adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

UŞAQLAR VALİDEYNLƏRİNİ NECƏ ALDADIRLAR?

FAİQ QİSMƏTOĞLU
67334 | 2015-05-08 01:05
Bu gün çoxlarımız bir-birimizlə söhbət edəndə uşaqlarımızın, nəvələrimizin ipə-sapa yatmadığından danışırıq. Danışırıq ki, zəmanənin üzü qara olsun, indiki uşaqlar 40 il bundan əvvəlki uşaqlar kimi böyümür, tam fərqli bir tərzdə boya-başa çatırlar. Bu sözlərdə çox böyük həqiqət var. Ən azından indiki internet dövründə, kompüterin və texnologiyanın fəaliyyət göstərdiyi bir zamanda təbii ki, uşaqlar fərqli bir mühitdə yaşayırlar.
Düzdür, ağıllı uşaqlar bu texnika və texnologiyadan informasiya almaq, dünyada baş verən elmi yenilikləri əğz eləmək üçün səmərəli istifadə edirlər. Amma əksər uşaqlar isə harda pis şey varsa, harda insanı yolundan azdıran anlar olursa, bax ona daha çox meyl eləyirlər.
Bizim ev yaxınlıqdakı məktəbin yanında yerləşir. Çox zaman dərs zamanı görürəm ki, şagirdlər bloka girib siqaret çəkir və vaxt öldürürlər. Aydındır ki, onlar dərsdən qaçırlar, sinifdə olmurlar və bu cür yayınmaqla həm müəllimləri aldadırlar, həm də valideynlərini. Bəlkə də valideynlər elə bilir ki, uşaqları dərsdədi. Təəssüf ki, bizim valideynlərin əksəriyyəti məktəblə sıx əlaqə saxlamır, uşaqlarının dərsə davamiyyəti ilə maraqlanmır, heç olmasa sinif rəhbəri ilə ayda-ildə bir dəfə görüşmür də.
Bax bu cür mövcud problemlər zaman-zaman toplanır və axırda da məktəbə gedən uşağın həyatına bir zəhər qatır. Valideyn o vaxt ayılır ki, uşaq 11-ci sinifə çatır, nə dərslərini yaxşı oxuyur, nə də cəmiyyət içərisində özünü tərbiyəli aparır. Yəni bu uşaqlar müəllim və valideyn nəzarətsizliyi üzündən uçurumun dibinə gedib düşürlər. Hətta iradəsi zəif olanlar isə siqaret çəkir və bəzi hallarda narkotik maddələrə qurşanırlar.
Təəssüf ki, məktəblilərin narkotik maddələrə qurşanmasını bəzi qurumlar gizlətmək və ört-basdır etmək istəyir. Onlar elə düşünürlər ki, belə addım atmaqla müsbət bir iş görürlər. Amma əksinə, nöqsanları görməmək, onu ört-basdır eləmək həmin şagirdin gələcəkdə bir insan kimi məhvi deməkdir. Əgər kimsə hər hansı uşağın siqaret çəkməyinə, pis vərdişlərinə göz yumursa, o çox böyük günah eləyir.
Ümumiyyətlə indiki uşaqları tərbiyə eləmək və cəmiyyətə bir kamil vətəndaş kimi vermək o qədər də asan deyil. Bunun üçün həm valideyndən, həm də məktəbdən çox şey tələb olunur. Ən azından valideyn-müəllim münasibətləri çox isti olmalı, hər ikisi bilməlidir ki, onların tərbiyə etdiyi uşaqlar nə işlə məşğuldur, eləcə də bu uşaqlar kimlərlə oturub-dururlar.
Hər bir uşağın və yeniyetmənin düşdüyü mühit çox böyük əhəmiyyət kəsb edir. Əgər o mühitdə onların yoldaşlıq elədiyi uşaqlar tərbiyəlidirsə, təbii ki, digər uşaq ondan yaxşı cəhətlər öyrənəcək və əxlaqlı olacaq. Ancaq elə ki, mühit pisdirsə və orda siqaret çəkən, pis vərdişlərə qurşanan uşaqlar varsa, o uşaq da onlar nə edirsə onu təkrarlayacaq. Bax, əsas məsələ bunlardı.
Evdə uşaq atasından qorxur, çəkinir. Ancaq elə ki, evdən çıxdı, harda olması və nə iş görməsi ilə bağlı valideynlərinə həqiqəti demir. Valideyn də onu başlı-başına buraxır, o uşaq da şəhərin altından vurub üstündən çıxır. Bir sözlə, keyfi necə istəyir, elə də hərəkət edir.
Bir dəfə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kafelərdə və İnternet mərkəzlərində qəfil reyd keçiriblər. Reyd zamanı onlarla orta məktəb şagirdi həmin yerdəymiş. Deməli, bu uşaqlar ya dərsdən qaçıblar, ya da valideynlərini aldadıblar ki, dostlarımla bir yerdəyəm. İndiki uşaqların çoxu bu cür mühitə daha tez düşürlər.
Burdan belə bir məntiqi nəticə çıxır ki, bəzi uşaqlar valideynini aldadır, yalan danışır, dərsdən qaçaraq kafelərə və internet mərkəzlərinə gedirlər. Valideynin də günahı ondan ibarətdir ki, uşaqlarına inanır, onların cibinə pul qoyur və balalarını nəzarətsiz buraxırlar. Nəzarətsiz qalan uşaqlar isə təbii ki, ya kafelərə gedəcək, ya da İnternet mərkzələrində kompüter arxasında əyləşib əxlaqsız və tərbiyəsiz pornoqrafik filmlərə baxacaqlar.


TƏQVİM / ARXİV