adalet.az header logo
  • Bakı 11°C

SEVGiMiZiN ƏYARI

MƏZAHİR ƏHMƏDZADƏ
25171 | 2011-03-29 03:29
Özün arxasına düşüb axtarmasan, bəhanələr gəzməsən, "boş vaxt" haradadır ki?..
   
   Yazı adamının boş vaxtı olmaz. Günlərlə yazmasa belə, yenə həmin o "boş vaxt" onun deyil. Bir həftə sonrakı yazı haqqında düşünməyin özü də ən uzun istirahət günlərini qısaldıb adiləşdirir.
   
   İndi söhbət açacağım mövzudan yan keçə bilərdim, onsuz da dərc olunanadək köhnələcək. Ancaq baxıb görürəm ki, heç vaxt köhnəlməyən məsələlər də var; hadisə yaddaşların künc-bucağına sürüşdürülsə də vacib notlarının təsirindən qaçmaq olmur.
   
   ... Yəni bu bir idman hadisəsiydi. Komanda oyunu həmişə cəzbedici olsa da, voleybol Azərbaycanda tam populyarlaşmayıb. Təsəvvür edin, Avropanın müxtəlif rəsmi turnirlərinin hamısında Azərbaycanın komandaları son mərhələlərədək irəliləmiş, camaat da öz yerində, heç vətənpərvər həmkarlarımın da bu uğurlardan xəbəri olmayıb. Təbii ki, mən bütün idmansevərləri və mətbuat işçilərini nəzərdə tutmuram. Maraqlananlar, izləyənlər də az deyildi. Baxın, həmişə rusların, italiyalıların, serblərin, fransalıların, polşalıların... diqtə etdikləri qadın voleybolunda, dəqiq formatı ilə söyləsək qadınlardan ibarət voleybol komandalarının Avropa çempionlar liqasının uzun sürən yarışlar marafonundan sonra, sona qalan 4 yarımfinalçıdan üçü türk təmsilçisi idi. Keçirilməsi əvvəlcədən İstanbulda nəzərdə tutulmuş "Dördlü final" deyilən Çempionlar Liqasının sonuncu mərhələsinədək həmin ölkələrdən yalnız İtaliyanın "Skovalini" komandası irəliləyə bilmişdi. Digər üç komanda isə Türkiyənin "Fənərbaxça-Acıbadəm" və "Vakıfbank Günəş Sığorta Türk Telekom", eləcə Bakının "Rabitəçi" klubları. Mən bu oyunları, yəni "dördlər finalının" bütün görüşlərini izlədim. Məhz həmin səbəbdən ki, Avropanın qadın voleybolunu az qala bir əsrə yaxın özününküləşdirən ölkələrin üzərindən birdən-birə 3 türk komandası çempionluğa iddialı idi. Bütün görüşlər boyu şərhçiləri xüsusi diqqətlə izləyirdim. Onlardan eşitmək istədiyim sözlər, təkrar-təkrar şərhlər sanki gözəgörünməz bir qüvvənin təsiri ilə televiziya tamaşaçılarının zövqündən, qürurundan gizlədilirdi. Nəyə görə? Bunu başa düşə bilmirdim. Yarış məlumdur ki, bizim telekanallarda translyasiya edilmirdi, TRT-3-dən yayımlanırdı. Qardaşlarımız yalnız öz komandalarından danışır, "3 türk komandası" kimi unikal ifadəni işlətmirdilər. Hətta "Skovalini"nin "Rabitəçi"ni üstələyib "Fənərbaxça" və ya "Günəşsığorta" ilə qarşılaşacağını planlaşdırırdılar. Mənsə gerçəkdən bu türk komandalarından hər hansı birinin çempion olmasını, sıralamada da birinci-üçüncü yerləri bizim tutmağımızı arzulayırdım.
   
   Elə də oldu. "Rabitəçi" "Skovalini"ni 3:1, "Günəşsığorta" isə "Fənərbaxça-Acıbadəm"i 3:2 hesabı ilə yenərək finala çıxdılar. Üçüncü yer uğrunda "Fənər" italiyalı rəqiblərini 3:1 hesabı ilə məğlubiyyətə uğratdılar. Qızıl medallar isə "Rabitəçi"ni 3:0 hesabı ilə üstələyən "Günəş Sığortaya" qismət oldu.
   
   Türkiyə və Azərbaycan komandaları Avropa voleyboluna tarixi imza atdılar. Bizi çox sevindirdilər.
   
   Şərhçilər isə... Bizim "Rabitəçi"ni "gümüş tellərə" bir o qədər də yaraşdırmadılar. Bütün bunlar şərhlərindəki xəsis münasibətdən aydınca hiss olunurdu.
   
   "Rabitəçi"yə isə gerçəkdən eşq olsun, halal olsun! Qızlarımız Avropa miqyaslı komanda yarışında ölkəmizə ilk dəfə gümüş medal qazandırdılar. Həm də mənə 60-cı illərin ortalarından 70-ci illərin əvvəllərinə kimi olan uşaqlıq və yeniyetməliyimin qızıl bir dövrünü xatırlatdılar. "Buruvestnik" adlı kişi voleybol komandamız nəhəng bir ölkənin - SSRİ-nin nüfuzlu çempionatında Moskva komandalarından sonra həmişə 4-5-ci yerlərə oynayırdı. Oqtay Atayev, Vyaçeslav Ağayev, Vaqif Məmmədov ("bomba Vaqif), Gennadi Fimuşkin, Viktor Qədəşov...
   
   ... Və "Neftçi"nin yetirmələri Vera Lantratova və İnna Rıskalın Olimpiya çempionluğu.
   
   Ənənəmiz olub. "Rabitəçi"nin uğuru təsadüfi hadisə deyil, bir oyanışdır.

TƏQVİM / ARXİV