Keçəl plastik əməliyyat olunub, Kosa qəzet açıb

ETİBAR CƏBRAYILOĞLU
44446 | 2011-03-19 03:20
Biz hazır! Novruz bayramı gəlir, lap yaxşı, qoy gəlsin. Bişirməyə aşımız var, sındırmağa qozumuz. Şəkərburaya naxış vurmaqdan barmaqlarımız düyün bağlayıb. Elə səməni göyərtmişik ki, iki göz istəyir tamaşa eləsin.
   
   Hələ mən yumurtadan danışmıram. Yumurtanın bəxti bu bayram əməlli-başlı açıldı. Əvvəl qiyməti qalxdı, sonra düşdü. Ən yüksək səviyyəli toplantılarda adı hallanınca reytinqi yüksəldi. Amma nə yaxşı ki, yumurta bəzi müğənnilərdən insaflı çıxdı. Reytinqi qalxdıqca qiyməti endi. İndi rənglənib, bəzənib Novruzun gəlişini gözləyir.
   
   Bu bayramda papaqatdı da olacaq. Həmişəki kimi, lakin həmişəkindən bir qədər fərqli. Qədim ənənəyə uyğun olaraq sən qonum-qonşunun qapısına papaq atacaqsan, yeni ənənəyə görə papağı dolu geri almayacaqsan, çünki korrupsiyada ittiham oluna bilərsən.
   
   Novruz bayramının şərəfinə şeir yazmaq, mahnı bəstələyib oxumaqda isə heç bir problem olmayacaq. Nə problem ola bilər ki? Məmləkətimizdə hər beş nəfərdən altısı şeir yaza bilir, hər üç nəfərdən dördü mahnı bəstələyir. Oxuyanları isə saymaq mümkün deyil. Bizdəki bu bacarıq uzaq Liviyadakılara da sirayət edib. Özünün dediyinə görə Liviyanı ictimai əsaslarla idarə edən Qəddafi müxalifətlə mübarizə apara-apara şeir də yazır. Mahnı da bəstələyir, üstəlik oxuyur da. O gün təzə şeir yazıb, o dəqiqə də şeirə mahnı bəstələyib. Gündə ac qarnına 100 dəfə zümzümə edir:
   
   
   
   Novruz gəlir, yaz gəlir,
   
   Çadırdakı illər az gəlir.
   
   Novruz gəlir, yaz gəlir,
   
   BMT-nin hədəsi vız gəlir.
   
   
   
   Qəddafi son vaxtlar özünü birtəhər aparır. Yəqin xəbəriniz var da, Liviyanın ictimai əsaslarla prezidenti uzun illərdi çadırda qalır. Hətta rəsmi səfərlərə gedəndə də çadırı özü ilə aparır. Keçən dəfə çadırı düz BMT-nin binası qarşısında qurmuşdu. Qəddafi bayram ərəfəsində çadırına papaq atan müxalifətçiləri əliboş qaytarmır. Bombanı qoyur papağın içinə, qaytarır yiyəsinə.
   
   Misirdə, Tunisdə, Bəhreyndə, Liviyada, Yaponiyada baş verənlər adamın fikrini məşğul edir. Novruz bayramından danışdığım yerdə Qəddafi gəldi girdi söhbətin arasına. Amma indi elə günlərdi ki, Qəddafi də Keçəllə Kosanın yerini dar edə bilməz. Bu bayram onların bayramıdı.
   
   Söhbətin bu yerində bədbin notlar üzərində köklənməyə məcburam. Nə qədər çalışdımsa bundan qaça bilmədim. Məsələ ondadı ki, bu cür bolluq və firavanlıqda bayram məclisini aparmağa Keçəllə Kosa tapılmır. Çünki...
   
   Məlum olur ki, Keçəl daha əvvəlki görkəmdə görünməkdən bezib, imicini dəyişmək qərarına gəlib. Əlindəki-ovcundakı pulu yığıb, bir az da bankdan kredit götürərək gedib Rusiyaya. Tanınmış həkimlərdən birinin əməliyyat çarpayısına uzanaraq plastik əməliyyat olunub. İndi başına elə bir tük gəlib ki, baxanlar heyranlıqlarını gizlədə bilmirlər. Sabiq Keçəl bayram günü oturacaq evdə, tutacaq əlinə darağı, güzgünün qarşısından əl çəkməyəcək.
   
   Kosanın vəziyyəti lap əladı. Əli pulla oynayır. Bir hörmət qazanıb ki, day nə deyim. Xəzinə tapmayıb. Amma əlindəki vəsiqə xəzinədən daha qüvvətlidi. İndi şellənir özü üçün. Bir maşın alıb ki, lap tanka oxşayır. Nə vecinə? Zarafat deyil, Kosa yeni bir qəzet açıb. İctimai-siyasi, bədii, beynəlxalq hüquq qəzetinin həm təsisçisi, həm baş redaktoru, həm də aparıcı yazarıdı. Qələminin kəsdiyi başa sorğu-sual yoxdu. Deyir ki, qoy bir ad-familiyamı yazmağı öyrənim, gör bu mətbuat aləmində nə tufan qoparacam. Çindəki sunami yalan olacaq.
   
   Mən səhv demirəm e, sabiq Kosa qələt eləyir. Təsisçi və baş redaktor, üstəlik aparıcı yazar Çinlə Yaponiyanı ayıra bilmir.
   
   Novruzun gəlişinə hər şey hazırdı. Bicə bayaq söylədiyim kimi, Keçəllə Kosa məsələsində problem yaranıb. Bayramı onlarsız keçirsək BMT, ATƏT, Avropa Şurası bizə irad tutmaz ki...

TƏQVİM / ARXİV