, vətənlə, insanla bağlı olan məqamlar idi. Və Servantesin bir fikrini özümdən asılı olmadan bir neçə dəfə təkrarlayıram:
   
   
   
   Sevgi yoxluğundan ölmək dəhşətdir.
   
   
   
   Və yaxud:
   
   
   
   Sevən və iztirab çəkən qəlb ülvidir.
   
   
   
   Və yaxud:
   
   
   
   Dünyada bircə nəfər də olsa sevən adam tapılmasaydı - Günəş sönərdi.
   
   
   
   Yenə oradan:
   
   
   
   Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı,
   
   qəbir kimi laldır.
   
   
   
   Böyük hikmətlərlə baş-başa qaldığım məqamda özümdən asılı olmayaraq, mən də qeydlər aparmağa başlayıram. Və bu qeydlərimin sırasında E.Voyniçin fikirləri önə keçir:
   
   
   
   Arvad cavan olanda ona kişi lazımdı.
   
   
   
   Və yaxud:
   
   
   
   O şey ki, mümkün deyil, onun öhdəsindən gəlmək olmaz.
   
   
   
   Növbəti söz işığı Nerudaya aiddi. Mən bu böyük yazarın fikirlərini vərəqə köçürürəm:
   
   
   
   Şairin gördüyü işi onun şəxsi işidir. Amma, bu iş bütün insanlar üçün görülür.
   
   
   
   Bu fikirləri isə şərqin son dərəcə böyük söz sahibi olan Cəvahirləl Nehruya aiddir:
   
   
   
   Biz asanlıqla əldə etdiklərimizin qədrini az bilirik.
   
   
   
   Və yaxud:
   
   
   
   Ailə xatirinə bir adamı, icma xatirinə ailəni, ölkə xatirinə icmanı, Ruh xatirinə bütün bir aləmi qurban ver.
   
   
   
   Çernışevskinin Rusiya tarixində, bütövlükdə inqilablar tarixində xidmətləri danılmazdı və onun əsərlərində ifadə etdiyi böyük fikirlər həmişə diqqəti çəkibdi. Amma Zəlimxan müəllimin "Nə etməli" əsərindən seçib altını cızdığı fikirləri xüsuslə adamın ruhuna, düşüncələrinə ilham verir. Məsələn:
   
   Ölməyə hazır ol, sevgisiz öpüş vermə.
   
   
   
   Və yaxud:
   
   
   
   Adaxlına necə baxırdın, arvadına da elə bax. Sən ona belə baxsan, toyunuzdan doqquz il sonra da o sənin ürəyində gəlinlikdə oyatdığı şairanə duyğular oyadacaq.
   
   
   
   Dostoyevskinin "Cinayət və cəza" əsərindən ustadın altını cızdığı fikirlər içərisində:
   
   
   
   Sən mənə yalan de, ancaq öz ağlınla yalan de. Onda mən səni öpərəm də.
   
   
   
   Və yaxud:
   
   
   
   Adamın öz ağlı ilə yalan deməsi yad bir adamın ağlı ilə doğru deməsindən yaxşıdır.
   
   
   
   Və yaxud:
   
   
   
   Öz ağlınla yalan desən sən insansan, özgəsinin ağlı ilə doğru deyəndə isə sən ancaq quşsan.
   
   
   
   Türk yazıçısı Nezihe Arazın "Eşq peyğəmbəri" əsərindən:
   
   
   
   Ağıl sevginin izahında acizdir. Sevginin və aşiqliyin gerçəyini yenə ancaq sevgi deyə bilər.
   
   
   
   Ruminin:
   
   
   
   Məzar həbsxana deyil, canın həbsdən qurtarmasıdır.
   
   
   
   Marağalı Əvhədi:
   
   
   
   Bütün dünyanın sərxoşları ayıldı, amma bizim sərxoşlar hələ də ayılmamışdır.
   
   
   
   Və nəhayət yaradıcılığını həmişə mütaliə etdiyim N.F.Qısakürəkdən:
   
   
   
   Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur.
   
   
   
   Bəli, çox qısa bir iqtibaslar gətirdiyim bu kitab indi mənim yazı masamın üzərində bir sirdaşa, bir dosta çevrilib. Bu sirdaşı, bu dostu mənə və mənim kimi oxuculara xalq şairimiz ərməğan edib. Zənnimcə, düşünmək qabiliyyəti olan hər kəsə bu Zəlimxan müəllimin açdığı bir üfüq, göstərdiyi bir sonsuz aləmdi. Bu aləmin hər zərrəsi işıqdı. Ürəkləriniz heç vaxt işıqsız olmasın. Sizə isə ustad, bəxş etdiyiniz işığa və yaradıcılığınızın bu rəngarəng məqamlarına görə (əslində bu Sizin yaradıcılığınızda yeni bir ünvandı! - Ə.M.) təşəkkür edirik.
   
   

TƏQVİM / ARXİV