adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

SADƏCƏ...

MƏZAHİR ƏHMƏDZADƏ
31331 | 2011-03-16 07:54
Bu yaxınlarda rayonda olarkən dostlardan biri mənə keçən əsrin 90-cı illərindən üzü bu yana aktuallığını itirməyən iynəli sual verdi:
   
   - Müəllim, doğurdan kim istəyirsə jurnalist ola bilər, kim istəyirsə qəzet-jurnal aça bilər?
   
   Ərz etdiyim kimi bu, bir az iynəli, bir az ironik, bir az da acımalı sual idi.
   
   Sadəlövhcəsinə verilmiş olsaydı, onda mən həmin vətəndaşımıza məsələni bu cür izah edərdim:
   
   1. Jurnalist olmaq üçün ilk növbədə jurnalistika fakültəsini bitirməlisən, bu ixtisasa mükəmməl yiyələnməlisən.
   
   2. Jurnalistika fakültəsində təhsil almadan jurnalist adına yiyələnmək mümkündür. Nadir hallarda bilikli və istedadlı adamlar buna nail olur, hətta jurnalist ixtisasına yiyələnmiş bəzi mətbuat işçilərini də öz yaradıcılıqları ilə üstələyirlər.
   
   3. Kim istəsə jurnalist ola bilməz, ancaq bu adı daşıyar. Çünki indi yaza bilməyib mətbuatda çalışmağın ən münbit dövrüdür. Hətta heç nə yazmasan da sənə jurnalist adını "təsdiqləyən" vəsiqə verən tapılar.
   
   4. Baytardan tutmuş mövsümə uyğun kartof, alma, kömür satan da, hətta nağaraçalan da qəzet və jurnal aça bilər. Qanun buna yol verir.
   
   5. Bu səbəbdən də mətbuatımızın anası ağlar qalıb. Peşəkar jurnalistikanın bütün istiqamətləri üzrə inkişafına nail olmaqdan ötrü müxtəlif tədbirlər, səviyyəli diskussiyalar keçirməkdənsə reketçilik və dilənçiliyə qarşı metodları mükəmməlləşdirmək məcburiyyətində qalmışıq.
   
   6. Hər iki halda gərək adamın özündə bir abır-həya olsun.
   
   Məsələ heç də mənim təsnifatımla bitmir. Çünki bizim başımız gündəlik işə, yazmağa, peşəkar axtarışlara qarışıb hər zaman oxucularımızı düşünərkən, onlar da öz cəbbəxanalarını genişləndirir, ən fırıldaq və dələduz, ən sırtıq və abırsız həvəskarları öz ətraflarına toplayırlar. Elə dəbdəbəli vəsiqələr gəzdirirlər ki, lap Ostap Benderin özü də dirilib gəlsə peşman olar, havalanar, qaçıb altında gizlənmək üçün 12 dənə stul axtarar. Biz bunlardan baş aça bilmərik. Vəsiqə demiş, mən bir qaraçı tanıyıram cibində 8 qəzetin vəsiqəsini gəzdirir. Birini də tanıyıram, 6 qəzetin baş redaktorudur. Ayda bir dəfə çıxanı da var, heç çıxmayanı da.
   
   O gün mənə cox qəribə bir vəsiqə surəti göstərdilər. Ordakı ad-soyadı yazmağımın mənası yoxdur. Mətbuata dəxli olmayanlardandır. Orqanın adı isə cox maraqlıdır: "Qanunun sərtliyi". Nə olsun ki, peşəkar və veteran jurnalistəm. Çaşıb qaldım. Mən qanunun aliliyi ifadəsini eşitmişdim, qanunun sərtliyi... Gerçəkdən belə bir qəzet və ya jurnal mövcuddursa, deməli Ədliyyə Nazirliyində qeydiyyatdan da keçmiş olmalı. Əgər bu jurnalın kriminal (!) şöbəsinin əməkdaşı surətçıxarma üsulu ilə həmin vəsiqəni coxaldaraq etibarlılığını da özü uzadacaqsa, bir lətifədə deyildiyi kimi mülayim olmayıb... neyləyəcəkdi ki? "Qanunun sərtliyi" adlı vəsiqənin (məhz vəsiqənin) üz qabığında təsdiqləyici imza da var: baş redaktor F.Bayramov. Elə beləcə, əziz oxucular, F nöqtə, Bayramov nöqtə.
   
   Vəsiqənin arxa tərəfində isə belə yazılıb: "Jestkost zakona" Altından da başqa dildə, yəni Azərbaycan dilində jurnalistin hüquqları haqqında gurultulu bəndlər. Təbii ki, bu bəndləri oxuyan kənd feldşer-mama məntəqələrinin işçiləri, kitabxana müdirləri, baytarlar, uşaq bağçalarının tərbiyəçiləri qanunların necə sərt olduğunu başa düşəcəklər.
   
   Yadımdan çıxmışdı, vəsiqədə belə bir istiqamətverici cümlə də yazılmışdı: beynəlxalq, ictimai-siyasi hüquqi... Nə isə. Mən bu faktla bir məsələni öyrəndim ki, hər hansı bir redaktorun xəbəri olmadan da onun qəzet və ya jurnalının vəsiqələri adi lotereya bileti kimi əllərdə, ciblərdə gəzər və dəyişər də. Hətta hec kəsin xəbəri, icazəsi olmadan qəzet və ya jurnal düzəldib "yola çixmaq" da mümkündür.
   
   Sadəcə, əziz oxucular...
   
   

TƏQVİM / ARXİV