adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

NOVRUZUN DASTANi YÖNü

SEYFƏDDİN ALTAYLI
52205 | 2011-03-19 03:20
Millətləri millət eliyən ən önəmli ünsür mədəniyyətdir. Mədəniyyət isə bir toplumun və ya xalqın tarix ərzində öz daxilində yaranan və inkişaf etdirilərək gələcək nəsillərə ötürülən hər cürə maddi və mənəvi dəyərlər yığcamıdır.
   
   Hər millət, yaşadığı coğrafi ərazidə özünə məxsus sosial xarakteri ilə öz mədəniyyətini yaratmışdır. Bu fikri belə aça bilərik. Millətlər, öz ruhlarının, fikirlərinin, tələblərinin və arzularının, həyəcanlarının və kədərlərinin mirası kimi, pis gündə, yaxşı gündə çiyin-çiyinə yaşadıqları coğrafi məkanda öz mədəniyyətlərini yaradıblar. Elə isə mədəniyyət bir millətin ruhudur və özünün əksidir, əgər onu o millətin əlindən alsanız o millətin yalnızca ruhsuz fiziki varlığı qalar və o varlıq da heç nəyə yaramayan cəsəddən ibarət olar. Mədəniyyət, milli dəyərlər yığcamı olmasından ötrü millətin əsl xarakterini özündə hifz edir, çünkü o, millətin ruhi və etnik varlığına uyğun tərzdə yaranır və inkişaf edir. Bir millətin və ya xalqın mədəniyyəti, özünün milli dəyərlər sistemindən uzaqlaşarsa o millət özgələşər, özünə yadlaşar və axırda itib-batar. Bundan hərəkətlə deyə bilərik ki; millətləri millət eləyən yeganə şey olan mədəni kimlik, millətlərə istiqamət verməsi yönündən etnik kimlikdən bir addım qabaqda gedir, çünkü ruhu şəkilləndirib bir qəlibə salan və özgələrindən fərqləndirən bir xüsusiyyətə malikdir. Bu münasibətlə etnik mənsubiyyət insana mədəni mənsubiyyət səviyyəsində bir şüur verə bilməz. İrqi fakt yalnızca bədənlə, yəni fiziki varlıqla məhdudlaşdığı halda mədəni yön həddən artıq mürəkkəb, çoxcəhətli və spesifik bir xarakterə malikdir.
   
   Bu kiçik məqalədə ərgənəkon (Novruz) Bayramına bu düşüncələr işığında nəzər salmaq istəyirəm.
   
   Ərgənəkon dastanına görə Göytürk hakimiyyətindən qarnı ağrıyanlar, Göytürk dövlətini yıxmaq, onlardan qisas almaq istəyir və hiyləgərliklə buna nail olur, göytürklərin tamamına yaxınını qılıncdan keçirir, salamat qalanları da əsir tutub aparırlar. Xaqanlıq ailəsindən, Göytürk xaqanı Elxanın ən kiçik oğlu Kayandan ve əmisi oğlu Tukuzdan savayı heç kəs salamat qalmır. Kayan da tutulan əsirlər arasındadır. Kayan, əmisi oğlu Tukuz ilə əsirlərlə birlikdə on gün yol gedəndən sonra fürsət tapıb ailələrini də götürüb aradan çıxırlar, qayıdıb viran edilmiş yurdlarına gəlirlər və düşmənin əlinə düşməyən mal-qaranı, atları yığıb quş uçmaz, karvan keçməz dağlara üz tuturlar və onları aşıb axırda dağlar arasında qalan otu-suyu bol olan bir yerdə düşərgə salırlar və bura ərgənəkon deyirlər. Burada dörd yüz il yaşayırlar və doğub törəyərək bura sığmaz olurlar. Dədə-babadan eşitdikləri və gözəlliyinə dastanlar qoşulan doğma yurdlarına qayıtmaq, dağıdılmış dövlətlərini yenidən qurmaq vaxtının çatdığına qane olub buradan çıxıb getmək qərarına yetişirlər. Börtəçinə adlı bir dəmirçinin tövsiyəsi ilə dağda yalınqat dəmir layının olduğu yerdə bir qat odun, bir qat kömür olmaq şərtilə qırx qat olan böyük bir tonqal çatırlar və yetmiş mal dərisindən düzəltdikləri körükləri yetmiş yerdən qurub tonqala od vururlar, körükləri basırlar və Tanrının da yardımı ilə dağın dəmir layını əridirlər, bir yüklü dəvənin keçə biləcəyi bir yol açırlar. Köç hazırlıqları başlayır, o müqəddəs ayın, o müqəddəs gününü və saatını gözləyirlər, o an gəldikdə də tərpənib öz yurdlarına üz tuturlar.
   
