adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

MAT QALMALI iŞLƏR

OQTAY SALAMOV
20988 | 2011-03-19 03:20
Allahın yaratdıqları öz yerində, Onun qüdrətinə şübhə eləyən kafirdir. Onun möcüzələrini bəzən heç dərk eləməyə də ehtiyac olmur, bilirsən ki, fövqəltəbii qüvvədir, namümkün olanı da mümkün edir və dünyanın alimləri yığılsa da bu möcüzələrə bir cavab tapa bilmirlər. Mən bəndələrin elədikləri bir çox işlərə mat qalıram. Belə gözüm görür, amma ağlım dərk eləmir ki, bu nə hoqqadı?
   
   Dünən bir məlumatda oxuyuram ki, Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə fevral ayında daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə uyğun olaraq Ağcəbədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib.
   
   Yəni belə çıxır ki, adları çəkilən xanımlar saxta diplomla müəllimlik ediblər. İşin içərisində olmadığım üçün məsələnin məğzini də bilmirəm. Bəlkə pedaqoq diplomu olmadan pedaqoji fəaliyyətlə məşğul olublar, bəlkə qiyabi oxuyub əyani diplomu alıblar, bir sözlə, ancaq məlumatda deyilən qədər bilirəm. Və bu bilinəndən mat qalmalı məqam odur ki, balam, bu boyda risqi eləyirsən, saxta sənədlə iş görürsən, daha qəpik-quruş alan müəllim niyə işləyirsən? Gözündə qorxu yoxdursa get bankir işlə, prokuror işlə, nə bilim hakim işlə... Həm sənədinin saxta olmasının üzə çıxması ehtimalı olmasın, həm də işə girişmisənsə iş də risqə layiqli iş olsun dəə. Mən ölüm, düz demirəm? Bax, məsələn, Ağdaşda prokurorluğun müstəntiqi korrupsiyaya görə həbs olundu. Məlumatda deyilir ki, İsmayıllı rayonunun Diyallı kənd sakini Tamilə Əliyevanın, həyat yoldaşı Təvəkkül Əliyevə yüngül cəza verilməsində köməklik göstərəcəyini vəd etməklə həmin dövrdə İsmayıllı rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləyən Fəxrəddin Əliyevin onlardan 7400 ABŞ dolları məbləğində pul alması barədə 14 mart 2011-ci il tarixdə 161 "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə idarənin Daxili təhqiqatlar şöbəsi tərəfindən araşdırılıb. Sübut olunub və müstəntiqi həbs eləyiblər. Bunu haradasa başa düşmək olar. Amma sən filan qədər pul ver, saxta diplom al, sonra da get kənd məktəbində müəllim işlə ki, mən də belə biznesmenəm... Nə bilim, vallah...g
   
   Agentliklər bir vətəndaşın portretini də çap etməklə məlumat yayıblar ki, bəs "Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə suçlanan şəxs tutulub". Düzünü deyin, sizin ağlınıza hansı peşənin sahibi gəlir ki, vətəndaşların külli miqdarda pulunu mənimsəyə bilsin? Mən də əvvəl elə bildim ki, nazirdi. Vətəndaşların pulları ilə sıx təmasda olan vəzifələrdən biri bu işdir axı. Sonra düşündüm ki, yəqin hüquq işçisidir. Onlar da vətəndaşın bütün vəziyyətləri ilə yaxından tanış olurlar axı. Sonra ağlıma qaz işçiəri, sosial yardım işçiləri, polislər, bankirlər, lap axırda həkimlər və müəllimlər gəldi. Axırıncıların külli miqdara "dostup"ları minimal olsa da, hər halda "bal tutan barmaq yalar" prinsipi ilə onlara da küllidən külsiz də olsa çatma ehtimalı var. Amma bunlardan heç biri deyilmiş. Sən demə İlqar Rəşid oğlu Bayramov ad-soyadlı vətəndaş dələduzluq yolu ilə vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə təqsirkar bilinir və müvafiq maddə ilə axtarışda imiş. İndi tutublar. Bilirsiniz nəyə mat qalıram? Bu vətəndaşlar külli miqdarda vəsaitlərini niyə tanımadıqları, lap elə tanıdıqları adama verirlər ki, sonra da qalırlar quru yurdda. Tutaq ki, işə düzəlmək adı ilə verirlər. Bəs bir öyrənirlərmi ki, pul verdiyi adam indiyənəcən kimi isə işə düzəldibmi, həmin adamlardan biri ilə görüşüblərmi? Əşi, vallah, sözə qalsa, Azərbaycanda ən yüksək vəzifələrə də pul verib yol tapmaq mümkündür. Amma hələ bir nəfərin də bu yolla işlədiyini şəxsən mən görməmişəm. Demirəm ki, rüşvət yoxdur, korrupsiya yoxdur, olmasaydı o boyda mübarizə komissiyasını niyə yaradırdılar ki? Amma bu dələduzlara külli miqdarda pul verəni başa düşmürəm. Əgər o miqdarda pulun varsa, elə otur xımır-xımır ye, ya da bir işə sərmayə qoy, gəlirini götürüb yaşa özün üçün.
   
