adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"UçAN"... ADAM

BABƏK YUSİFOĞLU
48761 | 2011-03-15 06:22
İnsanlar lap əvvəllər möcüzələrdən qorxmuşlar, onlardan qaçmağa çalışmışlar. Səbəbini bilmədikləri təbiət hadisələri ilk insanları vahimələndirmiş, gizlənməyə məcbur buraxmışdır. Amma zaman irəlilədikcə, insanlar çox şeylərin səbəbini anladıqca, elmi izahını öyrəndikcə təbiət hadisələrinə heyrətlənməyi, gedən prosesləri adi qarşılamağa başladılar. Və məlum proseslər müasirləşməkdə olan insanın möcüzələrə olan marağını təmin edə bilmədi. Amma adamların izahını bilmədiyi hadisələri, onları heyrətləndirən müəmmaları görmək istəkləri bitmədi. Hətta bu istəklər xalqların folklorunda da öz əksini tapdı. Bəziləri magiya, sehirbazlıqla, illüziya, hipnozla... hər kəsi heyrətləndirməyə, təəccüb içərisində buraxmağa başladı. Zaman keçdikcə bunlar da sistemləşdi. Və dünyanı mat qoyan illüziyaçılar hipnozçular yarandı...
   
   Ötən saylarımızda onların biri hər - kəsi heyrətə salan Harri Hudini haqqında yazmışdım. Onun insanları şok həddinə gətirə biləcək seansları həqiqətən də heyrətamiz effektə malik olmuşdur. Amma insanlar yenilərini görmək istəyindəydi. Çünki heyrətlənmək, damarlarında adernalini artırmaq, möcüzə görmək istəkləri həmişə insan övladının arzusu olub, yəqin ki, bundan sonra da olacaq. Və son dövrlər bəzi illüzionistlər, hipnozçular tamaşaçıların dilindən düşmür. Devid Set Kopperfild kimi...
   
   KOTKİNLƏR
   
   
   
   Keçmiş SSRİ-nin ərazisində - Odessada yaşayan Kotkinlər ailəsinin bir zaman ölkədən gedəcəyinə, sonradan əldə edəcəklərinə kimsə inanmazdı. Əlbəttə, bu təkcə kiçik yəhudi ailəsinə aid deyildi. Çünki sosializmdə "xoşbəxt" yaşayan ailələrdən birinin baş götürüb imperialist ölkəsinə gedəcəyi mümkün deyildi. Kotkinlər bunu bacardılar. Onlar Birləşmiş Ştatların Nyu-Cersi ştatında Metuçen şəhərciyində özlərinə yurd saldılar. Onların ailəsi əslində imkanlı ailələrdən sayılırdı. Atasının kişi geyimləri mağazası, anasının isə yüksək məvacibə malik sığorta agenti işi vardi idi. Ailələri də böyük deyildi. 1956-cı il sentyabrın 16-da anadan olan Devid onların yegnə oğlu idi və belə demək mümkünsə, o, uşaqlıq yaşlarında heç bir sıxıntı çəkməyib. Lakin hələ kiçik yaşlarından başlayaraq ən müxtəlif sahələrə maraq göstərirdi. Güclü, iti hafizəsinə, yaddaşına görə həmyaşıdlarından kəskin şəkildə fərqlənirdi. Fenomen yaddaşı gördüyü, oxuduğu mətni ilk andaca heyrətamiz dəqiqliklə yadda saxlamağa malik idi.
   
   Qeyri-adi təzahürlər, fokslar, sehirbazlıq onu daha çox özünə cəzb etdiyi üçün kiçik Devid bu dünyanın sirlərini öyrənməyə başladı. Bu sahəyə aid kitabları, məlumatları əldə edərək inadla oxuyub öyrəndi. Və maraqlıdır ki, valideynləri də onun bacarığını nəzərdən qaçırmamışdılar. Devidin babasından öyrəndiyi kartla fokusu dəqiqliklə yadda saxlayıb göstərməsinə hətta əvvəlcə təəccüblənmişdilər də. Sonra isə ona şərait də yaratmışdılar. Devid də heç vaxt onları bu yolda xəyal qırıqlığına uğratmadı. Hətta valideynləri o, 7 yaşda olarkən məhəllədə onun üçün kiçicik seans tamaşalar da təşkil edirdilər ki, balaca "fokusçu" öyrəndiyi ilk fokusları seyirçilər qarşısında göstərirdi. O, illüziyanın, hipnozun gücünə, cazibəsinə, effektinə əmin olandan sonra özünə söz verdi ki, dünyanın yeni Hudinisi olacaq. Və...
   
   Və bir gün gələcəkdi, bu balaca yəhudi uşaq böyüyüb doğrudan da şöhrəti bütün dünyanı bürüyən Devid Kopperfildə çevriləcəkdi. Bu yolda ona ilk dəstəyi verən valideynlərini, babasını unutmayacaqdı, hər yerdə, hər zaman onları minnətdarlıqla yada salacaqdı...
   