   O gündən sonra göytürklər ilin təhvil olduğu həmin günü bayram kimi qəbul edirlər. Hər il o gün gəldikdə bir parça dəmiri tonqalda qızdırıb zindana qoyurlar və öncə xaqan, sonra bəylər növbə ilə həmin dəmiri döyürlər. Bu gün göytürklər üçün sakral xaraktərə malikdir.
   
   Bəli, dastan xülasə olaraq belə deyir və bizlərə həddən artıq maraqlı ip ucları bəxş edir. Göytürklər ilin başladığı o günü (21 mart) gözləyib ərgənəkondan çıxmışdılar və onlar 21 Mart gününü ilin təhvil olduğu gün kimi qeyd edirdi. Deməli, bu gələnək onlar hələ ərgənəkona getməmişdən qabaq da ənənəvi şəkildə qeyd edilirdi və onun yaşı yüzillərdən də, min illərdən də o yana idi.
   
   Azərbaycan mədəniyyət dairəsində Novruz Bayramının tuş gəldiyi aya (21 Mart-20 Nisan) "qan oynayan vaxt", yəni təbiətin canlandığı ay da deyilir. "Qan oynayan vaxt" ifadəsi mifoloji çağlardan bəri davam edib gəlir və daşıdığı mədəni-mənəvi kodlar tam mənasıyla açılmayıbdır. Novruz prosesində Axır Çərşəmbə günü böyük tonqalların yandırılması, ərgənəkondan çıxmaq üçün qalanan tonqalların rəmzidir. Axır Çərşəmbə günü qəbir üstünə gedilməsi və qəbirlərin təzələnməsi, ölülərin ruhuna dua oxunması, ərgənəkondan çıxışdan qabaq orada ölüb-qalan ata-analarla vidalaşmanın ənənəviləşmiş ritualıdır. 20 mart günü uşaqların qonu-qonşunun qapısını döyüb boyanmış yumurta, meyvə və çərəz yığması da köçün mənfi havasını uşaqların üstündən atma ritualı, bu köçü gələcək üçün, tarixi xoşbəxtliklərə yenidən nail olmaq vasitəsi etmək düşüncəsidir. Uşaqlara verilən və onlar üçün öncədən hazırlanan çərəzlər, meyvələr, boyanmış yumurtalar da ərgənəkondan çıxış üçün hazırlanan yol azuqəsini təmsil edir.
   
   Bəli, Novruz bizimdir, yəni türkün bayramıdır və bu bayramı bizim kimi qeyd edənlər də Türk oğlu Türkdür. Öz dəyərlərimizə yiyə durmaq və onu inkişaf etdirərək gələcək nəsillərə ötürmək də bizim ən ümdə vəzifəmizdir.
   
   Allahdan bu bayramda yeganə diləyim, gələcək bayramımızı müqəddəs torpaqlarımızda, Qarabağımızda qeyd etməyimizdir. Allah, bayramda ona əlini açıb dua edənlərin duasını qəbul edər, inşallah mənimkini də edəcəkdir.
   
   Hamıya ən pis gününün bayram sevinciylə keçməsi arzusuyla.

TƏQVİM / ARXİV