iTKi, YOXSA ZiYANLIQ?..

FAİQ QİSMƏTOĞLU
29685 | 2011-03-15 06:20
Ayrı-ayrı fermerlərin və təsərrüfat adamlarının bu gün maldarlığın inkişafına marağı əvvəlki vaxtlarla müqayisədə xeyli artıb. Bu da onunla bağlıdır ki, Sovet dönəmində ən yaxşı halda kəndlinin bir-iki inəyi, camışı, 3-4 də qoyun-quzusu olardı. Hətta gecə saatlarında kənd sovetliyindən nümayəndələr gəlib tövlələri gəzər, iribuynuzlu və xırdabuynuzlu heyvanların siyahısını aparardılar. Bəzən elə olurdu ki, nəzərdə tutulandan çox mal-qara saxlayan adam nümayəndə ilə çətinliklə də olsa dil tapmağa çalışar, heyvanların hamısını siyahıya almağa qoymazdı.
   
   Təbii ki, kimsə həmin siyahıdan artıq qoyun-quzu, mal-qara saxlayırdısa, onun işi heç də o qədər yaxşı olmazdı. Ən azından bu adama yuxarıdan aşağı baxardılar. Nə var, nə var filankəsin qapısında on-on beş qoyun, üç-dörd də iribuynuzlu heyvan var. Buna görə o dövrlərdə çox adamın başı ağrayıb.
   
   İllər keçdi, zaman və dövr dəyişməyə başladı. Yəni sosialist təsərrüfat formaları dağıldı və müstəqillik dövründə yeni təsərrüfatlar yaranmağa başladı. Başqa sözlə demiş olsaq fərasətli, bacarıqlı və işgüzar adamlar üçün yaşıl işıq yandırıldı. Bu yaşıl işıq yandırılandan sonra kənd adamı təzyiqlərə, sıxıntılara və təqiblərə məruz qalmır, ürəyi istədiyi və bacardığı qədər qoyun-quzu, mal-qara saxlamağa başladı. Hətta fermer təsərrüfatını inkişaf elətdirmək üçün dövlət tərəfindən onlara böyük dəstək də gəldi. Yəni bu təsərrüfat adamlarına maliyyə yardımı edilməklə yanaşı, onları bir çox bürokratik süründürməçiliklərdən də xilas elədilər.
   
   Hər bir kəndli təsərrüfatı müstəqil surətdə fəaliyyət göstərməyə başladı və bacardığı kənd təsərrüfatı məhsulunu yetişdirmək haqqında fikirləşdi. Kimi ona ayrılmış payı bəlli torpaq sahəsində taxıl əkdi, kimi yonca əkdi, kimi də bostan-tərəvəz məhsulları əkməklə çəkdiyi zəhmətin bəhrəsini görməyə çalışdı. Adamlar da var ki, yeni təsərrüfatlar yaradaraq heyvandarlığı inkişaf elətdirməyə maraq göstərdilər. Müəyyən zaman kəsiyindən sonra onlar çəkdikləri zəhmətin bəhrəsini və nəticəsini hiss etdilər. Hiss etdilər ki, hər bir təsərrüfatı inkişaf elətdirmək üçün onlara lazımi şərait yaradılıb, fermerin necə işləməsi və fəaliyyət göstərməsi yalnız onun özündən asılıdır.
   
   Yəni kənardan onun fəaliyyətinə, işinə heç bir müdaxilə olunmadı. Elə ona görə də on ildən sonra kənd təsərrüfatı sahəsində müəyyən irəliləyişlər və inkişaf yarandı. Əvvəllər on-on beş qoyun-quzusu olan adamın bir müddətdən sonra yüzdən çox xırdabuynuzlu heyvanı oldu. Üstəlik iribuynuzlu mal-qaranın sayı da artmağa başladı. Bu da fermerlərdə böyük maraq yaratmaqla yanaşı, heyvandarlığın inkişafına yeni həvəs oyatdı.
   