   
   
   BALACA FOKUSÇU və KOTKİNƏ, DAVİNOYA ƏLVİDA
   
   
   
   Məhz fenomen bacarığa malik olması balaca Devidə 12 yaşdaykən peşəkar səviyyədə seanslar göstərməyə imkan verdi və elə həmin il onu Amerikanın Maqlar Cəmiyyətinə üzv qəbul etdilər. 17 yaşında o universitetdə oxumağa başladı. Bu o zamanlar idi ki, Davino təxəllüsü ilə "Sehirbaz" müzikldə çıxış edən Devid yaxın dostunun məsləhəti ilə Kopperfild adını qəbul etdi. Çox gənc olsa da artıq onu tanıyırdılar, gəliri xeyli artmışdı, imkanları böyümüşdü. O, təhsilini davam etdirməyə lüzum görmədiyi üçün oxuduğu universiteti buraxaraq Nyu-Yorka gəldi və özünün bacarığını göstərmək üçün nəsə yaratmaq haqda qərar verdi. Əslində şansı da gətirirdi. İlk olaraq ABC televiziyasında "Devid Kopperfild magiyası" adlı proqamın aparıcısı oldu.
   
   İşləri yaxşı gedirdi. O qədər yaxşı idi ki, Devidi qısa müddət ərzində filmdə çəkilməyə dəvət etdilər, ardınca da başqa bir telekanala - Ey-Bi-Si-yə, aparıcılıq üçün çağırdılar. Məhz bu telekanalda apardığı "Devid Kopperfildin magiyası Ey-Bİ-Si kanalında" proqramı sözün əsl mənasında böyük səhnəyə, dünya arenasına çıxması üçün real tranplin rolunu oynadı. O, tamaşaçıların diqqətini daha çox cəlb etmək, göstərdikləri seansların effektini artırmaq üçün durmadan düşünür, hər dəfə də onlara nəsə əlavə edirdi. Elə bu da Devidin populyarlığının artan xətt üzrə inkişafını təmin etdi. Rok musiqisinin sədaları altında nömrələrin göstərilməsi, xüsusi səslərin ora daxil edilməsi, arenanın qəribə tərzdə işıqlandırılması, onun özünün qəribə hərəkətləri və c. Kopperfildin seanslarına həqiqətən də xüsusi yaraşıq, qeyri-adilik gətirdi. Kopperfildin populyarlığının sürətlə artmasında heç şübhəsiz ki, televiziya proqramları əvəzsiz rol oynadı. O indi daha böyük layihələr haqqında düşünürdü. Devid elə etməliydi ki, təkcə Amerika deyil, bütün dünya ondan danışsın, ona heyran qalsın.
   
   
   
   MÖHTƏŞƏM SEANSLAR
   
   VƏ AVROPANIN FƏTHİ
   
   
   
   90-cı illərdən başlayaraq daha möhtəşəm proqramlarla çıxış etdi. Açıq səma altında, minlərlə insanın gözləri önündə qeyri-adi seanslara tamaşa edənlər həqiqətən də heyrətdən nə edəcəklərini belə bilmirdilər. Devid Kopperfildin ən məşhur seanslarından biri Birləşmiş Ştatlarda Azadlıq simvolu olan nəhəng heykəlin "yox" olması, sonra isə təzədən öz məkanına "qayıtması" idi. İnsanlar gözləri qarşısında üzərinə böyük örtük salınmış heykəlin həmin örtük qaldırılarkən yerindən "qeyb" olmasını "həzm"edə bilmirdilər. Bu həyəcan verən, görünməmiş bir tamaşa idi. Yaxud, arenada Devid Kopperfildin "uçması" hamını mat qoymuşdu. Nələr baş verirdi? İnsan necə heç bir təmas olmadan havaya qalxırdı? O əməlli-başlı "uçurdu"... Məhz bu cür qeyri-adi seanslardan sonra gənc illüzionistin şöhrəti ağılasığmaz sürətlə artdı və onun istədiklər baş verdi. Çünki artıq doğrudan da bütün dünya ondan danışırdı.
   
   Devid Kopperfildin gəlirləri çox yüksək həddə qədər gəlib çatmışdı. Belə ki, 1993-1994-cü illədə illüzionistin qonorarı ildə 55 milyon dollar təşkil edirdi ki, bu da onu həmin illərin ən məşhur ulduzları - Madonna, Cannet Cekson, Fil Kollinzlə... bir sırada saxlayırdı. Hətta ondan xeyli əvvəl yaşayan, öz qeyri-adi göstəriciləri ilə dünyanı heyrətləndirməyi bacaran məşhur Harri Hudini özünün bütün karyerası boyu həmin gəlirin 10 faizini belə qazanmamışdı. 1994-cü ildə Devid Kopperfildin Avropanın ən böyük şəhərlərinə turnesi başladı. Parisin, Londonun, Milanın, Venanın, Sürixin... ağzınadək tamaşaçı ilə dolmuş böyük salonlarında möhtəşəm konsertləri hədsiz maraqla qarşılandı, ona dünya şöhrəti gətirdi. Qeyd edim ki, bu iki aylıq turne ərəfəsində o, çoxsaylı seanslar, tamaşalar verdi. Elə təkcə Almaniyada 115 tamaşa göstərdi ki, bu cür sıx iş qrafiqinə yəqin ki, yalnız Kopperfild tab gətirə bilərdi. Devid təkcə buradakı tamaşalardan 35 milyon dollar təmiz gəlir əldə etmişdi. Yeri gəlmişkən deyim ki, o, bahalı həyat tərzi sürsə də, ən bahalı "limuzin"lərdə gəzsə də, ən məşhur istirahət yerlərində dincəlsə də həmişə insanların gözünə sadə görünməyə çalışır və deyim ki, bu onda heç də pis alınmırdı.
   