   Bir variant da var: Dələduz bir qrup adamdan nisbətən xırda məbləğlər almaqla nəticədə külli miqdarda vəsaitə sahib olub. Bəs onda bu qrup şəklində adamlar haraları ilə düşünürdülər? Yaxşı, bir adam, iki adam rüşvət verməklə işini aşırmaq istədi. Əgər bunu qruplar eləyirsə, deməli nə isə düzgün qurulmayıb, nəyi isə köklü dəyişmək lazımdır. Və düzgün qurulmamış bu nə isələr qaldıqca ondan istifadə etməyə çalışan dələduzlar da olacaq. Deməli, mübarizəni daha çox həmin o düzgün qurulmamış nə iləsə aparmaq, həmin qrup şəklində adamların kütləvi şəkildə rüşvət verməsinin qarşısını almaq yollarını tapmaq lazımdır.
   
   Mənim bu İlqar adlı adamla dostluğum-düşmənçiliyim, heç tanışlığım da yoxdur. Şəklini də ona görə qəzetə verirəm ki, mən verdim, vermədim onsuz da bütün xəbər agentlikləri yayıb. Sadəcə olaraq pul verənlər şəkilə baxıb yadlarına salsınlar ki, verdikləri pul nə qədər idi, hansı əskinazlarla vermişdilər. Qaytmaq məsələsini bilmərrə unudun, qəbiristanlığa gedən meyit məsələsidi... Hələ dələduzlara pul verməyənlər də görsünlər ki, dələduzun buynuzu olmur, sənin-mənim kimi adamdır, qalstuk taxır, yaxşı danışıq qabiliyyəti var. Ta özünüz bilin, pul sizin, iştah dələduzların...g
   
   Bəlkə də siz bu yazını oxuyanda indi deyəcəklərim artıq baş vermiş fakt olacaq. Mətbuat deyir ki, Norveç və Fransa yaxın saatlarda Liviyanı bombalayacaq. Norveçin niyə qızışdığını bilmirəm, amma Fransanın qəzəbi məlumdur. Qəddafinin oğlu müsahibə verəndə dedi ki, qoy Sarkozi prezident seçkiləri zamanı ona verdiyimiz pulları geri qaytarsın. Əlimizdə dediyimi təsdiqləyən bütün sənədlər var, bank hesabları, pulun alınması haqda sənədlər. Biz ona pul verdik ki, Liviyanı müdafiə eləsin, amma bu kloun bizə qarşı çıxır...g Düzdür, Sarkozinin adamları pul məsələsini qəti təkzib eləyirlər və deyirlər ki, sənədləri varsa qoysunlar ortalığa. Amma bunlar hələ baş verməmiş Fransanın Liviyaya hücum eləmək planına adam mat qalır. Yaxşı, soğan yeməmisənsə, için niyə göynəyir?...
   
   Həftə sonudur, çox ciddi məsələlərlə sizi yormayım. Guya ki, bir az qeyri-ciddi işdən söhbət salacaqdım, amma belə baxanda elə ən ciddilərdən biri də budur. Xəbəriniz var da, bir aydan sonra İngiltərənin şahzadəsi Uilyamın toyudur. Düzdür, Obamanı toya çağırmayıblar, amma dünyanın çox yerindən çox pullu kişilər olacaq bu toyda (bu toy, bu toy, bu toyda)...g Şahzadənin xanımı Keyt Middletondur. Bu günlərdə xanımın geyindiyi paltarlardan biri hərraca çıxarılıb. Paltarın özəlliyi ondadır ki, Siyavuş Aslan demiş, "platyanın burdan yuxarısı y..yo..yoxdur, Yəni paltar tam şəffafdır. Xanım bu paltarı xeyriyyə məqsədilə keçirilən moda nümayişində geyinibmiş. Şəffaf donu 90 min dollara bir adı açıqlanmayan adam alıb. Mat qalmayasan, neynəyəsən?... "Niyə bəs böylə bərəldirsən a qare, gözünü, yoxsa"...

TƏQVİM / ARXİV