adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
54087 | 2011-03-18 06:16
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ
   
   SUALLAR:
   
   
   
   - 1-ci sual: Novruza iki gün qaldı. Bayram günü kimləri ziyarət edəcəksiniz?
   
   - 2-ci sual: Sizcə Yaponiyadakı AES fəlakətinin bizə ziyanı dəyə bilərmi?
   
   - 3-cü sual: Hökumət deyir ki, son vaxtlar ərzaqda süni qiymət artımının qarşısı alınıb. Sizcə belədirmi?
   
   
   
   1. - Qocayev: (iç yerini söyləmədi) Biz əvvəllər görmüşdük ki, novruz bayramında küsülülər barışar, kiçiklər böyüklərin yanına gedib bayramlaşardı. Amma indi bu cür gözəl adətlərimizdən əsər-əlamət də qalmayıb. Bəlkə də bunu kimlərsə edir, amma düzü mən 10-15 ildi belə şeyləri görməmişəm. Biz böyük qardaşımgilə gedirik həmişə. İnşallah, bu dəfə də gedərik.
   
   2. - Atom fəlakətinin yeri-ünvanı bəlli olmaz ki. Şüalanma hər yerə yayıla bilər. Düzdü, Azərbaycan Yaponiyadan çox uzaqda yerləşsə də baxmayın, təhlükə yenə var. İndi gərək bütün dövlətlər hər işini bir tərəfə buraxıb ancaq oradakı fəlakətin qarşısını alsınlar. Çünki burada söhbət təkcə yaponların fəlakətindən söhbət getmir. Şüalanma insanların milliyyətinə fərq qoymur ki?
   
   3. - Vallah, mən də bu söhbəti dəfələrlə eşitmişəm. Amma bildiyim odur ki, təkcə yumurtanın qiyməti əvvəlki səviyyəyə düşüb. Məncə sünü bahalaşmadan söhbət gedirsə, dövlət günahkarları ciddi cəzalandırmalıdır. Çünki onlar kimdirsə, bu adamlar ölkədə narazılıq yaratmaq istəyənlərdi. İndi bu cür şəxslər cəzasız qalmalıdı?
   
   1. - Qulu: (mağaza sahibi) Qərdeşim, Novruz bayramının gözəlliklərindən biri də elə odu də. Yadıma gəlir, bir vaxtlar Novruz hələ gəlməmiş hiss olunurdu ki, bayram olacaq. Bizim vaxtımızda məhlədə yumurta döyüşərdilər, papaq atardılar, düşmənçiliyi olanlar gedib barışardılar. Uşaqlara "padarka"-zad verərdilər. Amma indi camaat belə şeylərə fikir vermir. Mən getmirəm. Amma bacımgil hər dəfə uşaqlarla gəlirlər... Bir bacıoğlum da var ki, maşallah, gələndə evdə bir yer salamat qalmır. Çox nadinc uşaqdı... (gülür) Əslində elə bunu da öz ləzzəti var...
   
   2. - Mən ölüm, mən demişəm. Qiyamət günü yaxınlaşır. Televizorda mən dənizin necə daşıb hər şeyi yuyub aparmasını gördüm, dedim ki, vaxt çatıb. Ziyanın bizə çatacağını deyə bilmərəm, amma yaxşı şey görünmür.
   
   3. - Hökumət əgər ucuzluq yaratmaq istəyirsə bininci gedib "optovı"lardan başlasın. Mağaza neyləsin ki, ona ərzağı baha verirlər, mağaza da məcbur qalıb onu baha satır. Söyüş yiyəsi də biz oluruq. İşə ordan başlamaq lazımdır.
   
   1. - Adını söyləmədi: (mağazada satıcı) Vallah, heç kimi. Mən də, yoldaşım da bayramsız-zadsız işləyən adamlarıq. Elə bayram günü də evə axşam düşəndən sonra gedib çatırıq. Hara gedəsiyik ki?
   
   2. - Nə bilim, vallah. Amma yaman dəhşətli hadisədi. Adam hələ televizorda görəndə qorxuya düşür. Allah göstərməsin.
   
   3. - Təkcə ərzağın qiyməti yuxarı deyil ki, hər şey bahadı da...
   
   1. - Ədalət: (işlədiyi yeri söyləmədi) Bizim böyüklərimiz Bakıda yaşamır. Ona görə də bir yerə gedəsi deyilik. Amma həmin günlər çox vaxt qonaq-qaramız olur.
   
   2. - Yaponiyadakı fəlakət dəhşətdi. Sovet dövründə Çernobıl da elə belə olmuşdu. Nə qədər adam qırıldı... İnsanlar nəhayət anlamalıdır ki, hansı texnikaya malik olursa-olsun Allahın qarşısında heç zərrə də deyillər... Az bu təbiətin başına oyun açsınlar. Əgər orada radiasiyanın qarşısı alınmasa bu təkcə bzim üçün deyil, bütün bəşəriyyət üçün təhlükə yaradacaq.
   
   3. - Bahalaşmadan danışmayın... Hökumətdi də deyir...
   
   1. - Sonaxanım: (işlədiyi yeri söyləmədi) Uşaqları da götürüb, hamılıqla atamgilə gedəcəyik. Hər il belə eləyirik...
   
   2. - Bilmirəm. Bəlkə də olar...
   
   3. - Hökumətin dediyinə inansaq, onda gərək özümüzü cənnətdəki kimi hiss eləyək. Yoldaşımla mən hər ikimiz işləyirik, amma iki övladımıza istədiyimiz kimi baxa bilmirik. Təkcə yumurtanı, bir də toyuq ətini salıblar da... Ucuzlaşan başqa bir şey var ki?
   
   1. - Mətləb: (traktorçu) Kimimiz var ki, kimi də ziyarət eləyək? Eləcənə qaxılıb oturacağıq evdə. O cür şeylər qaldı keçmişdə, indi camaatın dərdi başqadı.
   
   2. - Dəyəcəksə biz nə edə bilərik ki? İnsanlar günah eləməkdən əl çəkməyənədək elə belə olacaq... Qiyamət günü yaxınlaşır də...
   
   3. - Ya süni oldu, ya da qeyri-süni, bahalaşma, elə bahalaşmadı da. Belə çıxır ki, kimin kefi istəsə, istədiyi şeyin qiymətini qaldıra bilir. Canı çıxan da kasıb-kusubdu... Bir baxsınlar, onda görərlər ki, axır iki ildə hər şeyin qiymətini qeyri-süni yolla nə qədər qaldırıblar.

TƏQVİM / ARXİV