   Devid çox yaxşı anlayırdı ki, populyarlığı saxlamaq, itirməmək üçün mütləq insanları təəccübləndirməkdə davam etməlidi. Bunsuz mümkün deyil. Məhz bunun üçün o hər dəfə ağılasığmaz tryuklar düşünüb tapırdı. İllüzionistin Böyük Çin səddinin ortasından "dəlib" keçməsi, dünyanın ən etibarlı türməsi - Alkatrasdan qurtulması, Bermud üçbucağına səyahəti, Niaqara şəlaləsinə "yıxılması", sürətlə hərəkətdə olan Şərq ekspresindəki vaqondan yoxa çıxması... hər kəs tərəfindən heyrətlə qarşılandı. Bu seansların hamısı uzun müddət mütəxəssislərin müzakirə mövzusu olaraq qaldı. Hazırda Kopperfildin bu möhtəşəm tamaşaları, şəhərdən şəhərə, qitədən qitəyə adlaması artıq böyük zəhmət, çoxlu işçi qüvvəsi tələb edir. Xüsusi qurğuların, illüzionistin özünün sifarişi ilə hazırlanmış avadanlıqların, kostyumların, əşyaların daşınmasını, arenanın hazırlanmasını təmin etmək üçün çoxlu sayda işçi çalışır. Məşhur maqın ildə 500 tamaşası planlaşdırılır ki, çox nadir hallarda onlardan bir-ikisi hansı səbəbdənsə ixtisar edilə bilər.
   
   Devidin qəribəliklərindən biri də budur ki, dünyada məşhur olmasına baxmayaraq onun şəxsi həyatı ilə bağlı çox az məlumatlar ictimaiyyətə məlumdur. Onun ailə həyatı haqqında da adamlar çox bilmirlər. Bilinən budur ki, gənc yəhudinin iki fotomodellə eşq romanı olmuşdur. İlk sevgilisi Kladiya Şiffer, sonrakı Ambre Friski olub. Və bu eşq romanlarının heç biri ailə həyatına çevrilə bilməyiblər və cütlük səssizcə ayrılıblar. Amma onun şəxsi həyatında bir hadisə sakitcə keçmədi və böyük səs-küy yaratdı, xeyli müzakirə mövzusuna çevrildi. 2007-ci ildə FTB tərəfindən onun Las-Veqasdakı tamaşa üçün olan avadanlıqları yerləşən bazasında yoxlama aparıldı. Deyilənlərə görə, FTB əməkdaşları bazadan iki milyon dollar nəğd pul tapdılar və müəyyən texniki vasitələri özləri ilə götürdülər. Onlar bunu bir qadının və hansısa biznesmenin şikayəti ilə apardıqlarını desələr də əsl həqiqətin necə olduğunu kimsə bilmədi. Hətta FTB nəğd pul tapdıqlarını da sonradan təkzib etdi. Ümumiyyətlə, Devidi qəbul etməyənlər ona fırıldaqçı adı qoyublar, tamaşalarını, tryuklarını təftiş edənlər onu hələ də pul və şöhrət qazanmaq naminə insanları aldatmaqda ittiham edirlər.
   
   
   
   ƏLLİ BEŞ YAŞ...
   
   
   
   Devid Kopperfild qeyri-adi dərəcədə çalışqan bir insandı. Heç vaxt çətin işlərin qarşısında tərəddüd etməyi xoşlamır. Bəlkə də elə bu xarakterinə görədir ki, şöhrətin qapıları onun üzünə geniş açılmışdı. Kopperfild tez-tez belə deyir: "İnanmaq lazımdır ki, mümkün olmayacaq heç nə yoxdur. Və sonra hər şeyi et ki, bütün işlər mümkün olsun". Bu sahənin bilicilərindən birinin dediyi kimi - onun sevilməyinin bir səbəbi də sadə görünməyi, tamaşaçılarla səmimi ünsiyyət yarada bilməsidir.
   
   İndi Kopperfildin 55 yaşı var. Amma yenə yorulmadan tamaşaçıları təəccüblərndirəcək seanslar haqqında düşünür. Devidə görə insanlarla təmas ona yeni planlar üçün əvəzsiz stimul verir. Elə onun özünü də qara libasda möhtəşəm seanslardan, tamaşalardan kənarda təsəvvür etmək mümkün deyil. Çünki insanların gözündə Devid Kopperfild onları inanılmaz şəkildə heyrətləndirən böyük hipnozcu, maq və möhtəşəm illüzionistdir...
   
   
   
   

TƏQVİM / ARXİV