   Bir çox təsərrüfatlarda ilbəil mal-qaranın artması çoxlu otlaq sahəsinin olması ilə bağlı idi. Amma elə təsərrüfatlar və fermerlərdə var ki, onların çəkdikləri əzab-əziyyət bəzən bir gecənin içərisində, bir gündə məhv olub gedir. Başqa sözlə demiş olsaq, uzun illər min bir əzab-əziyyətlə yetişdirilən mal-qara və qoyun-quzu adi bir xəstəlikdən tələf olur və bu zaman özünü güc-bəla ilə çətinliklə dirçəldən fermerin bütün maliyyə imkanları sıfra enir. Bu yaxınlarda Hacıqabul rayonunda bir gecədə fermerin 265 baş qoyun-quzusu tələf olub. Ona dəymiş maddi ziyanın nə qədər ağır olmasını təsəvvür etmək çətin deyil. Çünki adamın bir manatı itəndə özünə gələ bilmir. O ki, qala bir axşamda 265 baş qoyun-quzu məhv ola. Bax onda həmin təsərrüfatın məhv olması qaçılmaz deyil. Fermerin çobanı da bildirib ki, özüm də məəttəl qalmışam, bir gecədə bu qədər qoyun-quzu necə tələf olub?! Axı onları örüşə aparanda hamısı sağlam idi və birdən-birə qoyun-quzunun yıxılıb ölməsi hələ də məni şokdan ayılmağa qoymur.
   
   Çox qəribədir. Bir gündə bir təsərrüfatda bu sayda qoyun-quzu məhv olur, fermerə ziyan dəyir, buna görə isə heç kim məsuliyyət daşımaq istəmir. Fermer isə bildirir ki, lazımi vaxtlarda baytar həkimlər tərəfindən qoyun-quzulara dava-dərman da vurulub. Bu niyə belə oldu, heç cür baş aça bilmirəm. Baş aça bilmirəm ki, 265 baş qoyun-quzunun tələfatına görə, mənə dəymiş ziyanı kim ödəyəcək?
   
   Vəziyyəti başa düşmək olur. Amma gərək həmin fermerin vəziyyətini ona kompensasiya ödəməli olacaq təşkilatlar başa düşsünlər. Bir də ki, hələ fermerlər bir çox halda təsərrüfatlarını sığortalatdırmırlar. Sığorta olmayan yerdə isə dəymiş ziyanın müqabilində kompensasiya almaq müşkül bir işdir. Bir çox mütəxəssislər isə tələf olan qoyun-quzu ilə bağlı bildirirlər ki, onlar xəstəlik keçirib və bir gecənin içində məhv olublar. Çox güman ki, bu heyvanlarda ağır ölümlə nəticələnən viruslar olub. Elə buna görə də qoyun-quzu qırılıb.
   
   Məsələnin qaranlıq bir tərəfi isə onunla bağlıdır ki, bir çox təsərrüfatlarda qoyun-quzular və iribuynuzlu heyvanlar xəstəlikdən tələf olanda onu ya kolbasa sexlərinə, ya da müxtəlif bazarlara ötürmək istəyirlər. Ona görə də əgər hər hansı xəstəlikdən mal-qara qırılırsa, onların yandırılıb məhv edilməsi nəzarətdə saxlanılsın və kimlərinsə iyrənc məqsədlərini həyata keçirməyə imkan verilməsin. Axı sirr deyil ki, son vaxtlar Bakının bazarlarında və eləcə də yarmarkalarında mənşəyi bilinməyən ət məhsulları satılır. O da gizli deyil ki, bu cür faktlar dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb və təsdiqini tapıb.
   
   Deməli, yenə insanlar diqqətli olmalı, bazar-dükana gedərkən ət və ət məhsullarını alan zaman ilk növbədə həmin məhsulların həkim nəzarətindən keçib-keçmədiyini öyrənməli və bundan sonra istədikləri ətdən almalıdırlar. Əks təqdirdə bayramqabağı bir çox işbazlar və dələduzlar əhaliyə xəstə, ölmüş heyvan ətləri sata bilərlər.
   
   

TƏQVİM / ARXİV