ÖLÜM HƏLƏ SON DEYİL

ƏBÜLFƏT MƏDƏTOĞLU
55956 | 2015-05-08 01:13
Bir aya yaxındır ki, yazı masamın üstündəki bir kitab mənimlə həmsöhbətdir. Vaxt tapdıqca onu əlimə götürür, vərəqləyir və hər dəfə də bir və ya iki vərəqini oxuyuram. Ona görə ki, bu kitabdakı hisslər, duyğular mənə tanış olduğu qədər də, mənə həm də əlavə bir yük də gətirir. Elə bil ürəyimə, çiyinlərimə daha böyük bir qayğı yüklənir. Və mən həmin qayğıların içərisində, duyğuların caynağında özümə yer tapmağa, necə deyərlər, bir insan kimi düşünüb nəfəs almağa çalışıramg
Elə bilməyin ki, bu kitab düşünməyə, nəfəs almağa imkan vermir. Yox, sadəcə bu kitabdakı hər bir misra, hər bir cümlə bir şəxsin adından ifadə olunmur, bir insanın duyğusu kimi dilə gətirilmirg Və çox qəribədir ki, müəllif bir fərd olaraq özü-özünü könüllü şəkildə təslim etdiyi qayğıların, dərdlərin içərisində həmin o ömrünün davamını yaşadığı insanların özlərini də, onların duyğularını da, nəfəslərini də özününkünə qatıb, qovuşdurub bir vahidə, bir tək ruha çevirə bilibdi. Yəni Sona Çərkəz cümlələriylə, misralarıyla adını adına qovuşdurduğu, sözünü sözünə çevirdiyi Çərkəz müəllimin, eləcə də qardaşı Füzuli müəllimin həyatının davamını yaşayır, həm də yaşadır. Deməli, üç ayrı-ayrı insanın birləşən ürəyi, ruhu sonda Sona Çərkəzin həm publisistikasına, həm poeziyasına çevrilib oxucu qarşısına çıxır. Bax buna görə də üç ürəyin səsini bir anda dinləmək, üç ürəyin qayğı yükünü bir anda özünə hopdurmaq, ona çiyin vermək bir oxucu kimi məni nəfəs almağa, nələr baş verdiyini son nöqtəsinə kimi anlamağa qoymur. Elə yaxşı ki, bu kitab məni öz əhatə dairəsində o cür də saxlayır. Çünkig
Bəli, qarşımdakı kitabın adı "Ölüm hələ son deyil"dir. Mən kitabın yazı, payızı ifadə edən və göy üzünün də məhz həmin ovqatını büruzə verən üz qabığına baxıram. Bir yol əks olunur bu üz qabığında - məncə ömür yoludu. Elə müəllif də yəqin ki, həmin ömür yolunun davamlı olduğunu oxucuya bu cür mesaj edir. Xatırladır ki, ölüm yolların bitməsinə işarə deyil - əgər ölənin, dünyasını dəyişənin arzularını, istəklərini yaşadan varsa. Bax bu mənada mən Sona Çərkəzlə razıyam. Həqiqətən də ölüm hələ son deyil. O ki, qaldı kitabın fəsillərinəg Digər kitablarında olduğu kimi, Sona xanımın bu kitabında da bir fərqli üslub var. Belə ki, kitabın birinci bölümündə respublikanın tanınmış ziyalıları, elm, mədəniyyət adamları, o cümlədən professor Nizami Cəfərov, əməkdar jurnalistlər Rəşid Mahmudov, Flora Xəlilzadə, xalq şairləri Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub və daha neçə-neçə ünlü insanlar Sona xanımla, onun yaradıcılığı ilə bağlı fikirlər bildirmişlər. Kitabın ikinci hissəsində Sona xanımın şeirləri toplanıbdı. Həmin şeirlərin hər birinin qəhrəmanı təbii ki, insan duyğuları, könül pıçıltılarıdı. Özü də elə duyğular, elə pıçıltılardı ki, onları dinləməmək, onlara sözün böyük mənasında qapı açmamaq mümkün deyil.
Mən Sona Çərkəzin Türkiyənin Bakı Böyük Elçiliyinin Kültür və Tanıtma Müşavirliyinin dəstəyi ilə işıq üzü görmüş kitabını sizlərə təqdim edərkən bir məqsədi özüm üçün önə çəkmişdim. O da həm qardaş Türkiyə Böyük Elçiliyinə təşəkkür etmək, həm də Sona xanımın oxucularını sevindirmək idi. İstədim ki, onun özünün də şeirlərində vurğuladığı kimi, bu xeyirxahlıq diqqətdən kənarda qalmasın. Axı Sona xanım İlahiyə müraciətlə yazır:

İlahig
Möhtac etmə
mamərdlərə
mərdi,
acın toxdan
yox xəbəri,
İlahig
Gözü-könlü
tox olana
verginən
elsinin
yox xətəri,
İlahi!

Bax, mən də Sona xanımın o böyük Yaradana etdiyi müraciətinə qoşulub demək istəyirəm ki, İlahi, ömrü ömürlərin davamı olan, həyatını ancaq insanlığa, haqqa və savaba xidmətə yönəldən kəslərin üzünün təbəssümünü, süfrəsinin çörəyini əskik etmə! Qoy şam kimi əriyən ömrüylə dünyamızı azacıq da olsa işıqlandırsın. Axı o, təkcə öz ömrünü yaşamır!..

TƏQVİM / ARXİV